Küsmə xəstəliyi və çarəsi - 1

Sual

Dövrümüzdə küsmə və uzun müddət küsülü qalma “xəstəliyi” çox geniş yayılmışdır. Şəxsi, ailəvi və ictimai problemlərə yol açan bu xəstəliyin “müalicəsi” üçün nələr etmək olar? İzah edə bilərsinizmi?

Küsmək ürək qırılması, məsafəli davranma, soyuqluq, qəlbən, ruhən və hissən əlaqəni kəsmə, yaxınlıq əvəzinə uzaqlaşmadır. Küskünlük çox vaxt başqa xoşagəlməz hərəkət və davranışlara da zəmin hazırlayır. Məsələn, dostundan küsən adam bu əhval-ruhiyyənin təsiri ilə tədricən küsülü qalmaqla kifayətlənmir, onun dalınca da danışmağa başlayır. Hətta bu, bəzən qeybətə, iftiraya qədər gedib çıxır. O səviyyəyə çatır ki, həmin dostunun “ayağının büdrəməsinə, büdrəyib yerə yıxılmasına” sevinir. Daha dəhşətlisi odur ki, insan bütün bu xoşagəlməz hərəkətlərə yol verərkən nəfsinə vəkillik edib özünü haqlı gördüyü və göstərməyə çalışdığı üçün necə böyük xəta və günah işlədiyini hiss etmir. Halbuki, bütün bunlar Allah qatında çox eyibli, axirətdə isə peşmançılığa səbəb olan hərəkətlərdir.

Bu mövzuda Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) xəbərdarlıq və tövsiyələri çox əhəmiyyətlidir. Məsələn, bir hədisində buyurur:

لَا يَحِلُّ لِمُسْلِمٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثِ لَيَالٍ

"Müsəlmanın Müsəlman qardaşı ilə üç gündən çox küsülü qalması halal deyildir" (Buxari, Ədəb 62; Müslim, Birr 25). Demək ki, mömin, nə olur-olsun ancaq üç gün küsülü, incik ola bilər. Yeri gəlmişkən bunu da əlavə edək, əgər küsülülük məşru bir əsasa və məsnədə, fiqhi mənada möhkəm bir mənata söykənmirsə, üç gün dalbadal küsülü qalmaq da halal olmaz. Bəli, insanı küsməyə vadar edən səbəblər həqiqi və məşru olarsa, ancaq o vaxt üç gün küsülü qala bilər. Sahibi-Şəriət bu küskünlüyə də üç gün sərhəd qoymuşdur. Çünki bu müddət ərzində insanın sıxıntıları dağılacaq, coşan hisləri yatacaq, inciklik keçəcək və sakit əhval-ruhiyyə ilə küsdüyü adamın haqq-hüququnu bir də mülahizə edəcək. Beləliklə, dostluq-qardaşlıq duyğu-düşüncəsi ruhunuzda bir daha canlanacaq, uzaqlıq yaxın olacaq və axırda qardaşınızla qucaqlaşacaqsınız. Sözügedən hədis müəyyən kriterilər qoyaraq bizə küskünlük əhval-ruhiyyəsindən qurtulmaq üçün məhz belə bir yol göstərir.

Həqiqi və məcazi küskünlük

İndiyə qədər bu məsələyə “həqiqi və məcazi” bölgüsü ilə yanaşan olmasa da, niyyət və məqsəddən asılı olaraq küskünlüyü belə bir təsnifatla izah edə bilərik. Bu təsnifata görə, həqiqi mənada küsmək mənfi bir hal olsa da, məcazi mənada küsmək bəzən baş vurulan bir yol, metodik addımdır. Məsələn, bir valideynin öz övladına "Səndən belə bir şey gözləməzdim!" deyərək müvəqqəti məsafə saxlaması məcazi küsmədir. Səadət Əsrində baş verən “İla Hadisəsi”nə də bu nəzərlə baxmaq olar. Yeri gəlmişkən dəfələrlə danışdığım bir xatirəmi, icazənizlə, təkrar sizinlə bölüşmək istəyirəm. İbtidai məktəb müəlliməm bir dəfə bir hadisəyə görə qulağımdan tutub "Sən də?" demişdi. Mənə otuz kötək vursaydı, bəlkə də, bu qədər təsir eləməzdi. Çünki onun bu sözündə həm təqdir, həm qəlbən bağlılığı xatırlatma, həm də mənim o bağlılığa xələl gətirməyimə, gətirəcəyimə görə bir tənbeh vardı. Müəllimənin bu davranışı bəlkə də, inciklikdən qaynaqlanırdı, ancaq onun bu rəftarı mənə düz yolda olmadığımı xatırladıb o yoldan döndərəcəkdi. Məcazi küsmə ilə məhz bunu qəsd edirik. Yəni müsbət bir hədəfə çatmaq üçün xəbərdarlıq olunası şəxslə məsafəli davranmaqdan bir metod kimi istifadə etmək.

Ana-ata haqqı və məcazi küsmə

Ancaq ana-ata bu qaydadan istisnadır. Çünki Allah-Təala onlar haqqında belə buyurur:

وَقَضٰى رَبُّكَ أَلَّا تَعْبُدُۤوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَۤا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَۤا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا

"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, acı söz söyləmə. Onlarla xoş danış!" (“İsra” surəsi, 17/23). Bu ayəni hər dəfə namazda oxuyanda elə bil ürəyimə xəncər saplanır. Çünki haradan bilmək olar ki, hansı hərəkətimizlə onları incitmişik. Üstümdə o qədər haqqı olan atam, anam, babam, nənəm, bacım, bibim, kim bilir, mənim hansı kobud və nəzakətsiz hərəkətimdən rəncidə olublar. Bütün bunları düşünəndə elə bil, sinəmə bir nizə saplanır. Bu səbəblə böyüklərimi xatırlayanda,

رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ

"Ya Rəbbim! Məni, ana-atamı bağışla!" (“İbrahim” surəsi, 14/41) deyə dua edir, üstəlik “görəsən haqlarını qaytara bilərəmmi” deyib Allah-taala imkan verdiyi qədər onların adından həccə, ümrəyə adam göndərirəm.

Dolayısilə, ana-ata və böyüklərimizdən məcazi mənada da küsə bilmərik. Bəli, insan onlardan qətiyyən inciməməli, çox ciddi səbəblər olsa belə küsməməli, özü rəncidə edilsə belə onları əsla rəncidə etməməlidir. Əksinə həmişə onların könlünü almalıdır. Yoxsa bir gün insan səhvlərini başa düşəndə artıq iş-işdən keçmiş olar. Çünki səhvlərini düzəltməsi artıq mümkün olmaz. Ona görə də insan həyatını elə tənzimləməlidir ki, ziqzaqlı ömür keçirib, sonra da "Kaş belə deyil, belə edəydim!" deməsin. İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) "kaş" deməyi xoş qarşılamır, çünki "kaş" bir mənada qədərə üsyan etmək deməkdir. Bu səbəbdən, lazım gəlsə, hər insanın bir “menecer”i olmalı, sabah "kaş" dedirdən məsələlərdə bu gün yol göstərməli, onu istiqamətləndirməlidir. Keçmişdə böyük hökmdarların yanında bəzi şəxslər olurmuş. Bu adamlar çox ədəb-əndazə bilmədiklərinə görə padşahla rahatlıqla yerli-yersiz danışırmış. Ancaq padşah onlara bu məsələdə izin verdiyinə görə bir söz deməz, əksinə bu xəbərdarlıqlardan dərs alıb özünü düzəldərmiş. Bunun kimi, indiki dövrdə də insanların yanında onları həmişə xəbərdar edən, doğrunu göstərən şəxslər olmalıdır ki, axırda xəta edib “kaş” deməsinlər. Çünki bu cür xətaların vicdan əzabı verməsi belə, düzəldiləsi şeyi düzəldə bilməz.

Əsas mövzumuza qayıdaq, əgər xeyrə səbəb olan, bizi və ya qarşıdakını düzgün yola istiqamətləndirən xüsuslarda xəfif bir nazlanma məqbul ola bilər və məcazi küsmə çərçivəsində götürülməsi mümkündür. Bunu “şəfqət toqadı”na{qluetip title=[1]}[1] “Şəfqət toqadı (şefkat tokadı)” sevənin sevdiyini doğru yola çəkmək üçün bir “qulaq çəkmə”, “danlama” ‎mənasında şirin tənbeh eməsidir. Bu ifadəni ilk dəfə Bədiüzzaman Səid Nursi həzrətləri Risaleyi-Nur əsərində işlətmişdir.{/qluetip} da bənzədə bilərsiniz. Məsələn, ana və ya ata övladını səhv yoldan döndərib doğru yola yönəltmək üçün yüngülcə qulağını çəkərək, xəfifcə kürəyinə vuraraq bir tərəfdən onun hal-hərəkətindən, davranışlarından məmnun olmadığını bildirir, digər tərəfdən də bu xəbərdarlıq və tənbehi şəfqət “libasında” təqdim etməyə çalışır. Ancaq bilməliyik ki, bunlar çox mümarisə (məşq, təlim) tələb edən hərəkət və davranışlar, yol və metodlardır. Ailə qurmağa hazırlaşan insanlar evlilikdən əvvəl yaxşı maarifləndirilmədiyinə görə, təəssüf ki, bu mövzularda çox ciddi xətalarla üzləşirik. Bəli, ər-arvad hüququ, uşaq hüququ, ana-ata hüququ nədir, bilmirlər. Bilməyəndə də çox ciddi səhvlərə yol verirlər. Buna görə də məncə, insanlara ailə mövzusunda yaxşı təlim keçirilməli və ancaq bir sənəd veriləndən sonra ailə qurmalarına icazə verilməlidir.

İbadətə bərabər əməl

Bir qədər də həqiqi küsmək haqqında danışaq: bəzən ətrafımızdakı insanların hərəkətləri həqiqətən bizi küsdürə bilər. Bu hallarda belə Allaha və axirətə iman edən insanlar olaraq özümüzə, öz hissiyyatımıza rəğmən, küsməməyə çalışmalıyıq. Unutmamalıyıq ki, küsüləsi yerdə küsməmək insana ibadət savabı qazandırar. Çünki insan bunu edərkən nəfsi ilə əlbəyaxa olur, içindəki fırtına və həyəcanla mübarizə edir və iradəsini layiqincə ortaya qoyur. Həzrəti Pirin üç səbir bölgüsünü xatırlasaq, onlardan biri bəla və müsibətlər zamanı canını dişinə tutub səbir etməkdir. Məhz küsməmək üçün səbir etmək bir mənada bu çərçivəyə daxil olduğuna görə, insana ibadət savabı rahatlıqla qazandıra bilər. Bəli, bəzən küsməyə səbəb olan əlli cür hadisə ilə qarşılaşa bilərik. Lakin biz hər birini müsibət kimi qəbul edib canımızı dişimizə sıxıb səbir etməyi bacarmalıyıq. Bizdən küssələr də, biz küsməməliyik, incitsələr də, biz incitməməliyik. Çünki əgər biz incidiləndə incidənləri incitməyib müəyyən qədər yumşaq hərəkət etsək, bir yolunu tapıb o insanları qucaqlaya bilsək, din və insanlıq naminə çox mühüm bir fədakarlıq etmiş, çox önəmli bir fəziləti ortaya qoymuş olarıq.

Küsmənin ictimai həyatla əlaqədar yönünə gəlincə, bu gün fərqli dünyagörüşə malik insanlar arasında, xüsusilə də, bu fərqliliyin siyasi həyatda əks olunmasında çox ciddi küskünlük və incikliklər olur. Siyasi aləmdə özünü göstərən bu küskünlüyü vəzifə, mövqe, mənsəb, rütbə və gələcək qayğısı daha da körükləyir. Rəqibi yıpratmaq, gözdən salmaq üçün deyilməməli sözlər deyilir, yalana əl atılır ki, bunlar da nəticə olaraq ciddi küskünlük və incikliklərə gətirib çıxarır. Halbuki vəzifə, məqam dərdinə düşülməsə, millətimizə, insanlığa xidmət etmək istəyən hər kəs üçün bir yol, bir sahə, hər kəsin gedə biləcəyi bir cığırın olduğunu görmək mümkündür. Bəli, bir toplumun fərdləri olaraq hamımız onun mənafeyi uğrunda müxtəlif yollarla olsa da, nəticə etibarilə eyni istiqamətə yönəlib, əl-ələ, çiyin-çiyinə verib eyni hədəfə doğru gedə bilərik. Bu yolda rəqabət hissi və “filankəsləri ötək” mülahizəsinə yol verilməməlidir. Bəlkə də, bu yarış qibtə çərçivəsində, mən də bu gözəlliklərdən geri qalmayım, heç olmasa bu insanlar qədər çalışım" düşüncəsi ilə keçməlidir. Dolayısilə, yol belə geniş olunca orada kiçik mübahisə, qəlb qırılması, küskünlük də olmaz.

Eyni xüsus iman və Quranın gözəlliklərini könüllərə çatdırma niyyət və əməli üçün də keçərlidir. Çünki Allah-Təala:

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا

"Əgər onlar qəlblərlə Allah arasında olan maneələri aradan qaldırmaqla könülləri Allaha yönəltmək uğrunda mücahidə etsələr, Mən də onları bir yolla deyil, bir çox yollarla Haqqa çatdıraram” (“Ənkəbut” surəsi, 29/69) buyurur. Həzrəti Pir bir yerdə:

اَلطُّرُقُ إِلَى اللّٰهِ بِعَدَدِ اَنْفَاسِ الْخَلَائِقِ

"Allah-Təalaya aparan yollar məxluqatın nəfəsinin sayı qədərdir" həqiqətini nəzərə çatdırır. Bəli, Allaha gedən yollar çox olduğuna görə insan biri ilə olmasa, o biri ilə gedib Allaha çata bilər. Məsələyə sufi anlayışına görə yanaşsaq, belə demək mümkündür: Nəqşi yolu da, Qadiri yolu da, Şazili, Rufai, Bədəvi, Xalidi, Məlami yolu da – hamısı Ona aparır. Bu baxımdan fərqlilik küsməyə səbəb olmamalı, belə məsələlərdə qısqanclıq və rəqabətə yol verilməməli, o cümlədən "sərhəd pozuldu", "sahəmizə girdilər" kimi mülahizələrə imkan verilməməlidir.

Bəli, biz inanan insanlar olaraq qardaşlarımızla olduqca yumşaq və mülayim rəftar etməli, udlağı incitmədən qırtlaqdan keçən duyğu-düşüncələrə sahib olmalı, bu duyğu-düşüncələri də eyni yumşaqlıq və mülayimliklə təqdim etməyi bacarmalıyıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.