İş bölgüsü və ailə həyatımız

Fəthullah Gülən: İş bölgüsü və ailə həyatımız

Sual: Allah Rəsulu (sallallahu aleyhi və səlləm) peyğəmbərlik və dövlət rəhbərliyi vəzifəsini yerinə yetirməklə yanaşı, eyni zamanda həm ata, həm həyat yoldaşı, həm də səhabələrin ən yaxın dostu idi. O vaxtını elə bölürdü ki, heç kimin haqqı pozulmurdu. Buna binaən bir məfkurə yolçusu hər kəsin haqqına riayət etmək üçün vaxt bölgüsünü necə aparmalıdır?

Cavab: Vaxt bölgüsü bütün işləri əhəmiyyətinə görə sıralayaraq həyatı plana qoymaqdır. Belə ki, bu planın içərisində namaz, zikir, dua və s. ibadətlərə, həmçinin ailə üzvləri kimi birbaşa məsuliyyət daşıdığımız insanlara da yer verməliyik.

Məsələn, mömin “hizmət edirəm” deyə gecə ibadətini tərk edə bilməz, etməməlidir. Bəli, inanan insan iki rükət namazla da olsa, gecə ibadətinə hökmən qalxmalıdır. Əslində gecə qalxıb 10-15 dəqiqə təhəccüd namazı qılmaq və ardınca dua etmək hizmət həyatına xələl gətirməz, əksinə çox fayda verər. Çünki insan gecə ibadətini yerinə yetirməklə mənəvi diriliş yoluna addım atmış olur. Gecə ibadəti mələklərin alqışladığı bir əməldir. Gecələri edilən dualar başqa dualardan üstün olduğu kimi, səssiz dəqiqələrdə səcdəyə getmək, alını yerə qoymaq, Rəbbin hüzurunda ikiqat olmaq, bir neçə damla göz yaşı tökmək də digər vaxtlarda yerinə yetirilən ibadətlərdən çox qiymətlidir.Bu baxımdan günün planında gecə ibadəti əsla unudulmamalıdır.

Bütün haqq sahiblərinin haqqını verin

İnsan həm qəlbin və ruhun qidası olan ibadətlərinə əhəmiyyət verməli, həm də üstündəki sosial haqların hər birinə vaciblik dərəcəsinə uyğun olaraq riayət etməlidir. Bildiyimiz kimi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) həyatını ibadətə həsr etdiyinə görə ailələri ilə maraqlanmayan səhabələrə belə buyurmuşdur: “Nəfsin sizin üstünüzdə haqqı var, ailənin sizin üstünüzdə haqqı var, Allahın sizin üstünüzdə haqqı var... hər bir haqq sahibinə haqqını verin” (Buxari, “Ədəb” 86). Hədisdə də gördüyünüz kimi, ibadətlər belə, insanın nəfsinin, həyat yoldaşının, övladının və başqalarının haqlarına riayət etməsinə mane olmamalıdır.

Əslində namazın beş vaxta bölünməsi zaman bölgüsünə dair mühüm həqiqətlər ehtiva etdiyi kimi, gecə və gündüzün yaradılış hikmətindən bəhs edən ayələrdə də vacib düsturlar vardır. Məsələn, “Qasas” surəsində belə buyurulur:

وَمِنْ رَحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
“(Allah) öz mərhəmətindən dolayı sizin üçün gecəni (qaranlıq) və gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, (bu nemətə görə Allaha) şükür edəsiniz!” (“Qasas” surəsi, 28/73)

Bu və digər ayələrlə Qurani-Kərim bizə bunu demək istəyir: Həyatınızı tənzimləsəniz, gündüz gündüz işlərini, gecə də gecə işlərini görsəniz, gecədən və gündüzdən səmərəli şəkildə istifadə etsəniz, şüurlu bir ömür sürər, plansızlıqdan meydana çıxan problemlərlə üzləşməzsiniz, vaxtınız da da bərəkətlənər.

İyirmi dörd saatın planlaşdırılması

Vaxtdan prinsipial və səmərəli istifadə eləmək üçün iyirmi dörd saatı yazılı şəkildə bölmək olar. Əgər bunu eləsəniz, söhbət məclislərindən kitab mütaliəsinə, otağınızı səliqə-səhmana salmaqdan övradü-əzkarla məşğul olmağa, həyat yoldaşı və övladlarınızla müəyyən məsələlər haqqında məşvərət etməkdən istirahətə qədər günün hansı saatında hansı işi görəcəyinizi dəqiq müəyyənləşdirmiş olarsınız. Hətta çay, yemək saatlarını belə qeydə almaq olar. Məsələn, yemək üçün iyirmi dəqiqə kifayətdirsə, süfrə başında artıq oturmamalı və yeməkdən sonra lüzumsuz söhbətlərlə vaxtı israf etməməlisiniz. Hətta vaxt bölgüsü apararkən əlavə işlər gündəlik planın yerinə yetirilməsinə mane olmasın deyə orada ehtiyat saatlara da yer saxlaya bilərsiniz.

Əsas məsələlərdən təfərrüata qədər bütün işləri bu şəkildə tənzim etsək, vaxtımız bərəkətlənər və əldə etdiyimiz nailiyyətlər birə on artar. Çünki həyat bu şəkildə tənzimlənsə, insan nizam-intizama öyrənər, müəyyən bir plana görə hərəkət etməyə alışar və yüksək əhval-ruhiyyə ilə çətinlik çəkmədən işlərinin öhdəsindən gələr. Yanlış anlamayın, bu cür planlı hərəkət etmək robotlaşmaq demək deyil. Əksinə bu metod prinsipial olmaq və həyatı tənzim etməkdir. Belə prinsipial insan isə nə ibadətindən qalar, nə övradü-əzkarı təxirə salar, nə öhdəsinə düşən vəzifəni yarımçıq qoyar, nə də ailəsinin hüquqlarına xələl gətirər.

Vaxt bölgüsündə bir digər vacib məsələ də odur ki, insan həyata keçirmək istədiyi planı ilk öncə yaxınlarına açmalı, onların düşüncə və fikirlərini öyrənməli, planlaşdırdığı işlərin vacibliyinə onları da inandırmalıdır. Yəni həyat yoldaşı, övlad, ata-ana haqqı ilə yanaşı, üstündə bir də Allah, din, Quran haqqı olduğunu və hər haqq sahibinə haqqına riayətin zərurliyini mümkün qədər izah etməyə çalışmalıdır. İnsan bir evdə yaşadığı insanlarla razılığa gələrsə, öhdəsinə düşən vəzifələri ailəsinin bəzi narazı sözlərinə fikir vermədən rahatlıqla yerinə yetirə bilər.

Təsəvvür edin ki, bir insan vaxtın böyük hissəsinin ileyi-kəlimətullah (Allahın adını yüksəltmək) yoluna həsr edilməsinin vacibliyi məsələsində nəfsini ram etmiş və buna ürəkdən inanmışdır. Bu insan bu vəzifəsinə elə ürəkdən bağlanıb ki, bu yolda heç bir fədakarlıqdan çəkinməz. Ancaq o insanın yaxınları Allah haqqının böyüklüyünü, Onun adının dünyaya yayılmasının əhəmiyyətini, bu dinin bir əmanət olduğunu və bu əmanətin üstündə tir-tir əsmyin vacibliyini, əsrlər boyu zədələnən bir qalanın üsuldan fürusuna (başdan-ayağa) qədər bərpasının həyati bir məsələ olduğunu bilmirlərsə, onunla eyni yolda addımlamaq istəməzlər. Bu səbəbdən həmin şəxs yaxınları ilə əlaqəni kəsməmək üçün əlavə enerji sərf etməli olar ki, bu da bir müddət sonra ona mənəvi yorğunluq gətirər.

Halbuki insan inanc və məfkurəsini yaxınlarına inandıra, eyni duyğu və düşüncəni onlara da mənimsədə bilsə, gördüyü xeyirli işlərə onların da dəstək verməsinə nail olsa, işlərinin tənzimini xeyli asanlaşdırar. Hətta bir işi görməyəndə, məsələn, çağırılan bir iclasa getməyəndə və ya bir mütaliə tədbirində iştirak etməyəndə ilk öncə yaxınlarının haqlı etirazı ilə qarşılaşar. Bu da təşviqedici bir amildir.

Əks halda əgər həyat yoldaşınız, övladlarınız və ya birlikdə yaşadığınız digər insanlar xəyallarınızda qurduğunuz iş bölgüsündən və buna riayət etməyin əhəmiyyətindən bixəbərdirsə, bir vaxtdan sonra duyğu və düşüncələrdə toqquşmaların, fikir ayrılıqlarının çıxması qaçılmaz olar. Çünki Allahın yardımı vifaq və ittifaqdan asılıdır. Əgər siz işlərinizdə müvəffəq olmaq istəyirsinizsə, harada olursunuz-olun ilk öncə aranızdakı vifaq və ittifaqı təmin etməlisiniz.

İş himməti

Digər məsələ isə bu uca məfkurəyə sərf edilən vaxtın müddətidir. Bir məmur və ya işçi məntiqi ilə gününün cəmi 7-8 saatını işə ayıran bir insanın məfkurəsi naminə gördüyü işlər bu dar məntiqdən kənara çıxmaz. Əgər bir insan uca bir məfkurə naminə 3-4 işi öhdəsinə götürübsə və bunları görməyə 13-15 saat tələb olunursa, iş bölgüsünü düzgün aparmaqla bunları yerinə yetirməyə çalışmalıdır. Yəni bir tərəfdən saniyəsini hədər etmədən Allah yolunda mümkün qədər daha çox vaxt sərf etməli, digər tərəfdən də işlərini səliqə-səhmana qoyaraq zamandan səmərəli faydalanmalıdır.

Xüsusilə, Quran və iman yolunda xidmət edən insanlar əsrlərdir zədələnən mənəvi bir qalanın təmiri məsələsində indiyədək göstərdikləri fədakarlığı artırmağa və daha həssas olmağa məcburdurlar. Bundan ötrü öz aralarında “iş himməti” də edə bilərlər. Məsələn, kimi günün on iki saatını bu yola sərf edəcəyinə söz verər, kimisi on üç saatlıq bir işi öhdəsinə götürər, kimisi də on dörd saat Allah yolunda çalışacağını vəd edər. Xülasə, kim neçə saat işləyəcəyinə söz veribsə, vaxtını düzgün tənzim edib həmin müddətdən səmərəli istifadə etməyə çalışar. Budur həqiqi möminin “iş saatı” anlayışı. Əgər bu gün iş saatı məsələsinə bu cür yanaşılmırsa, demək, müsəlmanlığın bu xüsusiyyəti hələ anlaşılmayıb.

Əgər bəzi insanlar imkanları ola-ola istənilən səviyyədə “iş himməti” eləmirsə, demək ki, onları bu məsələnin vacibliyinə inandırmağa ehtiyac vardır. Belə məsələlərdə oturub danışmaq və ortaq məxrəcə gəlmək vacibdir. Bir şərtlə ki, qərar veriləndən sonra hamı buna riayət etsin. Hamı öhdəsinə götürdüyü işi yerinə yetirməyə həssas yanaşmalıdır: nə ər-arvad bir-birinin hüququnu tapdalamalalı, nə uşaqları haqq-hüququ pozulmalı, nə amir və məmur arasında bir haqsızlıq olmalı, nə də iş yerindəki işlər yarımçıq qalmalıdır.

Yox əgər biz “iş/iş saatı” sözünü bir məmur məntiqi ilə 7-8 saat çalışdıqdan sonra rahatca yatmaq,yeyib-içmək, kef-damaqda gəzmək, miskinlərin yığışdığı çayxanalarda vaxt öldürmək, oyun oynamaq, bəzi cismani və şeytani fəaliyyətlərdə iştirak etmək şəklində başa düşürüksə, demək, məsələni yanlış anlayırıq. Belə bir zehniyyətə malik insanlar bu gün bəşəriyyət üçün görüləsi işlərin heç onda birini də görə bilməz. Hətta bu cür yanlış “iş” anlayışında olan bir adam ona ən çox ehtiyac duyulduğu bir vaxtda məzuniyyətə getməkdən çəkinməz, mühüm işlərin görüldüyü bir vaxtda icazə istəyər və beləcə görüləsi işlər ləngiyər.

Hizmət yolçularının iş anlayışı isə belə deyildir. Onlar haqqa xidmət yolunda öhdələrinə götürdükləri işləri yerinə yetiməyə çalışar və başladıqları bir işi əsla yarımçıq qoymazlar. Üstəlik həyat yoldaşının, uşaqlarının, ailəsinin haqqına riayət etməyəndə bunu düzəltmək üçün səy göstərər, haqqına girdiyi insanların könlünü almağa çalışar. Məsələn, bəzən bir dəstə gül hədiyyə edər, gecikdiyi üçün üzr istəyər, sonra da fürsət düşən kimi onlara verdiyi sözü yerinə yetirər, bilməyərək işlədiyi xətaların əvəzini çıxarlar.

Yeri gəlmişkən, ər və ya arvad vacib bir işə görə gecikəndə bir-birini anlayışla qarşılamalıdır. Unutmamaq lazımdır ki, belə vaxtlarda gözləməklə keçən saatlar, dəqiqələr, hətta saniyələr belə ibadət yerinə keçər. Çünki bu böyük bir fədakarlıq sayılır. Ər-arvadın həmişə bir-birinə ehtiyacı var. Onların dərdini bölüşməyə, müəyyən məsələlər haqqında fikir mübadiləsi aparamağa ehtiyacları var. Vaxtının böyük çoxunu bu yola həsr edən həyat yoldaşını gözləyən bir insanın hər saniyəsi bir ilin ibadəti kimi yazılar əməl dəftərinə. Çünki möminin niyyəti əməlindən xeyirlidir. (Bax: ət-Təbərani, “əl-Mücəmül-kəbir” VI/185-186). Əgər biri xeyirli işlərlə məşğul olur, o biri də ona maddi-mənəvi dəstək verirsə, Allahın izni ilə, hər ikisi də o saleh əməlin savabını alar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.