Haqqa və insanlara yaxınlıq vəsiləsi – qurban

Sual

Adanmış ruhlar Allaha yaxınlıq vəsiləsi olan qurbanı qəlblərin bir-birinə yaxınlaşmasına da vəsilə etmək üçün həm ölkəmizin şərqindən qərbinə qədər hər bölgəsinə, həm də, xüsusilə, Afrika qitəsi kimi dünyanın yoxsul bölgələrinə gedərək könüllər arasında körpülər qururlar. Qurbanın bu şəkildə keçirilməsi və daha gözəl təşkil edilməsi haqda nə tövsiyə edərdiniz?

Hər şey kiçik bir addımla başlayır. Sonra da arxadan gələnlər həmin işə sahib çıxır, çiyin verir, yeni yol və metodlar ortaya qoyur, alternativ fikirlər irəli sürür. Bir vaxtlar Qurban da ölkəmizdə fərdi müstəvidə yerinə yetirilir və kəsilən qurbanın əti qonum-qonşuya paylanılırdı. Zaman keçdi, həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrində könüllərin fəth edilməsində əvəzsiz vəsiləyə çevrildi.

Qurban və isar xüsusiyyəti

Allah-taala Quranın ikinci surəsinin başında:

وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ

"...onlara verdiyimiz ruzidən infak edərlər." (“Bəqərə” surəsi, 2/3) buyuraraq mülkün əsl sahibinin Özü olduğuna, bizim isə əmanətçi vəzifəsi daşıdığımıza işarə edir. Yəni bizim verdiklərimiz əslində Allahın lütf etdiyi nemətlərdir. Allah-taala "Ruzini verən Bizik" buyurmaqla “qurtarar”, “tükənər” narahatlığının yersiz olduğunu xatırladır. Bu məsələ başqa bir ayədə daha aydın nəzərə çatdırılır:

إِنَّ اللّٰهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

"Şübhəsiz ki, bütün məxluqların ruzisini verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (“Zariyat” surəsi, 51/58)

Əslində insanın istər zəkat, istər fitrə sədəqəsi, istər qurban olsun malının bir hissəsini başqasına verməsi bu işin minimum səviyyəsini təşkil edir. Yəni bu, "Əgər bunu da eləməsəniz, özünüzə yer axtarın!" mənasına gəlir. Məsələnin maksimum səviyyəsi isə bu ayə ilə hədəf göstərilir:

وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ

"... möminlərə verilən şeylərə həsəd aparmaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar" (“Haşir” surəsi, 59/9). Bu şüurda olan insan vaxtını, imkanını, biliyini, mədəniyyətini, sərvətini, düşüncəsini, qısaca Allahın verdiyi hər şeyi son damlasına qədər insanların istifadəsinə verər, əlindəkiləri insanlarla bölüşər.

Qurbanda da Müsəlmanlar ən az bir qurbanla səmahət hissini ortaya qoyacaq, könülləri fəth edəcək və kəsdiyi qurban ətindən möhtaclara da daddıracaq. Bir hədisdə ifadə edildiyi kimi, Allah-taala da qurbanı o biri tərəfdə ən çox ehtiyac olan yerdə sahibi üçün miniyə çevirəcək. (Bax., Kənzul-ummal, 5/88, hədis nömrə: 1274) Orada bunu görən insan bir tərəfdən təqdir, digər tərəfdən də təəccüb hisləri ilə "Görəsən, bu qurbanlardan hansına minim?" deyəcək.

Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya vəttəslimat) bir hədisində:

مَنْ كَانَ لَهُ سَعَةٌ وَلَمْ يُضَحِّ فَلَا يَقْرَبَنَّ مُصَلَّانَا

"İmkanı olub qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın!" (İbn Macə, Ədahi, 2.) buyuraraq imkanı çatan hər kəsin qurban kəsməsini istəmişdir. Hədisdə imkanı olub qurban kəsməyənlərə ağır xəbərdalıq edildiyinə görə Hənəfi füqəhası bunun ən azı vacib hökmünə bərabər olduğunu bildirmişlər. Nisab miqdarı mal sahibinə zəkat vermək fərz olduğu kimi, qurban kəsməyə imkanı olanlara da qurba kəsmək vacibdir. Qurban ibadəti vacib olduğuna görə, imkanı çatan hər kəs qurban kəsməlidir. Çünki heç kim Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) "Bizim namazgahımıza yaxınlaşmasın!" xəbərdarlığına tuş gəlmək istəməz.

مَنْ كَانَ لَهُ سَعَةٌ

ifadəsindən belə bir məna da çıxır. Demək ki, cəmiyyətdə imkanı olanlarla yanaşı, imkansızlar da olacaq. Ona görə də imkanlılar Allahın lütf etdiyi nemətlərdə fəqir-füqəranın da haqqı olduğunu nəzərə alaraq yardımlarını onlardan əsirgəməməlidir. Yəni qurban kəsənlər qurbandan maddi imkanı zəif olanlara da verməlidirlər. Allah Təala:

لَنْ تَنَالُوا الْبِرَّ حَتّٰى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ

"Sevdiyiniz şeylərdən (haqq yolunda) infak etmədikcə savab və təqva əldə edə bilməzsiniz" (“Ali İmran” surəsi, 3/92) buyuraraq insanları ən çox sevdikləri malları infak etməyə çağırır. Elə isə axirət minik olan qurban gözəgəlimli olmalıdır. Kəsilən heyvan kor, şikəst, axsaq olmamalıdır, bu qurbanlıq heyvana qoyulan şərtdir. Çünki görülən bütün işlər, bütün əməllər misal aləmində hansı surətləri alırsa, o tərəfdə də bu şəkildə insana qaytarılacaq. Axirəti tam təsəvvür edə bilmədiyimizə görə və orada olan şeyləri bir qəlibə salmaq mümkün olmadığı üçün bütün bunların bizə necə qaytarılacağını bilmirik. Bəlkə, bir təyyarə, bəlkə də, bir gəmi, bəlkə də, bir qayıq, bəlkə də, bir kürən at kimi qarşımızda təməssül edəcək. Məsələyə ilahi mərhəmətin ənginliyi və vədlərin doğruluğu zaviyəsindən baxsaq, bütün bunların mütləq qaytarılacağına əmin ola bilərik.

Hz. Aişə Anamızın rəvayət etdiyi bir hədisə görə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) kəsdiyi qurban ətinin üçdə ikisini paylamış, üçdə birini isə ailəsinə ayırmışdır. Kəsdiyi qurbanı sünnəyə uyğun paylamaq istəyən üçün ölçü budur. Əgər bir ailədə bütün ailə üzvləri adına qurban kəsilirsə, onda daha fərqli bölgü aparmaq olar. Məsələn, kəsilən qurbanlardan birini və ya onun yarısını və yaxud da üçdə birini evə ayırıb qalanını paylamaq olar. Bu cür bölgü aparmaqla insan həm yaxınlarına qurban əti daddırmış olar, və ya göz haqqını vermiş olar, həm də yoxsullara əl uzatmış, onların ehtiyacını təmin etmiş, müxtəlif təbəqə və qruplar arasında sevgi və şəfqət körpüləri qurmuş olar.

Xeyirxahlığın xarakterə çevrilməsi

Başda da deyildiyi kimi, bir dövrdə ölkəmizdə hər kəs qurbanlarını kəsir, bir qədər ailəsinə ayırır, qalanını da qonum-qonşuya paylayırdı. Lakin gün gəldi qurban təkcə məhəllə və kəndimizdə deyil, daha geniş dairədə möhtac insanlara əl uzatmaq üçün bir vasitəyə çevrildi və imkanı olanlar bu istiqamətdə öhdəliklər götürdülər. Bəziləri bir qurbanla kifayətlənmədi, ikisini, üçünü, hətta on, iyirmi, otuzunu verməyə başladı. Bu, eyni zamanda xeyirxahlıq anlayışının dərinləşməsi və vermə duyğu-düşüncəsinin xarakterə çevrilməsi idi. Üstəlik bu işin hamının gözü qabağında görülməsi insanları xeyirxahlığa təşviq edirdi. Beləcə, kəsilən qurbanlar vasitəsilə ölkəmizin hər tərəfində fəqir-füqəraya yardım əli uzadıldı. Bu işin yaxın dairədə oturuşduğunu görüb bu dəfə də "Gəlin bu işi, Allahın izni və inayətiylə daha geniş dairədə həyata keçirək" dedilər. Başlanğıcda kiçik olsa da, bu gün artıq böyük bir fəaliyyətə çevrilib. Bu fədakarlar Afrikada, demək olar, getmədikləri ölkə qoymadılar. Çünki acınacaqlı yoxsulluq daha çox bu qitənin “payına” düşür. Həmin ölkələrdə yaşayan insanların bir çoxu, bəlkə də, heç ildə bir dəfə də ət üzü görmür. Bunu bilən isar ruhlu dostlar qurban öhdəliyi götürməyə və bu qurbanları o yerlərə qədər aparmağa başladılar.

Əlbəttə, ölkəmizin fədakar insanları təkcə Afrikada deyil, harada olsalar, orada qurban kəsib insanlara paylamağa başladılar. Belə bir xidmət başqa mədəniyyət və dünyagörüşün mənsublarına çox cazibədar gəldi. Qurban ətini bişirərək və ya çiy halda o insanların qapısına aparmaq onlar üçün yeni bir şey idi. Onların dünyası belə bir şeyə yad idi. Bəli, iki alacağı olmadan birini verməyən bir əxlaqın, anlayışın nümayəndələri üçün sizin bu fəaliyyətiniz yeni bir səs, yeni bir nəfəs idi. Beləliklə, o insanlar sizin gözəl dəyərlərinizin fərqinə vardı, İslamın səxavətini, Müsəlmanların səmahətini, isar ruhunu, yeməyib yedirmə hissini gördü və sizin dəyərlərinizi ciddi rəğbət və sevgi ilə qarşıladı. Qənaətimcə, bu cür fəaliyyətlər qloballaşan dünyada mədəniyyətlərarası sevgi və dialoq körpülərinin qurulmasında mühüm rol oynayır. Bu istiqamətdə görülən işlər artıq müəyyən səviyyəyə çatmışdır. Lakin əldə olanla kifayətlənmək dunhimmətlik (kiçik məqsəd) olduğuna görə hədəfimizi daim yüksəltməliyik.

Məsələnin bir başqa yönü də: siz hər il “format” dəyişdirərək gördüyünüz işlərə yeni bir rəng, yeni bir naxış əlavə etməklə onu daha da cazibəli, cəlbedici hala gətirməyə çalışmalısınız. Məsələn, qurban əti ilə yanaşı, böyük anbarlara istifadə olunmayan əşyaları, paltarları toplayıb yoxsullara paylaya bilərsiniz. Çünki getdiyiniz ölkələrdə elə yerlər var ki, insanların əyninə geyməyə paltarları belə yoxdur. Bir tərəfdə böyük göydələnlər ucalır, o biri tərəfdə isə “varoş” adlanan yerlərdə insanlar acınacaqlı vəziyyətdə yaşayır. Hələ Afrikada elə kasıb ölkələr var ki, onlara aparılan bir damla yardım belə onlar üçün çox şey deməkdir. Bu səbəbdən gördüyünüz işlərə tez-tez yeni rəng və dərinlik əlavə edərək insanları sevindirməyə çalışmalısızınız. Çünki onların sevinci bizim də sevincimizə səbəb olacaq.

Bizim bu fəaliyyətlərimizin nəticəsində Allah-taala necə inayət edəcək, başqa hansı xeyir qapıları açacaq, onu bilmirik. Bu səbəblə hər dəfə “format”ı bir az dəyişməli, bəzi orijinal əlavələr etməli və həmişə o insanların qəlblərini “abad” və əhya etməyə çalışmalıyıq. Sonra Allah-taala nə edər, onu Özü bilir. Hz. Pirin yanaşma tərzi ilə desək, biz vəzifəmizi yerinə yetirər, Onun işinə qarışmarıq.

Qurbanla gələn sürprizlər

Əslində hər bir ibadətü-taətdə əsas məsələ Allaha yaxınlaşmağa çalışmaq, "Allahım, bu ibadəti Sənin üçün edirəm" demək və bunu daxilən hiss etməkdir. İnsanın ömrünün bünövrəsi bu düşüncə olmalıdır. Bu baxımdan qurban ibadətini yerinə yetirərkən də qəlbin qəsdi, yəni niyyət çox təmiz olmalıdır. İnsan "Allahım, Sən heyvan kəsməyi istədin, mən də əmrini yerinə yetirirəm. Əgər özümü kəsməyimi əmr etsəydin, bu əmri də sevə-sevə yerinə yetirərdim. Əgər dinim, namusum, nəfsim, malım və ya ölkəmin müdafiəsi naminə bir cəbhə açmaq lazımsa, ona da müntəzirəm" deyəcək qədər səmimi olmalıdır. Yəni insan malından verəndə verə biləcəyi şeyləri də xatırlamalı və əmrə müntəzir olduğunu göstərməlidir. Allah Təala Qurani-Kərimdə Hz. İbrahim və İsmayıldan belə bəhs edərkən:

فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ

"Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman" (“Saffat” surəsi, 37/103) buyurmaqla hər ikisinin übudiyyət və əmrə itaət sirrini qavradığına və ona uyğun hərəkət ediyinə işarə etmişdir.

Əgər bir insanın niyyəti başdan belə təmiz olarsa, onun qurbanla əlaqədar bütün hərəkətləri ibadətə çevrilər, bu xeyirli işə aid digər əməllər də həmin xeyirli iş qədər savab gətirər. Yəni bazara gedib qurban almaq, boynuna ip keçirib bir yerə bağlamaq, sonra maşına yükləyib tövləyə aparmaq, bir neçə gün baxmaq, nəzarət etmək və ya həyətinə gətirib yemlətmək, ardınca aparıb kəsmək, kəsəndən sonra ətini paylamaq və s. bir ucu sizə toxunan bir çox iş savab kimi əməl dəftərinə yazılacaq. Digər tərəfdən heyvanın boğazına bıçaq çəkmək, heyvanın çırpınması, qan axması… kimi qəlbi riqqətə gətirən mənzərəyə və şəfqət hissinə məhəl qoymadan əmrə itaət edərək gördüyünüz işlər də ayrıca savab kimi həsənə dəftərinizə qeyd olunacaq.

Bütün bu işlər sizə, bir mənada, sadə və bəsit görünə bilər. O biri tərəfdə bütün bunların mükafatını alanda heyrət içində "Allahım Sən nə qədər qəni imişsən. Bu bəsit şeyləri götürüb cücərtdin, böyütdün, çoxaltdın, dəyişdirdin, əbədiləşdirdin, indi də bizə təqdim edirsən" deyəcəksiniz. Buna görə də insan gərək qurban ibadətini könül zənginliyi və səmimi qəlblə yerinə yetirməlidir.

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ

"Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)." (“Həcc” surəsi, 22/37) ayəsində də bu məqama işarə edilir. Bəli, əgər insan Allahla irtibat qurmaq və ya Allahın müamiləsinə vəsilə olmaq niyyəti ilə bu ibadəti yerinə yetirərsə, o biri tərəfdə gözlənilməz mükafat və sürprizlərlə qarşılaşacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.