Quran oxumağı bilmirik

Hüzn və Quran sanki bir-birini tamamlayan iki sözdür. Quran hüznlə enmişdir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir hədisində buyurur ki: "Qurani-Kərimin ən gözəl tilavəti (oxunuşu) hüznlə oxunanıdır." Şəxsən mən, ruhsuz Quran oxumanın insanımızı duyğusuzlaşdıracağından qorxuram. Quranı anlamaq, Quranla dirilmək onun mahiyyətinə dalaraq dərinləşməyə bağlıdır.

Quranın yalnız söz və kəlmələri ilə maraqlananlar savab alsalar da, savaba açıq bir toplum halına gələ bilməzlər. Başqa sözlə, Quranı məzmununa uyğun şəkildə anlayıb həyata əks etdirə bilməzlər. Bəli, Quranla münasibətimizdə əsas məsələ qəlb, şüur, iradə, idrak və hisslərimizlə ona yönələ və mənliyimizin bütün yönləri ilə Onu duya bilməkdir. Belə bir yönəliş və hissiyat sayəsində Allahın (c.c.) bizə səsləndiyini duyar, suya və işığa qovuşmuş rüşeymlər kimi birdən-birə yaşıllaşıb boy atarıq. Oxuduğumuz ayənin hər sözündə, hər cümləsində başqa dərinlik duyar, ruhumuzun atlasına tamaşa etdiyimiz anda göylərin xəritəsini də müşahidə etmə üfüqünə yüksələrik.

Qənaətimcə, Quran oxuma tam mənası ilə bilinmir. Buna görə bu məsələnin üstünə çox ciddi şəkildə düşülməlidir. Çünki Quranı qayda-qanununa uyğun oxuma onu daxilən duyma, məna və məzmununa varma, dərinliklərinə nüfuz edə bilmə qədər əhəmiyyətlidir.

Sözlər, kəlmələr məna və məzmunun qəlibidir. Qəlibdə nöqsanlıq mənanın sıxışmasına və dərinliyinə nüfuz edə bilməməyə gətirib çıxarır. Məsələn, şəxsən, Quran səhv oxunanda ruhumun sıxıldığını, diqqətimin dağıldığını, mənaya nüfuz edə bilmədiyimi rahatlıqla deyə bilərəm. Məndə belə olduğu kimi, Quranı hiss edərək dinləmək istəyən hər kəsin ruhunda da eyni şeylərin hasil olacağı şübhəsizdir.

Bəli, Quranı Allahın (c.c.) Cəbrayıl Əleyhissalama, Cəbrayılın İnsanlığın İftixarına və ya Əfəndilər Əfəndisinin səhabəyə oxuduğu kimi oxumaq lazımdır. Cəbrayıl (əleyhissalam) Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ilə "Quran nazil olduğu kimi qorunurmu?" deyə hər il qarşılıqlı Quran oxuyurdu (müqabilə). Bu nöqteyi-nəzərdən baxanda müqabiləyə "yoxlama" da deyə bilərik. Bunda götürəcəyimiz böyük dərslər var.

Namazı duymaq, hər rüknünü vicdanda hiss edərək qılmaq, Onun hüzurunda olma şüuruna sahib olmaq çox əhəmiyyətlidir. Ancaq bununla yanaşı, namazı namaz edən rüku, səcdə, qiraət, qiyam, təşəhhüd kimi zahiri əsaslara da riayət şərtdir. Həmçinin Quranı tilavət qaydalarına riayət edərək oxumağı da namazın zahiri əsasına bənzətmək olar.

Quranı düzgün oxumaq üçün nə etməliyik?

Quranı düzgün oxumaq üçün üç şey əsasdır. Bir, oxuması düzgün olan bir müəllimdən, yəni bu işin mütəxəssisindən dərs almaq.. Quran oxumaq yalnız hərfləri bilmək deyil. Mən öz-özümə Fransızca öyrənmişdim, lakin necə danışırdım Allah bilir. Bir ara İngilis dilini öyrənməyə də çalışdım. Bir gün rəhmətlik Tuzcu Cahid Bəy mənə: "Türk dili kimi İngilis dilində danışırsan." dedi və mən o gündən İngilis dilini öyrənməyi tərgidim. Hərflərin və sözlərin əslə uyğun şəkildə tələffüzü ancaq işin mütəxəssisindən dərs almaqla öyrənilə bilər. İki, düzgün tələffüz üçün insanın ciddi mənada səy göstərməsi. Məsələn, hərflərin məxrəcləri bizi, hətta qiraət müəllimimizi çox çətinə salırdı. Məsələn, "Dat" hərfini tələffüz edərkən barmağını damağına qoyardı. Bu ilk baxışda çətinlik kimi görünsə də, müəyyən vaxtdan sonra oyrənir insan. Və üç, qulaq dolğunluğu. Bu da Quranı səmimi şəkildə, qaydalarına uyğun oxuyan hafizləri çox dinləməklə olar. O hafizləri oxuduqları yerlərdə canlı dinləmək də mümkündür. Ancaq tam qulaq dolğunluğu üçün evdə, işdə, yolda və imkan olan hər yerdə Quran dinləməliyik.

Təəssüf ki, biz düzgün Qurani-Kərimi oxumağı unutmuşuq. Hətta "imam xətib"lərdə və ilahiyyat məktəblərində belə bu kamil mənada verilə bilmir. Quran kursları səviyyəsində verilə bilmir desəm heç kəs məndən inciməsin.

Quranı qədir-qiymətinə uyğun bir ciddiyyətlə oxumaq lazımdır. İnsan Quran oxuyanda özünü bu Kəlam Sahibinin hüzurunda, qiraəti Ona oxuduğunu düşünməlidir. Bu miqyasda Quranı oxumur və ya oxuya bilmirsinizsə onu oxumayın! demək istəmirəm. Lakin bunu da unutmamaq lazımdır ki, ruhumuzda inqilab meydana gətirməyən Quranın fərdi və ictimai həyatımıza təsiri olmaz. Biz Quranla dəyişə bilməli, Onun səmasına yönələ bilməli, Onu öz dərinliyi ilə duymalıyıq ki, O da sirrini qəlblərimizə boşaltsın.

Kaş ki, müxtəlif səbəblərlə bir yerə yığılanda çox yox, bir on dəqiqə bu işə verilsə; düz, səlis oxuya bilən bir nəfər dərs versə; bilənlər bilməyənlərə öyrətsə; qarşılıqlı Quran oxunsa.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.