Məkanın bərəkəti

Sual: Rəvayətlərə görə mütləq mənada Məscidi-Haram və Məscidi-Nəbəvinin bambaşqa verimliliyi və bərəkəti var. Bu dövrdə də nisbi mənada bəzi məkanların bərəkəti və verimliliyi ola bilərmi? Bu mənada məkanın bərəkətliliyini necə anlamalı və bunu məkanın hansı ünsüründə axtarmalıyıq?

Cavab: Əvvəla bunu bilməliyik ki, İlahi vəhyin yer üzündə müqəddəs saymadığı heç bir məkana müqəddəs demək olmaz. Bu səbəblə, hər məsələdə olduğu kimi, məkanın dəyəri barədə də meyarımız Quran və Sünnət olmalıdır. Məsələn: "

لَا تُشَدُّ الرِّحَالُ إِلَّا إِلَى ثَلَاثَةِ مَسَاجِدَ مَسْجِدِي هَذَا وَمَسْجِدِ الْحَرَامِ وَمَسْجِدِ الْأَقْصَى

- Üç məscid xaric digər məscidlər xüsusi mənada ziyarət edilməz. Bu, mənim məscidim, Məscidi-Haram və Məscidi-Əqsadır" (Buxari, Fezailü's-salat 6; Müslim, Həcc 288) hədisi bu məsələdə bizə istiqamət göstərən əsas meyardır. Demək ki, dünyada heç bir məkan Əfəndimizin (sallallahu əleyhi və səlləm) müəyyənləşdirdiyi bu üç məkan dəyərində ola bilməz. Üstəlik bu mövzuda digər hədisləri də nəzərə alanda Məscidi-Haramın ayrı bir üstünlüyə malik olduğunu aydın görə bilərik. Məsələn, Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) bir hədisdə bu məsələyə belə işarə edir: "

صَلَاةٌ فِي مَسْجِدِي هَذَا أَفْضَلُ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ إِلَّا الْمَسْجِدَ الْحَرَامَ وَصَلَاةٌ فِي الْمَسْجِدِ الْحَرَامِ أَفْضَلُ مِنْ مِائَةِ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ

- Məscidimdə (Məsidi-Nəbəvi) qılınan bir vaxt namaz digər məscidlərdə qılınan min vaxt namazdan daha üstündür. Ancaq Məscidi-Haram istisnadır. Məscidi-Haramda qılınan bir vaxt namaz digər məscidlərdə qılınan yüz min vaxt namazdan daha xeyirlidir." (Müsnəd, c. 3, s. 343)

İlahi aləmlərin mayası

Sualda dediyiniz nisbilik məsələsi bir mənada bu üç mübarək məkana da aiddir. Belə ki, məsələn, Kəbə yer üzündə Sidrətül-Müntəhanın izdüşümü, əksidir. Bu izdüşüm mənasında o müqəddəs məkan nisbi təcəssüm vəziyyətindədir, Sidrətül-Müntəhanın kölgəsidir. Lakin bu nisbilik yer üzünə enincə zirvəyə yüksəlib mütləq məqama yerləşir. Bu səbəblə: “Beytullahın əslinə (mütləqə) bənzər mövqeyi var”, deyə bilərik. Çünki yerin mərkəzindən "Sidrətül-müntəha"ya uzanan Beytullah göylər aləminin özülündən yaranmış bir kristal kimidir. Bəli, o, yerin mərkəzi, varlığın da qəlbidir. Hətta bəzi əhli-kəşfə (üstüörtülü və duyğu orqanları ilə bilinməyən həqiqətləri Cənabi-Haqqın lütfü və ehsanı ilə bilən vəlilər) görə Peyğəmbər Əfəndimizlə (sallallahu əleyhi və səlləm) Kəbə əkizlər kimi imkanın (mümkünlük) bətnində bir yaradılmışdır. Bir vahidin iki üzü kimidirlər. Kəbə yerdə və göydə bütün xilqətin qibləsi, Əfəndimiz (sallallahu əleyhi və səlləm) isə bu qiblənin imamıdır. Bədiüzzaman Həzrətləri də bunu izah edərkən Əfəndilər Əfəndisinin (sallallahu əleyhi və səlləm) "İmamüs-Saqaleyn", yəni insanların, cinlərin, yerdəkilərin və göydəkilərin imamı olduğunu deyir. Həqiqəti-Əhmədiyə ilə həqiqəti-Kəbə arasında belə bir bağlılıq, belə bir əlaqə var.

Əlbəttə ki, bütün bunları vicdanda duyub dərk etmə, məsələyə metafizik və metapsixik mülahizələrlə, hətta onların da fövqündə , fövqəlruhi bir nəzərlə baxmaqla mümkün olacaq. Yoxsa hər məsələni mücərrəd zəka ilə sadəcə kitablarda, kitabların mündəricatında axtaran insanlar bunu anlaya bilməzlər. Bəli, bütün bunları dərk etmək üçün məsələyə bir az qəlb və ruh üfüqündən baxmaq lazımdır.

Məscidi-Nəbəvi isə Məscidi-Haramdan sonra yer üzündə ən böyük və ən müqəddəs məsciddir. Kəbə mehrablar mehrabı, bu möhtəşəm mehrabın minbəri isə Cənnət bağından daha təmiz Rövzeyi-Tahirədir (Peyğəmbərimizin türbəsi). Bunu da bildirim ki, bir qisim əhlullahın Məscidi-Nəbəvidəki "Mərqadi-Nəbəvi" adlı mübarək məkana baxışı daha fərqlidir. Onlar İnsanlığın Fəxrinin: "اَللَّهُمَّ الرَّفِيقَ الْأَعْلَى" (Buxari, Məğazi, 83) deyib öz ruh üfqünə yürüyərkən, yüksəlişini bu üfüqdə davam etdirərkən spiralvari yüksəlişin mənfəzi deyə biləcəyimiz o mübarək məkanın hər yerdən daha fəzilətli olduğu qənaətindədirlər.

Məscidi-Əqsaya gəlincə bəzi rəvayətlərə görə, Həzrəti İbrahim Məscidi-Haramı yenidən bərpa etmiş ondan qırx il sonra Həzrəti İsmayıl isə Məscidi-Əqsanı tikmişdir. Şübhəsiz ki, bütün bunların planı və proyekti ilahi aləmdə hazırlanmış, ilahi əmrlə də gerçəkləşmişdir. Bu səbəblə, bu müqəddəs məkanları insan ruhunun tərəqqisi və onun səmalara qanadlanıb yüksəlməsi üçün bir vəsilə kimi da görə bilərsiniz. Onsuz da, ayə və hədislər işığında Meraca gedən yolu izləsək, Əfəndimizin (əleyhissəlatu vəssəlləm) sanki bir yoxuşdan başqa bir yoxuşa sıçradığını və nəhayətdə səmaya ucaldığını görərik. Bəli, İlahi Kəlam: "

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ

- Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (İsra surəsi, 17/1) ayəsi ilə bizə bu həqiqəti bildirir. Əgər Allah (c.c.) bəyanında o məkanlara bu şərəfi veribsə, məncə, onun yerini başqa şeylə əvəz etmək mümkün deyil. Bu baxımdan da müqəddəslik və şərəfin birbaşa səmalarlardan gəlməsinə görə, o müqəddəs məkanlar nisbi olsalar də, onlara mütləq nəzəri ilə baxa bilərik.

Müqəddəs məbədlər və ziyarətgahlar xaric bir də İslam ruhunun inkişaf etdiyi məkanlar var. Bu məqamda da Məscidi-Haram və Məscidi-Nəbəvini sinəsində gəzdirən Məkkə və Mədinə şəhərləri öz yüksək mövqeyini yenə də qoruyub saxlayır. Çünki bir mənada hər şey o müqəddəs məkanlarda başlamış, orada təşəkkül etmiş və oradan ətrafa yayılmışdır.

Sonrakı dövrlərdə isə o müqəddəs diyarların missiyası nisbi mənada başqa məkanlar tərəfindən də təmsil edilmişdir. Bu baxımdam Kufə, Şam, Bağdad, Qahirə, Mərv, Konya, İstanbul kimi şəhərlər bu çərçivəyə daxil olur. Bu mövzuda qəti söz demək mümkün olmasa da, tarixi hadisələri təhlil edib müəyyən nəticələr əldə etmək olur və sözügedən məkanlara nisbi mənada Cənabi-Haqqın xüsusi təvəccöhünə nail olmuş idari mərkəzlər kimi baxa bilərik. Bəli, Allah (c.c.) müxtəlif yerləri şərəfləndirmək üçün xüsusi təvəccöh göstərmiş və onları belə bir missiya ilə şərəfləndirmişdir, deyə bilərik.

Cüzi iradə və bərəkət

Bu, dövrümüzdəki könüllülər hərəkatı üçün də özül mahiyyətli ilk addımların atıldığı, ilk inkişafın baş verdiyi, üç-beş nəfərin ilk dəfə bu işə sahib çıxdığı, çox böyük xeyirlərə vəsilə olduğu, Allahın izni ilə, bu gün hələ də eyni funksiyanı yerinə yetirdiyinə inandığımız və mütləqə görə kölgənin kölgəsinin kölgəsi deyə biləcəyimiz məkanlar üçün də keçərlidir. Bərəkətlə şərəflənmiş bu məkanlar bu gün xalqımız və bəşəriyyət üçün çox böyük işlər görən insanlara zəmin hazırlamış və onlara dayəlik etmişdir. İzmir, Bozyaka və İstanbul, Altunizadə kimi məkanlar bu çərçivəyə daxil olan yerlərdir. Çünki bu məkanlar Allahın izni ilə, dünyanın hər tərəfində könüllərə taxt quran, alqışlanan təhsil müəssisələrinə, dialoq xidmətlərinə, sülh fəaliyyətlərinə ilham mənbəyi olub onlara zəmin hazırlamış, çox böyük işlərə vəsilə olmuşdur

İndi sualınızın ikinci qisminə cavab olaraq bir məsələyə diqqətinizi çəkmək istəyirəm.

Zahirən cüzi iradəni heç saymadan bütün bunları sırf Cənabi-Haqqın xüsusi təvəccöhü kimi qəbul edib belə deyə bilərsiniz: "Sanki Cənabi-Haqq bəzi yerlərə xüsusi mübarəklik, ayrı bir bərəkət vermiş." Lakin şəxsən mən məsələyə Maturudi əqidəsinə görə yanaşmağı daha sağlam və uyğun görürəm. Bu səbəblə, hər xeyir işin başında xeyirə səbəb olan bir cüzi iradəni axtarmağı vacib görürəm, məsələni iradəyə vermənin Muhasibinin sözü ilə "Quran aqilliyi"nə daha müvafiq olduğunu düşünürəm.

Bozyaka

Məsələn, Bozyakaya bu aspektdən yanaşıb düşüncələrinizi onun ətrafında cəmləyə bilərsiniz. Bu ərazi mərhum Nafi bəyin idi. O, adı kimi nafi (faydalı), çox gözəl, çox dəyərli bir insan idi. Maraqlıdır ki, Nafi bəy ailəsini, uşaqlarını əxlaqi tənəzzüldən, dövrün çirkabı və günahından qoruma məqsədi ilə o dövrdə İzmirə uzaq sayılan Bozyakada torpaq sahəsi alıb iki mərtəbəli yazlıq ev tikdirmişdi. O evi mən görmüşdüm, köhnə üslubda taxtadan tikilmiş tərtəmiz bir ev idi. İndiki Bozyaka tələbə yataqxanası həmin evin tikildiyi sahədə yüksəldildi. İndi keçmişə baxanda görürsən ki, ta işin başında saf, təmiz, sadə bir insanın mətanət və həyəcanı var, təmiz niyyəti, səmimiyyəti var.

Bir vaxtlar Nafi bəylə bir binada alt-üst qalırdıq. Onda 65- 70 yaşı olardı. Bəzən səhərlər gələr dərsimizə qulaq asardı. Ondakı dərs həyəcanını bu işə iyirmi ilini, otuz ilini verən insanların çoxunda görməmişəm. Heç unutmaram, süfrə başında həyəcan və diqqətlə bizi dinləyər, huşunu itirənə qədər ağlayardı.

Nafi bəy həmçinin, əli qələm tutan, nə dediyini, harada, necə davranacağını bilən insan idi. Dinə xidmət yolunda az-çox çalışıb-çabalayan hər kəsə arxa durardı. Daha sonra isə inamla bütün himmətini bir nöqtədə cəmləşdirib, ömrünün sonuna qədər İzmirin mərkəzində, Karşıyakada və bəlkə də, bilmədiyimiz başqa yerlərdə olan bütün malı-mülkünü bu təhsil fəaliyyətinə bağışladı.

Bəli, Bozyaka tələbə yataqxanasının təməlində yalançı şəfəqin belə gözə dəymədiyi bir dövrdə o gözəl insanın bu məsələyə könül bağlayaraq, "Mən bu torpağı verirəm" deyib mərdlik nümayiş etdirməsi var. Üç-beş nəfərin heç imkanları olmadığı halda, əldə-ovucda nə varsa ortaya qoyub o binanı tikməsi var. O illərdə buna bənzər bir iş görülməmişdi. Yeni-yeni əl atdığımız bir yol idi. Ancaq mən o gün heyrətə gəlmişdim. Çünki yataqxananın inşası üçün o vaxtın pulu ilə nə az, nə çox düz üç yüz min lirə pul yığılmışdı. Üstəlik biri "Binanın istilik sistemini öz boynuma götürürəm" demiş, digəri də yataqxananın başqa bir ehtiyacını öhdəsinə almışdı. Bu ərəfədə 12 Mart xəbərdarlıq-memorandumu baş vedi. O qanunun, hüququn təxirə salındığı dövrdə həbs olunanlar oldu. Lakin Allahın inayəti ilə dalğalar sakitləşdi, hadisələr sovuşdu və Rəbbim təkrar millətimizə xidmət imkanını bəxş etdi. Ələ imkan düşən kimi, bu gün o fədakar qəhrəmanların bəzisi həyatda deyil; Yusuf Pəkməzçi, Zəki bəy, Mustafa Ok, Naci bəy, -bəzən bu qıtmir də vardı aralarında- vaxt ötürmədən hər kəs əlinə bel, toxa alıb torpaq qazdı, fəhlə kimi o binanın inşaatında işlədi.

Məsələyə keçmişin nöqteyi-nəzərindən yanaşıb bu günə baxanda görünür ki, o məkana bəxş olunan üstünlük və ülvilik altı boş, təməli olmayan, qəflətən, göydən düşmə deyil; orada mütləq Cənabi-Haqqın inayətinə təqdim olunmuş bir niyyət, əzm və səy var.

Altunizadə

İstanbul Altunizədənin tarixçəsinə baxanda da buna bənzər mənzərəyə şahid oluruq. Hal-hazırda oradakı binanın yanında bir məscid var. Neçə əsr əvvəl səmimi, xoş niyyətli bir nəfər o məscidin yerləşdiyi torpaq sahəsini məscidin tikintisi üçün vəqf etmiş (bağışlamış) və o məscidin çevrəsində də Haqqa xidmət duyğu və düşüncəsinin aşılandığı müəssisələrin olmasını istəmişdi. Əsrlər sonra mərhum Hacı Kamalın səyləri nəticəsində o torpaq sahəsi satınalındı. Altunizadənin tikintisində də iş adamı, müəllim - hər kəs fəhlə kimi işləyir, səy göstərirdi. Mərhum Hacı Kamalın özü də fəhlə kimi orada işləyirdi. Və o insanlar maddi-mənəvi heç nə gözləmədən bu işə girdikləri kimi, işin bu səviyyəyə çatacağını da heç fikirləşməmişdilər. Qənaətimcə, bu çox əhəmiyyətlidir. Çünki maddi təmənna olmasa da, bu işin gələcəyindən nəsə ummaq ixlası, səmimiyyəti zədələyə bilər. Əlbəttə ki, himmət ali olmalı, xəyalımızdakı məfkurəyə çatmaq üçün çalışıb-vuruşmalı, lakin "belə olacaq, filan qədər səmərə alınacaq" kimi fikir ağlınızdan keçsə, qeyri-ixtiyari, fərqinə varmadan o işin ciddiyyətini itirmiş, saflığını pozmuş olarsınız.

O məkanların bərəkəti məsələnin bu gününü, sabahını, o biri gününü bilməyən, yalnız Allah yolu deyib bu yola girən o insanlara Cənabi-Haqqın xüsusi təvəccöhüdür və buna görə də o yerlər daim verimli və bərəkətli olmuşdur. Ölkə xaricinə ilk səfərlər o məkanlardan başladı. O ilk addımların, ilklərin tamam ayrı bir qiyməti var. Çünki mərkəzdə kiçik bir bucaq mərkəzdən uzaqlaşdıqca geniş bir sahəni əhatə edir. Deyək ki, siz dar sahəli bir işə girişdiniz, məsələn, bir gün durub Şama getdiniz. Sonra öz-özünüzə: "Hər nəsə Şama gəldik. Bura həm də Şimali Afrikaya yaxın sayılır. Afrikanın mərkəzinə getsək nə olar!" dediniz. Yəni o ilk addımların ortaya fikir qoyma, ilk atılan toxumlar olma baxımından tamam ayrı bir dəyəri var. Hal-hazırda xalqımızın dünya miqyasında səbəb olduğu bu gözəlliklərin toxumları bir mənada ilk dəfə o məkanlarda torpağa saçıldı, əzab-əziyyəti çəkildi.

Xülasə, nisbi mənada verimliliyi, bərəkəti olan o məkanların bu vəsfini ləyaqətdən təcrid edərək ona göydən düşmə bir nailiyyət, üstünlük kimi baxmaqdan çox, bunu iradə, cəhd və səyimizə əvəz Cənabi-Haqqın inayət və ehsanı olaraq qiymətləndirib bu mövzuda iradənin hüququ tapdalanmamalı və əsla unudulmamalıdır ki, ilahi lütf həmin iradəyə görə ehsan edilmişdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.