Həyəcan və məntiq-1

Sual: Adanmışlığın əlamətləri nələrdir? Yeni nəsillərdə eşq-şövq, hiss-həyəcan oyatmaq və bu həyəcanın uzun ömürlü olmasını təmin etmək üçün nə edilməlidir?

Cavab: Adanmışlıq ruhunun kamilləşməsi ilk növbədə təmsil edilən dinə möhkəm inanmaqdan asılıdır. İman olmadan insanların adanmışlıq ruhuna yiyələnməsi mümkün deyil. İmanın formalaşması isə istedad və qabiliyyətlərdən asılı olaraq fərqli zaman alır. Bəzi insanlar qırx saatda eşidəcəyini eşidir, görəcəyini görür və anlayacağını anlayır. Bəzi insanların isə həmin üfüqə çatmaq üçün qırx günə, qırx aya, hətta qırx ilə ehtiyacı olur. Məsələn, Cüneydi Bağdadi həzrətləri kimi mənəvi kamilləşməyə uyğun fitrətə malik bir insan belə bəzi şeyləri altmış yaşından sonra duyub hiss etdiyini deyir. Həzrəti Cüneydin bu sözünü onun altmış yaşınadək ciddi bir şey eşitməməsi, görməməsi, dadmaması kimi anlamaq, şübhəsiz ki, doğru deyil və bu cür anlayış o uca şəxsiyyətə hörmətsizlik olar. Bəs onda bunu necə anlamalıyıq? O böyük insan gözünü daim insani-kamil üfüqünə dikmiş, nəzərini oradan heç vaxt ayırmamışdı. Demək ki, o üfüqün bəzi əsintilərini duymaq üçün müəyyən vaxt lazımdır. Kim bilir, bəlkə də, o, bununla insanlardakı istedad müxtəlifliyini diqqətə çatdırmaq istəyirdi. Xülasə, niyyət və məqsəd nə olur-olsun, biz o böyük şəxsiyyətlər haqqında danışanda diqqətli olmalı, mənfi mülahizələrdən çəkinməli və yanlış bir söz söyləməkdən Allaha sığınmalıyıq. Əks halda, bir xəta edib Allahın qəzəbinə tuş gələ bilərik.

Bu günün nəsillərinə ən böyük yaxşılıq

Əsas mövzumuza qayıdaq; könüllərdə adanmışlıq duyğu və düşüncəsini alovlandırmaq hal-hazırda daha da çətinləşib. Bir dövrdə ki yuva (ailə) insanın mənəvi həyatında ciddi rol oynamır, küçə-bayır onun əleyhinə işləyir, təhsil ocaqlarında bu duyğu-düşüncə aşılanmır, məscidlərdə bu eşq və həyəcan könüllərə üflənmir, insanı qəlbin və ruhun üfüqünə yönəldən müəssisələr yoxdur, məhz belə bir zamanda qəlblərə adanmışlıq ruhunu hiss etdirmək xüsusi səy tələb edir. Bəli, insanları maddiyyatın təsirindən, cismaniyyətin əsarətindən qurtarmaq, qəlbi və ruhi-mənəvi həyata yönəltmək, onları həyatın məqsədini ilahi rizada görən, oturub-durub: "Allahım, məni bağışla, (maddi-mənəvi) səhhət ver, məndən razı ol" deyən insana çevirmək çox böyük səy tələb edir.

İnsan təbiəti dünyaya, dünyanın cazibədar gözəlliklərinə düşkündür. Üstəlik dünyəvi hədəf və qayələrin ön plana çəkildiyi belə bir dövrdə insanlar dünya işlərində, demək olar ki, çox mükəmməl səviyyədə yetişdirilir. Bu baxımdan, qənaətimcə, bu günün nəsillərinə ən böyük yaxşılıq, qəlblərə insanlar üçün yaşama arzu-həyəcanını aşılamaqdır.

Belə bir eşq-şövq, hiss-həyəcan İslamın mühüm bir əsasıdır. O, namazda hüdu və xüşu şəklində təzahür etdiyi kimi, ileyi-kəlimətullah məsələsində də fədakarlıq hissini təlqin edir. Bu eşq və həyəcan İslamın ruhundan qaynaqlanır. Ondan məhrum insanlara nə anladırsınız-anladın, onlardan böyük fədakarlıq və hasbilik görə bilməzsiniz.

Həyəcansızlıq qəlbin ölümüdür

Dolayısilə, ilk növbədə insanda elə bir həyəcan olmalıdır ki, iztirabdan iki qat olub inir-inir inləsin. İmandan məhrum könülləri görəndə "Bu insanlar niyə inanmırlar!" deyə beyni zoqquldasın, başı çatlasın, ürəyi parça-parça olsun. Əgər insanda bu cür dəli bir həyəcan varsa, siz "Həyəcanına qurban olum. O həyəcanın başımın, gözümün üstündə yeri var" deyib ona İslamın məntiqi ilə istiqamət verə bilərsiniz. Başqa sözlə, onun bu daşqın, coşqun həyəcanını xeyrə istiqamətləndirə bilərsiniz. Məsələn, bu hiss-həyəcanı haqda sabitqədəm olmağa yönəldə bilərsiniz. Demək ki, ilk növbədə insanlarda yüksək eşq və həyəcan ruhu oyandırılmalıdır. Çünki həyəcan olmayan yerdə sırf quru ağıl və məntiqlə uzunömürlü bir iş görmək mümkün deyil. Bəli, ilk öncə insanlar səmimi eşq və həyəcanla yüksək bir məfkurəyə inanıb ona sahib çıxmalıdırlar ki, ömür boyu bütün maneə və çətinliklər qarşısında mətin və qərarlı dayana bilsin, və oradan heç vaxt ayrılmasın, yeri gələndə də köhlənlər kimi son nəfəsinə qədər o yolda yürüyə bilsin.

Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) bu məsələdə də bizə ən gözəl nümunədir. Bir baxın Cənabi-Allah Uca Kitabında Onun haqqında nə buyurur: "Qurana inanmırlar deyə az qala özünü həlak edəcəksən" (“Kəhf” surəsi, 18/6)

Başqa bir yerdə isə: "Rəsulum! Onlar iman gətirmirlər deyə özünə qəsd edəcəksən?" (“Şuəra” surəsi, 26/3) buyurulur. Bu ayələr İnsanlığın İftixarının (s.ə.s.) həyəcanını göstərir. Cənabi-Allah Onun bu həyəcanını: "Sən istədiyinə hidayət verə bilməzsən. Ancaq Allah istədiyinə hidayət verər" (“Qasas” surəsi, 28/56) buyuraraq Ona istiqamət göstərir. Dolayısilə, insanda bu cür islami həyəcan varsa, ona Quranın hökmləri əsasında istiqamət vermək olar. Ona bu həyəcanla nəyi qazanıb, nəyi itirəcəyini, yaşadığı dövrü, həmin dövrün şərtlərini, qarşı tərəfin hissiyyatını, dünyagörüşünü nəzərə almağı öyrətmək olar. Amma həyəcan yoxsa, siz nəyə istiqamət verəcəksiniz?

Mütəmadilik və qətiyyət üçün bu həyəcana, bu ruha ehtiyac var, ancaq heç vaxt ağıl və məntiqi hiss və həyəcana qurban vermək olmaz. Əks halda tarazlıq pozular. Bu səbəblə bir tərəfdən ürək həyəcanla çırpınmalı, digər tərəfdən də ağıl və məntiq hiss-həyəcana rəhbərlik etməli, onu düzgün istiqamətə yönəltməlidir.

Məntiq və həyəcan bir-birini dəstəkləməlidir

Üstəlik, bizim könül verdiyimiz və həyata keçirməyə çalışdığımız yüksək bir məfkurəmiz var, qarşımıza əngəllər çıxsa da, yolumuzdan qalmamalıyıq. İnanan insanlar olaraq bizlər bir əngəl çıxanda başqa bir yol tapıb yolumuza davam edərik, o yolu da kəssələr, başqa yol axtararıq. Bütün yolları tutsalar belə, "Biz bacarmasaq, gələcək nəsil, onlar da bacarmasa, bir sonrakı nəsil Allahın izni və inayəti ilə mütləq bu qayəni həyata keçirəcək" deyər və ömür boyu ümidimizi itirmədən yolumuza davam edərik. Lazım olsa, alihimmət olub ulduzları belə geridə qoyan əlçatmaz qayələrin ardınca gedər, insanı mənən öldürən dunhimmətdən uzaq olub daim yüksək məfkurəyə könül verərik. Planlarımızı ağıl və məntiq prinsiplərinə əsasən həyata keçirməyə çalışarıq. Mömin məntiq və həyəcanı arasında heç vaxt bir-birinə zidd hərəkət etməz, etməməlidir. Əksinə bunlar bir-birini dəstəkləməli, bir-birinə qol-qanad olmalıdır. Bu günə kimi neçə-neçə insan sırf həyəcanla hərəkət etdiklərinə görə, nə qədər haqq naminə olsa da, Müsəlmanlara çox zərər vermişlər. Quru məntiqlə, gəvəzəlik, demaqoqluq və dialektikayla insanlara bir şey aşılayacağını sananlar da, ancaq bir nəticəyə çatmadan yorulub yollarda qaldılar.

Dolayısilə, coşqun həyəcanla yanaşı, Quranın süzgəcindən keçirilmiş möhkəm prinsiplərə ehtiyacımız var. Bütün hərəkət və davranışlarımızı Quran və Sünnənin süzgəcindən keçirməliyik ki, doğru olub-olmadığını bilək. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm): "Sizin vəzifəniz sünnəmə və hidayət yolunda olan raşid xəlifələrin sünnəsinə tabe olmaqdır. Bunlardan möhkəm yapışın" (Əbu Davud, Sünnə 6) hədisinə istinadən Quran və Sünnə ilə yanaşı raşid xəlifələrin düşüncəsi də bizim üçün süzgəc rolunu oynamalıdır. Çünki könül verdiyimiz hədəf və qayənin doğru olduğuna inandığımız kimi, getdiyimiz yol da etibarlı olmalıdır. Bu da ancaq Quran və Sünnə ilə yanaşı, səhabənin, xüsusən də raşid xəlifələrin yolunda getməklə mümkündür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.