İmanın yenilməz gücü

Fəthullah Gülən: İmanın yenilməz gücü

Sual: Ruhuna doğan ilhamları, gözəl dəyərlərini insanlara çatdırmaq istəyənlərin qaraşılaşdığı ən böyük əngəllər nələrdir?

Cavab: İnsanın ən böyük imtahanı dünyəvi istək və arzularıdır. Hansı toplumda fərdlərin duyğu və düşüncələrini bu istək və arzular çulğalamışsa, orada insanlar necə dəhşətli zülmlərə düçar olmuş, neçə-neçə məşəqqətlə üzləşmiş, peyğəmbərlər başda olmaqla haqq və həqiqət ərləri amansız və imansız hücumlara, olmazın təhqir və iftiralara, hətta sui-qəsd və qətliamlara məruz qalmışdır. İlk ürəkdağlayan hadisə vəhyin leysantək yağdığı Həzrət Adəmin (aleyhissalam) evində baş vermişdir. Belə bir ailədən çıxmasına baxmayaraq, Qabil dünyəvi istəklərinə çatmaq üçün qardaşı Habili qanına qəltən etmişdir (Bax: “Maidə” surəsi, 5/27-32). Şeytanın hiyləsi ilə ilk macəra bu cür başlamış və bir daha aldanışların sonu gəlməmişdir.

Kitabi-Müqəddəsin bəyan etdiyinə görə, Həzrət Davud (aleyhissalam) Allahın izni və inayəti ilə məzlumiyyətdən qurtarıb zəfərə apardığı qövmü tərəfindən – haşa – adi, sıravi insanlara belə yaraşmayan zina və qətl kimi iftiralara məruz qalmışdı. Qövmü onu Tabuta (sandığa) əl basıb and içməyə məcbur etmişdi. İnsanlığın Fəxri Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) də – haşa, yüz min dəfə haşa – sehrbaz (Bax: “Yunus” surəsi, 10/2; “Sad” surəsi, 38/4), şair (Bax: “Ənbiya” surəsi, 21/5; “Saffat” surəsi, 37/36) və kahin (Bax: əl-Hakim, “əl-Müstədrək”, 2/550; Əbdürrəzzaq, “Təfsirus-Sanani 3/328) kimi iftiralara məruz qoymuş, bəyan etdiyi həqiqətlərin qəlblərə yol tapmasına əngəl olmağa çalışmışdılar.

Əbədi olanı dünyada hədər etmək!

Oxşar hadisələr bu gün də ola bilər, bundan sonra da əskik olmayacaqdır. Əsas məsələ bəzi şairlər kimi, dərdə dastan yazmamaq, gələcək nəsillərə “şikayətnamə”lər ötürməməkdir. Bəli, başa gələn dərdi könül razılığı ilə qəbul etmək, xalqa şikayət etməmək, tənha məkan və zamanlarda dərdini Allaha ərz eləmək, amma fəryadını kimsəyə bildirməməkdir. Zaman və məkanın yeganə sahibi Allahdır (cəllə cəlaluhu). Hökm də Ona aiddir. O halda nəticəyə qarışmaq bizim işimiz deyil. Onun haqqımızda verdiyi hökmləri razılıqla, könül xoşluğu ilə qarşılamalı:

“Gəlsə, calalından cəfa,
Yaxud camalından vəfa;
İkisi də cana səfa,
Lütfün də xoş, qəhrin də xoş.”
(İbrahim Tənnuri)

anlayışı ilə hərəkət etməliyik.

Bəzən Calaldan cəfa, bəzən də Camaldan səfa gələ bilər, hər ikisini bir bilməli, nə səfa ilə sevinməli, nə də cəfa ilə kədərlənməliyik. İnsan “Mən neylədim ki, bunlar başıma gəldi? Bu iztirab, bu sıxıntı, bu dedi-qodular, paxıllıqlar, qısqanclıqalar niyə məhz mənim başıma gəlir?” deməməlidir. Alvar İmamı bu məsələni necə gözəl nəzmə çəkir:

“Aşiq dər inci təndən,
İncimə incidəndən,
Kamalda nöqsan imiş,
İnciyən incidəndən.”

Bəli, axirətdə kamillik istəyirsinizsə, dünyəvi nemətlər baxımından burada kamillik axtarmaq qeyri-kamilliyin əlamətidir. Xalqdan alqış və təqdir ummaq axirət səadətini uduzmağa təndir. Qurani-Kərim bizi bu barədə xəbərdarlıq edir və “Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız” (“Əhqaf” surəsi, 46/20) buyurur. Bu səbəbdən, Allah-taalanın axirətdə vəd etdiyi nemətləri dünyada istifadə edib qurtarmamaq lazımdır.

Mövzu ilə əlaqədar bir qissə danışılır: Saleh bir bəndənin zövcəsi ona kasıblıqdan şikayət edir. Güzəranlarının düzəlməsi üçün dua etməsini istəyir. Saleh zat zövcəsinin sözünü yerə salmayıb dua edir və duası qəbul olunur. Birdən bir qızıl kərpiç peyda olur. Zaleh zat: “Budur, Cənnətdəki sarayımızın bir kərpicidir”, − deyir. Şikayətinə min peşman olan zövcə ərinə: “Düzdür, çox ehtiyacımız var, ancaq əbədi aləmdəki mükafat bu fani dünyada hədər olmasın. Cənnətdəki sarayımızdan kərpic əskik olmasın. Dua et, yerinə qayıtsın”, − deyir. Qadının bu səmimi istəyinə əməl edən saleh zat təkrar dua edir. Birdən o qızıl kərpic gözdən itib öz yerinə qayıdır.

Bəli, həyatını haqq yola, ülvi bir məfkurəyə həsr edən, millətinin gələcəyi uğrunda çalışan insanların yenilməz gücünün mənbəyi onların dünya malından uzaq gəzmələri, isteğna ruhuna sahib olmaları və ömrünü başqalarının səadətinə həsr etmələridir. Düzdür, ticarətlə məşğul olan, gəlirləri ilə iman və Quran yoluna arxa çıxan bəzi insanların qəlbən dünyanı tərk etmək şərti ilə dünya nemətlərinə yiyələnməsində bir qəbahət yoxdur. Ancaq təmsil məqamında olan və ömrünü bu yola həsr edən hizmət ərənləri dünyadan qətiyyətlə uzaq olmalı, daim göz-könül toxluğu ilə hərəkət etməlidirlər. Çünki onların ən böyük etibarı isteğnadır. Onlar müstəğni davrandıqca insanlar onların hər sözünə əhəmiyyət verər, irəli sürdükləri hər məsələyə məmnuniyyətlə “bəli” deyər və zərrə qədər şübhəyə, tərəddüdə qapılmadan öhdələrinə düşəni yerinə yetirərlər.

Təəssüf ki, adanmışlıq ilk addımını ruhu ilə atdığı halda, “azca istifadə etsəm, bir şey olmaz” deyib dünyaya meyil göstərən, daha sonra məcraya düşüb üzüaşağı axan, peşman olsa da, geri dönə bilməyən insanların sayı az deyildir. Alvar İmamının sözləri ilə desək, “Neçə sərvi rəvan canlar / Neçə gül üzlü sultanlar / Neçə Xosrov kimi xanlar / Və neçə tacdarlar” bir-bir gəlmiş və təəssüf ki, bir-bir yerlə-yeksan olub getmişlər. Bu şeytani düşüncələrə qapılan, “Mən də onlar kimi qazanım, varlanım, evim, sərvətim olsun...” deyən Haqq ərənləri öz özlərinin axırına çıxarlar. Tale onlar haqqında öz hökmünü verər: sahib olduqları nemətlər də əllərindən çıxar və yoldan sapıb gedərlər. Məhz bu zaman Allah (cəllə cəlaluhu) saralıb solmuş, köhnəlmniş, cansız cəsədə çevrilənləri götürüb bir kənara atar, onların əvəzinə Quranın bəyanı ilə desək, yeni, tərtəzə, dünya nemətlərinə aldanmamış bir toplum gətirər (Bax: “Maidə” surəsi, 5/54).

Mütəkəbbirləri diz çökdürməyin yolu

Demək, adanmışlığın heysiyyət və şərəfi nəyin bahasına olur-olsun qorunmalıdır. İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) hər məsələdə olduğu kimi, bu məsələdə də ən kamil adanmışdır. O (sallallahu aleyhi və səlləm), dünyasını dəyişdiyi zaman zirehi qonaqları ağırlamaq üçün aldığı bir qab arpa əvəzində yəhudidə girovdaydı (Buxari, “Riqaq” 17; Müslim, “Libas” 37). Vəfatından sonra bundan xəbər tutan səhabələr borcu ödəyib zirehi almışdılar. (əy-Təbərani, “əl-Mucəmul-övsat” 8/359).

Həzrət Əbu Bəkirin (radiyallahu anh) düşüncəsi Allah Rəsulundan fərqli deyildi. Axirət yurduna köçəndə özündən sonra gələn xəlifəyə bir kuzə əmanət etmişdi. Əmanət ikinci xəlifə Həzrət Ömərə (radiyallahu anh) verilmiş, kuzə qırılanda isə içindən xilafət dövründə ehtiyacdan artıq qalan pullar və kiçik bir məktub çıxmışdı. Məktubda yazılmışdı: “Mənə ayrılan məvacib bəzi günlər artıq qalırdı. Artıq qalan pulu xərcləməyə Allahdan həya etdim, çünki bu, xalqın malıdır, xəzinəyə qaytarılmalıdır”. Həzrət Əbu Bəkirin (radiyallahu anh) bu sözləri Həzrət Öməri (radiyallahu anh) kövrəltmiş və gözündə yaş: “Allah Əbu Bəkrə mərhəmət etsin! Nə çətin yol qoyub getdi!” (Bax: İbn Sad, “ət-Təbəqatül-kübra” 3/186) demişdi.

Həzrət Ömər (radiyallahu anh) eyni anlayışla xəlifəlik etmişdi. Taxt-tacı olmamışdı. Həmişə məsciddə oturub işlərini orada görmüşdü. “Qürurlu və təkəbbürlü insana qarşı məğruranə hərəkət edilməlidir” anlayışını dəbdəbə içində yaşamaq üçün bəhanə gətirməmiş, əksinə təvazökarlığı və sadəliyi ilə o dövrün hegemon dövlətlərini diz çökdürmüşdü. Məscidi-Əqsanın açarlarını almaq üçün Qüdsə gedəndə bəbdəbəli libaslar geyinmiş əyan-əşrəf tərəfindən qarşılanmışdı. Ancaq o, bütün yolu dəvəni öz köləsi ilə növbəli minərək, özü də yamaqlı paltarda gəlmişdi.(Bax: Mövlana Şibli, “Hz. Ömər və dövlət idarəsi”, I/233-238). Bu hadisədən gördüyümüz kimi, mütəkəbbirləri diz çökdürməyin yolu məhviyyət və təvazökarlıqdır. Bu davranış və rəftar hər cür kibri, təkəbbürü yerin dibinə batırar. Bəli, Həzrət Ömər (radiyallahu anh) ömrü boyu bu anlayışa sadiq qaldı. Heç vaxt övladlarına, nəvələrinə miras qoymağı düşünmədi. Övladlarını da səhabələrin vəfasına əmanət edib dünyadan köçdü.

Həzrət Osman (radiyallahu anh) çox varlı idi, ticarətlə məşğul olurdu. Ancaq Həzrət Pirin sözləri ilə desək, “dünyanı kəsbən (əməl baxımından) deyil, qəlbən tərk etmişdi” (Bax: Bədiüzzaman, “Məsnəviyi-Nuriyə” s. 113 (Habbə)). Təbuk səfərinə hazırlıq ərəfəsində ordunun ehtiyacını təmin etmək üçün yüzlərlə dəvəni yükü ilə birlikdə, üstəlik zərrə qədər peşmançılıq duymadan, sırf Allah rizası üçün infaq etmişdi (Bax: ət-Təbərani, “əl-Mucəmul-kəbir” 18/231; İbn Asakir, “Tarixu-Dəməşq” 39/63). Əgər Allah Rəsulu (sallallahu aleyhi və səlləm) “Hər şeyini verməlisən” buyursa idi, heç tərəddüd etmədən gətirib ortaya qoyardı.

Həzrət Əli (radiyallahu anh) də bu cür yaşamışdı. Hökm etdiyi ölkənin ərazisi iyirmi Türkiyə böyüklükdə idi. Dövlətdə siyasi çəkişmələr, bəzi qarşıdurmalar olmasına baxmayaraq, iki imperiya − Sasani və Roma qədər ərazisi vardı. Halbuki, Həzrət Əli bəzən yayda nazik paltarı olmurdu: isti günlərdə məcbur qalıb qış libası geyinir, istidən puçur-puçur tər tökürdü. Bəzən də qışı nazik yay paltarı ilə keçinir, tir-tir əsirdi. Bu cür paltar geyinməsinin səbəbini soruşanlara isə: “İmkanım ancaq buna çatır” cavabını verirdi (Bax: İbn Macə, “Müqəddimə” 11; Əhməd İbn Hənbəl, “əl-Müsnəd” 1/99).

Müsəlmanlıq budursa, biz haradayıq?

Bu gün “Biz də onların yolundayıq!” deyib həyatını villalarda, saraylarda keçirənlərə, “Övladlarımın, nəvələrimin gələcəyi nə olacaq?” deyənlərə, “Dövlətin pulu dəniz...” düşüncəsi ilə hərəkət edənlərə sual vermək lazımdır: siz kimdən örnək alırsınız? Mömin olaraq bu Qarun, Ramses, Amnofis düşüncəsindən uzaq durmalı, Allahdan utanmalı deyilsinizmi? Allah-taaladan diləyim odur ki, uca məfkurəyə könül verən insanlar bu utanma hissini itirməsinlər, dünyaya aldanmasınlar, büdrəyib yıxılmasınlar. “Biz burada dişimizi sıxıb səbir edərik, təki axirətdə heç bir şeyimiz əskik olmasın” desinlər.

Bəli, onlar “Cahil gəzir zövrəqi-iqbali-səfada/Arif üzür mərkəzi-girdabi-bəlada” (Ziya Paşa) dününcəsi ilə bəlalar, müsibətlərə razı olsunlar, amma başqalarının dəbdəbəli həyatlarına baxıb qibtə etməsinlər. Dünya zövqlərini, dünya malını ayaqqabının ucuna sıçrayan palçıq kimi görsünlər. İlahi hüzurda “Dünyada nə qoyub gəldin?” sualına ürfan yolçuları kimi “Ağlıma bir şey gəlmir” cavabını versinlər. Çünki yolumuzun əsası isteğna, məhviyyət və təvazökarlıqdır. Həyatını yıxılımış məfkurəsi abidəsini ayağa qaldırmağa həsr edən könül ərənləri başqa cür davransalar, xalqın onlara bəslədiyi etibar hissi sarsılar, Haqqın dərgahında da etibarlarını itirmiş olarlar. Tarixdə buna çox nümunə var, haqdan haqsızlığa, yoldan “yolsuzluğa” sovrulanlar Həzrət Harun (aleyhissalam) kimi görünsələr də, Allah qorusun, Qarun kimi yuvarlanıb gedərlər.

Bəli, adanmışlıq düşüncəsinin əvəzinə İstanbulun, Vyananın, hətta Romanın fatehliyi verilsə belə, qətiyyən dəyişməməliyik. Dünyaya necə yoxluq içində gəlmişiksə, o biri aləmə də bir yoxluq içində köçməliyik. Yuxarıda həyatından nümunələr verdiyimiz insanlar kimi. O örnəkləri görün və təqdir edin, çünki sizin təqdiriniz axirətdə sizə şəfaətçi olacaq. Təqdir etməyənlərin “təqdirsizliyi” isə başlarına külüng kimi çalınacaqdır.

“Onlar qınayananın qınağından qorxmazlar!”

“Gül xarə düşdü, sinəfiqar oldu əndəlib,
Bir xarə baxdı, bir gülə, zar oldu əndəlib”
(Naili-Qədim)

beytində ifadə edildiyi kimi, bugünədək neçə-neçə güllər xarə düşdü, neçə-neçə bülbüllər fəryadü-fəğan etdi. Bu gün fəryadü-fəğan etmək məfkurə qəhrəmanlarının bəxtinə düşdü. Atılan iftiralar, qınaqlar və təhqirlər, məsxərə və istehzalar, neçə-neçə intriqa və məkrli planlar... Bütün bunlara qarşı “Nə dünyadan səfa bulduq, nə əhlindən ricamız var/Nə dərgahi-Xudadan məadə bir ilticamız var” (Nəfi). Bu səbəbdən, siz qızıl kasa olun, eybi yox, qoy daşlasınlar, Allahın izni və inayəti ilə heç kim sizə zərər verə bilməz.

Qurani-Kərim: “Onlar qınayanın qınağından qorxmazlar” (“Maidə” surəsi, 5/54) bəyanı ilə bizə bu vəziyyətlərdə yol göstərir. Digər tərəfdən, başımıza gələn hər bir hadisənin bizi Allaha yaxınlaşdıran bir imtahan olduğunu bilməli, zahiri səbəblərin fövqünə baxmalı və hadisələri bu nəzərlə dəyərləndirməliyik. Əsrin dərdli mütəfəkkiri: “İyirmi səkkiz il çəkdiyim əza və cəfalar və məruz qaldığım müsibətlər hamısı halal olsun. Mənə zülm edənlərə, məni qəsəbə-qəsəbə gəzdirənlərə, həqarət edənlərə, cürbəcür ittihamlarla məhkum etmək istəyənlərə, zindanlarda mənə yer hazırlayanlara − hamıya haqqımı halal etdim” (Bədiüzzaman, “Əmirdağ lahiqəsi-2” səh. 75) deyir. Özünü bu yolun yolçusu sayanlar da Nəsimi kimi

“Bir cəfakəş aşiqəm, ey Yar, Səndən dönməzəm
Xəncər ilə ürəyimi yar, Səndən dönməzəm
Gər Zəkəriyyatək məni başdan ayağa yarsalar,
Başıma qoy ərrə, Nəccar, Səndən dönməzəm
Gər məni yandırsalar, torpağımı sovursalar,
Külüm oddan çağırsalar, Səttar, Səndən dönməzəm.”

deməli və kəm sözlərə əhəmiyyət vermədən, zehinlərini bunlarla məşğul etmədən var-gücləri ilə haqq bildiyi yolda addımlamalıdırlar.

Zərrə qədər şübhəniz olmasın! Nə qədər ki adanmışlar “Mövlan görəlim neylər/Neylərsə gözəl eylər” deyib yollarına davam edirlər, Allahın izni və inayəti ilə, Onun siyanəti altında gözəl illər görəcəklər və heç kim onlara əngəl ola bilməyəcək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.