İrşad və Nifaq

Sual: "Ən böyük hünər qardaşını pis (vəziyyətdə) görəndə onu tərk etmək deyil, əksinə qardaşlıq əlaqələrini daha da möhkəmlədib onun islahına çalışmaqdır" mülahizəsini nifaq (münafiqlik) kimi bütün cəmiyyətə zərərli olan günahlara da şamil etmək olarmı? Cəmiyyətin hüququ ilə bağlı olan bu kimi məsələlərdə hansı xüsuslara diqqət yetirmək lazımdır?

Cavab: Bir mömin fənalığa bulaşan (din) qardaşını o çuxurdan qurtarmaq üçün əlindən gələni etməli və onu xilas etməyə çalışmalıdır. Müxtəlif yerlərdə Könüllülər Hərəkatından suda boğulma təhlükəsi ilə üzləşən qardaşını qurtarmaq üçün özünü suya atıb şəhid olanlar çıxdı. Bəlkə də, onlar həmin ankı əhval-ruhiyyə və hadisənin təsiri ilə boğulan adamı xilas edib-edə bilməyəcəyini, həmin vəziyyətdə üzüb-üzə bilməyəcəyini heç düşünmədilər, düşünə bilmədilər və nəticədə bir insanın xilası yolunda özlərini təhlükəyə atıb şəhid oldular.

Bunun kimi, fənalıq və günahlar da bir lövsiyat (murdarlıq, çirkab) bataqlığıdır. Qardaşlıq və vəfa isə lövsiyat bataqlığına düşən insana əl uzatmağı, xilası üçün nə lazımdırsa, ortaya qoymağı zəruri edir. Çünki insan təmiz və nəzih (pak) bir dairədə olsa da, – Allah qorusun – günah dəryasına baş vura bilər, əli-ayağı, dili-dodağı günah işləyə bilər. Məsələn, biri gözlərini haramdan çəkməz, Allahın qadağan etdiyi mənzərələrə çox rahatlıqla baxa bilər. O, Haqq Təalanın:

قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ

"Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ismətini qorusunlar" (“Nur” surəsi, 24/30) bəyanına diqqət etməz. Nəinki harama baxar, haram dinləyər, haram danışar, hətta daha da irəli gedib bəhimliyə də yol verə bilər. Bir başqası dili ilə günah işləməyə alışıb. İnsanların ayıblarını açıb tökür, insanlara xor baxır, qeybət edir. Belə bir insan lövsiyat bataqlığına düşmüş sayılır. Bununla kifayətlənməyib əhli-imana pislik etməyi planlarşdıran, onları yoldan azdırmaq istəyən, qısqanclıq və həsəddən böhtan atan insanlar da çıxa bilər. Belə hallarda əvvəla üsuluna uyğun şəkildə həmin şəxsin əlindən tutmaq və ona nəsihət etmə yolları axtarmaq lazımdır.

Bir İffət Abidəsi: Həzrəti Cüleybib

Mövzumuzla bağlı Rəsuli-Əkrəmlə (əleyhissalatu vəssalam) Həzrəti Cüleybib (radiyallahu anh) arasında olan hadisəni çoxumuz bilirik. Həzrəti Cüleybib qan-qaynayan bir mərhələdə – 16-17 yaşlarında idi. Pedaqoqlar, ümumiyyətlə bu yaş qrupundakı şagirdlərə nəzarət edə bilməməkdən, onların nizam-intizamsız hərəkətindən şikayət edirlər. Təbitən itaətkar olan bəzi övladlar ana-atalarına qulaq asıb doğru yolla getsələr də, dəyərsiz, pozulmuş mühitdə böyüyən gənclər əxlaqi dəyərlərə zidd hərəkət və davranışlara yol verə bilirlər. Utanc hissi ilə söyləyirəm, bu təhlükəli dövrdə siqaret, spirtli içki, narkotik və s. kimi pis vərdişlərə alışan, başqa-başqa günahlara bulaşanlar ola bilər. Belə hallarda əvvəla onlara əl uzatmaq və onları gələcəkləri naminə qəlbən, əqlən və hissi yöndə qane etmək lazımdır. Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhissalatu vəssalam) da Cüleybibi yanına çağırıb, mübarək dizlərini dizlərinə dayayaraq düz qarşısında oturdur və ona belə deyir: "Cüleybib! Eşitdim ki, qadınlara qarşı xoşagəlməz hərəkətlər edirsən. İndi mənə de görüm, eyni şeyi sənin anana etsələr, xoşun gələr?" Cüleybib: "Xeyr, ya Rəsulullah gəlməz!" deyir. Bu cavaba müqabil İnsanlığın İftixarı: "Unutma, sənin xoşagəlməz hərəkətlər etdiyin qadın da kiminsə anasıdır!" buyurur. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) sonra bacısı, bibisi və xalasını da misal çəkərək eyni sualı verir və Cüleybibdən eyni cavabı alır. Nəticədə Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) Cüleybibin ağılına və məntiqinə xitab edib onu razı salır. Üstəlik bu sözlərin Peyğəmbər sözü olduğunu nəzərə alsaq, zənnimcə, Həzrəti Cüleybibə nə qədər təsir etdiyini daha aydın başa düşmək olar. Nəticədə Həzrəti Cüleybibin heç bir tərəddüdü qalmır. Sonra da Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) mübarək əlini onun sinəsinə qoyur və ona dua edir. Səhabeyi-kiram deyir ki: "Cüleybib həmin andan Mədinənin ən iffətli gənclərindən biri oldu" (Ahmed b. Hanbel, el-Müsned, 4/420)

Həzrəti Cüleybib sonralar iştirak etdiyi bir döyüşdə şəhid olur. Döyüşdən sonra hər kəs öz şəhidini axtarır. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yanında olanlara: "Heç itkiniz varmı?" deyə soruşur. "Xeyr" cavabını alanda: "Amma mən Cüleybibi itirdim!" buyurur. Əshabi-kiram onun nəşini öldürdüyü yeddi nəfərin yanında tapır. Rəsuli-Əkrəm gəlib onun başı üstündə dayanır, Cüleybibi qolları arasına alır və: "Bu məndəndir, Mən də ondanam" buyurur. (Müslim, Fezailu's-Sahabe 131)

Siyərdən nəql etdiyimiz bu mənzərə belə hallarda mürşidə yol göstərən gözəl bir nümunədir. Gördüyümüz kimi o insan yanlış yola addım atarkən ağla-məntiqə yatan nəsihətlə dərhal geri dönüb haqqa təslim olur. Haqq Təala da bir dəfəyə onu kamilliyin ən zirvə nöqtəsinə yüksəldir və o vəziyyətdə hüzuruna aparır. Dolayısilə, büdrəmə, yıxılma, sürüşmə mərhələsində olan bir insan üçün ilk öncə bunlar edilməlidir.

Lakin əgər bir insan dinin açıq-aşkar haram buyurduğu bir məsələyə laqeyd yanaşır, əhəmiyyət vermir, həmin mövzuda xəbərdarlıq aldığı halda eyni şeyi davam etdirirsə, burada vəziyyət fərqlidir. Məsələnin ciddiyyətini göstərmək üçün, yeri gəlsə, belə insanlarla müəyyən məsafə saxlamaq lazımdır. Bu da “münkəratdan nəhy (haramlara qadağa)” mövzusuna daxildir.

Mövzu ilə bağlı bir hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur:

مَنْ رَأَى مِنْكُمْ مُنْكَراً فَلْيُغَيِّرْهُ بِيَدِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ فبِلِسَانِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلبِهِ وَذَلَكَ أَضْعَفُ الإِيمَانِ

"Kim bir münkər (dinin qadağan etdiyi bir şey) görsə, onu əli ilə düzəltsin. Buna gücü çatmasa, irşad və xəbərdarlıq etsin. Buna da gücü çatmasa, qəlbən ona etiraz (büğz) etsin, ona qarşı olsun. Bu axırıncısı imanın ən zəif dərəcəsidir" (Müslim, İman 78). Münkərə ilk münasibət əllə müdaxilədir. Bir insan ailəsini, yaxınlarını pisliklərdən qorumaq üçün hüquqi çərçivədə bəzi müəyyidələr (qanun və əxlaqın verdiyi güc) tətbiq edə bilər. Yox əgər belə bir imkanı yoxsa, gördüyü münkəri əli ilə düzəldə bilmirsə, onda əmri-bil-məruf və nəhyi-anil-münkərlə irşad və xəbərdarlıq edə bilər. Əgər buna da imkanı çatmırsa, bunun üçün şərait əlverişli deyilsə, bu zaman da qəlbən bu pis əməllərə qarşı olmalıdır. Bir mənada, yanlış yola davam etməkdə inadkarlıq göstərən həmin adamla məsafə saxlaya bilər. Əslində günah işləməkdə inadkarlıq edən şəxsə belə münasibət göstərmək yenə də onun xilası üçün, ona kömək etmək üçündür, elə də olmalıdır.

Məhz bu məqamda mürşid mövqeyində olan şəxsin bəsirəti və fərasəti mühüm əhəmiyyətə malikdir. İnsan var ki, peşman olaraq “tövbələr tövbəsi” deyib yanlışdan çıxış yolu axtarır. İnsan da var ki, pis əməllərinə şeytani bəhanələr tapıb özünü aldadaraq israrla günah işləməyə davam edir. Məhz bu ikincilərlə məsafəli davranmaq lazımdır. Bu çox həssas mövzu olduğuna görə, əgər məsələyə insafla yanaşmaz, vicdanın qədirbilən ölçüləri çərçivəsində baxmazsanız, birinə aid olan münasibəti digərinə, o birinə aid olanı da bir başqasına göstərə bilərsiniz. Onda da haqq öz yerini tapmaz və İlahi dərgahda məsul olarsınız. Buna görə də, qarşıdakı şəxsin vəziyyətinə görə hər şey yerli-yerində olmalı və hansı davranışa necə münasibət göstəriləcəyi başdan nəzərə alınmalıdır.

Küfrə Bərabər Günahlar

Bir də sualda keçən nifaq (münafiqlik) kimi, qaranlıq güclərə işləmə, müxbirlik pərdəsi altında yalan danışma və böhtan atma kimi bir hərəkatın ümumi heyətinə zərərli olan hərəkət və davranışlar var ki, bunlar küfrə bərabər günahlardır. Bu cür günahların bağışlanması üçün fərdlərin haqlarını halal etməsi kifayət etmir. Çünki bu hüququ-ammədən (ümuminin hüququ) sayıldığına görə haqqullaha (Allah haqqına) aiddir. Deyək ki, bir bədbəxt xalqımıza və dövlətimizə aid bir vəzifədən sui-istifadə edərək maddi mənfəəti üçün xarici ölkələrdə kimlərəsə məlumat ötürür, casusluq edir. Bu, böyük zəlalətdir, – Allah qorusun – nifaqdan da betərdir. Rəbbim heç kimi bu hala salmasın.

Neyləmək olar, bu cür hadisələr keçmişdə olduğu kimi, bu gün də ola bilər. Düşünün ki, bəşəriyyətin qızıl dövrü Peyğəmbərimizin dövründə belə münafiqlər vardı. Dolayısilə, bu gün də müsəlmanlar içində münafiqlər ola bilər. Təxribatlarda gördüyünüz kimi, İrandan, Turandan gələrək xaos və iğtişaş törətmək üçün müxtəlif ictimai hadisələrə səbəb olan insanlar var. Bu insanlar müxtəlif yollarla xalqın, camaatların içinə girib ortalığı qarışdırır, məscid üzü görmədikləri halda məscid önündə xalqı təhrik edərək təxribat törədə bilirlər. Bəli, bu cür hadisələr həmişə ola bilər. Bütün bunları görmək üçün isə fikir sancısı və iztirabı ilə nurlanmış iti bəsirət və fərasətə ehtiyac var.

Bu səbəblə bir daha təkrar edim ki, mahiyyətində insan sevgisi dayanan bir dinin mənsubları olaraq bizlərin narahat edici heç bir yönə sahib olmadığımızı hər platformada dilə gətirmək lazımdır. Bəli, biz ümumbəşəri səviyyədə dialoq anlayışının tərəfdarıyıq. Hər kəsin bir-birini sevib uzlaşması üçün çalışır, bu yolda cəhd və səy göstərməyi ibadət sayırıq. İnsanların bir-birini öldürmək üçün icad etdiyi atom və hidrogen bombalarının, bu dağılası silahların istifadəsinə mane olmağa səy göstəririk. Bütün bu bombaların bir bəla, bir fəlakət kimi deyil, sevgi atmosferində bir fişəngə çevrilib göydən insanlığın üstünə bir mərhəmət və işıq yağışı kimi yağmasını arzulayırıq. Bizim bütün davamız, amalımız bundan ibarətdir.

Lakin güc və qüvvədən başqa heç bir dəyər bilməyənlər aləmi özləri kimi gördüklərinə görə, sizi də özləri kimi sanıb xəyalınıza gəlməyən, yuxunuza belə girməyən şeyləri sizə aid edə bilirlər. Bütün bunlara müqabil bizim vəzifəmiz iç dünyamızı şərh edib onların bizi düzgün oxuyub anlamasını təmin etməkdir. Onsuz da sizin ibadət nəşvəsi ilə dünyanı bir Cənnət dəhlizinə çevirməkdən başqa bir amalınız olmamışdır. Bəli, sizin dininizdən qaynaqlanan məsuliyyət şüuru ilə bir hədəfiniz vardı: İnsanlar vuruşmasın, döyüşməsin, dəhşətli bombalar partlamasın, qırğın və qətliamlar olmasın, Xirosima və Naqasakilər, dünya müharibələri kimi faciə və fəlakətlər bir daha baş verməsin. Buna görə də ilk gündən bəri həmişə insanların könlünə səsləndiniz, addım-addım, pillə-pillə hər yerdə sülh adacıqları meydana gətirməyə çalışdınız. Əlavə edim ki, ölkəmizdə və dünyanın dörd hər tərəfində nə qədər təmiz və pak fitrətli insanlar belə bir çağırışa səs verdi, təvəccöh göstərdi, bu anlayışı alqışladı, dəstək oldu və sahib çıxdı. Elə isə bizim vəzifəmiz kim nə deyir-desin, mənfiliklərə ilişib qalmadan, Rəbbimizin rizasına nail olacağımıza ümid etdiyimiz bu yolda köhlən atlar kimi çatlayana qədər dayanmadan yürüməyə davam etməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.