Din

İnsan oğlu, yarandığı gündən bəri həqiqi hüzuru dinin isti ab-havasında tapmış və ancaq din sayəsində xoşbəxt ola bilmişdir. Dinin olmadığı bir yerdə yüksək əxlaq və fəzilətdən bəhs etmək mümkün olmadığı kimi, xoşbəxtlikdən danışmaq da olduqca çətindir. Çünki əxlaq və fəzilətin qaynağı vicdandır. Vicdana hökm edən yeganə ünsür də, Allahla əlaqədən ibarət olan dindir.

* * *

Din gözəl əxlaq naminə açılmış ən feyizli, ən bərəkətli bir məktəbdir. Bu uca məktəbin tələbələri də, kiçikdən böyüyə bütün insanlardır. Bu məktəbə daxil olan hər kəs gec-tez hüzura, əmniyyətə və itminana nail olur. Kənarda qalanlar isə zaman keçdikcə özləri daxil, hər şeylərini itirirlər.

* * *

Din insanları öz azad iradələri ilə xeyrə sövq edən ilahi prinsiplər məcmuəsidir. İnsanın maddi-mənəvi tərəqqisini, başqa sözlə də dünyəvi və üxrəvi bütün səadətini hazırlayan əsasları dinin prinsipləri içində tapmaq hər zaman mümkündür.

* * *

Din Allahı bilib Onun tək olduğuna inanma, Onun yolunda getməklə ruh saflığını əldə etmə, Onun adına və Onun əmrləri istiqamətində insanlarla münasibətlərini nizama salma, hətta Onun naminə bütün varlığa qarşı dərin bir münasibət və məhəbbət duymanın ünvanıdır.

* * *

Dini qəbul etməyənlər müəyyən vaxtdan sonra namus, vətən, millət kimi ali məfhumlara da hörmətsiz davranmağa başlaryırlar.

* * *

Əxlaqsızlıq hər yönü ilə, dinsizlik mənbəyindən fışqıran bir zift; hər cür qarışıqlıq və anarxiya da dinsizlik vadilərinin xoşagəlməz zəqqumlarıdır.

* * *

Həyatını dinin əleyhinə fəaliyyətlərə həsr etmiş bəzi inancsızlar, heç olmasa dinsizliyin nə işə yaradığını bir neçə bəhrəsi ilə göstərməli deyildimi..?

* * *

Din ilə həqiqi elm, bir həqiqətin iki üzü kimidir. Din, insanı doğru yolda gəzdirir və xoşbəxt nəticələrə qovuşdurur. Məqsədi və hədəfi bəlli olan elm isə bir məşəl kimi, bu yollarda və öz sahəsi içində onun önünü işıqlandırır.

* * *

Bütün gözəl çiçəklər dinin bağ və bağçalarında yetişmişdir. Buyurun, onun prinsipləri və buyurun nəbilər, övliyalar və əsfiyalar kimi tərtəmiz meyvələri..! İnancsızlar, özlərini bu meyvələri görməməzliyə vursalar da, onları nə kitabların səhifələrindən, nə də insanların qəlblərindən silməyə gücləri çatmayacaq.

* * *

Peyğəmbərlər, insanlar arasında dağlar kimidir. Yerin sabitliyi və havanın təmizlənməsində dağlar yer üzündə hansı vəzifələri yerinə yetirirsə, peyğəmbərlər də, insanlar içində eyni vəzifəni icra edir. Buna görə də, bəzən hər ikisi bir yerdə zikr edilmişdir. Bəli, Hz. Nuh (ə.s.)-Cudi, Hz. Musa (ə.s.)-Tur, Hz. Məhəmməd (s.ə.s.)-Hira bu müəmmadan sirr pərdəsini çəkən bir işarədir.

* * *

Din, sağlam düşüncəyə, səlim ağıla və elmə istinad edir. Bu baxımdan da, onun heç bir məsələsini tənqid etməyə imkan yoxdur. Onu tanımaq istəməyənlərin ya düşüncə sistemləri çürük, ya elm anlayışları yanlış, ya da mühakimələri qeyri-kafidir.

* * *

Din, həqiqi mədəniyyət prinsiplərini ehtiva edən bərəkətli bir qaynaqdır. Onun sayəsində insan könül və hiss aləmində ülviləşir, mənəvi aləmlərə ucalır və bütün xeyir, gözəllik və fəzilətlərin əsl mənbəyindən doya-doya içmə üfüqünə çatır.

* * *

Fəzilət axtarılsa, dində axtarılmalıdır. Dinsizin fəzilətli olması və gerçək dindarın da fəzilətsiz olması nadir rast gəlinən hadisələrdəndir.

* * *

Din sayəsində insan insanlığın mənasını dərk edir və digər canlılardan fərqlənir. Dinsizin nəzərində insanın sair heyvanlardan fərqi yoxdur.

* * *

Din Allah yolu; dinsizliksə şeytan yoludur. Buna görə də, din və dinsizlik mübarizəsi Adəm (ə.s.) dövründən bu günə qədər davam etdiyi kimi, qiyamətəqədər də davam edəcək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.