Dini duyğu və düşüncənin dərinləşməsi

Fəthullah Gülən: Dini duyğu və düşüncənin dərinləşməsi

Sual: Dini duyğu və düşüncədə dərinləşmək nə deməkdir? Bu ülvi qayəyə necə çatmaq olar?

Cavab: İnsanlar dini duyğu və dini düşüncəyə əvvəlcə təlqinlə yiyələnir, sonra da onu təqlidlə mənimsəyir və yaşayırlar. Həyatın ilk illərinə, uşaqlıq çağlarına baxsaq, hamımıza elmihal səviyyəsində Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə və qəzavü-qədərə imanla yanaşı, kəlmeyi-şəhadət, namaz, oruc, zəkat və həcc kimi dini əsasların təlqin edildiyini, bizim də onları təqlid etdiyimizi və tədricən mənimsədiyimizi görərik.

Üsuliddin üləması (kəlam alimləri) bu cür təqlidlə əldə edilən imanın belə, insanı əbədi əzabdan qurtaracağını söyləmiş və bu fikirlərini bu istilahi ifadə ilə dilə gətirmişlər:“Təqlidi iman məqbuldur” (Bax: ət-Təftəzani, “Şərhül-məqasid”, II/264; Mütərcim Asim Əfəndi, “Mərəhul-məali fi şərhil-əmali, s.155). Ancaq kəlam alimləri bu fikri söyləsələr də, insan inkar və zəlalət tufanı qarşısında imanının sarsılmasını istəmirsə, təqlidlə əldə etdiyi inancı möhkəm bünövrəyə oturtlmalı və ruhən həzm etməlidir. Belə ki, nəzəri biliyin başlanğıc nöqtəsi kimi təqlid nə qədər əhəmiyyətli olur-olsun, onunla əldə edilənlərin itirilməməsi ancaq təhqiqlə mümkündür. Məsələn, valideynlərimiz bizə Allahın var və bir olması ilə əlaqədar ilkin nəzəri bilikləri təlqin etmişlər. Ancaq biz “Allah birdir” deyəndə kainatdakı hər bir əşyada, hər bir təbiət qanununda bu həqiqəti görməyi öyrənməliyik. Eynən bir laborantın laboratoriyada analiz və təhlil apararaq nəticə əldə etməyə çalışması kimi. Bu məsələdə o qədər sağlam və möhkəm imana sahib olmaq lazımdır ki, rixter şkalası ilə on bal gücündə zəlzələ də baş versə, “Kim inkar edir-etsin, həqiqət budur. İki vur ikinin dördə bərabər olduğuna şübhə edərəm, ancaq iman həqiqətlərinə zərrə qədər şübhə bəsləmərəm” deməyi bacarmalıyıq.

Təqlidlə əldə edilənlər cəhd və səylərin ümidinə qalıb

Bəs bundan ötrü nə etməliyik? Əvvəla ata-babalarımızdan miras qalan, yetişdiyimiz mədəni mühitdən əldə elədiyimiz və Allahın (cəllə cəlaluhu) təbiətimizə nəqş etdiyi bu dəyərləri əmanət kimi qoruyub saxlamalıyıq, “Amandı ha, bu dəyərləri itirməməliyik!” düşüncəsi ilə tez-tez bünövrəni yoxlamalayıq. Onları sağlam bünövrəyə oturtmaq üçün mütəmadi şəkildə gözdən keçirməli, “Görəsən, bu düşüncənin özülündə bir çatlama, bir qırılma yoxdur ki? Varsa, qarşısını almaq üçün nə etməliyik?” kimi axtarış və cəhdlərlə iman əsaslarını daim möhkəmləndirməyə çalışmalıyıq.

Biz əksəriyyət etibarilə müsəlman valideyinlərin övladlarıyıq, müsəlmanlığın yaşandığı, minarələrdə əzanların oxunduğu, məscidlərdə Qurani-Kərimin tilavət edildiyi, vəz-nəsihətlərin verildiyi bir mühitdən çıxmışıq. Allah (cəllə cəlaluhu) bizə bu həqiqətlərin nəzəri biliyini əldə etmək imkanı bəxş edib. O halda biz yüksək ideallardan əl çəkməməli, kiçik məqsədlərlə kifayətlənməməli, əldə etdiklərimizi olduğu kimi saxlamamalı, inkişaf etdirmək üçün daim səy göstərməliyik. Əks halda, əmanətə nankorluq və hörmətsizlik etmiş olarıq.

Bəli, Allah-taala bütün bunların nəzəri biliyini bizlərə lütf etmiş, əmələ çevrilməsini də iradəmizin çiyninə qoymuşsa, demək, bizim vəzifəmiz də cəhd və səylərimizlə bu əmanətləri göz bəbəyi kimi qorumaqdır.

Təhqiqi imana aparan yol və yəqinin mərtəbələri

Təqliddən təhqiqə aparan bu yolda “elmül-yəqin”, “eynül-yəqin”, “həqqül-yəqin” məfhumları bizə bələdçilik edə bilər.

Belə ki, elmül-yəqin elmin parlaq işığı altında əşya və hadisələri analiz etmək, təfəkkür vasitəsilə yaradılış əmrlərinin (təbiət qanunları) hikmət və mənalarını anlamaq və beləcə ürfana, mərifətə yiyələnərək iman həqiqətlərini dəlillərlə sübuta yetirməyi bacarmaq deməkdir. Bu cür mütaliə, araşdırma, təhlil və analiz təqlidlə əldə edilənləri təminat altına almaq və əhli-ilhadın ortaya atdığı şübhə, tərəddüd, vəsvəsə və s. şeylərdən qorumaq funksiyasını icra edəcək. Eynül-yəqin isə insanın nəzəri bilikləri dəlil və sübutlari ilə birlikdə bilavasitə müşahidə etməsi və bütün lətifələrinin bu həqiqətlərə şahid olması deməkdir.

Burada əsas məsələ odur ki, görməklə baxmaq fərqli şeylərdir. Əgər siz məsələlərə doğru yanaşmağı bacarsanız, baxmaqla yanaşı, görməyə də nail olsanız, təbiətdə gəzərkən ağacları qucaqlayıb öpmək istəyərsiniz. Çünki onların hər birinin çöhrəsində Allah-taalanın isimlərinin təcəllisini müşahidə edib məst olarsınız. Bəli, eynül-yəqin mərtəbəsinin qapısını aralayanlar hər bir məxluqda Allah-taalanın min bir təcəllisini müşahidə edər, tamaşa edib məst olar, hislərini Niyazi Misri kimi “Mən sanırdım aləm içrə mənə heç yar qalmadı, / Mən məni tərk eylədim, gördüm ki, əğyar qalmadı” beyti ilə dilə gətirər.

Demək ki, insan öz nəfsini tərk edəndə hər şeydə Allah-taalanın təcəllisini görməyə başlayır və ciddi isteğraq, heyman, kalak[1] halı ilə məst olur və o dəryanın sularına qarışıb gedir.

“Sən təcəlli eyləməzsən pərdədə mən var ikən / Şərti-izhari-vücudundur adim olmaq mənə!” (Qövsi) beytində ifadə edildiyi kimi, insan həqiqi vücudun qarşısında öz vücudunu (burada “mən” nəzərdə tutulur) yaxıb kül edirsə, haqqül-yəqin mərtəbəsinə yaxınlaşmış olur. Düzü, dünyada bu mənada haqqül-yəqin mərtəbəsinə yüksəlmək mümkündürmü, bilmirik. İmam Rəbbani Həzrətləri “Məktubat” əsərinin bir yerində bunun mümkün olmadığını deyir, bir başqa yerdə isə müəyyən səviyyədə müyəssər olmağın mümkünlüyünü söyləyir. Bu iki fikrə baxanda “dünyada haqqül-yəqinin kölgəsinə çatmaq, bəlkə də mümkündür, ancaq onun əsl həqiqəti axirətdə zühur edəcək” nəticəsinə gəlmək mümkündür. Çünki ilahi qüdrətin təcəlli etdiyi yerdə həqqül-yəqinin həqiqəti də zühur edəcək və insan bu həqiqəti öz səviyyəsinə uyğun duyacaqdır.

Ona qalxan əllər boş qayıtmaz

Əhli-təhqiq qısaca çatdırmağa çalışdığımız yəqin mərtəbələrini müəyyən örnəklərlə izah etmişdir. Məsələn, bəziləri odun yanma, bişirmə, işıq vermə xüsusiyyətlərə malik olduğunu nəzəri olaraq bilib inanmağı elmül-yəqin adlandırmışlar. Sobadakı qora baxanda onun həm istilik verdiyini, həm də işıq saçdığını gözlə görüb müşahidə etməyə isə eynül-yəqin demişlər. Yanan sobaya salınan maşanın nar kimi qıpqırmızı qızarmasını və oddan seçilməməsini isə həqqül-yəqinə örnək göstərərək ağla yaxınlaşdırmağa çalışmışlar. Bu son mərhələdə artıq nə “sən” var, nə də “mən”; orada yalnız O (cəllə cəlaluhu) var. O məqama çatan insan “mən” deməyə utanar, yalnız “hu” deyər və Onunla nəfəs alıb-verər.

O halda insan “həl min məzid/yenə varmı?” şüurı ilə mənzildən-mənzilə adlamalı, tez-tez təkrar etdiyimiz bir ifadə ilə desək, hər sözü, söhbəti Canana gətirməli və hadisələrə hər gün yeni biliklərin işığında baxmalı, bir daha atəşin müzakirə etməlidir. “Əlhəmdülilləh, bu gün Rəbbimizi elə bil yenidən tanıdıq. Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) bir daha yad etdik və Onun həsrətindən ürəyimizin ucu göynədi. Onun adını eşidəndə “Ah, Sənə qurban olum!” dedik. Bu şirin məclisi yenidən qurmağı arzuladıq!” deməlidir. İnsan övladı bu cür həyat yaşamaqla ömrünün saniyələrini illərə çevirə bilər. Bəli, insanın o şirin anları, ona qovuşma arzusu və daim onun xəyalını qurması saniyələrini, salisələrini, hətta əşirələrini ibadətə çevirəcək və onu əbədi səadətə namizəd edəcəkdir. İnsan özünü əbədi səadətə, Əbədi Zatın sevgisinə namizəd görürsə, Allah bilir, onları əldə etməyin yolu da bu düşüncəyə sadiq yaşamaqla mümkündür.

Allah (cəllə cəlaluhu) bu yolda inayətini bizdən əsirgəməsin. İstəyini Ondan diləyənlərin əli heç vaxt boş qayıtmaz. Biz də istəklərimizi Ondan istəsək, gec-tez mütləq verəcəkdir. Alvarlı Efe Həzrətləri sadə bir dillə bunu necə gözəl ifadə edir:

Sən Mövlanı sevən də Mövla səni sevməzmi?
Rizasına ivən də, Haqq rizasın verməzmi?
Sən Haqqın qapısında canlar fəda eyləsən,
Əmrində xidmət etsən, Allah əcrin verməzmi?

[1] Kalak – İnsanın mənəvi sıxıntıdan qurtulmaq arzusu.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.