Allah Elçisi Həzrət Məhəmməd (sallallahu aleyhi və səlləm) neçə dəfə meraca getmişdir?

Allah Elçisi Həzrət Məhəmməd (sallallahu aleyhi və səlləm) neçə dəfə meraca getmişdir?

Sual: Merac nədir? Peyğəmbərimiz neçə dəfə meraca getmişdir?

Merac Peyğəmbərimizin (əleyhissalatu vəssalam) ibadətlərlə qazandığı vəlayət məqamının zirvə nöqtəsidir. Allah ilahi bəyanlarla yer üzününün insanlarına tanıtdığı o Kamil Müəllimi Mələklər aləminin sakinlərinə də göstərmək üçün səmalarda gəzdirmiş və bütün göylərin sakinləri ilə görüşdürmüşdür.

Bəli, hər kəs Onu sevinclə qarşılamış, mələklər müşayiət etmiş, hurilər qarşısında əmrə-müntəzir dayanmışdır. Ulduzlar səki daşı kimi ayaqlarının altına düzülmüş, O da miniyinin belində bütün kövnü-məkanı şimşək kimi bir göz qırpımında seyr edib yenidən Kəbənin və bəşərin yanına qayıtmışdır. Merac məhz bu uca səfərin adıdır. Vəlilərin ruh və qəlbdə etdikləri səyahəti – ki buna təsəvvüf kitablarında qövsü-uruc, qövsü-nüzul və ya ərşiyə-fərşiyə deyilmişdir − Rəsuli-Əkrəm sağlığıda ruhu və cismi ilə etmişdir.

Peyğəmbərimizin neçə dəfə merac etdiyinə gəlincə, hədis alimlərinin bildirdiyinə görə, O (sallallahu aleyhi və səlləm) yalnız bir dəfə meraca getmişdir. Ancaq bəzi məqazi və siyər kitablarının müəllifləri sözügedən hadisədə yer alan kiçik bir məqama və vaqiənin başlanğıcında çəkilən fərqli məkan adlarına əsaslanaraq Merac hadisəsi iki dəfə baş verdiyini irəli sürmüşlər. Hətta bəzi alimlər merac sayını beşə qədər çıxarmışlar.

Əslində, Peyğəmbərimizin ömrünün hər anı Allah-taalaya yüksəlməklə keçmiş və övliyaların ruhi-mənəvi səyahətinə oxşar meraclardan qatbaqat ülvi meraclara yüksəlmişdir. Allah Rəsulunun ruhu və cismi ilə göylərə aparıldığı[1], uca məqamlara qədəm basdığı[2] merac hadisəsi bir dəfə baş vermişdir ki, bu da həm Onun üçün, həm də ümməti üçün fəxrdir. Süleyman Çələbinin "Ərmədi Səndən əvvəl gələn bu dövlətə" misrasında tərənnüm etdiyi kimi, həqiqətən də, bu “dövlət” heç kimə qismət olmamışdır. Yox, əgər başqa meraclar da varsa, bunlar Peyğəmbərimizin mənən "qabi-qövseyn əv ədna"ya yüksəlişidir və övliyanın meracının fövqündə dayanır.

Merac hadisəsinin bir neçə dəfə baş verməsi haqda fikrin meydana çıxmasının səbəbi Həzrəti Aişə və Müaviyə kimi bəzi səhabələrin merac haqqında fərqli düşüncələr izhar eləməsidir. Allah Rəsulunun ruhən meraca yüksəlməsinə dair iddialara gəlincə, bu, o demək deyil ki, Peyğəmbərimiz meraca yuxuda gedib. Bəzi övliyalar belə mənəvi dərəcələri səviyyəsində ruhən meraca yüksələ bilərlər. Buna biz “ruhi-mənəvi yüksəliş” deyirik. Bu, ruhun bədəndən ayrılması, ekstaz halında bir çox yerdə görünməsi və bir çox məsələyə müdaxilə etməsidir. Müasir dövrdə mediumluqla məşğul olanlar bu işi çox yaxşı bilir. Bəli, burada “ruhu ilə meraca yüksəldi” deyəndə yuxu nəzərdə tutulmur.

Bəzi alimlərə görə, Peyğəmbərimiz cismi ilə deyil, ruhu ilə merac etmişdir. Bəzi mötəbər hədis kitablarına düşən bir hədisi bu fikrə dəlil gətirirlər.[3] Bu hədisin ravisi təbein dərəcəsində olan Şərik ibn Abdullah ibn Əbi Nümeyr Quran hafizi deyildir. Müslim onun barəsində "Hafizəsində nöqsanlar var" sözlərini işlətmişdir.[4] Başqa bir rəvayətdə Merac hadisəsindən bəhs edilən yerdə "Hatimdə yatmışdım. Mələklər gəlib filan şeyi elədilər. Meraca yüksəldim. Oyananda gördüm Hatimdəyəm"[5] ifadələrinə yer verildiyi üçün "Peyğəmbərimiz Hatimdəm kənara çıxmamışdır" deyənlər də olmuşdur. Dəlil göstərilən digər rəvayət isə Həzrəti Aişənin bu sözləridir: "Peyğəmbərimizin vücudu həmişə yanımda oldu"[6]. Bu hədisin doğru olması qeyri-mümkündür. Çünki Peyğəmbərimiz Məkkədə meraca yüksəlib. Bu vaxt Həzrəti Aişə Peyğəmbərimizlə evli deyildi ki, bu sözləri desin. Çünki Allah Rəsulu Həzrəti Aişə ilə meracdan neçə il sonra özü də Mədinədə ailə qurmuşdu.

Bəli, bəziləri Merac hadisəsinin Hatimdə baş verdiyini demiş, bəziləri isə Süleyman Çələbinin "Ümmühaninin evinə döndü həman" misrası ilə ifadə etdiyi kimi, Allah Rəsulunun əmisi qızı Ümmühaninin evində meraca yüksəldiyinə dair rəvayəti[7] əsas götürmüşlər. Bəzi alimlər hər iki rəvayətə əsaslanaraq "Allah Rəsulu iki dəfə meraca yüksəlmişdir. Birincisi, Ümmühaninin evində, ikincisi isə Hatimdə baş tutmuşdur. Meracın birinə yalnız ruhu ilə, digərinə isə cismi ilə getmişdir" fikrini irəli sürmüşlər. Ancaq hədis şərhçilərinə görə, bu fikir doğru deyil.[8]

Peyğəmbərimizin ruhun infisalı ilə mənən yüksəlməsinə və Allahla güclü irtibatda olmasına dair saysız-hesabsız hadisələr var. Merac məsələsini bu hadisələrlə əlaqələndirmək olmaz. Mötəbər hədis kitablarında göstərilir ki, Allah Rəsulu yalnız bir dəfə cismi və ruhu ilə meraca yüksəlmişdir. İkinci bir meracın baş verdiyini ehtimal etsək də, biz bu bəyanla razılaşaraq: "Allah Rəsulu bir dəfə meraca getmişdir", − deyirik.

[1] Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir! “İsra” surəsi,17/1.
[2] Sonra yaxınlaşdı və aşağı endi. Onların arasındakı məsafə iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. “Nəcm” surəsi, 53/8-9.
[3] Buxari, “Mənaqib”, 15, “Tövhid” 37; Müslim, “İman” 262.
[4] Bax: əz-Zəhəbi, “əl-Kaşif”, I/485; İbn Həcər, “Təqribüt-təhzib” I/266. M. Zahid əl-Kövsəri ravi Şərikin bu rəvayətindəki 12 aydın olmayan məsələni izah etmişdir. Bax: əl-Kövsəri, “Məqalat”, s. 490.
[5] Buxari, “Mənaqibül-ənsar”, 42; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, IV/208.
[6] Bax: İbn İshaq, “əs-Sirə”, V/275; ət-Təbəri, “Cəmiül-bəyan”, XV/16.
[7] Bax: İbn Hişam, “əs-Siratün-nəbəviyyə” 2/248; Təbərani, “əl-Mücəmül-kəbir”, XXIV/432.
[8] Bax: Eyni, “Ümdətül-qari” 15/25; Əliyyülqari, “Şərhüş-şəfa” I/379-430.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.