Müsbət ön qəbullar və şüuraltının formalaşma dövrü

Sual: Şərtli baxış və ön qəbul mütləq mənada mənfidir, yoxsa bu cür duyğu və düşüncələrin müəyyən zəmin və şərtlərdə müsbət və faydalı nəticələr verməsi mümkündür?

Cevap: Şərtli baxış bir insanın bir məsələ ilə bağlı başlanğıcdan "mütləq", hazır (hazır, birtərəfli, subyektiv) hökmlərlə bir mövqe seçməsi, bu mövqedə qərarlı olmasıdır. Bu, şübhəsiz ki, zərərlidir, insanın dünyasını da, axirətini də məhv edə biləcək qədər zərərli. Məsələn, insanın hər yanda Allahın varlığı və birliyini təsdiqləyən minlərlə bürhan və dəlil ola-ola, bu dəlillərin tövhid həqiqətini hayqırdığını eşidə-eşidə keçmiş təlqinlərin təsirində qalıb kor-koranə, israrla Onu inkar etməsi şərtli baxış və birtərəfli hökmün nəticəsidir. Bu baxımdan şərtli baxış təkəbbür, zülm, baxış inhirafı və əcdadı kor-koranə təqlid kimi iman dairəsinə girməyə mane olan, insanı sapqınlıq və küfrə sürükləyən əsas səbəblərdən biridir.

Təkəbbür, zülm, inhiraf

Bəli, imana mane olan əsas səbəblərdən biri təkəbbürdür (kibrdir). Cənabi-Haqq:

الْكِبْرِيَاءُ رِدَائِي وَالْعَظَمَةُ إِزَارِي فَمَنْ نَازَعَنِي وَاحِدًا مِنْهُمَا قَذَفْتُهُ فِي النَّارِ

"Kibriya (Əzəmət. Allah Təalanın əzəməti və qüdrəti, hər cəhəti ilə böyük olması) mənim ridam[1], əzəmət isə izarımdır[2]. Kim bu məsələdə Mənimlə yarışmağa çalışar və bunlara şərik olmağa cürət edərsə, onu Cəhənnəmə ataram" (Ebu Davud, Libas 29) buyurur. Deməli, özünü böyük görüb qürrələnən insanın bu davranışı ilahi sifətlərə (vəsflərə) şərik olmağa cəhd sayıldığına görə, Allah-Təala belə insana Cəhənnəmlə xəbərdarlıq edir. Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm):

لاَ يَدْخُلُ الْجَنَّةَ أحَدٌ في قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ كِبْرٍ

"Qəlbində xardal toxumu ağırlığında, yəni zərrə qədər kibr olan insan Cənnətə girə bilməz" buyurmuşdur. Əgər insan Cənnətə getməyəcəksə, deməli, o, dünyada imana gələ bil­mə­miş, iman "sənədi" ilə axirət səfərinə çıxa bilməmişdir. Çünki nəs­lərdə açıq və dəqiq şəkildə bildirildiyi kimi, mömin günahkar da olsa, nəticə etibarilə Cənnətə girəcək. Bu hədisi-şərif "zərrə misqal" ifadəsi ilə insanı təkəbbürün ən kiçiyindən çəkindirməklə böyüyünə qarşı ciddi mənada ayıq-sayıq olmağa çağırır. Yəni hədisi-şərif bizə: "zərrə qədər təkəbbürün cəzası budursa, o tərəfini artıq özünüz düşünün" deyə xəbərdarlıq edir.

İmana mane olan digər əsas faktor isə zülmdür. Zülm haqsızlıq etmə, həddi bilməmə, Allaha qarşı iddialı olma, məxluqatın haqqını tapdalama və ədəbsizlik deməkdir. Bu əməllərin - bunları zülmün növləri hesab etmək olar - hər biri insanın iman dairəsinə girməsinə (giribsə, həmin dairədə daimi olmasına) əngəldir.

Baxış zaviyəsini tənzimləyə bilməmək və nəyə necə yanaşmağı, necə baxmağı bilməmək də küfr içində qurcalanmanın əsas səbəblərindən biridir. Məsələn, bir insan əşyaya, maddəyə, təkvini qanunlara baxdığı kimi metafizikaya baxırsa, (yəni metafizikanı onların cərgəsinə qoyursa) böyük xəta edir, dolayısilə, belə bir insanın məna və metafizikaya aid həqiqətləri duyması, görməsi və anlaması mümkün deyildir. Çünki dünyada belə hər maddənin öz tərəzisi var. Məsələn, dəmir, kömür kimi maddələrin tərəzisi ilə qızıl-gümüş çəkmək olmaz. Bəli, maddi aləmdə belə hər tərəzi hər şeyi çəkmir. O ki qaldı məna və metafizika kimi mənəvi aləmlərin maddi və fiziki ölçülərlə "çəkilməsinə".

Bir vaxt sizə Qaqarinin Allah haqqında dediyi sözü ərz etmişdim. Bu şəxsin yer kürəsi ətrafında həqiqətən dövr edib-etmədiyini bilmirəm, ancaq mediada əksini tapan xəbərlərə görə o, yer ətrafında dövr edəndən sonra "Allaha rast gəlmədim!" kimi bir ifadə işlədib. Ustad Nəcib Fazil - yeri Cənnət olsun - bu məsələni özünəməxsus səs tonu ilə konfranslarda dilə gətirib deyərdi: "Ay axmaq! Sənə kim dedi ki, Zati-Uluhiyyət fəzada bir balon şəklindədir?". Qaqarinin məhz bu acınacaqlı vəziyyəti bir baxış inhirafıdır. Dolayısilə, belə bir baxışla metafizikaya, metapsixikaya, Zati-Üluhiyyətə, sirri-əsmaya baxan insan heç nə görə bilməz.

Şərtli baxış və ata-babaların dini

Küfrə səbəb olan əsas amillərdən biri də şərtli baxış və birtərəfli hökm məsələsidir. Qurani-Kərim kafirlərin zərərli şərtli baxışlarını belə izah edir:

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلٰى مَۤا أَنْزَلَ اللّٰهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ اٰبَۤاءَنَۤا

"Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər", - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!" ("Maidə" surəsi, 5/104). Onlar Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) dəvətinə qulaq asmayıb ata-babalarının dediklərinə, onların ideologiyasına kor-koranə tabe olduqlarına görə küfr içində qurcalanmaqdan qurtula bilməmişlər. Münkir və mülhidlərin - üzr istəyirəm - kəlləmayallaq Cəhənnəmə yuvarlanmasına məhz bu şərtli baxış səbəb olmuşdur. Bəli, Latçılar, Mənatçılar, Uzzaçılar birtərəfli hökmlə kor-koranə babalarının yolu ilə getdiklərinə görə Kainatın Fəxri Peyğəmbərimizi (əleyhissalatu vəssalam) qəbul etməmişdilər. Onlar da ata-babaları kimi, bütlərin onları Allaha yaxınlaşdıracağına inanmış, öz-özlərini iman və onun faydasından məhrum etmişdilər.

Şərtli baxışın başqa bir növü: dövrü dərk edə bilməmə

Şərtli baxışın bir zərərli növü də bəzi yenilikləri dinin ümmühatına[3] və təməl əsaslarına zidd olmadığı halda qəbul etməməkdə inadkarlıq göstərmək və keçmişdə mənimsənilənlərdən əl çəkməməkdir. Sadə bir misalla desək, bu gün kombaynlar ola-ola, hələ də taxılı biçib dərz bağlamağı, vəl sürməyi, saman sovurmağı buğda yığımında yeganə yol bilmək çox zərərli birtətəfli hökm və şərtli baxışdır. Bu baxımdan biz dəyərlərimizə və təməl prinsiplərimizə sadiq qalmaq şərti ilə dövrü düzgün dərk etmək məcburiyyətindəyik. Hətta tarixdən miras qalan elmləri hazırkı dövrün xüsusiyyətlərini də nəzərə almaqla yenidən dəyərləndirməli, tədqiq və şərh etməliyik. Əksinə, dinin əsaslarına zidd olmayan hər növ yenilik və dəyişikliklərə qarşı çıxmaq, belə şərtli, birtərəfli baxışa sahib olmaq, üstəlik bunu mühafizəkarlıq naminə etmək açıq-aşkar ziyan və xüsrandır.

Halbuki, Qurani-Kərimdə belə ictihad və istinbat[4]a açıq, mühitdən asılı olaraq müxtəlif şərhlər verilə bilən yerlər vardır. Məsələn, təfsir elminin böyük alimi İbn Cərir Həzrətləri sələfi Mücahid b. Cəbr Həzrətləri kimi mötəbər şəxsiyyətlərdən fərqli olaraq, təməl prinsiplərlə ziddiyyət təşkil etməyən yeni və fərqli fikirlər irəli sürmüşdür. Ondan təxminən üç əsr sonra gələn Fəxrəddin Razi Həzrətləri isə təfsir elminə bir az da yeni fikirlər gətirmişdir. Əllamə Həmdi Yazıra baxsanız, çox fərqli şeylərlə qarşılaşarsınız. Onun sosiologiya, psixologiya və fəlsəfə kimi elmlər haqqında irəli sürdüyü fikirlər orijinal mahiyyətdədir. Qurani-Kərim kimi dəyişməz, sabit bir Kitabın müəyyən məsələləri belə şərh və təfsir olunursa, digər elmlərdə təməl prinsiplərlə ziddiyyət təşkil etməyən yeni fikir və yanaşmaları "yenilikdir" deyib bir kənara atmaq zərərli şərtli baxış və mühafizəkarlıqdan başqa bir şey deyil. Bu, bəlkə də, hazırkı halı-pürməlalımızın da əsas səbəblərindən biridir. Bəli, əgər bu gün başqalarının əmrləri ilə oturub-duran bir topluma çevrilmişiksə, bu acınacaqlı mənzərənin yaranmasında mühafizəkarlığın təsirini inkar etmək mümkün deyil. Hicri beşinci əsrdən elm və düşüncə sahəsində başlayan durğunluq və süstlük İstanbulun fəthindən sonra kulminasiya nöqtəsinə çatmışdır. Bu tarixdən sonra isə bəşəriyyət naminə çox ciddi işlər görə bilməmiş və "köhnə-yeni" qovğasında xırda məsələlərə bənd olub qalmışıq. Bu, çox mühüm məsələdir, mövzumuz olmadığına görə sizin elm və ürfanınıza həvalə edib keçirəm.

Şüuraltı və müsbət ön qəbullar

Şərtli baxışın bu kimi zərərli yönləri olsa da, faydalı cəhətləri də var. Məsələn, övladlarımıza şüuraltının formalaşdığı bir dövrdə − səviyyələrini nəzərə almaqla − iman və İslamın əsaslarına dair elmihal bilgilərini mənimsətmək faydalı metoddur. Şüuraltının formalaşma dövrü 0-5 və 0-7 yaş sayılsa da, bu, mütləq deyil, nisbidir. Zehnin fəal olduğu, ətrafı çox yaxşı dərk etdiyi və məlumatı aramsız beyinə həkk etdiyi dövr − yeddi yaşından sonra zəifləmə olsa da − on, bəlkə də, on beş yaşa qədər davam edə bilər. Bu dövrdə uşaqların mühakimə qabiliyyəti yetkin insanlarınkı kimi olmur, ona görə də mövzuları "niyə" və "nə üçün" məsələlərində çox dərinə girmədən açıq və dəqiq bir üslubla təqdim etmək böyük əhəmiyyət kəsb edir. Bəli, uşaqlara heç bir şübhə və tərəddüdə yol vermədən, qəti və dəqiq üslubla, "Allah birdir", "Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Onun Rəsuludur", "Haqq-Təalanın bəyanı Onun vasitəsilə bizə gəlmişdir", "Qədər vardır" kimi sağlam metodla əsas dini bilikləri öyrətmək lazımdır.

Bildiyiniz kimi, uşağın ana südü ilə qidalandığı, əmzik əmdiyi dövr, sizin kimi qaşıqla yemək yediyi dövr olduğu kimi, bərk qidaları dişi ilə qoparıb yediyi dövr də var. Bilən ana-atalar bu dövrləri nəzərə alaraq yaşına, başına görə uşağın qidalanmasında müəyyən dəyişikliklər edirlər. Bunun kimi, uşağın yaşından, dərrakəsindən asılı olaraq biliyin keyfiyyət və ağırlığı, verilmə metodu dəyişir. Uşaqlar böyüdükcə daha mürəkkəb biliklər verilir; mövzuların "niyə" və "nə üçün"ünə toxunulur, daha geniş izahlar verilir. Müəyyən dövrdə siz məsələnin məntiqi tərəfinə çox toxunmadan, yalnız "Allahın var olması" həqiqətini ifadə edərək mövzunu çatdıra bilərsiniz. Bu dövrdən etibarən uşaqlar qavradıqları bu mücərrəd həqiqətlərə cisim, cövhər, məkan donu geydirə bilirlər. Hətta yuxularda da görürlər. Sizin bəhs etdiyiniz Cənnət və Cəhənnəmin haqqında fantaziyalar qururlar. Lakin sonrakı dövrlərdə bu bəhs edilmiş mövzuları ağıl və məntiqlə isbat edib mövcud elmlərin işığında, əqli və məntiqi boşluq buraxmadan fərqli formatda yenidən izah etmək lazımdır. Bəlkə, bu da bir mənada şərtləndirməkdir. Amma bu şəxsin düşünüb, araşdırıb dəyərləndirdikdən sonra ağlının, araşdırmalarının və vicdanının "bəli" dediyi və bütün bunların təsdiqi ilə qəbul etdiyi şərtləndirmədir. Lakin yuxarıda da qeyd edildiyi kimi, xüsusilə şüuraltının formalaşdığı dövrdə bu üsulla haqq və həqiqətin izah edilməsi çox faydalıdır, hətta bir mənada zəruridir.

Çünki rahatlıqla demək olar ki, hazırda İslam coğrafiyasında insanların yaşadığı bəzi ruhi-mənəvi boşluqlar şüuraltı məlumatın formalaşdığı dövrün boş keçməsi ilə bağlıdır. Bəli, bir dövr gəldi ki, dini dəyərləri yaşayan valideynlər yoxdu, ya da öz işləri ilə məşğul olub uşaqlarını nəzarətsiz buraxdılar. Ev bomboşdu, küçə bomboşdu, məktəb bomboşdu, məscid də ruhsuz və mənasızdı. Bu müəssisələrin heç birində ağıla, məntiqə, hiss və həyəcana səslənən ciddi bir şey yox idi. Dolayısilə, bu nəsillərə "boşluğun uşaqları" kimi baxa bilərsiniz. Ona "ibnül-hala" və "ibnül-məla" da deyə bilərsiniz. Çünki onlar sahibsiz, rəhbərsiz qalıb boşluqda nəşət edən ("yetişən") talesiz bir nəsildir.

Halbuki şüuraltı məlumat insanın bir ömrü boyu qarşılaşdığı çətinliklərdə "xilasedici" rolunu oynayır. Çünki bəzən insan həyatın müxtəlif dövrlərində ağıl, məntiq və elmi ilə öhdəsindən gələ bilmədiyi məsələlərlə rastlaşır. Məhz belə hallarda insanın bir zaman güvəndiyi və rəhbər saydığı ana-ata və ya müəllimindən əxz edilən duyğu və düşüncələr imdada çatır. Bəli, insan evdə ana-atasından, məhəllədə məscid və məktəbindən sağlam bilik alıbsa, əldə etdiyi biliyi qovluq şəklində beyninin bir küncünə yerləşdiribsə, zənnimcə, çətin məsələlərlə rastlaşanda bu şərtli baxış çox faydalı olacaq və problem, vəsvəsə və tərəddüdlərin öhdəsindən gələcəkdir. Hətta bir vaxtlar şüuraltına toplanan məlumatlar bir boşluğu dəf etmək və ya bir dərəni keçmək üçün körpü rolunu oynayacaq. Onsuz da şüuraltı məlumatla ilk sarsıntını dəf edəndən sonra həmin məsələni ağıl və məntiqlə həll edib öhdəsindən gələ bilərsiniz. Məsələn, mütəxəssislərə müraciət edə, müxtəlif elm sahələrinə baş vura və məsələnin əslini, əsasını öyrənə, problemi həll edə bilərsiniz. Kim bilir, bəlkə də, çoxumuz həyatda qarşılaşdığımız bəzi boşluqları əvvəlcə ağıl və məntiq zəmininə oturda bilməmiş, ilk öncə ana-atamızdan öyrəndiklərimizlə həmin vəziyyətdən çıxış yolu tapmış, sonra da həmin məsələni məntiq və mühakimə zəminində həll etmişik. O halda biz bizə əmanət edilən uşaqların gələcəkdə insi və cinni şeytanların vəsvəsə toruna düşməməsi üçün şüuraltının formalaşdığı dövrü yaxşı dəyərləndirməli, bu mərhələdə heç bir boşluğa yol verməməliyik.


[1] Dərvişlərin çiyinlərinə saldığı və səccadə, yorğan və s. kimi istifadə etdiyi yun parçası, beldən yuxarı örtü

[2] Belə bağlanıb bədənin aşağı hissəsini örtən fitə və s.

[3] Birinci dərəcəli əsas mövzu

[4] Müctəhid və ya böyük bir alimin üstüötülü mənaları ictihadla ortaya çıxarması.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.