Çirkli Oyunlar və Mömin Fərasəti

Sual: İstər ölkə daxilində, istərsə də ölkə xaricində törədilən terror və zorakılıq hadisələrini bəhanə edib məsələni ümumiləşdirərək cəmiyyətdə müsəlmanlara qarşı şübhə oyatmağa çalışırlar. Bu cür hadisələri necə dəyərləndirirsiniz və mömin bu hadisələrə necə münasibət göstərməlidir?

Cavab: Əvvəla bunu qeyd edim ki, mən bu cür hadisələrin müsəlmanların təşkil etdiyi qurumlar tərəfindən planlanıb törədilməsinə heç vaxt inanmamışam. Zənnimcə, hadisələri bir bütöv olaraq, başı, sonu ilə, önü, arxası ilə, qərəzsiz və obyektiv (insaflı) şəkildə təhlil edən hər bir əqli-səlim insan mənimlə razılaşacaq. Çünki şərqdən-qərbə, şimaldan-cənuba dünyanın müxtəlif bölgələrində törədilən və müsəlmanlarla əlaqələndirilən hadisələrin fiqurantlarına (fiqurlara, əlaltılara) baxanda açıq-aşkar görünür ki, bu fiqurantlar – adları nə qədər müsəlman adı olsa da, – dünyanı öz zehniyyətinə görə formalaşdırmaq istəyən şər qüvvələrin, müəyyən güc mərkəzləri və təşkilatların şahmat oyununda əliqanlı muzdlu qatilləri və ya bu qüvvələrin dərman içirməklə iradəsini əlindən alıb ağlını iflic etdiyi robotlaşmış xəstə ruhlardır.

İslam terrora əsla cəvaz verməz

Bu məsələnin İslamla əlaqələndirilməsinə gəlincə, bunu yaddan çıxarmamaq lazımdır ki, elə başlanğıcdan İslamın əsasları bu cür hadisələrə əsla cəvaz verməz. Hətta müsəlmanlıq haqqında səthi, elə-belə məlumatı olan insan da bilir ki, heç bir müsəlman fərd ölkəsinin işğal edilməsinə və ya azadlığını itirməsinə görə durub özbaşına müharibə elan edə bilməz, “azadlıq mübarizəsi” deyib günahsız insanlara zərər yetirə bilməz. Bu anlayışı müsəlman məntiqi ilə izah etmək mümkün deyil. Dinimizdə müharibə ölkə miqyasında, bütün xalqın iştirakı ilə və ancaq müəyyən qayda-qanunlara riayət edilməklə elan edilə bilər. Heç kim, ağılına gəldiyi kimi, açıq-aşkar, dinin əsas və prinsiplərinə zidd mübarizə üsulu ortaya qoya bilməz. Bu baxımdan icazənizlə dəfələrlə dilə gətirdiyim bir xüsusu təkrar ifadə edəcəyəm: Terrorist müsəlman ola bilməyəcəyi kimi, müsəlman da terrorist ola bilməz. Biz burada "terrorist müsəlman, müsəlman terrorist ola bilməz" deyəndə Müsəlmanlığın mahiyyətinə və ruhuna bələd olan bir insanın belə bir iş görməsinin qeyri-mümkünlüyünü nəzərə çatdırmaq istəyirik.

Əgər bir adam “müsəlmanam” deyə-deyə bu işi görürsə, deməli, bu insanın müsəlmanlığında İslamın əsas və prinsipləri ilə üst-üstə düşməyən nöqsan və boşluqlar var. Fikrimi izah etmək üçün Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) başqa bir mövzu ilə əlaqədar bəyan etdiyi bir hədisi nəql edim. İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam) buyurur:

لَا يَزْنِي الزَّانِي حِينَ يَزْنِي وَهُوَ مُؤْمِنٌ وَلَا يَشْرَبُ الْخَمْرَ حِينَ يَشْرَبُ وَهُوَ مُؤْمِنٌ وَلَا يَسْرِقُ السَّارِقُ حِينَ يَسْرِقُ وَهُوَ مُؤْمِنٌ

"Zina edən mömin ola-ola zina etməz, oğurluq edən mömin ola-ola oğurluq etməz, içki içən mömin ola-ola içki içməz" (Buxari, Əşribə 1). Bu hədis inanan insanın imanı (imanın nə demək olduğunu) dərk edə-edə zina, oğurluq etməyəcəyini, içki içməyəcəyini bəyan edir. Başqa sözlə, hədisi-şərif zina edən, oğurluq edən və içki içən adamın ən azı bu günahları işləyərkən həqiqi mömin olmadığını bildirir.

Kəlam kitablarında bu hədis haqqında bəzi qəliz şərhlərə rast gəlirik. Mən bu məsələyə girməyəcəyəm. Qənaətimcə, məsələni bu şəkildə başa düşə bilərik: Allaha (cəllə cəlaluhu) həqiqi mənada inanan, işlədiyi günahların hesabını axirətdə Allaha verəcəyinə iman edən, Cənnət, Cəhənnəm və həşrin varlığını qəbul edən bir insanın bu duyğuları ona hökm edə-edə belə günahları işləməsi mümkün deyil. Məhz bu mənada bir terrorist terroristlik edən zaman mömin deyildir. Bəli, bir adam xalis və kamil mənada mömin ola-ola əsla terrora əl atmaz, ata bilməz.

Bu səbəbdən mən nə Turanda, nə Fizanda törədilən terror hadisələrinin şüurlu müsəlmanlar tərəfindən təşkil olunmasına heç vaxt inanmamışam. Hətta bu hadisələrin mövhum fiqurantlarının hal-hazırda həyatda olmadığını düşünürəm. Çünki müəyyən kimsələrin təkrar-təkrar “isidib qabağımıza qoyduğu”, internetdə şəkil və videolarını yaydığı bəzi adların hal-hazırda həqiqətən həyatda olub-olmadığını belə bilmirik.

Məlumat kirliliyi və sadəlövh insanlar

O cümlədən, dünəndən bu günədək dünyanın şər qüvvələri, qaranlıq güclər, xüsusilə də, müsəlmanlığa qarşı müəyyən mövqeyi olanlar həmişə eyni silahı işlətmiş, eyni oyunu oynamışlar. Bunlar “paranoyya ehtiyaclarını” təmin etmək üçün toplumda formalaşdırdığı qorxu və çaxnaşma havası ilə insanları vahiməyə salmış və xalqın ürəyini ağzına gətirmişlər. Deyək ki, onlar öz təbiətlərinə uyğun işlər görürlər, ancaq digər tərəfdən təəssüf ki, öz ölkəmizdə də hadisələri bəsirət və fərasətlə araşdırmadığına görə dünyadakı müəyyən güc mərkəzlərinin yaydığı xəbər və sözlərə dərhal inanan safdərun insanlar var.

Bir vaxtlar buna bənzər bir hadisə baş verəndə ətrafımdakı insanlara belə demişdim: "Hadisəni törədənlər haqqında yüzlərlə ehtimal dura-dura, hadisənin gerçəkləşmə keyfiyyəti qatı bir sislə örtüldüyü halda, nəyə görə bəzi insanlar məsələni internet və ya qəzetlərdə verilmiş şəkildə oxuyub dəyərləndirir və onun əsasında hökm verirlər. Allah xatirinə, bu insanlar niyə deyilənlərin əksini də ehtimal etmirlər?" Çünki, güc, qüvvət və mənfəətdən başqa heç bir dəyər qəbul etməyən zalım insanların dünyasında, düşüncə və əqidəsində yalan adlı bir məfhum yoxdur! Əksinə onlar yalan və aldatmağı ağıllılıq sayır və həyatı buna əsasən yaşayırlar. Biz inanan insanlar olaraq, bir camaatın hüzurunda "bu insan yalan danışır" deyəndə belə, yəni başqasının yalanını ifşa edəndə belə xəcalət çəkir, bunu etmək məcburiyyətində qalanda da: "Üzrlü sayın, “yalan” kimi çirkin bir sözü hüzurunuzda dilimə gətirdim" deyib üzr istəyərək söyləyirik. İslamın bizə verdiyi tərbiyə və mədəniyyət bunu tələb edir. Bəli, bizim mədəniyyətimizdə yalan danışan insanın birbaşa üzünə "yalançı" demək ayıb olduğu üçün "xilafi-vaqe bəyan etdi" deyərək məsələ ortaya qoyulur. Lakin – bağışlayın – nəyə görə həyat tərzi yalançılıq və aldatmaqdan ibarət olanların sözlərinə dərhal inanır və onların yalan deyə biləcəyini nəzərə almırıq. Bu adamların indiyə qədər üstü açılan yalanlarına və bu yalanların ortaya çıxardığı xarakterlərinə baxıb “bunlardan hər şey gözləmək olar” deyərək ehtiyatlı olmalı deyilikmi? Təəssüflər olsun ki, deyilən sözlərə, oxuduğumuz xəbərlərə, sanki mütləq həqiqət kimi dərhal inanır və məsələləri bunun əsasında şərh edir, bunun əsasında dəyərləndiririk. Heç unutmuram, bir vaxtlar bir yerdə səfir işləmiş bir şəxs meydana gələn bir faciəvi hadisədən bir-iki saat keçməmiş durub "bu məsələni filankəs edib" demişdi. Həmin şəxs bu məsələyə o qədər nabələd idi ki, günahlandırdığı şəxsin adını belə səhv tələffüz edirdi, buna baxmayaraq heç tərəddüd göstərmədən öz hökmünü vermişdi.

Məhz məlumat kirliliyi və səhv istiqamətləndirmə ucbatından baş verən hər bir hadisə nəticəsində müsəlmanlığın tərtəmiz adı ləkələnmiş, onun o pak çöhrəsinə qara yaxılmışdır, təəssüf ki, hələ də yaxılmaqdadır. Xalq arasında bir söz var: "Palçıq at izi qalsın". Təəssüf ki, bu gün müsəlmanlığa belə bir “palçıq” atılmış və bu “palçığın” izi qalmışdır.

Bu, bir faktdır. Bu fakt qarşısında vəzifəmiz bütün dezinformasiya və iftiralara baxmayaraq, İslamın həqiqi məna və mahiyyətini hər yerdə anlatmaq, gözəl təmsillə hər yerdə nümayiş etdirməkdir. Üstü açılmayan bu cinayətlərin İslamı təmsil edənlərin işi olmadığını bezib-usanmadan, yorulmadan dilə gətirməliyik. Həqiqi bir müsəlmanın hər kəsə əl uzadıb, hər kəsə qucaq aça bildiyini göstərməliyik. Kökü “silmu-səlamat (sülh və əmin-amanlıq)” olan müsəlmanlığın sevgi, sülh və mərhəmət harayını Amerikadan Avropaya, Uzaq Şərqdən Afrikaya bütün bəşəriyyətə çatdırmalıyıq.

Dialoq körpüləri və vahimələrin aradan qaldırılması

Bildiyiniz kimi, bu həqiqətin bütün könüllərə çatdırılması birdən-birə mümkün olası iş deyil, uzun zaman tələb edir. İllərdir, istər bəzi din mənsublarının, istərsə də şərqşünasların müsəlmanlığın əleyhinə yazdığı şeylər insanların zehnini və düşüncələrini elə dəhşətli kirlətmişdir ki, siz birdən-birə bunu silib təmizləyə bilməzsiniz. Onsuz da siz İslamın bütün gözəlliklərini sərgidə nümayiş etdirirmiş kimi birdən-birə ortaya qoysanız, insanlar bunu həzm edə bilməzlər, qəbul etməkdə çətinlik çəkərlər. Uzun zaman onlarla birlikdə olacaq və onlara sizi tanıyıb öyrənmə imkanı verəcəksiniz. Ağıllarında olan "İndi belə deyirlər, görəsən, bir az güclənib bəzi imkanlar əldə edəndə də eyni şeyi deyəcəklər?" kimi suallarını hərəkət və davranışlarınızla aradan qaldıracaqsınız. On il boyu sizin “nəbzinizi ölçəcək”, “ürəyinizin necə döyünməsinə” baxacaqlar. Bir on il də keçəcək, nəbzinizin eyni şəkildə döyünüb-döyünməməsinə bir də göz yetirəcəklər. Belə-belə on, iyirmi, otuz il sizi yoxlayacaqlar. Sizin bu müddət ərzində “eyni yerdə dayandığınızı”, ifadə tərzinizi zərrəcən dəyişdirmədiyinizi görəcək və buna əsasən də haqqınızda bir qərara gələcəklər.

Bəli, siz bir tərəfdən İslamı gerçək əsasları və prinsipləri ilə izah edəcək, digər tərəfdən də onların sizə qulaq asmalarına, görmələrinə və yoxlamalarına imkan verəcəksiniz. Yeri gəlsə, evlərinizə, müəssisələrinizə, iş yerlərinizə gələcək, sizin dünyanızda sizi tanıyıb sizin haqqınızda bir qənaətə gələcəklər. Əgər illər boyu yaranmış, yaradılmış mənfi düşüncələri aradan qaldırmağı düşünürsünüzsə, məncə, yol budur.

Nümunə üçün sizə bir örnək verim: Mən bir qarışqa öldürmədiyimi dəfələrlə dilə gətirmişəm. Bəli, ömrümdə bir qarışqa belə öldürməmişəm. Hətta bir dəfə bir yoldaş mənə əziyyət verər deyə üstümdə gəzən qarışqanı kənara atdı. İllər keçsə də, mən bu hadisəni unuda bilmirəm. Öz-özümə “axı o canlıya necə qıydı” deyirəm. Bir başqa vaxt yoldaşlardan biri düşərgədə su içməyə gedəndə bir ilan görmüş, quyruğundan tutub silkələyərək belini qırmışdı. Haradasa bir-iki ay o yoldaşla danışmadım. Sənin nə haqqın var ki, onun yaşamaq haqqını əlindən alırsan? Heyvan səni sancmağa gəlmirdi ki, su içməyə gedirdi. Əgər həqiqətən, ağzını açıb kobra kimi sənə doğru gəlsə, məhz bu zaman nəfsi-müdafiə məsələsi ortaya girər. Qaldı ki, mən belə vəziyyətdə də onu öldürməkdənsə, qaçmağa üstünlük verərəm. Çünki onun da ekoloji sistemdə bir yeri var. Dinimizdə məcburiyyət qarşısında öldürməyə cəvaz verilmişdir, ancaq bunun savab olması deyilməmişdir.

Bu cür mülahizələrə qəlbən bağlı bir insanın kiməsə qəsd etməsi heç mümkündürmü? Səhv başa düşülməsin, mənim burada məqsədim özümdən danışmaq deyil, yalnız sizin hissiyyatınıza, inanan könüllərin duyğu və düşüncəsinə tərcüman olmağa çalışmaqdır. Bütün bunlara baxmayaraq, bəzi insanlar hələ də sizdən vahimələnirsə, onda bizim vəzifəmiz “aktiv səbir”lə gözləmək olmalıdır. Xarakterinizi, ruhunuzu, hissiyyatınızı, daxili aləminizi "showroom (sərgi salonunda)"da, qalereyada sərgilənən əsərlər kimi, nümayiş etdirəcəksiniz. Camaat gələcək, girəcək, gəzəcək, baxacaq, görəcək və vahimədən xilas olacaqlar. Siz bəlkə də, bunu hiss edə bilməyəcəksiniz. Onlar gələcək, üstünüzə bir işarə qoyacaq, növbəti gəlişlərində də bu işarənin yerində olub-olmamasını yoxlayacaqlar. Sonra bir də gələcək, eyni naxış və şivənin olub-olmamasına baxacaq və beləliklə həqiqi müsəlmanlığı gerçək dərinlik və ənginliyi ilə görüb tanıyacaqlar.

Nəticə etibarilə, bu gün müsəlmanlar haqqında meydana gətirmək istədikləri mənfi imici aradan qaldırmaq müəyyən vaxt tələb edir. Məsələni təqvimə, zamana görə çox yaxşı tənzimləmək, mənfilikləri müntəzəm və ciddi şəkildə bir-bir aradan qaldırmaq lazımdır. Əgər bü günün inanan könülləri müəyyən vaxt tələb edən bu məsələdə aktiv səbirlə hərəkət edər, məsələnin ciddiliyini dərk edib cəhd və səy göstərərlərsə, gün gələr düşmənlərin İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam) və Onun güzidə səhabələri haqqında dediyi "Bu insanlar əmindir (etibarlıdır), əmin-amanlıq və etibarın təmsilçiləridir" sözünün özləri haqqında da deyildiyini görəcəklər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.