Mənim Ucbatımdan!..

Sual: İstər fərdi, istər ictimai müsibətləri öz günahlarının nəticəsi olaraq qəbul etmək mövzusunda möminlərin daim diqqət yetirməli olduqları ölçülər hansılardır?

Cavab: İman sayəsində canlı-cansız bütün əşya rəngini, şəklini, naxışını, mahiyyətini dəyişdirib başqa hala bürünmüş kimi gülər insanın üzünə.. və ruh olar, məna olar axar möminin könlünə. Daş-torpaq, ağac-yarpaq, gül-çiçək, quş-böcək.. hər şey, hər şey könül üfüqündən ruhlara daim hikmətlər pıçıldayar. Bununla yanaşı, bütün təqvini əmrlər (yaradılış hökmləri), söz-söz, misra-misra əhəmiyyətli bir bəyana çevrilər; hiss və şüura səssiz-səmirsiz ən təsirli xütbələr dinlədər.

Müsibətlərin Əsl Səbəbi

Əslində, təqvini (yaradılışla bağlı) əmrlər bəzən dar, bəzən də daha geniş dairədə insanların ruh aləmlərinə və Cənabi-Haqla münasibətlərinə görə cərəyan edir. Belə ki, sellərin, zəlzələlərin, müxtəlif fəlakətlərin və hətta ekosistemin tamamilə pozulmasının təməl qaynağına, əsas mahiyyətinə varılmadığına görə, bunlar adi, təbii hadisə kimi qəbul edilir və nəticədə bu hadisələrlə verilmək istənilən dərsi xəbərdarlıq düzgün başa düşülmür. Halbuki, kainat ağacının şüurlu və iradəli meyvəsi insandır. Bir yönü ilə, insan təbiətin bağrında yaradılmış, inkişaf etmiş və hal-hazırkı keyfiyyətə gəlib çatmışdır; digər yönü ilə də, kainat ağacının ümumi halı insan meyvəsinə görə şəkillənmişdir. Beləliklə, bir tərəfdən insan səbəb olur, təqvini əmrlər və kainat isə nəticə; digər tərəfdən də kainat səbəb olur, insan isə nəticə. Kainatda təqvini əmrlərlə insan arasında bu bağlılıq əsas mövzudur. Onun üçün,məsələn: yerin sarsılması ilə bəşərin sarsıntısı arasında ciddi bir münasibət var. Belə ki, bu ancaq iman gözü ilə görülə bilər.

Təqvini əmrlərdə olduğu kimi, fərdi, və ya ictimai həyatda da arzu edilən bəzi şeylərin reallaşmaması və ya istənilməyən, xoşagəlməz hadisələrin baş verməsi əslində,mahiyyətcə insanların mənəvi dünyaları ilə yaxından əlaqəlidir. Hər müsibət bir yönü ilə insanın özündən başlayır, onun boşluqlarında yetişib boy atır; vaxt ötdükcə böyüyür və üzə çıxır. Başqa sözlə, müsibətin həqiqi səbəbkarı insandır və bu həqiqət dərk ediləcəyi ana qədər səbəb-nəticə baxımından düzgün şərhlər ortaya çıxarmaq mümkün olmayacaq.

Bu baxımdan, həqiqi səbəbi axtarma və tapma yolunda atılması lazım olan ilk addım insanın özünü sorğu-suala çəkməsidir. "Bu müsibət mənim üzümdən meydana gəldi; buna mənim qərarsızlığım və Allahdan uzaq olmağım səbəb oldu!.."- deyərək müsibəti iradənin haqqını verə bilməməklə bağlamaq və dərhal istiğfara(Allahdan əfv diləmək) sarılmaq mömin rəftarıdır. Bəli, insan, nəfsini problemlərin əsl qaynağı görməlidir ki, bu, eyni zamanda gizli peşmanlıq tövbə və istiğfar sayılır.

Necə ki, Qurani-Kərimdə: "Başınıza gələn hər müsibət, işlədiyiniz günahlar (laqeydlik və qüsurlarınız) səbəbi ilədir. Allah günahlarınızın çoxunu da bağışlayar", (Şura, 42/30) deyilir. Bu etibarla möminlərə gələn çətinliklər onlar üçün kəffarədir. Lakin günahların ucbatından gələn müsibətlər də yox deyildir. Məsələn, Allahın dininə xidmət yolunda səy göstərən bir insanın çəkdiyi çətinliklər, onun Allah qatında dərəcəsinin yüksəlməsinə səbəb olur. Dolayısı ilə, başqa insanlar haqqında danışarkən onların başına gələn müsibətlərin öz günahlarından qaynaqlandığını düşünmək sui-zənn (başqaları haqqında pis düşünmə,mənfi nəticələr çıxarma) sayılır; hüsnü-zənn (başqaları haqqında gözəl düşünmə) düşüncəsinə malik möminlərə yaraşan xüsus, başqalarının müsibətlər vasitəsi ilə Allahın qürbətinə (yaxınlıq) məzhər olduqlarına inanmalarıdır. Belə ki, özləri barədə mülahizələri həmişə "Quraqlıq və qıtlıq var, bu mənim ucbatımdandır!.. İşlər yolunda getmir, mənim üzümdəndir!.. Filan iş nəticəsiz qaldı, mənim ucbatımdandır!.." şəklində olmalıdır.

Günahlarıma görə Məhəmməd Ümmətini Məhv etmə !..

Məlum olduğu kimi, Həzrəti Ömər Əfəndimiz (r.a.) dövründə böyük qıtlıq olur. Belə ki, insanların aclıqdan ölməməsi üçün bir qida nizamnaməsi hazırlanır və hər kəsə müəyyən miqdarda qida verilir. Həzrəti Ömər (r.a.): "Mədinədə ən yoxsul insan nə yeyib-içir və necə dolanırsa, mənim həyatım da belə olmalıdır!." –deyir və çoxunun zeytun yağına çörək batırmaqla dolandığını öyrənincə, özü də eyni şeyi eləməyə başlayır.

Əslində, həmişə sadə həyat keçirən Böyük Xəlifə o ümumi nizamnaməyə daha da ciddi riayət edir və həssas davranır. Qıtlıq davam etdiyi müddətdə ət və balıq kimi ləzzətli yeməyi əsla ağzına qoymadığı kimi, gələn bu müsibəti də özündən bilir və "Allahım! Günahlarımın ucbatından Məhəmməd ümmətini aclıqla həlak etmə!..", -deyə dua edir.

Həzrəti Ömərin (r.a.) yanından heç ayrılmayan Həzrəti Əsləm deyir ki: "Əgər qıtlıq bir az da davam etsə, Möminlərin Əmiri Həzrəti Ömər (r.a.) öləcəkdi!.. Onu çox vaxt səcdədə görərdim, davamlı gizli-açıq, səsli-səssiz dua edir və ağlayırdı. Bəzən hıçqırıqlarla: "Allahım! Elə zənn edirəm ki, quraqlıq və qıtlıq mənim günahlarımın ucbatındandır. Nə olar, mənim ucbatımdan Məhəmməd Ümmətini məhv etmə", -deyərək inləyir və hüznlə tir-tir titrəyirdi.

Həzrəti Ömərin (r.a.) bu halı bir bəsirət(həqiqəti yanılmadan görmə qabiliyyəti) ifadəsi, Allaha bağlılığın əlamətidir.Məhz Allahdan uzaq yaşayanlardır ki, onlar xoşagəlməz hadisələr qarşısında günahı başqa səbəblərdə axtarar və başqalarını günahlandırırlar. Heç vaxt: "Bu iş problem mənim qüsurumdan qaynaqlandı!..", -deməz və hadisələrə bu perspektivdən baxmazlar. Başqa sözlə də, istiğfar etməyə ehtiyac duymaz, səhvlərini düzəltmə həyəcanını keçirməz və Allaha dua etməzlər. Olanları özlərinə bağlamadıqları üçün əsl günahkarı heç vaxt tapa bilməz, başqalarında qüsur axtarma günahından da heç xilas ola bilməzlər.

Bu gün təqvini əmrlərdəki dəyişikliklərlə bağlı özünü məsul tutan, səccadəsinə alnını möhürləyib: "Nə olar Allahım, mənim ucbatımdan Məhəmməd ümmətini məhv etmə", -deyə inləyən neçə insan var ?! İnayəti-Rəbbaniyənin və rəhməti-İlahiyyənin (İlahi yardım və mərhəmət) kəsilməsinin səbəbkarlarından birinin məhz özü olduğuna inanıb istiğfarla göz yaşı tökən neçə insan var?!. Bəli, vətənin başına gələn bəlaları öz günahlarından bilən və İslamın köklü məsələlərinin həll edilməməsində öz payını düşünüb mütəəssir olan neçə insan varsa, deməli, elə bu qədər də həqiqi mömin var bu yer üzündə!.

Rəvayətlərə görə, bəlaların leysan kimi yağdığı bir dövrdə Haqq dostlarından Salam bin Qasım böyük alim Məhəmməd bin Muqatili ziyarət edir. Ona: "Ətrafı şiddətli fəlakət fırtınası yandırıb yaxır, zəlzələlər dalbadal gəlir, yoxsulluq insanların nəfəsini kəsir. Sən imamımızsan. Nə olar, Allah xatirinə bizə dua et!", -deyir. O təvazökar insan bunların müqabilində belə cavab verir: "Nə qədər arzu edərdim ki, sizin həlakınızın səbəbkarı mən olmayım!.. Qorxuram ki, bu fırtına mənim üzümdəndir,bu zəlzələ mənə görə dayanmır; İlahi rəhmətin sizə gəlib çatmasına mənim günahlarım mane olur!.."

Səhərisi gün Salam bin Qasım təkrar Məhəmməd bin Muqatilin qapısına gedir. Bu dəfə də Salam bin Qasım ətrafına təbəssümlər saçır, sevinc içində gəlib həyəcanla sözə başlayır və belə deyir: "Bu gecə yuxumda Kainatın Fəxri Əfəndimizi (s.ə.s.) gördüm. Buyurdu ki: "Allah-Təala insanlara dəhşətli bir bəla və müsibət göndərmişdi. Lakin özünü xor və alçaq görərək utana-utana əl açıb dua edən Məhəmməd bin Muqatil hörmətinə Cənabi-Haqq fəlakəti məmləkətinizdən uzaqlaşdırdı!" Özünü məsul bilməyin Cənabi-Haqq qatında necə böyük istiğfar və dua yerinə keçdiyini görürsünüzmü?!. Bir tərəfdən, qulun özünə baxışını düşünün, digər tərəfdən də onun Allah qatında qiymət və dəyərinə baxın!.. Görürsünüzmü, müsibətlərin səbəbini nəfsdə axtarışın və xəcalətlə qıvranıb tövbəyə yənəlmənin insanı necə ucaltdığını?!

Məsuliyyət Dairəsi Yaxşı Təyin edilməlidir!..

Bəzi insanlar: "Bizim nə günahımız var axı, müsibətlərin səbəsbkarı özümüzü bilək?" şəklində düşünə bilərlər. Əslində: "Nə günahım var?" mülahizəsinin özü çox böyük bir günahdır; belə düşünən insan ən böyük səhvi etmiş sayılır. Çox günahkar bir insan peşmançılıqla boyun əyib əfv dilədiyi zaman bağışlanacağı kimi, "Nə günahım var?" deyən insan da, bu sözlə fəlakət çuxuruna düşmüş sayılır. Çünki günahlarının fərqinə varanın tövbə və istiğfarla təmizlənmə ehtimalı həmişə mümkündür; özünü süddən çıxmış ağ qaşıq bilənin isə, əhəmiyyət vermədiyi kiçik günahlardan yığılan böyük-böyük günahların altında qalıb əzilməsi qaçılmazdır.. Bəli, "Mənim nə günahım var?" sözü "günahın" nə olduğunu bilməməyin ifadəsidir. Halbuki, insan Allahın bəxş etdiyi nemətlər nisbətində Onunla münasibətdə deyilsə, dünya sultanlığının fövqündə müsəlmanlığın qədr-qiymətini bilmirsə və qarşısına çıxan imkanları qiymətləndirməklə riza və ridvana qovuşma cəhdi yoxsa, o, ilahi ehsana qarşı gözlərini qapamış bir zavallıdır. Belə boğazına qədər nankorluq içində olan bir insan üçün başqa günah axtarmaq mənasızdır.

Bəzi insanlar da günahlarını qəbul edir, lakin: "Mən kiməm ki, məndən ötrü səmada dəyişikliklər olsun, quraqlıq baş versin, ya da yağış yağsın?!." -deyirlər. Özlərinə heç bir qiymət vermədikləri üçün bəla və müsibətlərdə onların da payının ola biləcəyini əsla düşünməzlər. Bu mülahizə bir yöndən təvazönün ifadəsi kimi qiymətləndirilə bilər, lakin bu eyni zamanda məsuliyyətdən qaçma yolunda şeytani bir fikir də ola bilər. Eyni şəkildə, böyük-kiçik hər müsibət üçün: "Mənim ucbatımdan!", -deyən bir insanın dünyada cərəyan edən bir çox hadisəni özü ilə əlaqəli görməklə, məsuliyyət duyğusu altındakı məxfi bir kanaldan qürura, təkəbbürə söykənməsi də mümkündür. "Mən elə bir günahkaram ki, xalq mənim üzümdən müsibətə düçar oldu!" cümləsi başlanğıcda günahların xəcalətini ifadə etsə də, əgər ölçü qoruna bilməzsə və şeytanın hiyləsi üstün olsa, "Mən elə mühüm bir adamam ki, yerdə, göydə bəzi hadisələr mənə görə formalaşır!" iddiasına çevrilə bilər. Başqa sözlə, bu mövzuda da orta yolu tapmaq və tarazlığı qorumaq lazımdır.

Bəli, insanın ümumi müsibətlərdə öz payının da ola biləcəyini heç düşünməməsi böyük bir qəflətdir.Bu, Cənabi-Haqqın insana verdiyi dəyəri dərk edə bilməməkdən də qaynaqlana bilər. Digər tərəfdən: "Bütün bu işlər mənimlə əlaqəli baş verir, başqa sözlə, bəzi şeylərin tərs getməsi mənim üzümdəndir!.." deyərkən də insanın içinə gizli bir qürur axa bilər. "Allah-Təala mənim halıma nəzər yetirir, əgər mən yaxşı haldayamsa, hər şey yaxşı gedir, lakin pis vəziyyətdəyəmsə hadisələrin ahəngini pozur", -fikrində, özünü o böyük məqamın rəisi zənn etmə, kimi gizli bir qürur təhlükəsi var.

Bu baxımdan, hər mömin Məhəmməd ümmətinin bir üzvü olduğuna görə, özünü hər müsibətdən müəyyən nisbətdə məsul görməlidir. Bununla birlikdə məsuliyyət baxımından hər zaman bu ölçüyə sadiq qalmalıdır: "Əgər İslam dini ilə əlaqəli söz sahibi olsa idim, çox rahatlıqla: "Bu gün İslam coğrafiyasında olan mənfiliklər və Məhəmməd ümməti ilə əlaqədar bütün xoşagəlməz hadisələr mənim ucbatımdan cərəyan edir", -deyə bilərdim. Lakin mən buna hakim deyiləm, başqa sözlə, mən əvvəla əhatəmlə əlaqəli mənfiliklərdən məsulam, öz əhatəmdə meydana gələn hər mənfi hadisəyə: "Mənim ucbatımdan" –düşüncəsi ilə baxmalı, ümumi müsibətlərə isə: "Mənim də payım var!"- mülahizəsi ilə yaxınlaşmalıyam.

Necə ki, Əfəndimizin (s.ə.s.): "Hamınız çobansınız və hamınız sürünüzdən məsulsunuz. İmam (idarəçi) çobandır və güddüyündən məsuldur. Kişi ailəsinin çobanıdır, əlinin altındakılardan məsuldur. Qadın, evinin çobanıdır, yuvasından məsuldur. Xidmətçi də, əfəndisinin malından mülkündən məsuldur," hədisi də bu ölçünü nəzərə çatdırır.Bu yöndən baxanda, Həzrəti Ömər Əfəndimiz (r.a.) Allah Rəsulunun (s.ə.s.) xəlifəsi və bütün möminlərin əmiridir. Beləliklə də, onun özünü bütün ümmətdən məsul tutması təbiidir. Dövlətin başındakı insan bütün xalqın məsuliyyətini öhdəsinə alır, hər hansı bir təşkilatın, ya da qurumun idarəçisi isə, xüsusilə, öz əhatəsindəki insanlardan məsuldur. Hər kəs şəxsi qüsurlarının, xüsusilə öz vəzifə və məsuliyyət dairəsində bəzi mənfi hadisələrə səbəb verə biləcəyinə inanmalı, bundan qorxmalı və təmkinli yaşamalıdır.

Malazgirt düzənliyində müsəlman əsgərlər arasında həyəcanın zirvə nöqtəsinə yüksəldiyi bir anda geydiyi dümağ bir paltar içində əsgərlərinin qarşısına çıxan Sultan Alparslanın: "Budur, kəfənim!"- deyərək onların qarşısında səcdəyə getməsi və göz yaşları içində: "Allahım! Orduma zəfər nəsib et! Mənim günahlarım üzündən igidlərimi məğlub etmə!", -deyə yalvarması da məsuliyyət dairəsinin genişliyinə görə gözəl bir davranış nümunəsidir.

İctimai Tövbə

Bəli, insanın öz həddini, mövqeyini, məsuliyyətlərini və hansı dairələrin özü ilə bilavasitə əlaqəli olduğunu təyin etməsi, o dairələrdə mənfilikləri şəxsi səhvlərinə bağlayaraq, içində Cənabi-Haqqa sığınma duyğusunu hərəkətə gətirməsi və qüsurlarını aradan qaldırma məqsədi ilə yuxuya getmiş həyəcanı təhrik etməsi gizli bir istiğfar və bir tövbədir. Belə bir istiğfar, dilə gətirilənlər qədər naməhrəm üzü görmədiyinə görə daha xalisdir, bu cür tövbə el-aləmin şahid olduqlarından daha səmimidir. Çünki hər müsibət qarşısında əvvəl nəfsini hesaba çəkən bir insan, daxilən bir ocaq kimi yanar, lakin başqalarına hiss etdirməz könlündəki atəşi.. mülahizələrinə əmanət edər peşmançılığını...

Tək qalanda başqalarına eşitdirmədən istiğfarlarını dilə də gətirər; minlərlə "əstağfirullah" pıçıldar düşündükcə günahlarını... "Allahım mənim üsyanlarıma bir dəfə əfv diləmək yetməz, milyonlarla istiğfar edirəm!" -deyər, Allah-Təala ilə münasibəti baxımından uzaq olma qorxusu ilə peşmançılığını dilə gətirmək üçün sonsuzluğa işarə edən rəqəmlər axtarar. Belə ki, əgər cəmiyyət miqyasında bir xilas istənilirsə, o cəmiyyəti meydana gətirən bütün fərdlər davamlı birlikdə tövbə etməli və öz günahlarından təmizlənmənin yollarını axtarmalıdırlar. Çünki fərdi bir günahın peşmançılığı fərdi, ailəvi bir günahın istiğfarı ailəvi və milli bir günahın tövbəsi də milli olmalıdır; cəmiyyətin əmin-amanlığı üçün bütünlüklə şəxslərin üsyan kirlərindən təmizlənmələri lazımdır.

Rəvayətlərə görə, Həzrəti Musa (ə.s.) qövmü ilə birlikdə yağış duasına çıxır. Bir neçə gün dua etdikləri halda rəhmət damlaları yağmır və Həzrəti Musa (ə.s.): "Rəbbim! Quraqlığın bitməsi üçün dua etməmizi əmr etdin, lakin əllərimizi açıb yalvardığımız halda yağış göndərmədin!, -deyib ilahi hikmətə sualla üz tutur. Cənabi-Allah: "İçinizdə tövbə etməmiş bir günahkar var!"- deyir. Musa Əleyhissalam ilahi rəhmətin imdada yetişməsinə mane olan günahkarın kim olduğunu soruşanda Allah-Təala: "Mən Səttaram qullarımın günahlarını örtənəm; qüsurlarını faş edib onları xəcalətli etməkdən uzağam. Hamınız tövbə edin ki, o kimsə də günahlarından təmizlənsin və beləcə dualarınıza cavab verilsin", -buyurur.

Xülasə, məruz qaldığımız bəlaların etdiyimiz günahlar səbəbi ilə gəldiyini düşünməliyik; müsibətlərin getməsi üçün ən qısa zamanda səhvlərimizdən, qüsurlarımızdan, günahlarımızdan, üsyan qoxulu hərəkətlərimizdən və kiçik-böyük hər cür həddi aşmağımızdan ötrü istiğfar etməliyik. Bununla yanaşı, könüldən (həqiqi) bir peşmançılıq və kəsə yoldan bir sıçrayış fərdi günahlar üçün kafi olsa belə, cəmiyyətə aid günahlar üçün daha köklü müalicəyə, daha dərindən əməliyyata və ictimai tövbəyə ehtiyac olduğunu da unutmamalıyıq. Bəli, ölkəmizin rifah və əmin-amanlığa qovuşmasının, bu millətin müqəddəratı ilə maddi-mənəvi əlaqəsi olan bütün insanların və xüsusilə, özünü bu millətə həsr etmiş könüllərin bir daha tövbə etmələri ilə bağlı olduğunu unutmamalıyıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.