Müxtəlif mədəniyyətlər və təməl prinsiplər

Sual: Dinin şərh edilməsində və ümumi mülahizələrin formalaşmasında siyasi, ictimai və iqtisadi mühitin müəyyən təsirləri var? Müxtəlif mədəni mühitlərdə yaşayanlar sözügedən şəraitin təsiri ilə yanlış anlayış və şərhlərə yol verməmək üçün hansı xüsuslara diqqət etməlidir?

Cavab: Dinin təməl mənbələri Qurani-Möcüzül-Bəyan və Sünneyi-Səhihədir. Bu iki təməl qaynaqda imana dair əsaslar, ibadətü-taətin prinsipləri və möhkəmat[1] məsələləri ehtiva olunur. Bu əsas və prinsiplər haqqında nəssin[2] müəyyənləşdirdiyi çərçivə xaricində şərh vermək, təvilə cəhd etmək mümkün deyil, qəbuledilməzdir.

Ancaq imana və Qurana xidmət naminə və ya insanlarla münasibət və ictimai mövzular üçün füruata[3] aid bəzi məsələlər var ki, təfsir[4] və təvilə[5] açıq olan bu məsələlərdə şərtlərə və konyuktura görə müəyyən fərqlər ortaya çıxa bilər. Yanlış anlaşılmasın, bu tarixilik[6] mənasında hökmü şərtlər, konyonktur, məsləhət[7]… kimi xüsuslar əsasında vermək demək deyil. Çünki hökmün kökü, haradan qaynaqlanması məsələsində əsas olan ilahi əmrdir. Bunun əksini düşünmək, Allah qorusun, insanı heç fərqinə varmadan inhiraf dəryalarına sürükləyər. Ancaq təməl prinsiplərə bağlı qalmaq şərtilə, ikinci dərəcədə ədilleyi-şəriyyə[8] kimi qəbul edilən məsləhəti-mürsələ[9], istehsan[10], istəshab[11]… kimi dəlillərlə təvil və şərhə açıq bəzi füruata aid məsələlərdə fərqli ictihad[12] və istinbat[13] etmək mümkündür və bu da bəşəriyyətə xitab edən ən son və cahanşümül İslam dininin bir xüsusiyyətidir.

Problemlər və üsuliddin prinsipləri

Ancaq insanın problemlərlə üzləşərkən Kitabı, Sünnəni, icmanı[14], qiyası[15] bilmədən və bu mövzuda fiqh kitablarında füqəhanın nə deyib-nə demədiyini öyrənmədən özbaşına hərəkət etməsi, bir söz söyləməsi, əlbəttə ki, doğru deyil. Bu kimi hərəkətlər doğru olmamaqla yanaşı, insanın dini və diyanəti üçün ciddi mənada təhlükədir. Bu səbəblə, bir mövzuda fikir söyləmək üçün əvvəla üsul və füru ilə bağlı təməl qaynaqları çox yaxşı bilməliyik. Sonra da səhabə, tabiun, müctəhidi-əzəmlərin və ya İmam Qəzali, İzz b. Abdissalam, Şatibi və Ustad Bədiüzzaman kimi böyük şəxsiyyətlərin bu mövzuda fikirlərini araşdırmalı, onların görüş və düşüncələrinə müraciət etməliyik. Bu baxımdan rahatlıqla deyə bilərik ki, tələb olunan vəsflərlə ittisaf[16] etmədən, sadalanan bu xüsuslara müttəli olmadan onlarla bağlı heç bir tədqiq və təhqiq aparmadan, "Bu məqamda belə də hərəkət etmək, olar" deməyə heç kimin haqqı yoxdur, ola da bilməz. Bəli, dini məsələlər kor-koranə müzakirə ediləcək mövzular deyil. Dedikləriniz Kitaba, Sünnəyə, ümmühata və möhkəmata mütləq uyğun olmalıdır.

Məhz bundan sonra müxtəlif zaman, məkan və vəziyyətdə ictihada açıq bəzi füruat məsələlərindən yeni mənalar çıxarmaq olar. Məsələn, Hz. Pirin təqva üçün müəyyən etdiyi çərçivə onun dövrünə qədər təqvaya verilən təriflərdən müəyyən qədər fərqlənir. Bildiyiniz kimi o, yaşadığı dövrə əsasən fərzləri yerinə yetirib kəbairi (böyük günahları) tərk edən insanın təqva dairəsinə daxil olduğunu söyləmişdir. Bunu da öz dövrünün ağır şəraiti ilə əsaslandırmışdır. İstəsəniz, bu tərifi belə aça bilərik: elə bir dövrdür ki, ev-eşik, küçə-bazar - hər yer günah çirkabına bulaşıb, hər yandan kir-pas axır. Belə bir dövrdə siz insanlara nəinki "haramları tərk edin", "haram olar" deyə "şübhəli şeyləri, hətta bəzi mübahları da tərk edin" desəniz, onlar bunu "məcburi xəlvət" mənasında başa düşər. Çünki belə bir dövrdə insan əlini-dilini, gözünü-qulağını günahlardan qorumaq üçün İbn Bəşiş kimi bir mağaraya çəkilməli, tək-tənha həyat yaşamalı, ömrünü orada keçirməlidir. Halbuki haqq-həqiqəti bu şəkildə təbliğ etmək olmaz, həyata nüfuz etmək olmaz, din-diyanət naminə insanlara əl uzatmaq olmaz. Buna görə, Ustad Həzrətləri fərzləri yerinə yetirib, kəbairi tərk edənin təqva dairəsinə daxil olacağını deyir.

Müasir insanı ümidsizlikdən qurtarıb təqvaya təşviq edən bu sözlər kor-koranə deyil, səmimi şəkildə dilə gətirilmişdir. Bəli, ətraflı araşdırma aparılsa, bu və bu kimi sözlərin bir əsası olduğunu və məsələnin qiyasla əsaslandırıldığını görmək olar. Lakin bizim kimi ümmi insanların əsaslı biliyə söykənmədən, bir üsul və metod izləmədən, qarşıya çıxan bir məsələ barədə kor-koranə fikir yürütməsi, məsələni hüdailikdən həvailiyə çevirər. Bu kimi hərəkətlər insanın dini kefinə görə, həvaü-həvəsinə uyğun şəklə salması deməkdir. Əlbəttə, insan belə bir yanlışla heç vaxt Allaha çata bilməz, Ona müstəqim qulluq edə bilməz.

İttiham etmədən əvvəl tədqiq et!

Bunu da unutmamaq lazımdır ki, belə bir yanlışı düzəltməyə çalışarkən düzgün yol və üslub seçilməsə, daha böyük səhvə yol verilə bilər. Məsələn, möminlər üçün böyük əhəmiyyət daşıyan vəhdət ruhu, vifaq-ttifaq kimi əsaslara xələl gətirən günahların işlənməsi mümkündür. Buna binaən başqa bir coğrafiyada üzləşdiyimiz fərqli bir anlayış və üslub qarşısında dərhal bu anlayışa sahib insanı ittiham edib günahlandırmamalıyıq. Əvvəlcə həmin anlayışın hər hansı bir əsasa bağlı olub-olmadığını araşdırıb tədqiq etməliyik.

Bu tədqiq və təhqiqdən sonra məlum olsa ki, həmin anlayış dinin ruhuna ziddir, təməl prinsiplərinə təzad təşkil edir, o zaman oturub məsələni soyuq ağıl və obyektiv şəkildə usuliddin meyarları ilə təkrar müzakirə etmək lazımdır. Yoxsa qaş düzəltdiyimiz yerdə vurub göz çıxararıq. Üstəlik bir şəxsin iradə zəifliyindən elədiyi xəta və günahlar qətiyyən oradakı bütün insanlara şamil edilməməlidir. Dəfələrlə ifadə etdiyim kimi, həvaü-həvəsə meyilli bir yoldaşınızı parklarda, küçələrdə görəndə, məncə, üzünüzü çevirin, özünüzü görməzliyə vurun və oradan uzaqlaşın. Çünki fərdin işlədiyi bir günah ümuminin haqqına zərər verəcək mahiyyətdə deyilsə, həmin şəxsin etdiyi xidmətlərdən uzaqlaşmasına səbəb olmaq, bu kimi hərəkət və davranışlara yol vermək qətiyyən doğru deyil və bunlar ağır vəbaldır. Biz Allaha təslimiyyət və sədaqətə əmr olunduğumuz kimi, qardaşlarımıza da vəfa və sədaqət göstərməyə mükəlləfik, borcluyuq. Əgər, ayağının ucunu günah hüduduna qoyan bir insanı dərhal silib atsanız, ətrafınızda silib atılmacaq heç kim qalmaz. Üstəlik bu mövzuda meyar qoyulmasa, eyni yolun yolçusu belə bir-birinin casusuna çevrilər, öz yoldaşları haqqında, "Baxaq görək, səhv addım atırmı-atmırmı?" deməyə başlar. Bu baxımdan bu yolun ədəbindən biri də səhvləri görməməkdir. Bu meyar qulağa sırğa edilməlidir. Həzrəti Piri-Muğanın İxlas və Üxuvvət risalələrində, Lahikalarda dönə-dönə bu məsələni vurğulaması da bizə bu həqiqəti ifadə edir.

"Bu gün yenə mənə moizə oxudun!"

Əgər edilən xəta göstərilən fəaliyyətlərin əsasını zədələyəcək, ziyan gətirəcək, onun ruhuna zərər verəcək mahiyyətdədirsə, bu zaman məsələni məqbul şəkildə müzakirə etmək, həmin şəxsə xəbərdarlıq edib onu bu işdən uzaqlaşdırılmağa çalışmaq lazımdır. Bunu da Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) üsuluna uyğun yerinə yetirməliyik. Bildiyiniz kimi O, sözü ümumi və ümumiyə söyləyir, şəxslər də ümuma deyilənlərdən dərs götürür və buna uyğun hərəkət edirdilər. Bu gün də, deyək ki, namünasib yerdə gəzən bir nəfər xəbərdar ediləcəksə, ümuma xitab edərək həmin şəxsin də dərs alması təmin edilməlidir. Məsələn, "Qəribədir, burada gəzib-dolaşmaq, təmiz hava almaq imkanı ola-ola bəzi insanlar namünasib yerlərdə gəzir-dolaşır!" demək olar. Rəhmətlik Hacı Kamal: "Xocam, bu gün sən yenə mənə moizə oxudun. Yenə mənə yaxşı dərs verdin!" deyərdi. Halbuki mən heç bunu ağılımdan keçirməmiş, onu qəsd etməmişdim. Deməli, o, mənim sözlərimdən özünə dərs çıxarır və götürəcəyini götürürdü. Bu baxımdan, məncə, yoldaşlar qarşılıqlı bir-birini günahlandırmamalıdır. Dediyimiz kimi, əgər bir problem varsa, hissi davranmadan ağılla, məntiq və inandırma metodu ilə səhvləri aradan qaldırmaq lazımdır. Haris əl-Muhasibi Həzrətlərinin ifadəsi ilə problemlər Quran əqliliyi və məntiqi ilə həll edilməlidir.

Yeni inkişaflar və şəxsi mülahizələr

Bəli, bu gün xalqımız dünyanın dörd bir tərəfinə yayılmış və inkişafa, yeni açılımlara səbəb olmuşdur. Əlbəttə, bu da müxtəlif toplum və coğrafiyalarda yeni-yeni məsələlərlə qarşılaşmaq deməkdir. Bu yerdə məfkurə mühacirlərinin öz təməl prinsip, təməl düşüncə və təməl qaydalarına zidd hərəkət etməməli, nəyə, necə inanırsa üsuluna uyğun açıq şəkildə ortaya qoymaqdan çəkinməməlidir. Çünki müxatəblərimizi əndişələndirməyək deyə məsələn, namaz kimi bir ibadəti gizlin-gizlin əda etməyə çalışsaq, niyyətimizə əks münasibətlə qarşılaşar, yanlış anlaşılar; nəticədə insanları yersiz əndişələndirərik. Düzü inanmıram ölkəmizdəki bəzi mütəmərridlər kimi, başqa coğrafiyalarda kimlərsə namaz qıldığına görə insanımızı ölkədən qovsun. Bu baxımdan müxtəlif mədəniyyətə mənsub coğrafiyalarda olduğumuzu düşünərək "Bu mühit belə tələb edir" deyib hal-hərəkətlərimizi şəxsi mülahizələrlə müəyyənləşdirməməliyik. Bunun əvəzinə həm dini, həm sözügedən coğrafiyanın şəraitini, şərtlərini çox yaxşı bilən, illərlə orada yaşayan, təcrübəli insanlarla görüşüb onlardan məsləhət almaq olar. Bu istişarədən (məsləhətləşmədən) səhv qərar çıxsa belə, əfv olunar. Bəli, üzləşdiyimiz problemlərlə bağlı qırx-əlli il o yolda olan, o işin içində bişmiş təcrübəli şəxslərin fikirlərini öyrənsək, səhv nəticə ortaya çıxsa da, bu səhv ictihad xətası olduğuna görə, inanıram ki, Allah (cəllə cəlaluhu) o səhvi bağışlayar.

Məsələn, deyək ki, xaricdə yaşayan bir insanımız yaşadığı bölgədə həm İslamiyyət, həm də Türkiyə haqqında qərəzli fikirlər və səhv anlayışlar olduğunu görür və bundan çox kədərlənir. Bu insan dəyərlərini, gözəllikləri tanıtmaq üçün müxtəlif vasitələri dəyərləndirə bilər. Məsələn, bir ad günündə müxatəblərinin könlünü qazanmağı düşünə bilər. Lakin bu gözəl düşüncə və niyyəti həyata keçirərkən belə dəyərlərimizə zidd hal-hərəkətə yol verməməli, kimliyimiz sayılan o dəyərlərə sadiq qalmalıyıq ki, -Allah qorusun- bizdən nəsə qoparıb aparmasın; qoparıb aparmasın və müxatəbimizin könlündə də müsbət və təsirli hislər oyatsın.

Bəli, könülləri fəth etmək, ruhlara nüfuz etmək, qəlblərə gözəllik pıçıldamaq əgər belə bir vəsilə ilə mümkündürsə, bunu ilahi əxlaqın tələbi olaraq etməliyik. Çünki Cənabi-Haqq: "Qulum Mənə bir qarış yaxınlaşsa, Mən ona bir arşın yaxınlaşaram. O, Mənə bir arşın yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona qaçaraq gələrəm" (Buhari, Tevhid 50) buyurur. Elə isə bizim vəzifəmiz də ilahi əxlaqla "əxlaqlanaraq" təməl prinsiplər çərçivəsində hər cür yaxşılıq və ehsanda öndə olmaq, hər imkanı dəyərləndirmək, sürətli hərəkət etmək və əsla ləng tərpənməməkdir.


[1] Mənası açıq, təvilə (iki mənadan birini seçmək, ona meyil göstərmək) ehtiyac olmayan. Başqa bir mənaya ehtimal olmayan açıq dini əsaslar.

[2] Quran və hədisdə olan açıq, dəyişməz hökmlər.

[3] Haqqında dəqiq hökm olmayan ictihada bağlı dini məsələlər. Məsələn, namaz və dəstəmaz dinin əsaslarıdır. Dəstəmazda başın neçə hissəsini məsh etmək məsələsi isə füruatdır.

[4] Deyilən sözün əsl mənasını kəşf etmək.

[5] Zahirən bir-birinə yaxın iki ehtimaldan birinə yönəlmək.

[6] Tarixilik yanaşma metodudur. Tarixiliyə görə, bilgi və dəyərlər izafidir. Buna görə, müəyyən dövrə aid biliklər, hüquqi və əxlaqi dəyərlər həmin dövrün xüsusiyyətlərini özündə əks etdirir. Dolayısilə, tarixiliyə görə mütləq həqiqət və yeganə doğru yoxdur. Pozitiv elmlər araşdırmalar nəticəsində inkişaf etdiyi kimi, əxlaq, estetika və hüquq da mütəmadi təkmilləşir.

[7] İnsanlar üçün faydalı olan şeyi həyata keçirmək, bunları qorumaq və insanlardan zərərli olan şeyləri uzaqlaşdırmaq.

[8] Şəriətin dəlilləri, əsasları. Bu fiqhin təməl istinadgahıdır. Bunlar Kitab (Quran), Sünnə, İcma və Qiyasdır.

[9] İnsanların faydasına olan şeyləri həyata keçirmək, bunları qorumaq və insanlardan zərəri uzaqlaşdırmaq. Məsləhət.

[10] Qiyası tərk edib insanlar üçün ən uyğun olanını almaq, fərd və ya toplum bir problemlə üzləşərkən müsamihə, rahat yol və rüxsətlə hərəkət etmək. Deməli istinsah, rahat yolu təmin etmək üçün çətin yolu tərk etməkdir.

[11] Keçmişdə sabit olan bir hökmün sonradan dəyişməsi haqqında məlumat yoxdursa və ya dəyişdiyinə dair bir dəlil tapılmırsa, olduğu kimi qalmasına hökm etməkdir.

[12] Qiyas və s. yollarla hökm çıxarmaq.

[13] Fiqhin prinsiplərinə əsasən hökm çıxarmaq.

[14] Müctəhid və din alimlərinin Kitab və Sünnəyə istinadən verikləri hökmün təsdiqlənməsi.

[15] Hökmü haqqında nəss (ayə və ya sünnə) olmayan bir məsələni, aralarındakı ortaq səbəb-nəticə münasibətinə və ya xüsusiyyətinə görə, hökmü barədə nəssi olan, hökmü nəss ilə təsdiqlənən bir məsələ ilə müqayisə edərək hökm vermək.

[16] Vəsflənmək

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.