Həqiqi və formal müsəlmanlıq

Fəthullah Gülən: Həqiqi və formal müsəlmanlıq

Sual: Yazı və söhbətlərinizdə tez-tez müsəlmanlığın şəkil və surətdən ibarət olmadığını qeyd edirsiniz. Məsələni daha təfərrüatlı izah edə bilərsiniz?

Cavab: Sualda da bildirildiyi kimi, müsəlmanlıq təkcə şəkil və surətdən, görünüş (görkəm) və gurultudan, güzafdan və müəyyən formal əməllərdən ibarət deyildir. Əksinə müsəlmanlıq qəlb məsələsidir. Yəni şəkil və surətlə yanaşı, əsas məsələ mahiyyət və mənadır. Belə ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Allah-taala surətinizə və mallarınıza baxmır, ona görə sizə qiymət vermir. Əksinə O, sizin qəlblərinizə, əməllərinizdəki səmimiyyətə baxır və buna görə hökm verir” (Müslim, “Birr”, 33; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, 2/284, 539) hədisi ilə bu həqiqəti diqqətə çatdırmışdır. Yunus Əmrə də bir şeirində: “Dərvişlik dedikləri xirqə ilə tac deyil, / Könlün dərviş eyləyən xirqəyə möhtac deyil” misraları ilə şəkil və görünüşün deyil, qəlbin əsas olduğunu vurğulamışdır.

İç çölə çevrilsə...

Müsəlmanlığı barmaqla göstərilən, İslamın adını ucadan hayqıran, bu yolda özünü oda-közə vuran neçə-neçə insan var ki, Allahın dərgahında onların zərrə qədər dəyəri yoxdur. Bu insanlar dünyada İslama "xidmət"lərinə görə barmaqla göstərilsələr də, axirətdə pərişan, dərbədər vəziyyətdə olacaqlar. Zahirən dəyərsiz, arxa sıralarda gəzən elə insanlar da var ki, onlar axirətdə qabağa keçəcək, mənəviyyatca övliya, əsfiya, əbrar və müqərrəbinlə bərabər olacaqlar. Ona görə də xarici görkəminə, danışığına, şəkil və surətinə baxaraq insanlara qiymət verməkdə bəzən yanıla bilərik. Bu məsələni diqqətə çatdıran Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurur ki: “Saçı-başı dağınıq, (əhəmiyyət verilmədiyinə görə) qapıdan qovulan neçə-neçə insanlar var ki, əgər bir məsələ ilə bağla and içsələr, Allah onları haqlı çıxarar” (Buxari, “Eyman” 9; Müslim, “Birr” 138, “Cənnət” 48).

Ancaq səhv başa düşülməsin, haqq qatında ali məqamlara çatmaq üçün illah da fağır və həqir görünmək məcburiyyəti yoxdur. Dünyada müəyyən vəzifələr tutan insanlar da doğru yolda olmaq şərtilə Allahın izni ilə ilahi dərgahda ali məqamlara yüksələ bilərlər. Bu məsələdə rəşid xəlifələr bizim üçün ən yaxşı nümunədir.

Həqiqi liderlərin ibrətamiz həyatı

Bildiyiniz kimi, Həzrət Əbu Bəkir aldığı məvacibdən artıq qalan pulları bir saxsı qaba yığırmış. Və ölüm ayağında onu xələfinə əmanət edir. Həzrəti Ömər bundan xəbər tutanda: “Elə həyat yaşadın ki, təkrarı mümkünsüzdür”, ‒ demişdi (Bax: İbn Sad, “ət-Təbəqatül-kübra”, III, 186; ət-Təbəri, “Tarixül-üməm vəl-mülük”, II, 354). Müsəlman olmadan əvvəl Həzrət Əbu Bəkirin çoxlu sərvəti vardı. İslama girdikdən sonra o bütün mal-mülkünü Allah yolunda xərcləmiş, maddi imkanlardan öz mənafeyi üçün istifadə etməyi düşünməmiş, sadə və yoxsul bir insan kimi dünyadan köçmüşdür.

Həzrəti Ömərin həyatı da ondan geri qalmırdı. Dövlət başçısı olanda məvacibini orta təbəqənin güzəranına uyğun miqdarda müəyyən etmək istəmişdi. Qıtlıq dövründə qulluqçudan ən kasıb insanın çörək və zeytun yağı ilə keçindiyini öyrənmiş, “Bundan sonra gərək mən də bu cür yaşayım”, ‒demişdi (İbn Sad, ət-Təbəqatül-kübra, 3/312). Öz dövrünün iki hegemon dövlətini diz çökdürən o böyük xəlifə dünya ilə yoxsul bir mömin kimi vidalaşmışdı. Dünya və axirət səadətini açarı məhz bu cür mənəvi keyfiyyətlərdədir.

Həzrət Osmanın da özünəxas fəziləti vardı. Bəni Ümeyyə ailəsindən gələn və var-dövlətli bir tacir olan Həzrət Osman. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) infaq çağırışına cavab zərrə qədər tərəddüd keçirmədən altı yüz dəvəni yükü ilə birlikdə Allah yolunda bağışlamışdı (Tirmizi, “Mənaqib” 18; əl-Buxari, “ət-Tarixul-kəbir” 5/246; ət-Tayalisi, “əl-Müsdən” səh. 164). O da yüksək səxavəti ilə özündən əvvəlki xəlifələrin fəzilət məqamına yüksəlmişdir.

O cümlədən Həzrət Əli də ömrü boyu əlinə pul keçən kimi yarısını açıq-aşkar, yarısını da gizli paylayaraq infaq etmişdir, əlində imkan ola-ola dünyadan “əli boş” köçmüşdür.

Bu böyük insanlar Allah-taalanın lütf etdiyi imkanlardan heç vaxt şəxsi mənafeləri üçün istifadə etməmişlər. Nə öz mənafeləri üçün yararlanmış, nə də övlad, qohum-əqrəba və tərəfdarlarının xeyrinə sərf etmişlər.

Saxtakar liderlər və fəlakətə düçar olan cəmiyyətlər

Xalqın əmanət verdiyi imkanlardan şəxsi, ailəsi üçün faydalanan insanlar küfr etmiş sayılır? Əlbəttə, bu, küfr deyil. Ancaq şəkk-şübhə yoxdur ki, belələrində kafir xüsusiyyəti var. Belələri beş vaxt namaz qılsalar, hər il həccə getsələr, oruc tutsalar da, bu günahdan tövbə etmədikcə bu kafir xüsusiyyəti mikrob kimi onlara yapışar, bəlkə də, hərəkət və davranışlarında xətalara səbəb olar. QİÇS virusuna bənzəyən bu mikrob onları yanlış şeylər düşünməyə, yanlış sözlər danışmağa, yanlış qərarlar vermyə, yanlış əməllər işləməyə sövq edər. Üstəlik xalqı da səhv siyasi qərarları ilə fəlakətə sürükləyərlər.

Unutmayaq ki, Allah (cəllə cəlaluhu) insanların xüsusiyyətlərinə görə hökm verir. Məsələn, sədaqətli olmaq, başqalarının namusuna xələl gətirməmək, ismətli ömür sürmək, heç kimin mal-mülkünə göz dikməmək, ehtiyacı olanlara əl uzatmaq, tənbəlliklə mübarizə aparmaq, zamanı düzgün tənzimləmək, əldəki imkanlardan səmərəli istifadə etmək, araşdırma və həqiqət eşqi ilə kainatı ələk-vələk etmək və s. xüsusiyyətlər mömin sifətləridir. Kimdə bu sifətlər varsa, Allah ona uğur bəxş edər, bu sifətlərə yiyələnməyənlər isə həm bu dünyada, həm də axirətdə cəzalandırılacaqlar.

Bəli, “mən dindaram” deyən, özünü ən kamil müsəlman sayan insan tənbəl-tənbəl çayxanada vaxt öldürürsə, üstəlik içdiyi çaya dedi-qodu, qeybət, iftira qarışdırırsa, əlində bir əsası olmadan başqa möminlər haqqında sui-zənn bəsləyirsə, onda kafir sifəti var. Bu cür insanlar bir barmaq hərəkəti ilə göydən ulduz yağdırsalar da ilahi dərgahda bir qiyməti yoxdur. Bəlkə də insanları bir müddət aldada bilərlər. Ancaq bu cür insanlar Allahla möhkəm irtibatda olmadıqlarına və peyğəmbər yolunda getmədiklərinə görə, bir müddət parıldayar, sonra sönərlər, olan da onlara bel bağlayanlara olar. Bugünədək kütlələri arxasında sürükləyən neçə-neçə insan gəlib getmişdir, amma onlardan heç bir iz qalmamışdır.

Acgözlük

Ona görə də mömin surətə aldanmamalı, mahiyyətə, mənaya, ruha əhəmiyyət verməli, ixlas və səmimiyyətdən ayrılmamalı, hər əməlini Allah rizası üçün işləməli, hər addımda ilahi muradı axtarmalıdır. Çünki həyatını ilahi prinsiplərlə tənzim etməyən insan nəfsin və şeytanın toruna düşər. Bu cür insanlar əllərinə imkan düşən kimi, kisəsini, bank hesabını doldurar, hətta ölkədəki banklar kifayət eləməyəndə pulları xaricdəki banklara ötürər. Min cür hiylə işlədərək xalqı soyub soğana çevirər, xalqdan qəsb etdiyi pullarla özünə səltənət qurar. Bu cür şeytan fikirli insan zahirən mömin kimi görünsə də, yolu küfr yoludur.

Bir dövrdə müəyyən yollarla əldə edilən uğurları başqa bir dövrdə başqa yollarla əldə etmək olmaz. (Yəni halal yol hər dövrdə halal, haram da haramdır - red.) Ona görə də həmin yolları əsas götürmək lazımdır. Qanunsuz yollarla qanuni məqsəd əldə etmək olmaz. Məqsədin ağlabatan, halal və ilahi olması lazımdır. Bu məqsədə aparan yollar da eyni şəkildə qanuni və halal omaldır. "Qanuni bir məqsədə çatmaq üçün hər cür yola əl atmaq olar" kimi makiavellist düşüncə şeytanın yoludur. Belə bir adam məscidə getsə, alnını səcdəyə qoysa da, meyxanadakı, bütxanadakı adamdan bir fərqi yoxdur.

Zülmün üstünü zülmlə örtmək olmaz

Xalqın malını yeyən, tenderlərdə saxtakarlıq edən, rüşvət alan, eyş-işrət içində yaşayan, qohum-əqrəbasını, dostlarını layiq olmadıqları vəzifələrə gətirən insanlar bu məlun əməllərinin üzə çıxmasını istəmirlər. Buna görə də onların tərəfini saxlamayan və qeyri-qanuni işlərinə etiraz edən təmiz və dürüst insanların başa keçməsindən, onların əməllərini üzə çıxarmasından narahat olurlar. Əməllərinin faş olmasından, aldatdıqları kütlələrin etibarını itirməkdən qorxurlar. Buna mane olmaq üçün dürüst və təmiz insanlara olmazın təzyiqlər edirlər. Çünki cinayətinin üstünü örtmək və məsuliyyətdən qaçmaq cinayətkarın adətidir. Hətta belələri özlərini məsum göstərmək üçün cinayəti başqalarının üstünə atmaqdan da çəkinmirlər.

Onlar cinayətlərinin üstünü örtməyə çalışdıqları kimi, düşdükləri bataqlıqda rahat hərəkət etmək üçün başqa insanları da özlərinə oxşatmağa çalışırlar. Çünki eyni günaha bulaşanlar bir-birini yaxşı başa düşürlər. Beləcə, onlar nə tənqid eşidirlər, nə də vicdan əzabı çəkməli olurlar.

Bununla yanaşı onlar vəzifələrini, məqamlarını və gələcəklərini sığortalamaq üçün müxtəlif ad və ünvanlar uydurmaqla bütün əleyhdarlarını qaralamağa və gözdən salmağa, bundan əlavə hər işlərinə mane olmağa və cəmiyyətdən təcrid etməyə çalışırlar. Ancaq unutmayaq ki, bunu edən mömin də olsa, əməllər kafir əməllərdir.

Haq yolda sabitqədəmlik, məsələlərin həllində alicənablıq

Buna baxmayaraq həqiqi möminlər tiranlara boyun əyməməli, haqq yoldan ayrılmamalı, “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et!” (“Fussilət” surəsi, 41/34) əmrinə əməl edərək pislik edən insanları bir yolla şər əməllərdən çəkindirməlidirlər. Həzrət Mövlananın “Bir ayağım dinin mərkəzində, digər ayağım yetmiş iki millətin içində” və ya “Gəl, gəl, nə olursan ol, yenə gəl. İstər kafir, istər məcusi, istər bütpərəst ol, yenə gəl! Bizim dərgahımız ümidsizlik dərgahı deyildir. Yüz yol tövbəni pozsan da, yenə gəl!” sözlərindən narahat olan bir adam bir gün onun yolunu kəsib xoşagəlməz sözlər deyir. “Zındıqsan, fasiqsən, insanları azdırırsan. Yəhudiyə, xristiana, məcusiyə qucaq açırsan” deyir. Ürəyini boşaldır. Həzrət Mövlana isə təmkinlə qulaq asır. Sözü qurtaranda Həzrət “Sözün qurtardımı?” soruşur. “Bəli” cavabından sonra “Sənə də qucaq açıram. Sən də gəl!” deyir.

Bəzi insanlar bəhanələr gətirərək qapıları üzünüzə örtə bilər, insan hüquq və azadlıqlarını sizə çox görə bilərlər. Hətta dünyanın o tayındakı fəaliyyətlərinizə belə əngəl olmağa cəhd edərlər. Buna baxmayaraq siz öhdənizə düşəni etməli, “Allah bizə yetər!” deyib doğru yoldan ayrılmamalı, saleh əməl işləməyə davam etməlisiniz. Şərlə mübarizədə pisliyə pisliklə cavab verməməlisiniz. Bəli, şərə şərlə cavab vermək zalımlıqdır.

Allah-taala “Cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin” ayəsi ilə cəzlandırmağı caiz saymışdır. Ancaq bu ayənin ardınca Quran “Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir” buyuraraq bizə səbir və əfv yolunu tövsiyə etmişdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ömür boyu şəxsinə pislik edənləri əfv etmiş, hətta onların əməllərini unutmağa çalışmışdır. O (sallallahu aleyhi və səlləm), Məkkəni fəth edəndə də şəhərə məğrur sərkərdələr kimi deyil, təvazökarlıqla girmişdir. Üzünü ogünədək Ona hər cür pisliyi rəva bilən insanlara tutub Həzrət Yusifin qardaşlarına dediyi kimi “Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!” (“Yusif” surəsi, 12/92) demişdir (əl-Beyhaqi, əs-Sünənül-kübra, 9/118). Baxın budur alicənablıq və üstün fəzilət! Peyğəmbər yolunun çağdaş varislərinin yolu da bu yol olmalıdır!..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.