"Sən həqiqətən inanmısan!"

Qurana aşinalığım, onunla tanış olmağım, oxuyub əzbərləməyim uşaqlıq illərimdə ana-atamın vasitəsilə olmuşdur.

Quranı həqiqi mənada mənə duyuran, nəzərimdə ucaldan və bir sözlə onu mənə sevdirən Bədiüzzamanın əsərləri olmuşdur. Qənaətimcə, Risalələrdə Quranın həqiqi mahiyyəti dərindən şərh edilmişdir.

Uşaqlıqdan Əfəndimizə aşiq idim. Bir dəfə atam: "Yatmazdan əvvəl "Qureyş" surəsini 1000 dəfə oxusan, Əfəndimiz yuxuna gələr" demişdi və mən tərəddüd etmədən o gecə 1000 dəfə "Qureyş" surəsini oxudum. Amma nə vaxt ki həmin əsərlərdə Əfəndimizdən bəhs edən yerləri oxudum Allah Rəsulu (sallallahu əleyhi vəsəlləm) gözümdə daha da böyüdü və Ona daha çox bağlandım.

Qənaətimcə, hər kəs hər gün həm Quranla, həm də onu dövrümüzün tələbatına görə izah edən Risalələrlə ciddi mənada məşğul olmalıdır. Üstəlik hər kəs hər gün mütləq Qurandan bir neçə səhifə oxumalıdır. Lakın bununla kifayətlənməməli. Əvradu-əzkarda yeknəsəqliyə, bezginliyə düşməmək üçün müxtəliflik şərtdir. Ustad 15 gündə bir üç cildli "Məcmuatul-Ahzab"ı oxuyub bitirərmiş. Bu yaxınlarda bu üç cildlik dua məcmuəsindən alınan bəzi əhatəli dualar "əl-Qulubud-Daria (Yalvaran könüllər)" adı ilə bir cild halında çap olundu. Kaş ki, hər kəs bu bərəkətli dua toplusunu daim oxuya. Deyilənlərə görə, Həzrəti Əli ömrü boyu gündəlik əvradını bütöv oxuyarmış. Ondan soruşurlar: "Nəhrivanda da?" "Bəli, Nəhrivanda belə!" deyə cavab verir. Rəhmətlik anam da səhərdən axşama qədər "Böyük Cövşəni" bitirərdi, sonra da mənə: "Oxuyası başqa bir şey varmı?" deyərdi.

Əvradu-əzkarda ciddiyyət olar, bilmək olmaz, bəlkə, gün gələr böyük şəxsiyyətlərin mənən duyduqlarını duymağa başlayarsınız? İmam Şazəli, Əhməd Bədəvi kimi şəxslər namazda "Sübhanə rabbiyəl-azım" deyəndə kainatın zərrələrini də hesaba qataraq deyirdilər. Sanki kainat onların dili ilə, onlarla birgə təsbih edirdi. Necə ki, Ustadın yaxın tələbələrindən bəziləri illər keçdikdən sonra: "Mən də Həsən Şazəli kimi kainatın hər zərrəsinin zikrini duya bilirəm artıq" dediyi rəvayət olunur. Bu iş səy və mücahidə ilə birlikdə Allaha tam mənada təvəccöhdən asılıdır.

Allah Rəsulu (sallallahu əleyhi vəsəlləm) bir səhabədən: "İmanın həqiqəti nədir?" deyə soruşur. Səhabə tərəddüd etmədən: "Mən özümü hər gün Cənnət və Cəhənnəmi görürmüş kimi, mənəvi aləmin sakinləri ilə birlikdə olduğumu hiss edirəm," deyə cavab verincə Əfəndimiz (sallallahu əleyhi vəsəlləm) onu təqdir edərək: "Sən həqiqətən inanmısan" deyir.

Bəli, hər kəs, xüsusən bu işə ilk addım atanlar Cənabi-Haqqın lütf etdiyi nemətlər hörmətinə əvradu-əzkarını gözdən keçirməlilər, nizam-intizama salmalıdır. Həmçinin, bu, bəndənin Allahla, Allahın da bəndəsi ilə olan münasibətində bir ölçüdür.

Dua bizi birləşdirən ən qüvvətli bağdır

İslam tarixinə baxanda gündə fərz namazlarından əlavə 100 rükət nafilə namaz qılan, Ramazan orucu xaric savmı-Davud (Hz.Davudun gün aşırı tutduğu oruc) tutan, zəkata gəlincə qırxda birini az bilib daha çox infaq edən, "gecə qəzəlxanları" kimi səhərə qədər əvradu-əzkar oxuyan bir çox insan görə bilərsiniz. Bu insanlar nəyin əsasında belə ömür sürürdülər? Güman ki, bu insanlar Quranın "namaz qılın", "oruc tutun", "zəkat verin" əmrini mütləq əmr kimi qəbul etmiş və o istiqamətdə ömür sürmüşlər.

Bəli, ibadətə sərhəd yoxdur. Hər kəs mövqeyinə və şəraitə görə özünü tənzimləməli və əlindən gəldiyi qədər dua etməlidir. Bir səhabə: "Ya Rəsullallah! Sənə gündə filan qədər salavat çəkirəm" deyincə Əfəndimiz: "Çox gözəl, amma daha çox olsa yaxşı olar" buyurur. Bunun kimi mənə biri desə ki: "Gündə 100 rükət namaz qılıram", "Çox gözəl, amma daha çox qılsan, daha yaxşı olar!" deyərəm.

Allah möminlərin "sarsılmaz divar" kimi olmasını əmr edir. Mən zənn etmirəm ki, bu əmri tam mənası ilə həyata keçiririk. Əsri-səadətdə Həzrəti Əbu Bəkir və Hz. Ömər bir məsələyə görə bir-birini xəfifcə üzürlər, lakin dərhal hər ikisi ayrı-ayrılıqda Allah Rəsulunun (sallallahu əleyhi vəsəlləm) hüzuruna gələrək "Səhv məndə idi" demiş və üzr istəmişlərdi. O sarsılmaz divarı tikmək üçün bir-birimizə sağlam, möhkəm bağlarla bağlanmalıyıq. Bu bağı meydana gətirən ən böyük amil də duadır. Hər gün əvradu-əzkarımızı oxuynda dünyaya yayılmış qardaşlarımızı da yad etsək "sarsılmaz divar"ı reallaşdıra bilərik.

Bütün bunlar peyğəmbəranə əzm və iradə istəyir. Zaman bunu tələb edir. İnsanın ən az gördüyü şey özüdür. Buna görə tez-tez güzgüyə baxmaq lazımdır. Səhabənin o dərin anlayışı ilə bir-birimizin əlindən tutub: "Təaləv nümün saatən! - Gəlin bir az iman edək!" deməli, imani məsələləri mütəmadi müzakirə edərək imanda, mərifətullahda (Allah bilgisi), məhəbbətullahda (Allah sevgisi) və məxafətullahda (Allah qorxusu) dərinləşməliyik. Çünki mücərrəd imanla bu günün zəlalətindən xilas olmaq qeyri-mümkündür.

Xülasə, hər şeyi söhbəti-Canana bağlayıb ixlasla Onun rizası üçün hərəkət etsək, yolumuzu azmarıq. Ustad ixlasla görülən işin iki qat savabı olduğunu deyir. "İxlaslı olsanız, məni də ixlaslı edərsiniz" sözləri ilə əhli-kəşfin (üstüörtülü və duyğu orqanları ilə bilinməyən həqiqətləri Cənabi-Haqqın lütfü və ehsanı ilə bilən vəlilər) müşahidəsinə görə, ölən 40 nəfərdən ancaq birinin xilas olduğu dəhşətli bir zəmanədə bizlərə doğru, sarsılmaz meyarlar verir. 

Qısaca, yol uzun, mənzil uzaq, tələ də çox çoxdur. Allah köməyimiz olsun.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.