Maddi imkanlar və gələcəyə dair planların meyarı

Fəthullah Gülən: Maddi imkanlar və gələcəyə dair planların meyarı

Sual: Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dünyada bir qərib, yaxud da bir yolçu kimi yaşamağı tövsiyə etmiş, bəzi sələflərimiz də “sabah nə yeyib, nə içəcəm” deyə fikirləşməyi belə tuli-əməl və təvəhhümi-əbədiyyət (Əbədi yaşayacağını zənn edib Allahın əmrlərindən və axirət üçün hazırlaşmaqdan uzaqlaşmaq.) saymışlar. Ancaq müasir dövrdə müəyyən məktəblərdə təhsil almaq, bir peşə yiyəsi olmaq kimi düşüncələrlə gələcək haqda planlar qurmaq vacib sayılır. O halda gələcək haqda düşünməyin meyarı nə olmalıdır?

Cavab: Sualdada qeyd edildiyi kimi, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində buyurur: “Dünyada bir qərib, yaxud bir yolçu kimi ol!” (Buxari, Riqaq, 3). Qərib yurdundan-yuvasından ayrılıb başqa bir yerə köçməyə məcbur olan, orada müvəqqəti olaraq qonaq qalan, ətrafındakı əşya və insanlarla möhkəm əlaqəsi olmayan insan deməkdir. Hədisdə keçən “abiru səbil” ifadəsi isə yolçu deməkdir. “Abiru” sözünün törəməsi “abəra” feilinin məsdər forması “ubur” isə yolun bir üzündən o biri üzünə keçmək mənasında işlənir. Əslində insan da ana bətnindən uşaqlıq dövrünə, gənclik, yetkinlik, qocalıq çağlarına sarı yol gedən, oradan da qəbrə, bərzəx aləminə, məhşər meydanına irəliləyən bir yolçudur. Peyğəmbərimiz də (sallallahu aleyhi və səlləm) məhz dünya həyatını yolun bu üzündən o üzünə keçmək kimi qəbul etməyi tövsiyə buyurur.

Bir gün Hz. Ömər (r.a.) Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bədənində üstündə istirahət etdiyi həsirin izlərini görüb gözləri yaşarır və “Ya Rəsulallah! Sasanilər elə, romalılar belə...” deyib Onun da dünya nemətlərindən yararlanmasını dilə gətirir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu sözə müqabil buyurur: “Mənim dünya ilə nə əlaqəm var? Mən bir ağacın kölgəsində bir qədər dincəldikdən sonra yoluna davam edən bir yolçu kimiyəm” (Tirmizi, Zöhd 44). Hamımız bilirik ki, O (sallallahu aleyhi və səlləm) istəsəydi, səhabələri varı-yoxu nə varsa, hamısını gətirib ayağı altına sərərdilər. Ancaq İnsanlığın İftixarı özünü ağac altında bir qədər dincələn, sonra da yoluna davam edən bir yolçuya bənzədir, dünya ilə əlaqəsinin yalnız bundan ibarət olduğunu söyləyir və vəfatına qədər də bu meyara sadiq qalır.

Haqq yolunda sərf edilən sərvətlər

Ancaq məsələyə, dini qayda-qanunlara bir bütöv şəklində baxanda bu hədisdən dünyadan tamamən əl-ətək çəkmək mənası çıxmır. Burada O (sallallahu aleyhi və səlləm), şəxsi zövqlər baxımından dünyaya qapılmamağı diqqətə çatdırmaq istəyir. Məsələn, Qurani-Kərim “Ənfal” surəsinin: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) Allaha və bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır. Allah hər şeyə qadirdir!” (“Ənfal” surəsi, 8\41) ayəsində qənimətin beşdə birinin Allah Rəsuluna və ayədə göstərilən insanlara aid olduğunu açıqlayır. Əgər Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ona düşən qənimətdən hamısını deyil, onda birini özünə götürsəydi, firavan həyatı olardı, saraylarda yaşayardı. Ancaq O, sədaət saçan kiçik bir otaqda yaşamağa üstünlük vermişdi. Belə ki, Aişə anamızın nəql etdiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) gecə namazı qılanda pak zövcəsinin ayağına toxunur, o, ayaqlarını çəkdikdən sonra səcdəyə gedirdi. (Bax. Buxari, Səlat 22). Deməli O, qaldığı otaqda (o otağa canımız qurban) səcdə etməyə yer tapa bilmirdi. Ancaq Allahın əmri ilə ona ayrılan qənimətləri nəzərə alsaq, Həzrəti Ruhi-Seyyidül-Ənamın (əleyhi əlfü əlfi səlatin və salam) bir ordunun təchizatı qədər imkana malik ola-ola hər şeyi Allah yolunda sərf edərək sadə həyata üstünlük verdiyini görürük. Bəli, O, şəxsi (cismani) həyatında olduqca təmkinli, tədbirli və ölçülü hərəkət edir, Cənabi-Allahın “Sənə əmr edildiyi kimi, düz (yolda) ol” (“Hud” surəsi, 11/112) əmrini layiqincə yerinə yetirirdi.

İstiğna ruhunun varisləri

Şübhə yoxdur ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) hər cəhətdən – Onun Allahla münasibəti, mövqeyi, vəziyyəti, ənginliyi və dərinliyi – üstün və ülvi şəxsiyyətdir. Bəli, O (əleyhissalatu vəssalam) elə ülvi və fərqli bir təbiətə malikdi ki, bizim yemə, içmə və cismani həzdən aldığımız ləzzəti ibadətlərdən aldığını söyləyirdi. Odur ki, eşqdən alışıb yanan qəlbini söndürmək üçün gecələr qalxır, zövcələrindən icazə istəyib übudiyyət bulağına can atırdı. Buna görə də Onu nəinki bizimlə, hətta əshabi-kiramla müqayisə etmək belə doğru deyil. Bəli, O, müqayisəolunmazdır. Hətta ədəbsizlik olmasın, Onu Cəbraillə (əleyhissalam) belə müqayisə etsəniz, xəta eləmiş olarsınız. Çünki Cəbrailin (əleyhissalam) çiyninə cismani və nəfsani yük yüklənməmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) isə bu yükü daşımaqla yanaşı, mələklərin önündə at çapırdı. Məhz buna görə O (aleyhi əlfü əlfi səlatin və salam), meracdan bizim aramıza qayıtdığı kimi, əlimizdən tutub yol göstərmək üçün bizim səviyyəmizə enir, bizim idrak və həyatımızla bağlı obyektiv məsləhətlər verirdi.

Məsələyə bu meyarlarla baxsaq, O, nə qədər müqayisəolunmaz olsa da, Onun ümmətinə öyrətdiyi yolun prinsiplərindən belə bir nəticə çıxara bilərik: insan şəxsi həyatında müstəğni (gözü-könlü tox) olmalıdır. Belə ki, Onun yolunda gedən bütün böyük şəxsiyyətlər də müstəğni həyata üstünlük vermişlər. Məsələn, Həzrəti Pirin həyatına baxın, ömrü boyu istiğnanı əlində bayraq etmişdir. O, ömrünü bir ağacın başında, dağlarda, şəraitsiz taxta bir evdə keçirmiş, xülasə ömrünün axırınadək sadə bir həyat yaşamışdır. Təkcə müsəlmanların deyil, başqa din və mədəniyyətlərə mənsub, öz xalqının taleyini dəyişdirən insanların da müstəğni həyatı vardır.

Ümumibəşəri insani dəyərlər baxımından böyüklüyün əlaməti sayılan bu kimi xüsusiyyətlər, bir mənada, demək olar, hər kəsdə eynidir. Bir fərqlə ki, imanlı könüllərdə bu məsələ daha möhkəm və uzunömürlüdür. Çünki onlar ilahi dəstəyə arxalanırlar. Başqalarında isə istiğna, fədakarlıq, həsbilik kimi mömin xüsusiyyətləri mütəmadi və üzunömürlü deyildir. Bunu da yaddan çıxarmayaq ki, Allah (cəllə cəlaluhu) mömin xüsusiyyətlərini daşıyan insanlara getdikləri yolda müvəffəqiyyət verər. Zira Allah (cəllə cəlalühü) sifətlərə (xüsusiyyətlərə) baxır, ona göə müamilə edir. Dolayısilə, bir insan göydə uçan bir övliya da olsa, əgər miskin və tənbəldirsə, yaxud da var-dövlət dalınca qaçan, təkcə özünü düşünən həris və eqoistin biridirsə, Allahın inanlara göstərdiyi münasibəti görə bilməz. Çünki o, həqiqi insana xas keyfiyyətlərdən uzaqlaşmışdır. Əslində kamilliyə can atmalı olan möminin dünyaya qapılması, sırf cismani həzlərini düşünməsi, heyvani (cismani) hisləri ilə hərəkət etməsi qəbulolunmazdır. Bu həyat tərzinə peyğəmbər yolu demək də qeyri-mümkündür.

Fanini əbədə çevirmək

Əlbəttə, bu, bəzi dərvişlər kimi dünyadan özünü təcrid edərək, tamamilə ondan əl-ətək çəkərək bir kənara çəkilmək mənasına gəlmir. Çünki bu, bir xalqın güclü millət olmasına mane olur. Odur ki, müsəlmanlar bacardıqları qədər maddi imkanlara da yiyələnməlidir. Ancaq onlar bu imkanları əbədilik və sonzusluq istiqamətində qiymətləndirməlidirlər. Sizə bir hissimdən danışım: Bəzən öz-özümə deyirəm, kaş otağıma girəndə qabağımda üç-beş trilyon pul görəydim, bu pulu dünyanın müxtəlif ölkələrində məktəblər və mədəniyyət ocaqları açmaq, insanların qəlblərini fəth etmək üçün paylayaydım. Əlbəttə, bu, bir xəyaldır və xəyal olduğuna görə də, bundan bir nəticə ala bilmərəm. Ancaq əgər bu xəyal mənə deyil, sizə aid olsaydı və bu xəyalnızı mənə danışmış olsaydınız, onların əməl dəftərinə ibadət savabı kimi yazılacağını deyərdim. Çünki ruhumuzun ilhamlarını başqalarına çatdırmaq, əldəki məşəllə cahanı işıqlandırmaq, Peyğəmbərimizin buyurduğu kimi, günəşin doğub-batdığı hər yerə nami-cəlili-Məhəmmədini (sallallahu aleyhi və səlləm) yaymaq (Bax. Müslim, fitən 19) uğrunda sancı çəkmək və belə bir qayənin xəyallarını qurmaq çox mühümdür.

Mövzumuza qayıdaq; bir daha qeyd edək ki, güc və imkanlardan düzgün istifadə edilsə, bir qəbahəti yoxdur. Ancaq “mülkpərəstlik”, “vəzifəpərəstlik”, “ailəpərəstlik”, “övladpərəstlik”, rahat həyata düşkünlük kimi dünyaya ifrat bağlılıq - sitayiş insanın dünyasını da, axirətini də fəlakətə sürüklər. İnsan ancaq haqpərəst olmalı, Haqqın qulu olmalı və Ondan qeyri hər şeyə Onun rizası üçün maraq göstərməlidir. Bəli, hər şeyin başında, sonunda, əvvəlində, axırında Onu xatırlamalı və hər şeyi Ona aid etməlidir. Əksinə cismani və nəfsani hərəkət etsək, hər şey bizim dar görüşümüzə görə formalaşar, kiçilər, həm bizə, həm də əlimizdəki imkanlara heyif olar.

Cahanlara tən, cahanları fəth etmə potensialına malik olan və axirətdə də yerlə göy qədər əngin məqamlara çatmağa uyğun yaradılan insan, məncə, bu darlığa məhkum olmamalı, əksinə sonsuzluğun izinə düşməli və Onun rizasını axtarmalıdır. Hətta Onun rizasına aparmadıqdan sonra, İstanbulun fatehliyini belə arzulamamalıdır. Çünki fərdi baxımdan belə bir hadisənin heç bir qiyməti yoxdur. Bu hadisəni qiymətli edən əngin niyyətdir. Yəni Peyğəmbərimizin müjdəsinə nail olmaq, İslamın etibarını qorumaq, nami-cəlili-Məhəmmədini (sallallahu aleyhi və səlləm) dünyaya yaymaq kimi bir qayə olarsa, ancaq o zaman İstanbulun fəthi bir qiymət qazanar.

Əsas meyar niyyətdir

Əslində, eyni məsələ müəyyən məktəblərdə təhsil almaq, müəyyən ixtisaslara yiyələnmək üçün göstərilən cəhd və səylərə də şamildir. Yəni bir insan ölkəsi və xalqına xidmət etmək istəyirsə və bu da müəyyən mərhələləri keçməklə mümkündürsə, nə lazımsa, etməlidir. Məsələn, yaxşı bir məktəbdə oxumaq istəyən bir şagird “Mən bu məktəbdən məzun olmadan universitetə girə bilmərəm. Ali təhsil almadan millətimə xidmət edə bilmərəm. Əlimdə bu imkanlar olmasa, etibar qazana bilmərəm. Etibarım olmasa, millətim, ölkəm, məfkurəm və ideallarım naminə heç bir iş görə bilərəm” deməli və niyyətin üzünü ancaq yüksək qayələrə çevirməlidir.

Bəli, bəzən biz “Niyə müəyyən şeyləri görmədilər, niyə bəzi sahələrdə boşluq qoydular, niyə həmişə uğrusuz oldular” kimi sözlərlə, təəsüf ki, bizdən əvvəlkiləri sorğu-suala çəkir, tənqid edirik. Dolayısilə, gələcək nəsillərin də bizi tənqid etməməsini istəyiriksə, bizdən əvvəlkilərin boşluqlarını doldurmaq üçün canla-başla çalışmalı və yeni boşluqların əmələ gəlməsinə də imkan verməməliyik. Övladlarımızın, nəvələrimizin tənəsinə tuş gəlməmək üçün bəzi yolları, müəyyən mərhələləri keçməliyik. Odur ki, ilk növbədə güclü imanımız və nöqsansız ibadətimiz, sonra da möhkəm, sarsılmaz niyyətimiz olmalıdır. Bu olandan sonra yaxşı məktəblərdə oxumaq, ali təhsil almaq və buralarda fəaliyyətlərin dəqiq planlarını cızmaq bir mənada ibadət yerinə keçər və insana savab qazandırar. Çünki bir işdə niyyət nədirsə, istifadə edilən vasitələr də onun rənginə boyanır. Odur ki, bütün işlər niyyət naxışı ilə hörülməlidir.

Xülasə mömin insanlardan “bərəkallah, maşallah” sözlərini eşitmək üçün, yaxud da sırf dünyəvi məqsəd üçün heç vaxt iş görməz, görməməlidir. O ruh və məna köklərindən süzülüb gələn səmavi dəyərləri insanlara çatdırmaq üçün nəfəs dərmədən çalışıb-çabalamalı və bu dəyərlərin dünya nizamında söz sahibi olmaq üçün əlindən gələni əsirgəməməlidir. Bu yolda bəzən çətinliklərlə üzləşər, sancılar çəkib izitirabdan qəddi bükülər. Ancaq bilir ki, bir insanın məfkurəsi yolunda sıxıntı və məşəqqətlərə qatlanaraq ucaldığı məqamlara seyrü-süluqi-ruhani ilə belə çatmaq mümkün deyil.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.