Huneyn qəzvəsi…

Sual: Tarixi bir hadisəyə diqqəti çəkən, "Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra geriyə çəkilməyə başladınız." (“Tövbə” surəsi, 9/25) ayəsini necə başa düşməliyik?

Cavab: Məkkənin fəthindən sonra Saqif və Həvazin qəbiləsi bir neçə başqa quldur qəbilələri də öz tərəfinə çəkərək Müsəlmanlara hücum etməyə hazırlaşır. Mükəmməl bir dövlət başçısı olmaqla yanaşı, misilsiz hərb dahisi olan Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onları hazırlıqlarını tamamlamadan haqlamaq məqsədilə dərhal hərəkət əmrini verir. Beləcə həm daha az itki ilə nəticə əldə edilmiş, həm də qarşı tərəf çox acı çəkməmiş olacaqdı. Belə ki, daha sonralar həmin qəbilələrdən nə qədər insan müsəlman olmuşdu. Əslində Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu tətbiqat və strategiyasını Hudeybiyyə müqaviləsi ilə başlayıb Məkkənin fəthi ilə sona çatan mərhələdə də görə bilərsiniz. Təsəvvür edin ki, göylərdən yüksək şərəf və izzətə sahib Allah Rəsulu (əleyhissalatu vəssalam) Hudeybiyyədə izzət və şərəfinə toxunan ağır şərtlər irəli sürülsə də, sülh və əmin-amanlıq şəraitində o insanların könüllərini fəth etmək üçün müqaviləni qəbul etmişdi. Daha sonra məkkəlilər öz əlləri ilə bu andı pozmuş, İnsanlığın İftixarı da səhabə ordusu ilə Məkkənin qapısına qədər gedib çıxmışdı. İstəsəydi, "Mən qüvvətliyəm" deyib rahatlıqla onları cəzalandıra bilərdi. Lakin Həzrəti Ruhu-Seyyidil-Ənam heç vaxt buna yol verməzdi, yol vermədi də. Çünki qan tökərək, insan öldürərək Məkkəyə girsəydi, bu, məkkəlilərin qəlbində bir yara olaraq qalardı.

Huneyn çətin imtahandı

Mövzumuza qayıdaq: Məkkəni fəth edən on min səhabə ordusuna yeni müsəlman olan iki min məkkəli də qoşulmuş, beləcə on iki minlik İslam ordusu Huneynə doğru hərəkət etmişdi. Dolayısilə ordu Məkkəni fəth edən, əksəriyyəti də gənc olan döyüşçülərdən və İslama yeni addım atanlardan ibarət idi. Belə bir əhval-ruhiyyədə olan orduda bəzi əsgərlərin ağlına "Heç kim bu ordunun qarşısında dura bilməz. Allahın izni ilə, Məkkəni fəth etdiyimiz kimi, Saqif və Həvazinini də öhdəsindən gələrik" kimi düşüncələr gəlmiş ola bilər.

Yeri gəlmişkən deyim ki, mən daima səhabeyi-kiramı təzkiyə etməyə, onlara nalayiq söz deməməyə və dedirtməməyə çalışmışam, onları ali, yüksək, əlçatmaz kimi görürəm. Ona görə də onlar haqqında tənqid mənasına gələn bircə söz də işlətməməyə diqqət edirəm. Lakin bu döyüşdə, ola bilsin ki, bəzi səhabələr mövqeyinə, səviyyəsinə uyğun, Allahın onlardan gözlədiyi davranışı lazımınca ortaya qoya bilmədilər. Və ola bilsin ki, Cənabi Allah da ulu dərgahına yaxın olan bu insanlara onların öz səviyyəsinə uyğun xəbərdarlıq etmişdir. Ancaq bu onlarla Cənabi Allahın arasında olan bir məsələdir. Bizim bu mövzuda artıq-əskik danışmağımız həddini aşma və hörmətsizlik olar.

Bu yanaşma tərzini və meyarı diqqətə alaraq səhabeyi-kiramın Huneyn qəzvəsinə gedəndə hansı əhval-ruhiyyədə olduğunu anlamağa çalışaq. Əvvəla, Huneynə qədər Müsəlman ordusu sayca bu qədər böyük olmamışdı. Üstəlik o günədək sayca düşməndən çox geri qalsalar da, qüvvələr qeyri-bərabər olsa da, əksər döyüşlərdə, Allahın izni və inayəti ilə, qalib gəlmiş, həmişə zəfərdən zəfərə yürümüşdülər. İndi də öndə İnsanlığın İftixarı, özləri də atların, dəvələrin üstündə döyüşə gedirdilər, üstəlik qələbəyə çox ümidliydilər. Ruhumuz onlara fəda olsun və Allah bizi onların yolundan ayırmasın. Qurani-Kərim onları təsvir edərkən əvvəlcə:

لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ

"And olsun ki, Allah bir çox yerdə sizə yardım etdi" buyuraraq Bədir, Uhud və Məkkənin fəthində Allahın onlara dəstək olduğunu xatırladır. Sonra ويوم حنين buyuraraq Huneyndə də Rəbbin onlara yardım etdiyini bildirir. Burada da Cənabi Allah ilk öncə Huneyn günü də onlara iltifat göstərdiyini buyurur, daha sonra isə ogünkü vəziyyətlərini təsvir edir. Ancaq təkrar xatırladaq ki, onların bu xətasına "Həsənatül-əbrar seyyiətül-müqərrəbin - əbrarın elə yaxşı əməlləri var ki, müqərrəbin üçün günah sayılır" prinsipi ilə yanaşmaq lazımdır. Məsələn siz ağlınızla etdiyiniz xətalara görə cəzalandırılırsınız, onlar isə xəyallarına toxunan şeylərə görə cəza çəkə bilirlər.

Daha sonra Allah-taala buyurur,

إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا

“O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı". Belə ki, o gün:

وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ.

"Gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi)". Eyni ifadə başqa bir ayədə Kab ibni Malik və digərləri haqqında işlədilmişdir. Əslində, bu bir idiom olub bizim ədəbiyyatımıza da keçmişdir. Məsələn, bir ölkədə görmək istədiyimizi görməyib umduğumuzu tapa bilməyəndə "Buralar mənə dar gəldi" deyirik. Səhabeyi-kiramın Huneyndə müvəqqəti sarsılması və bu sarsıntının onlarda meydana gətidiyi əhval-ruhiyyə "yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi" ifadəsi ilə təsvir olunur. Həmçinin

ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ

"Sonra da dönüb qaçmağa başladınız," buyuraraq hadisənin gedişatına diqqət çəkilir.

Buna baxmayaraq növbəti ayədə Cənabi Allah Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) və səhabeyi- kiramın üstünə səkinə yağdırır. Peşmançılıq hissi ilə yenidən toparlanan ordu Allahın izni və inayəti ilə qələbə çalır.

Zəfər sarxoşluğu

“Səadət əsrində baş verən bu tarixi hadisə bizə nə deyir?” sualına gəlincə Cənabi Haqq səhabeyi-kiramı ilahi inayət və riayətlə müzəffər etdiyi kimi, bu dövrün müsəlmanlarına da qalibiyyət lütf edə bilər. Belə hallarda əsas məsələ ruhi-mənəvi səviyyəni qorumaq və hər şeyi daima Ondan bilməkdir. Hətta iradi səylərin nəticəsində əldə olunan uğurlarda belə, səbəbləri ayaq altına almalı, onların arxasındakı Müsəbbibül-Əsbabı görüb "Hər şey Səndəndir" deməyi bacarmalıyıq. Ola bilsin ki, əldə etdiyiniz uğurları əhli-dünya, əhli-qəflət və əhli-zəlalət də təqdir edib alqışlasın. Ancaq nailiyyətlər insanın ağlını başından almamalı, baxışlarını bulandırmamalı və qul olduğunu heç vaxt unutdurmamalıdır. Bəli, biz nə qədər böyük uğurlar qazansaq da, özümüzü həmişə Onun qapısının boynu boyunduruqlu qulu kimi görməyi bacarmalıyıq. Əgər biz özümüzü Onun xəlaiqi kimi görsək, Haqdan qeyrisinə köləlikdən xilas olarıq. Bu, eyni zamanda, başqalarının qurduğu kasta sistemində xəlaiq (xidmətçi) yerinə qoyulub onun-bunun aləti olmaqdan, qula qulluq əsarətindən qurtulmaq deməkdir. Çünki Allaha qul olmayanlar başqa şeylərin qulu-köləsinə çevrilirlər. Kimi şəhvətə, kimi heyvani hislərə, kimi mənfəətə, kimi şöhrətə, kimi də güc-qüvvətə qul olur və hər şeyi güclə həll edəcəyini sanıb zülmə əl atırlar. Belə insanların hamısına əsir kimi baxmaq olar. Hətta “Allaha qul olmayan bu insanlar əsirdir” deyə and içsəniz, yalançı olmazsınız. Çünki bu insanlardan kiminin boynunda on, kiminin beş, kiminin isə iki əsarət zənciri var.

Bəli, qafillər gözəl hadisələrin arxasında fərd və ya heyətləri gördüklərinə görə onları alqışlayıb göylərə çıxara bilərlər. Şöhrət hissi və alqışlanma arzusu olan zəif xarakterli insanlar da belə bir alqışla qarşılaşanda yerə-göyə sığmaya, hədlərini aşa bilərlər. Onların haqları çatmayan şeylərə özlərini layiq bilməsi mümkündür. İnsanın qazandığı uğurların Allahın bir lütfü olduğunu unudub onları özündən bilməsi, öz adına yazması mənəvi süqutdur. Məsələn, söhbət və vəzləri ilə xalqı coşdurub cuşa gətirən bir insan bunu öz məharətindən bilirsə, həmin əməllərini çirklətmiş olur. Halbuki qəlblər Allahın əlindədir. İnsana verilən söz və bəyan neməti isə həm bir lütf, həm də imtahandır. İnsanın bunu özündən bilməsi, onların əsl Sahibini unutması haqqı olmayan şeyə əl uzatması deməkdir. Unutmayın, şöhrət hissi elə bir bəladır ki, təqdir və alqışlar gördükcə insanı Allaha, Peyğəmbərə və Qurana aid şeyləri belə öz adına çıxarmağa sürükləyər. Rəbbim hamımızı bu bəladan hifz eləsin!

Xülasə, əgər siz təkrar ruhunuzun abidəsini yüksəltməyi düşünürsünüzsə, bilin ki, bu, nə maddi imkanlarla, nə də güc və qüvvətlə həll olunası bir işdir. Akifin ifadəsi ilə desək, insan həmişə Allaha söykənməli, səy göstərməli və hikmətə ram olmalıdır. Siz bu anlayışla Quran məntiqini əsas götürərək söz oyunlarına yol vermədən daim haqqı səsləndirməyə, haqqı dilə gətirməyə çalışsanız, Allah da sizə doğrunu göstərər, doğrunu danışdırar, mümkünsüzü də mümkün edər və tutduğunuz yolda sizi müvəffəq edər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.