İrşad ruhu və haqpərəstlik

Fəthullah Gülən: İrşad ruhu və haqpərəstlik

Sual: Ustad həzrətlərinin “Hakikat çekirdekleri” və “Sünuhat (Sünuh − qəlbə gələn məna)” adlı əsərlərində işlənən: “Cümhuri-avami bürhandan ziyadə, məxəzdəki qüdsiyyət imtisalə sövq edər” cümləsini izah edə bilərsinizmi?

Cavab: “Sadə xalq” mənasına gələn “cümhuri-avam” ifadəsi ilə burada İslami elmlərə vaqif olmayan, dini həyatı təqlidi müsəlmanlıqdan o tərəfə keçməyən və dinin ruhunu qavramayan şəxslər nəzərdə tutulmuşdur. Bu cür insanlar ümumən əqli, məntiqi və fəlsəfi dəlillərdən məlumatsız olurlar, elmi dəlillər də onlara çox ağır gəlir. Həmçinin dəqiq elmlərin də ortaya qoyduğu faktları anlamaqda çətinlik çəkirlər. Bu baxımdan da onlara əqli və fəlsəfi dəlillərlə İslamdan danışmaq faydalı olmaya bilər. Bunun yerinə, fərz, haram, mübah, ədəb və s. məsələlər haqqında məlumat verərkən “Qurani-Kərim filan məsələ haqda bu cür fərman edir” və ya “Sünneyi-səhihədə məsələ ilə bağlı bu cür buyurulur” şəklində müraciət etsəniz, onlara daha çox təsir edər. Çünki onların nəzərində Quran və Sünnə – həqiqətdə olduğu kimi – etibar edilməyə və tabe olmağa ən layiq, ən sağlam və ən qüdsi mənbələrdir.

Bu baxımdan bəzi həqiqətləri sadə xalqa təbliğ edərkən fiqhi dəlillər, külli qaydalar yerinə əvvəla ayeyi-kərimələr, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) söz və əməlləri diqqətə çatdırılmalıdır. Başqa sözlə, həqiqətlərin sadə xalqa çatdırılmasında birbaşa Peyğəmbərimizin həyatına müraciət edib “Rəsuli-Əkrəm (aleyhi əlfü əlfi salətin və səlam) bu cür davranırdı, bu cür oturur, bu cür dururdu, bu cür yeyir, bu cür içirdi” kimi nümunələrdən istifadə etmək daha inandırıcı və təsirli olar.

Burada “əsas mənbə” mənasında işlənən “məxəz” sözü ilə əvvəla Quran və Sünnə nəzərdə tutulur. Bununla yanaşı, bəzi böyük şəxsiyyətlər Quran və Sünnəyə hərfiyyən əməl etdiklərinə görə, xalqın məhəbbətini və etibarını qazanmışlar və bir mənada izafi məxəzə çevrilmişlər.

Haqpərəst alimlərin mətin dayanması

Məsələn, bildiyimiz kimi, İmam Əbu Hənifənin (rahmətullahi aleyhi rahmətən vasiətən) minlərlə tələbəsi vardı. Bu tələbələrin arasında İmam Əbu Yusif, İmam Məhəmməd və İmam Züfər kimi üləmalarla yanaşı, bu halqaya girib dərslərində, söhbətlərində – tam olaraq anlamasa da – iştirak edən çoxsayda sadə insan olmuşdur. Sadə xalqın elmi məsələləri, bu məsələlərin mənatlarını (əsaslar), mövzü ilə əlaqədar üsuli-fiqh prinsiplərini, ictihad sistematikasını anlamasaı çox çətindir. Ancaq Həzrətin (İmam Əbu Hənifə) Allaha məhəbbəti, Peyğəmbərimizə bağlılığı o qədər böyük idi ki, insanlara min dəlildən daha çox təsir edirdi.

İmam Şafei, İmam Malik və İmam Əhməd ibn Hənbəl kimi fəqihlər haqq yolda mətin dayanmış və ömürlərinin axırınadək ruhi-mənəvi məqamlarını qoruyub-saxlamışlar. İmam Şafei müsəlman idarəçilərin əmri ilə qolları qandallanıb Bağdada aparılmış və orada mühakimə edilmişdir. Ancaq onun böyük bir zat olduğunu görüb anlayandan sonra zülm etməkdən əl çəkmiş, hörmət-izzət göstərməyə başlamışlar. İmam Əhməd ibn Hənbəl də eyni şəkildə zindanlara düşmüş, nə qədər işgəncə görmüşdür, ancaq heç vaxt yolundan dönməmişdir. İmam Qəzali həzrətləri də doğru yoldan dönməmiş, haqq yolda daima mətin dayanmış və insanlara dini dövrün təlabatına uyğun şəkildə təbliğ etmişdir. Sadə xalq onların mətanətini görmüş və onları özlərinə rəhbər qəbul etmişdir.

Haqqı təbliğdə əlif kimi dik dayanmaq

Həzrəti Pir də zəmanəsinin səsi-sədası olmağa, elm və fəlsəfənin dinə vurduğu zərəri aradan qaldırmaq üçün imanı əqli, məntiqi və elmi dəllillərlə möhkəmləndirməyə, İslamiyyəti ağıl, ruh və hissiyata müvafiq şəkildə insanlara təqdim etməyə çalışmışdır. Onun düşüncələrinə yol tapa bilsəniz, dərinlərdə nə qədər ləl-cövhərlə qarşılaşarsınız. Üstəlik qələmə aldığı “Lahiqalar”a baxanda iman və Quran yoluna xidmət etmək istəyənlər üçün çox vacib, düzgün və dəqiq düsturlar ortaya qoyduğunu görürsünüz. Onun qələmə aldığı bu ülvi əsərlər olmasaydı belə, səksən illik həyatında ortaya qoyduğu sarsılmaz iradəsi kifayət edərdi. Bəli, sizin cild-cild kitablar vasitəsilə insanlara çatdırmağa çalışdığınız həqiqətləri o şəxs “əlif” kimi dik duruşu ilə hayqırmışdır.

Bu, bir reallıqdır ki, sadə möminlər əqli dəlillərdən, məntiqi müqayisələrdən çox, həyatını Haqqa həsr edən insanların söz və davranışlarına etibar etmiş və onların izi ilə getmişdir. Bu cür insanların durduğu yeri durulası yer, yönəldiyi yönü də yönələsi istiqamət kimi görmüşlər.

Qəlb və ruhun dirçəlişi

Müxtəlif dövrlərdə meydana çıxan ehya hərəkatlarında da mənəviyyatına fikir verən, nəfsini ciddi şəkildə sorğu-suala çəkən, dini yaşamağa ciddi səy göstərən, qəlb və ruhun mehvərində addımlayan insanlar cəmiyyəti yeniləmişlər, nəinki dini qəlb və ruha biganə yanaşıb təkcə ağıl və məntiqi əsas götürən, əməli tərəfi natamam qalan bir elmlə təbliğ edənlər. Baş verən basu-badəl-mövtlərin (ölümdən sonra diriliş), ehya hərəkatlarının başında məhz bu cür mənəviyyat qəhrəmanları dayanır. Buna Həzrəti Pir, Mövlana Xalidi-Bağdadi, Alvar İmamı, onun qardaşı Vəhbi əfəndi, Ehramçızadə həzrətləri, onun davamçısı (xəlifəsi) Xülusi əfəndi kimi müxtəlif məşrəbə (dini yol) mənsub bir çox könül ərənlərini örnək göstərmək olar. Zərrə qədər təmənna ummadan, gördüyü işin bəhrəsini düşünmədən, həyatını haqq yola həsr edən bu böyük zatların ürfan atmosferindən sizin min məktəbdə yetişdirdiyiniz insanlardan daha böyük şəxsiyyətlər çıxmışdır.

Yanlış başa düşülməsin, biz bununla “elmdən və elmi həqiqətlərdən imtina edin, onlar bir işə yaramır” demək istəmirik. Əlbəttə elm, elmi yollar və elmi həqiqətlər millətin ehyası üçün çox vacibdir. Biz burada əsas məxəzin qüdsiyyətinin çox böyük təsir gücünə malik olduğunu vurğulamaq istəyirik. Çünki onda səmimiyyət, Allaha yaxınlıq, Allahla irtibat və Allaha bağlılıq var ki, insanlara dərindən təsir edən əsas amil də məhz bunlardır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.