Gül torpaqda bitər

Fəthullah Gülən: Gül toprakta biter

Sual: Müəyyən vəzifə və mövqeyə gətirilən insanlar vaxt ötdükcə özlərini başqalarından fərqli və üstün görməyə başlayırlar. Bu kimi hallarda hansı əsaslara diqqət etməliyik?

Cavab: Bir damla sudan yaradılan insan övladı üstünə nemət yağdıran Cənabi-Allaha şükür, minnətdarlıq və məhviyyət hisi ilə coşmalı, hansı mövqedə olursa-olsun özünü heç vaxt üstün görməməli və Alvar İmamı kimi,

Hər kəs yaxşı mən yaman,
Hər kəs buğda mən saman.

deməlidir. Bunu istər təvazö, istər məhviyyət, istərsə “özünü sıfırlama” adlandırın, həqiqət dəyişmir: varlıq bir rişə kimi bu düşəncənin köksündə böyüyüb boy atır.

Meteor da düşə bilərdi!

Şair necə də gözəl deyir:

Məzhəri-feyz olamaz düşməyəcək xakə nəbat,
Mütəvazi olanı rəhməti-Rəhman böyüdər.

Yəni toxum torpağın bağrına düşüb özünü çürütməyincə meyvə verə bilməz. Meyvə vermək üçün torpağın altında əzilməli, topraqlaşmalı və orada yox olmalıdır. Bəli, toxum yox olmalıdır ki, yoxluqdan ikinci varlıq boy ata bilsin. İctimai həyatda hər kəs, hansı vəzifə və mövqedə olur-olsun, özünə bu gözlə baxmalıdır.

Ümumən bu istiqamətdə düşünən bir insan nəfsin boynunu qırmağa hazır olduğundan, Allahın izni ilə ən çətin sınaqlardan belə üzüağ çıxar. Uğurlar ağlını başından almaz, təzyiq, hücum və təhqirlər qarşısında da baş əyməz. Çünki özünü torpaq altına düşümüş bir toxum kimi görən insan üstündə gəzənlərə məhəl qoymaz. Ancaq az-çox var olduğunu düşünənlər bəzən yersiz məsələlərdən ötrü inciyər. Belələri insanların baxışlarında, mimikalarında, üz ifadələrində, hətta təbəssümündə belə qərəz axtarar və layiqincə hörmət görməməkdən, qiymətləndirilməməkdən gileylənər. Bəli, özünü müəyyən bir mövqedə görən insan umduğu münasibəti görməyincə və ya görə bilməyincə adi şeyləri belə mənfi tərəfə yoza bilər. Halbuki məhviyyət qalasına sığınan, təvazökarlıqla öz yerini ayaqların altında görən insan nə onu hədəf seçən təhqirlərdən, nə də basıb üstündən keçənlərdən narahat olar. Narahat olmamaq bir yana, hətta bütün bu mənfi münasibətlərə layiq olduğunu düşünər, bu kimi halları nəfsini sorğu-suala çəkmək üçün fürsət sayar. Məsələn, başına bir qoz düşsə, "Mənim kimi adamın başına meteor da düşə bilərdi" deyib hər hadisədə mütləq hikmət və məsləhətin var olduğuna inanar. Çünki "hər işdə bir hikmət vardır, əbəs iş görməz Allah".

Xüsusilə, ənaniyyətin (eqoizmin) azğınlaşdığı belə bir dövrdə irşad yolunda təvazökarlıq, məhviyyət və xəcalətin əhəmiyyəti daha da artmışdır. Təsəvvür edin, gül nə zümrüddə, nə mərcanda, nə yaqutda, nə qızılda, nə də gümüşdə bitir. Bəli, bu mədənlər, Allahın izni ilə, torpağın bağrında və ya dənizlərin dibində meydana gələn çox qiymətli cövhərlər olsa da, üstündə gül bitmir. Gül torpaqda bitir. O Güllər Gülü belə torpaqda bitmişdir. Bəli, Onun mübarək anası da, atası da, əcdadı da torpaqdandır. Odur ki, biz də üstümüzdə gül bitməsini istəyiriksə, torpaq kimi olmağa məcburuq.

Nəfsdən qurtuluş

İnsanlarla münasibətlərdə sünnənin prinsiplərinə riayət etmək də özünü başqalarından fərqli görməmək və məhviyyət duyğu-düşüncəsini xarakterə həkk etmək baxımından çox əhəmiyyətlidir. Məsələn, bir hədisi-şərifdə İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) buyurur: "Özün üçün istədiyin hər şeyi başqaları üçün də dilə ki, mömin olasan" (Tirmizi, “Zühd”, 2; İbn Macə, Zühd, 24). Demək ki, özü üçün istədiyi və sevdiyi şeyləri başqaları üçün də istəyən və sevən əngin düşüncəli, həssas və geniş vicdanlı bir insan həqiqi möminlik xüsusiyyətini daşıyır. Bunun əksi isə: özü üçün istədiyini başqaları üçün istəməyən və özünə rəva bilmədiyini başqaları üçün arzulayan bir insan həqiqi imanın qoruyucu ab-havasından uzaqlaşmış, sürüşkən yerlərə addım atmış olur ki, orada hər an yuvarlanmaq mümkündür.

Digər tərəfdən insanlarda əyri-üyrü gördüyümüz hərəkət və davranışları belə xeyrə yozmalı və belə düşünməliyik: "Görəsən, hansı hikmətlə belə etdi? Görəsən, mənim dərk etmədiyim hansı düşüncəsi vardı? Görəsən, o nə hikmətlə belə yanlış bir işə qol qoydu?". Başqa sözlə, zahirən səhv görünən, ancaq bir izahı olan davranışları məntiqli bir açıqlama və əsas gətirərək müsbətə yozmağa çalışmaq. Bu yanaşma sui-zənndən qorunmaq üçün etibarlı bir sipər olduğu kimi, hüsnü-zənn etmək üçün də güclü bir əsasdır. Üstəlik, insanın hər şeyə öz nəfsani kriterilərindən yanaşmaması da bu cür düşüncədən asılıdır.

Təvazökarlığın xarakterə çevrilməsi

Ancaq unutmayaq ki, bu xüsusiyyətləri xarakterə həkk etmək üçün hər kəsin ciddi bir mənəvi rehabilitasiyaya ehtiyacı var. Odur ki, Cənabi-Allahın "Rəbb" ismi-şərifinə sığınaraq Onun himayəsi altında yaşama, ilahi əxlaqa yiyələnmə əzmi ilə hərəkət etməli, dini qaydalara nə qədər əməl edib-etmədiyimizi gündə bir neçə dəfə özümüzə sual verməliyik.

Şübhəsiz ki, bunun üçün səbat (sözdə-əməldə möhkəm olmaq, ilqardan dönməmək) və mütəmadilik də çox əhəmiyyətlidir. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifində: "Allah dərgahında ən sevimli əməl az da olsa mütəmadi olandır" (Buxari, Riqaq 18; Müslim, Səlatül-müsafirin 218) buyurur. Bildiyiniz kimi, aramsız damlayan su damlaları mərməri belə aşındırır. Bəli, daşı aşındıran suyun gücü deyil, damlaların mütəmadiliyidir. Bu baxımdan mənəvi reabilitasiya, tərbiyə və söhbəti-cananı mütəmadi şəklə salmaq, bəlkə də, məsələnin ən mühüm əsaslarından biridir.

Bir vaxtlar həyatın hər sahəsini əhatə edən təkyə və mədrəsələr əl-ələ verib belə bir missiya yerinə yetirirdi. Onların qapısında yetişən insanlar ciddi bir tərbiyədən keçərək və əqli, qəlbi, ruhi qabiliyyətlərini inkişaf etdirərək həqiqi insanlıq səviyyəsinə yüksəlirdi. Bəli, bu mübarək məkanlar əqli, elmi məsələlərə də vaxt ayırmaqla yanaşı, müdavimlərinə qəlb, ruh və sirr üfüqünə gedən yolları da göstərirdi. Əks halda, məsələlərə təkcə əqli prizmadan yanaşmaq, özünü rasionalist və mötəzilə anlayışının dar çərçivəsində məhkum etmək deməkdir. Belə ki, bu gün bu istiqamətdə ömür sürənlərin çoxlu imkanları olsa da, ətraf üçün heç bir dəyər ifadə etmir. Könüllərə sözün əsl mənasında abi-həyatı məhz qəlb və ruhun üfüqündə ömür sürənlər üfürmüşdür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.