Din adından işlənən cinayətlərin vəbalı-1

Fəthullah Gülən: Din adından işlənən cinayətlərin vəbalı

Sual: Bəzi qruplaşmalar tərəfindən “din” uğrunda törədilən cinayətlər, kamikadze hücumları və bu qəbildən digər hadisələrin baiskarı təkcə xarici qüvvələrdir? Bu gün müsəlman coğrafiyasında bu cür hadisələrin meydana gəlməsinin səbəbləri nədir?

Cavab: Müsəlman kimi görünən bəzi şəxslərin bomba yerləşdirilmiş maşınlarla heç bir şeydən xəbəri olmayan məsum insanları qətlə yetirməsini, ələlxüsus da, eyni üsullarla məbədlərə hücum çəkməsini nə Quran, nə Sünnə, nə də müsəlmanlıqla izah etmək mümkündür. Ancaq təəssüf ki, bu gün inananları dilxun edən, xəcil vəziyyətdə qoyan bir tabloya şahid oluruq. Xarici qüvvələrin hiyləgər və sistemli fəaliyyəti ilə yanaşı, İslam dininin yanlış qavranılması və yanlış izahından da qaynaqlanan bu terror hadisələri, belə demək mümkünsə, səlib yürüşlərindən, Monqolların İslam dünyasını yerlə-yeksan etməsindən daha betərdir və İslam aləminə verdiyi zərər daha böyükdür. Çünki bu cür zülm və cinayətlər müsəlmanlığın üzünə qara ləkə yaxmaqdadır.

Səhv anlışılan şücaət və cəsarət

Aciz qənaətimcə, bu hadisələrin kökündə dayanan yanlış izahların başlıcası isə hikmətin çox dərin qatlarını təşkil edən şücaət və cəsarət məfhumlarının bu gün düzgün anlaşılmamasıdır. Əlbəttə, inanan bir qəlbdə şücaət və cəsarət olmalıdır, lakin bununla yanaşı, hikmət və bəsirət də olmalıdır. Və mömin ortaya qoyduğu mövqe, hərəkət və davranışlarla insanların etibarını qazanmalı, hansı şəraitdə olur-olsun dinin prinsiplərinə sadiq qalmalı və unutmamalıdır ki, haqq amala yalnız haqq yollarla çatmaq olar. Başqa sözlə, əsil şücaət və cəsarət bir müsəlmanın müqəddəs dəyərlərinin müdafiəsi naminə mətin dayanması, haqq bildiyi məsələlərdə sabitqədəm olması və qolu-qanadı budansa belə, hər cür məşəqqətə dözməsi deməkdir.

Bu baxımdan Səadət əsrinə nəzər yetirəndə, İnsanlığın İftixarı Peyğəmbərimiz (s.a.s.) və əshabının Məkkədə keçən 13 il ərzində neçə-neçə dözülməz hadisəyə sinə gərdiyini görürük. Belə ki, səhabələr çox vaxt gözlərində yaş Cənabi-Allahın namütənahi qüdrətinə, Onun bəşəriyyətə xilaskar kimi göndərdiyi Sevgili Rəsuluna və möminlərə edilən zülmə baxmış, sonra da Rəbbin hikmətini tam dərk etməkdə çətinlik çəkərək heyrət və dəhşət içində: “Sən nə qədər də həlimsən, ey Rəbbimiz!” demişdilər.

Bildiyiniz kimi, İnsanlığın İftixarı Peyğəmbərimiz (s.a.s.) başını Kəbənin eşiyinə qoyub səcdəyə qapananda inkar və cəhalət içində boğulan müşriklər onun üstünə dəvə içalatı qoymuşdular. (Bax.: Buxari, “Vüdu” 69; Müslim, “Cihad” 111) Başlarına daş yağası bu zalımlar neçə dəfə Onu daşa tutmuşdular. (Bax.: Buxari, “Bədülil-xəlq” 7; Müslim, “Cihad”, 111) Ancaq O (s.a.s.), heç vaxt “Başınıza daş yağsın!” – deməmişdi. Əksinə ona daş atan, dişini sındıran, yanağını yaralayan, başını yarıb al-qana qərq edən insanlar haqqında belə əllərini qaldırıb: “Allahım, qövmümü hidayətə çatdır, çünki onlar bilmirlər!” (Qazı İyaz, “Şəfa”, 1\105) – demişdi.

Rəsulullahın sözləri ilə əlaqədar belə bir haşiyə vermək olar: “Əgər onlar məni, məfkurəmi, onların uğrunda necə özümü fəda etdiyimi bilsəydilər, belə etməzdilər. Zira Quranı-Kərim Allah Rəsulunun (s.a.s.) yanlış yol tutan münkirlərin halına necə yandığını belə təsvir edir: (Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (“Kəhf” surəsi, 18\6)

Bəli, könülləri fəth edən, qəlbləri yumşaldan, hər kəsi həqiqi insan olmağa istiqamətləndirən və insanı əsil mahiyyətinə quvuşduran İnsanlığın İftixarı Peyğəmbərimiz (s.a.s.) ona düşmənçilik edənlərin nifrətinə nifrətlə cavab verməmiş, hazırda şahid olduğumuz çirkin və təhiqarmiz yollardan heç birinə əl atmamışdır. Ona (s.a.s.) 15 il düşmən kəsilmiş Əbu Cəhlə belə “Allah səni yerin dibinə batırsın” deməmişdir. Demədiyinə görə də Əbu Cəhlin qızı Cüveyriyə və oğlu İkrimə bir gün müsəlman olmuş, İslam yolunda böyük fədakarlıqlar göstərmişlər. Yermük döyüşündə romalılara qarşı vuruşan Həzrət İkrimə ağır yara alıb çadıra aparılanda, birdən belini dikəldərək: “Ya Rəsulallah, Sənmi təşrif etdin!” – demişdi. Halbuki, bu hadisə meydana gələndə Həzrət İkrimə hələ iki il idi ki, müsəlaman olmuşdu. Düzü, Əbu Cəhlin oğlu Həzrət İkrimənin qısa müddətdə mənəvi cəhətdən bu kamilləşməsini şəxsən izah etməkdə çətinlik çəkirəm. Bəli, izah edə bilmirəm ki, bu qədər qısa müddət ərzində belə bir mərifət üfüqünü və mənəvi dərinliyi necə əldə etdi? Əgər İnsanlığın İftixarı Peyğəmbərimiz (s.a.s.) düşmənləri ilə belə həlim və hikmətlə rəftar etməsəydi, bütün bunlar mümkün ola bilərdimi?

Məkkənin o iztirabla yoğrulmuş günlərində ilk qəhrəman müsəlmanlar Allah Rəsulunun (s.a.s.) bir işarəsi ilə geri addım atmadan son damla qanlarına qədər savaşardılar. Lakin əl-ayaqlarına kündə vurulmasına, ağır işgəncələr görmələrinə baxmayaraq, səbir etmiş, fərdi, düşünülməmiş, hissi bir davranışa meyil edib etibarlarına xələl gətirməmiş və üstəlik bu cür vəhşiliyə əsla əl atmamışdılar. Belə ki, Şəfqət Peyğəmbərinin yolu qəlbləri fəth, ağılları qane edərək insanların əbədi səadətinə vəsilə olmaqdır. Bu da insanlarla hikmətli, mərhəmətli və həlim rəftar etməyi zəruri edir. Bəli, təkrar edək ki, o cür (yuxarıda sadalanan) vəhşi rəftarı Quranla, Sünnə ilə, İnsanlığın iftixarı Peyğəmbərimizin üslubu, strategiyası və düşüncə tərzi ilə izah eləmək mümkün deyil.

Nifrət “əkib” məhəbbət “biçə” bilməzsiniz

Səadət əsrindən çoxlu misallar verə bilərik. Məsələn, Qüds fəth ediləndə Həzrət Ömər şəhərin açarlarını almaq üçün yanındakı xidmətçisi ilə birlikdə Mədinədən yola çıxır. Yolda əynindəki paltar cırılır, o da üstündə gəzdirdiyi iynə-sapla paltarını tikir. Dövlətə aid olduğu üçün iki heyvandan istifadə etməyə haqqı olmadığını düşünüb bir minik heyvanı götürür və xidmətçisi ilə birlikdə heyvanı növbələşib minirlər. Qüdsə yaxınlaşanda heyvana minmə növbəsi xidmətçiyə çatır. Xidmətçisi nə qədər israr etsə də, Həzrət Ömər razı olmur. Xidmətçi dəvənin belində, xəlifə isə pay-piyada şəhərə yaxınlaşırlar. Yəhudi və xristian ruhani liderlər onu şəhərin girişində qarşılayır: “Bu yerin fatehinin xüsusiyyətlərini biz onsuz da, kitablarımızda görmüşdük”, – deyərək ona təzim və hörmətlə göstərirlər. Şəhərin açarlarını isə Qüds patriarxı Sofronios öz əlləri ilə təqdim edir. Namaz vaxtı gələndə onlar: “Ey möminlərin əmiri, məbədimizdə ibadətini yerinə yetirə bilərsən”, – desələr də, Həzrət Ömər onlara: “Xeyr, əgər möminlərin əmiri burada namaz qılsa, gələcək nəsillər bunu təbərrük (səadət, bərəkət) vəsiləsi bilərək bu yeri məscidə çevirərlər, bu da sizin haqqınıza təcavüz olar”, − deyərək çölə çıxır və namazını qayaların üzərində qılır. İndi, bir Həzrət Ömərin başqa dinlərin məbədlərinə sayğısına baxın, bir də hal-hazırda “İslam naminə” törədilən teror aktlarına!

Mövzuya aydınlıq gətirmə üçün başqa bir misal verək. Həzrət Əlinin hakimiyyəti dövründə fitnələr hal-hazırdakı olduğu kimi qazan tək qaynayırdı. O dövrdə Həzrət Əliyə qarşı çıxan xaricilər Hərurda yığışanda bir nəfər gəlib Həzrət Əliyə: “Ya İmam! Xaricilər filan yerdə toplanıblar, sabah üstünə hücuma keçəcəklər. Yaxşısı budur, onlar hücüm etməmiş sən onların başının üstünü aldır və hamısını məhv elə”, − deyir. Xeybərin qala qapısını qopardan Şahi-Mərdan, bir qılınc zərbəsi neçə düşməni canından edən Heydəri-Kərrar, İnsanlığın İftixarı Peyğəmbərimizin vəlayətə sərkar etdiyi o böyük imam: ”Haradan bilirsən ki, onlar bizim üstümüzə gələcək!? – deyərək özünə yaraşanı söyləyir. Bu anlayışın dərinliyini görürsünüz?! Məncə, əsil şahi-mərdanlıq Xeybərin qapısını qopartmaqda, Amr İbn Abdivüddü bir qılınc zərbəsiylə iki yerə bölməkdə deyil, eqoizmin “mən, mən” deyib davul kimi gurlamağa hazır olduğu bir vaxtda iradəni ortaya qoymaqdadır. Bəli, məncə, əsil igidlik, həqiqi şücaət və cəsarət belə həssas bir vaxtda “Haradan bilirsən ki, onlar bizim üstümüzə gələcək!?” sözünü deməyi bacarmaqdır. Həzrət Əbu Hənifə də Həzrət Əlinin bu fikrini əsas götürərək hücum istiqaməti dəqiq bilinməyən bir dəstəyə (orduya, birliyə) hücum etməyin caiz olmadığını irəli sürmüşdür.[2]

[1] Dilxun etmək (qılmaq) – ürəyini yaralamaq, çox kədərləndirmək, çox dərdləndirmək.
[2] Bax.: Mərginani, “Əl-Hidayə, 2/170-171; Qasani, “Bədaüs-Sənai”, 7/140-142

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.