Müsibətlər Qarşısında Nəfs Mühasibəsi

Bədiüzzaman Həzrətləri bir məktubunda: "Mənim günahım Qurana xidmətimi maddi və mənəvi tərəqqimə, kamilliyimə alət etmək imiş" deyərək özünü qınayır, məzəmmət edir. Ustadın bu söz və yanaşmasını necə anlamalıyıq?

Əvvəla bir əsas qaydaya diqqətinizi çəkməklə sözə başlamaq istəyirəm. Böyük şəxslərin söz, hərəkət və davranışlarını onların ruh üfüqü və səviyyələrini nəzərə almaqla qiymətləndirmək lazımdır. Əks halda o böyük şəxslər haqqında səhv qənaətə gəlib yalnış nəticələr çıxara bilərik. Sualda qoyulan məsələyə bu nöqteyi-nəzərdən baxanda Bədiüzzaman Həzrətlərinə məxsus bu və buna bənzər söz və yanaşmalarının hər şeydən əvvəl onun mühasibə üfüqü və daxili hesablaşmanın (nəfsi sorğu-suala çəkmə) bir nəticəsi olduğunu görərik.

Mühasibənin Dinamikası

Şübhəsiz ki, möminin mühasibə duyğu və düşüncəsinə sahib olması, özünü haqq hesaba çəkməsi Quran və Sünnə baxımından çox mühüm bir düşüncə tərzidir. Bədiüzzaman Həzrətləri də dində çox əhəmiyyətli yeri və mövqeyi olan bu dinamikaları, hərəkətverici amilləri istifadə edərək məruz qaldığı bir çox bəla və müsibətlər qarşısında mətanətlə dayanmış və ömrünün sonuna qədər imana və Qurana xidmət mücadiləsini davam etdirmişdir. Sizin də bildiyiniz kimi o, öz ölkəsində sürgünlərə məruz qalmış.. həbslərlə təcrid edilmiş.. məhkəmə-məhkəmə gəzdirilmiş.. vətəndaş haqlarından məhrum edilmiş.. din, fikir və vicdan azadlığına maneələr törədilmiş.. əsarət zindanlarında zəhərlənmiş.. ən yaxınları ilə belə danışmasına icazə verilməmiş..  hərbi məhkəmələrdə cani kimi rəftar edilmiş.. xülasə: "Əgər dinim məni intihardan daşındırmasa idi, bu gün Səid torpaq altında çürüyüb getmişdi" deyəcək qədər bir çox əziyyətə və zülmə məruz qalmış bir insandır. Bəli, yaşadığı həyat təsdiq edir ki, o, dünyəvi həzz naminə heç nə dadmamış, duymamış, yaşamamış, əksinə min bir əzab-əziyyət içində ömür sürmüşdür. Şübhəsiz, bütün bunlar ona qərəzlə, haqsız yerə və zalımcasına edilmişdir. Bu qədər bəla və müsibət qarşısında belə o: "Niyə bunlar mənim başıma gəldi?", "Bu zalımlar niyə mənə zülm edirlər?", "Niyə bu müsibətlər yaxamı buraxmır?" demək əvəzinə, dərin mühasibə və daxili hesablaşması ilə "Deməli, mənim günahım Qurana xidmətimi maddi və mənəvi tərəqqimə, kamilliyimə alət etmək imiş" deyərək özünə yönəlir və tam təvəkkül, təslimiyyət içində mətanət nümayiş etdirir. Bu davranışda başqalarını günahlandırma, onlarla mübarizə etmə və – Allah qorusun – qəzavü-qədəri tənqid etmə kimi müsibəti ikiləşdirən düşüncələr yoxdur. Əksinə gələcək üçün sağlam və etibarlı addım atmağın təminatı vardır.

Qədər Mütləq Ədalətdir

Bədiüzzaman Həzrətlərinin bu yanaşma tərzini mənimsəyənlər, zənnimcə, həyatını doğru istiqamətə yönəltməkdə və faydalı şəkildə dəyərləndirməkdə ən önəmli yoldan birini tapmışlar. Belə insanlar çətinlik, bəla və müsibətlə qarşılaşanda əsl günahlandırılacaq, sorğuya çəkiləcək hədəfi tapmış və beləliklə, fikri aşınmaya uğramaqdan qurtulmuş olarlar. Bir az əvvəl də deyildiyi kimi, belə insanlar nə günahı başqalarında axtarar, nə taleyə daş atıb üsyan edər və nə də "Nə günahım vardı ki, bunlar mənim, yaxud yaxınlarımın başına gəldi?" deyə xoşagəlməz sözlərlə düşüncə sapmasına düşməzlər. Əksinə zahirən itki kimi görünən hadisələrdən hədsiz qazanc əldə edərlər.

Tənqidin ünvanını tapa bilməyən talesizlər isə başa gələn müsibətlərə görə ya başqalarını günahlandırır, ya da “sünnətullah” adlandırdığımız və hər kəs üçün etibarlı olan ilahi qanunlara qarşı açıq, yaxud gizli etiraz edərək qədəri tənqid etmə kimi təhlükəli bir zəminə sürüklənmiş olurlar. Bəli, insan bu cür fikir və mülahizəni kəlami-nəfsi ilə belə ürəyindən keçirsə, yenə də təhlükəli zəminə addım atmış sayılır. Çünki əsla unudulmamalıdır ki, insanlar zülm etsə də, qədər mütləq ədalət edir. Bu səbəbdən heç kimin qədəri tənqid etməyə haqqı yoxdur. Ustad Həzrətləri də: "İnsanların zülmlərində ilahi qədər təcəlli edər" deyərək bu mövzuya işarə etmişdir.

Məsələnin başqa tərəfi də budur: İnsanın başına gələn müsibətlərin özündən, öz nəfsindən bilməsi imanının kamilliyindən qaynaqlanar. Necə ki, Cənabi-Haqq Qurani-Kərimdə: "(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir" (“Nisa” surəsi, 4/79), "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər" (“Şura” surəsi, 42/30) kimi ayələrlə bu məsələyə işarə etmişdir. Bu və buna bənzər ayələrə baxanda və kainatda baş verən hadisələri incəliyinə qədər gözdən keçirəndə görəcəyik ki, bu hadisələrin heç biri təsadüf, başıboş deyil. Çünki bu hadisələrin başında onlara hökm edən bir Hakim və onları ən incə hikmətlərlə varlıq aləminə göndərən bir Hakim vardır. Bədiüzzaman Həzrətləri bir kamil insan kimi məruz qaldığı bütün əzab-əziyyətlərin səbəblərini kənarda deyil, öz daxilində, başqa sözlə Allah (c.c.) ilə olan münasibətində axtarmışdır.

İmana Xidmət və Bəsit Təmənnalar

Ustad Həzrətlərinin bu yanaşmasından belə bir nəticə də çıxara bilərik: insan imana, Qurana xidmət edərkən zehnini hər cür dünyəvi-üxrəvi mülahizədən, fikirdən təcrid etməli və yalnız Cənabi-Haqqın rizasına bağlanmalıdır. Yalnız Allahı diləməli və Rəsulun yaxınlığını ümid etməlidir. Bəli, ileyi-kəlimətullah yolunda xidmət etmək vəzifəmiz və qulluq borcumuzdur. Dolayısilə, bu xidmət Cənnətə girməyə və Cəhənnəmdən xilas olmağa belə alət olmamalıdır. Həmçinin, bu xidmət metafizik aləmləri müşahidə, dərin həzz və zövqləri yaşama kimi mənəvi və ruhani zövq və ləzzətlər üçün də vasitə edilməməlidir. Bəlkə, görülən işlərlə üxrəvi səadət və mənəvi məqamları qazanmağa çalışmaq bəzi insanlar üçün natamamlıq deyildir. Ancaq əkməliyyət, mükəmməllik və ətəmmiyyət (ən tam, ən bütöv) arxasınca olan xidmət qəhrəmanları bu cür mülahizələri bir nöqsan və qüsur saymalıdırlar. Dünyəvi arzular arxasınca getmək, təmənna güdmək isə, onsuz da, ixlasa tamamilə münafidir, ziddir, bununla dinin bu mövzudakı hökmü də aydındır. Bəli, Allah Məbudu-Mütləq olduğu üçün qulluq heç bir Ona əvəz ola bilməz. O Məqsuddur.. Mətlubdur.. Məhbubdur.. Məbuddur. O, istiqamətdir.. O, eşqlə, iştiyaqla yönəlinəndir.. O, tələb ediləndir.. O seviləndir.. O, ibadət ediləndir. Lakin qətiyyən: "Bunları bunun üçün etdim" deyilməməlidir. Çünki qulluq Allahın haqqı, bizim də vəzifəmizdir. Ustad Həzrətləri imana və Qurana xidməti maddi və mənəvi tərəqqilərə alət etməyi məhzurlu, qorxulu, qüsurlu sayır, hətta bunun bir günah olduğunu deyir.

Bunu da qeyd edək ki, Cənabi-Allahdan Cənnəti istəmək və Cəhənnəmdən Ona sığınmaq bu söylədiklərimizə zidd deyil. Biz hər gün dəfələrlə bunlar üçün əl açıb dua edirik. Çünki nə Cəhənnəm əzabına dözə bilər, nə də Cənnət məhrumiyyətinə tab gətirə bilərik. Axı necə dözə bilərik ki? O aləmdə Camalullahı müşahidə və Rəsulullaha yaxın olmaq ancaq Cənnətdə mümkün olacaqdır. Allahın ən böyük lütfü və ehsanı olan Rizvan da yenə Cənnətdə əldə edilə biləcək.

Bəli, Cənnətə girməyi, Cəhənnəmdən xilas olmağı əməllərə bağlamaq başqa şey, onları Allahın sonsuz lütfündən, əngin rəhmətindən təmənna etmək, tamamilə, başqa şeydir. Əslində əməllərlə Cənnəti qazanmaq mümkün olmadığı kimi, Cəhənnəmdən xilas olmaq da mümkün olmayacaq. Onlar yalnız Rəhməti Sonsuzun mərhəmət və şəfqəti ilə qazanılan nemətlərdir.

İman və Quran xidmətini bəzi füyuzat hislərinə bağlamaq da o səylərin mükafatını dünyada tələb etmək mənasına gəlir. Halbuki, belə bir təmənna insanın dar üfüqü və dünyanın darlığı içində istənilən bəsit bir tələbdir. Bayram günü ata uşağına: "Dilə məndən, nə dilərsən!" deyər. Uşaq da bir neçə oyuncaq, yaxud yoldaşların yanınada lovğalanmaq üçün bir cüt ayaqqabı istər. Əlbəttə ki, bu, o uşağın öz aləminə, uşaq dünyasına görə bir tələbidir.

Elə də insan axirətdə Cənnətləri, Camalullahı qazana biləcəyi sərmayə ilə burada bəzi dünyəvi, bəsit istəklər arxasınca olar və yaxud bir qisim ruhani zövq və həzlərin arxasına düşərsə, arzularını öz düşüncə darlığında məhkum edər; istək və tələblərini uşaqvari dünyagörüşünə təslim etmiş olar. Heç şübhəsiz, bu vəziyyət də o baqi mükafatı burada fənaya, heçliyə məhkum etməkdir.

Halbuki, xidmət Allah üçün edildiyinə görə çox qiymətlidir. Onun bir anı dünyaları qazanmağa yetər. Şan-şöhrət, dünyaya bağlanmaq kimi həvəslərə məğlub olub, ya da mənəvi zövqlərin arxasınca gedib o xidmətləri Allahın rizasında başqa şeylərə alət etmək, əlbəttə, onları dəyərdən məhrum etməkdir. Qulluq Şahi-Geylani, Həsən Şazəli olmağa da bağlansa, bu belədir. Lakin təmənnasızlığa görə, Cənabi-Haqqın bunları lütf etməsi Allahın fəzlindəndir və mövzumuzla qarışdırılmamalıdır.

Bədiüzzamanın Üstünlüyü

Başda da vurğulamağa çalışdığımız kimi, Ustad Həzrətlərinin: "Mənim günahımdır!" deməsi onun öz yüksək ruh üfüqü və həssas meyarları ilə məsələyə baxışının bir nəticəsidir. Çünki həyatı araşdırıldıqda görüləcək ki, o, təmiz bir mühitdə dünyaya gəlmiş, həmişə təmiz yaşamış və yaşadığı kimi də dünyasını dəyişmişdir. Başqalarının ancaq qırx-əlli yaşlarında çata biləcəyi şüur səviyyəsinə o hələ uşaq yaşlarında çatmış, gənclik illərindən iffəti ilə dillərdə dastan olmuş və çox erkən yaşda elm, mədəniyyət, idrak və bəsirəti ilə ətrafındakı insanların diqqətini çəkmişdir. Həyatına, iman və Quran mücadiləsinə baxanda onun hələ dünyaya mükəmməl qabiliyyətlərlə gəlməsini, gəlib bütün ömrünü Peyğəmbər varisliyi müstəvisində davam etdirməsini görmək olar. O, ağla sığmaz fədakarlıqları, heyrətamiz xidmət və səyləri əvəzində, hətta dünyəvi-üxrəvi heç bir təmanna  ummamış, gördüyü işləri heç bir istək və tələbə bağlamamış, həmişə müstəğni (gözütox) olub iffətli yaşamışdır. Belə ki, başqaları üçün məhzur, eyib olmayan bir çox şeyi özünə məhzurlu bilmiş və ixlasının mühafizəsi üçün çox çətin, əzab-əziyyətli və çox həssas bir həyat yaşamışdır.

Bu istiqamətdə ömür sürrən bir insan əgər "Mənim günahım Qurana xidməti maddi və mənəvi tərəqqimə, kamilliyimə alət etmək imiş" deyirsə, bu ifadəni səthi dünyagörüşlə deyil, daha fərqli bir üfüqdən qiymətləndirib şərh etmək, arxasında daha fərqli mənalar araşdırmaq lazımdır. Məsələyə belə bir imani nəzərlə baxılanda belə təsbir edə bilərik:

Görüntü xatirinə etmə, mükafatı dərhal alma, müəyyən füyuzat hislərindən istifadə etmə kimi maddi və mənəvi arzu və təmənnalar hər insanın mahiyyətində potensial olaraq mövcuddur. Ustad Həzrətləri də hər bəşərdə olan bu duyğuların öz  təbiətində də varlığını müşahidə etmiş və ilk mərhələdə, təxəyyül və təsəvvür mərhələsində onlarla ciddi mübarizəyə girişmiş, belə demək olarsa, onların ipini çəkmiş, boy atıb inkişafına imkan verməmişdir. Qənaətimcə, Ustad Həzrətlərinin yanaşmasını potensial bir təhlükəyə qarşı ortaya qoyulan mübarizə şəklində anlamağımız daha doğru olar.

Üstəlik yuxarıdakı ifadəyə bizə xitab edən bir xəbərdarlıq nəzərilə baxmaq mövzunun doğru başa düşülməsində əhəmiyyətlidir. Bu səbəblə Ustad Həzrətləri həmin bəyanında hər nə qədər özünə xitab etmiş, özünü nəzərdə tutmuşsa da, biz o sözü bizə xitab edirmiş kimi oxumalı, özümüzə dərslər çıxarmalı, iman və Quran xidmətini, nəinki dünyəvi arzu-istəklərə, üxrəvi arzulara belə alət etməməyin zəruriliyini anlamalıyıq. Bəli, bu və buna bənzər ifadələri örnək insanların bizə nümunə olması aspektindən oxuyub dəyərləndirmək həm daha sağlam, həm də doğru bir düşüncə tərzidir. Mövzunu belə anlamamaq isə Həzrəti Ustadın ömrünü həsr etdiyi Quran xidmətini maddi və mənəvi kamilliyinə alət etdiyini düşünmək deməkdir ki, Allah qorusun, bu çox böyük bir yanlış və günah olar.

Nəticə olaraq, Həzrəti Ustad düçar qaldığı əzab-əziyəti, müsibət və sınaqlar qarşısında daima özünü sorğu-suala çəkmiş, zalımda, zülmdə ədalətli qədəri müşahidə etmiş, bu səbəblə də nə qədəri tənqid etmiş, nə də kimisə günahlandırmışdır. Günahlandırmaq bir tərəfə, həqiqət nurunun imana möhtac könüllərdəki təsirini gördükcə onu şəhər-şəhər, kənd-kənd dolaşdıranlara, zindanlarda yer hazırlayanlara haqqını halal etmişdir. O, heç bir şəkildə ülvi həqiqətləri öz şəxsinə alət etməmiş, iman və Quran xidməti əvəzində maddi-mənəvi heç bir təmənna ummamış, əksini ixlasın zədələnməməsi, o pak həqiqətlərin bəzi nəfsani mülahizələrlə kirlənməməsi üçün nümunəvi iradə ortaya qoymuş və beləcə xələflərə rəhbər və nümunə olmuşdur. Bu səbəblə ömrünü İslamiyyətə həsr etmiş şəxsiyyətlər xidmətlərini yalnız Haqq rizası üçün edib, özlərini unuda bildikləri nisbətdə, səviyyədə Həzrəti Ustadı nümunə götürmüş, haqq və həqiqətə tərcümanlıq etmiş sayılırlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.