Şəfqət də Axirətin Gərəkliyini Göstərir

Yer üzündə şəfqətin çox açıq şəkildə hakim olduğunu müsahidə edirik.

Şəfqət acıma hissidir.

Şəfqət bir məzluma mərhamət etmək hissidir. Şəfqət, ağlayana qulaq vermək hissidir.

Şəfqət, şikəst, əlil, yaralı-xoralı birinin yaralarına məlhəm etmək hissidir.

Ən kiçiyindən ən böyük dairələrə qədər hər yerdə bu şəfqət hissinin özünü göstər-diyini görürük.

Yaralanmış əlinizi müalicə etdirsəniz, Allahın mərhamət və şəfqəti olmasa, inanın, yaranızın o qismində qanınızın toxuma, bərpa etmə prosesi getməyəcək və nə edirsiniz edin, siz o yaranı sağalda bilməyəcəksiniz.

Məgər gördüyünüz sağalmaz yaralar sizə heç nə demir? Çox ciddi cərrahi əməliyyat tələb edən xəstəlik zamanı həkimlər xəstəni əməliyyat masasına yatırtmazdan əvvəl baş-başa verib düşünür, öz aralarında məşvərət edirlər. Ya bir şəkər xəstəliyi və ya bambaşqa bir səbəbə görə: “Bu xəstə əməliyyat olunsa, yaranın qovuşması çətin olacaq” qənaətinə gələ bilərlər. Siz özünüz də əməliyyat keçirmiş elə adamlar tanıyırsınız ki, onların yaraları aylar, bəzən də illər keçsə də, qovuşmur. Allah (CC) sağaltmasa, yara qovuşmaz. Ya şəkər nisbətini yüksəldər, ya da kor bağırsaqla əlaqədar bir yara meydana gətirər, bədəndə insulin müvazinəti pozular, nəticədə də yara sağalmaz.

Elə isə, insanın dərin hesab edilən yaralarının qisa zamanda sağalmasını təmin edən Cənabi-Haqqın təkcə bu prosesdə üzə çıxanşəfqətini anlaya bilirsinizmi? Cənabi-Haqq (CC) bizlərə mərhamət edir. Bilirsiniz nə ilə? Yalnız mikroskopların köməyi ilə görünən kiçicik varlıqları imdadımıza göndərməklə.

Hələ körpələrin vəziyyəti! O, tamamilə insanı heyrətə salır. Allah (CC) əl boyda körpələrə bir başqa cür mərhəmət edir. Ən saf, ən təmiz qidalara möhtac olaraq dünyaya gəlmiş bu körpələrə ayrıca, xüsusi diqqəti ifadə etməyə isə söz tapmaq çətindir: əvvəlcə onu ana bətnində bəsləyir. Bunun üçün bətnin divarlarını körpənin bəslənə biləcəyi bir məskən halına gətirir, bətnin divarları qidalarla təmin edilir. Ananı, uşağının bir xadiməsi, xidmətçisi halına çevirir. Körpəciyəz dünyaya gələrkən Cənabi-Haqq onun üçün yenidən elə bir qida əmələ gətirir ki, gəldiyi yerdən tamamilə fərqli bir aləmə qədəm qoyan canlının ilk zəruri ehtiyacı məhz odur - ana südü. Bəli, ana südü uşaq üzərində ondan başqa heç bir qidanın hasil edə bilməyəcəyi müsbət təsir meydana gətirir. Hətta siz o südü sağıb başqa bir qaba qoysanız, ilk andakı təravətini və vitaminlərini qoruyub saxlaya bilməyəcəkdir. Hətta bəslədiyiniz qoyun və sığırın tərtəmiz döşlərindən sağılan, bir müddət dezinfeksiya edilmiş qablarda saxlanılan südünü körpəyə versəniz də, onu ana südündən daha yaxşı bəsləyə bilməyəcəksiniz. Tədqiq etsək, görəcəyik ki, inkişaf baxımından ana südü ilə bəslənən buzovla, konserv edilmiş südlə bəslənən buzov arasında ciddi fərqlər meydana çıxır. Elə isə, ana döşlərindən bir abi-həyat kimi süd axıdan və bu süd vasitəsilə şəfqətə çox möhtac olan çağaları bəsləyən Allahın sonsuz şəfqəti deyilsə, bəs nədir? Allahın (CC) sonsuz mərhəməti olmasaydı, bütün bu gözəlliklər meydana çıxardımı?

Baxın, göy qurşağı kimi rəngarəngliyi ilə əngin olan şəfqətin hakimiyyəti dörd bir yanımızda nəzərə çarpır: şırhaşarla axan sular bitkilərin ehtiyacını ödəməyə tələsir. Rəhmət onların da başını tumarlayır, tənəffüs etmələri üçün çox zəruri olan hava ağaclar üçün ağız və burunu əvəz edən yarpaqlar vasitəsi ilə qəbul edilir. İnsanın tənəffüsünə mane olanda onun ölümünə səbəb ola biləcəyimiz kimi, bitkilər də havadan məhrum edilsə, canlılıqlarını itirər və qurumuş çöpə çevrilərlər. Yer üzünün bütün canlı orqanizmlərinə şamil olan bu şəfqətin varlığını rədd edərsək, o zaman izah etmək üçün bütün cəhdlərimiz dialektikadan bir qarış da o yana keçməyəcəkdir.

İndi isə, lütfən, diqqətinizi buraya cəmləşdirin: bizə ən əhəmmiyyətsiz görünən canlıların imdadına şəfqətlə bu cür cavab verən Cənabi-Haqqın eyni şəfqətə daha çox möhtac olan, əbədiyyət arzusu ilə yanıb-qovrulan insanın arzusunu yerinə yetirməməsi heç mümkündürmü? Mümkündürmü ki, O, insanı bu dünyada bu qədər nemətlərlə bəsləyəndən sonra əbədi edama məhkum edib yox etsin, qəbirlə onun həyatını və varlığını başa çatdırsın, ona əbədi bağçalar, cənnətlər açmasın, əbədi nemətlərlə sərfiraz etməsin? Heç mümkündürmü?

Bizlər bütün yer üzündəki şəfqət əsərlərindən bu hikməti oxuyuruq: zərrələrdən kürələrə, hüceyrə-lərdən ən kompleks orqanizmlərə qədər hər tərəfdə şəfqət üfüqlərini açan Allah (CC) axirəti də açacaq, insanları yenidən dirildəcək, bu dünyada cürbəcür nemətlərilə bəslədiyi insanı, axirətdə də bitmək, tükənmək bilməyən nemətərilə təmin edəcəkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.