Qəlbim Yatmaz!..

Sual: Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) "Mənim gözlərim yuxuya getsə də, qəlbim yatmaz!" sözünü necə anlamalıyıq?

Cavab: Həzrəti Aişə (r.a.) anamız İnsanlığın Fəxri Peyğəmbərimizdən (s.ə.s.) bir dəfə: "Ya Rəsulallah! Vitr namazını qılmadanmı yatırsınız?" -deyə soruşduğunu və Allah Rəsulunun "Ya Aişə! Şübhəsiz, mənim gözlərim yuxuya gedər, lakin qəlbim yatmaz!" buyurduğunu demişdir.

Gecə İbadəti və Vitr Namazı

Həzrəti Peyğəmbər Əfəndimizin (s.ə.s.) "Qəlbim yatmaz" deyişinə səbəb olan sualı (səbəbi-vücud) nəzərə alanda, Allah Rəsulunun (s.ə.s.) bu sözü bir az istirahət edəndən sonra qalxıb təhəccüd (işa namazını qılıb bir miqdar yatdıqdan sonra qalxıb qılınan çox fəzilətli bir namaz) və vitr namazını qılmaq üçün oyaq yatdığını ifadə etmək üçün söylədiyi aydın olacaqdır.

Bir hədisi-şərifdə, "Gecənin sonunda oyana bilməyəcəyindən qorxan, gecənin əvvəlində (gecə namazından sonra) vitr namazını qılsın, sonra yatsın! Gecə qalxa bilən isə vitri o zaman qılsın! Çünki gecənin sonundakı qiyamda rəhmət mələkləri hazır olur." buyurulmuşdur. Başqa bir peyğəmbərkəlamında da:"Ən son qıldığınız namaz vitr namazı olsun." deyilmişdir. Beləliklə, gecə oyana bilənlər üçün vitr namazını sonraya saxlamaq daha fəzilətlidir. Digər tərəfdən, təhəccüdə qalxmaq üçün məcburedici bir amil olsun deyə vitri sonraya saxlamaq və vacibi qılmaq məqsədi ilə gecə məcburi qalxaraq bir neçə rükət nafilə namaz qılmağa səy göstərmək gecə ibadətini vərdiş halına gətirmək üçün mühüm bir səbəbdir.

Hikmətin Dili-Fasehi Əfəndimizin (s.ə.s.) qəlbinin hər zaman oyanıq olduğunu deməsi onun gecə ibadətinə qalxa bilməmək kimi bir narahatlılığın olmaması, bir az istirahət etmək üçün gözlərini yumsa da, mübarək könlünün namaz həyəcanı ilə həmişə oyanıq olması və vitr namazını, ümumiyyətlə, təhəccüddən sonra qıldığı mənasına gəlir.

Daimi Mənəvi Rahatlıq və Yəqzan

Ümumiyyətlə, Rəhbəri-Əkməl Əfəndimizin (s.ə.s.) həyatına baxanda isə; "Qəlbim yatmaz" bəyanından Onun xüsusi mövqeyinə və o mövqeyə xas bir mahiyyətə sahib olduğunu anlamaq lazımdır. Bəli, Cənabi-Haqq Həzrəti Peyğəmbər Əfəndimizə (s.ə.s.) elə bir təbiət bəxş etmişdi ki, O hər an, hətta gözlərini yumub istirahət edəndə də Rəbbinin hüzurunda imiş kimi könül üfüqündə həmişə o dərgahın ədəbinə riayət edirdi.

Əslində, Məhəmməd (s.ə.s.) ümmətindən bəzi şəxsiyyətlər Cənabi-Haqla münasibəti bir anlıq kəsilsə, həlak olacaqlarına inanar. Nə vaxt, Onunla əlaqənin azca pərdələndiyini hiss etsələr və müvəqqəti dumana qərq olsalar tir-tir əsər, qorxardılar. Bir ömür boyu Onu görürmüş kimi ya da heç olmasa, Onun nəzarətində olma şüuru ilə yaşayıblar. Xələflərinin qəflətdən bu qədər uzaq olmaları nəzərə alınsa, Sultanlar Sultanının (s.ə.s.) gözlərini yumduğu zamanlarda belə əsla qəflətə düşməyəcəyini daha yaxşı anlayacağıq.

Bəli, Allah Rəsulu (s.ə.s.) çox fərqli bir mahiyyətə sahib idi və çox fərqli bir "maallah (Allahla bərabər olma)" həqiqətinin üfüqünü təmsil edirdi. Başqa sözlə, O, cismani olaraq yuxuya gedərkən də qəlbi ilə həmişə oyaq idi. Təsəvvüfdəki ifadə ilə "yəqzan" Onun (s.ə.s.) daimi halı idi.

Lüğəti mənası “oyanıqlıq” olan yəqzan; termin olaraq Haqqın əmr və qadağaları qarşısında hazır və həssas olmaq; müxtəlif mövqe və təbəqələrdə həmişə fikri və ruhi istiqaməti mühafizə etmək, tərəddüdə, şübhəyə düşməmək və həmişə bəsirətlə ibadət ədəbini qorumaq mənalarına gəlir.

Könlün yəqzanı isə, Haqqın hər an qullarının hər halına bələd olduğu şüuru ilə, hiss, idrak, iradə və qəlbən Ona yönələrək və həmişə İlahi dərgahın ədəbini nəzərə alaraq yaşamaqdır.

Bəli, daim Haqqın dərgahına mütəvəccöh olmaq və "O hər an məni gördüyünə görə, mən də hər an təmkinli olmalıyam" mülahizəsi ilə Ondan gələn nemətləri gözləmək mütəyəqqiz (oyanıq, ayıq-sayıq) qulun hər zamankı halıdır və belə bir haqq yolçusu ömür boyu Cənabi-Haqqın riayət və inayəti altındadır. Bu mənsəbin ən böyük qəhrəmanı Həzrəti Peyğəmbər Əfəndimizin (s.ə.s.), "Mənim gözlərim yuxuya gedər, qəlbim yatmaz" bəyanı ilə bax belə bir yəqzani-daimiyə işarə etmişdir.

Könül Oyanıqlığı Əsasdır

Peyğəmbər Əfəndimizin (s.ə.s.) mütəmadi yəqzanda olması mükəlləfiyyət baxımından da Onun hal və hərəkətinə əks etmişdir. Allah Rəsulunun (s.ə.s.) qəlbi daima oyanıq olduğuna görə -bu yalnız ona xas keyfiyyətdir- yuxudan oyandıqdan sonra dərhal namaza durduğu barədə rəvayətlər var.

Həzrəti İbn Abbas (r.a.) Rəsuli-Əkrəmin (s.ə.s.) yanında namaz qıldığı bir gecədən danışarkən "Namazını bitirincə yana söykəndi və yatdı. Hətta nəfəs alıb-verməsi də yuxuda olduğunu deyirdi. Bir müddət sonra Bilal (r.a.) gələrək səhər namazının vaxtının girdiyini xəbər verdi. Bunu eşidən Allah Rəsulu məscidə gedib namazını qıldı, lakin dəstəmaz almadı," demişdir. Deməli, Fəxri-Kainat Əfəndimizin (s.ə.s.) mübarək qəlbi yuxu da daxil hər an dəstəmazından əmin olacaq və dəstəmazının pozulub pozulmadığını biləcək qədər oyanıq idi.

Digər tərəfdən, insanın yatması, ya da oyaq olması mütləq gözlərinin açıq, ya da qapalı olmasına bağlanmamalıdır. Gözü açıq olub könlü yatan bir çox insan var. Gözlərinin olmasına baxmayaraq, görə bilməyən, qulaqları olduğu halda eşidə bilməyən və maddi bir ürək daşısa da, həqiqətləri anlaya bilməyən bir çox insan olduğunu Qurani-Kərim çox yaxşı ifadə edir.

Əslində, həqiqi görmə yeri qəlbdir. “Qəlb gözünün açıqlığı” da deyə biləcəyimiz bəsirət sayəsində insan, ilahi təcəllilərlə nurlanıb Zati-Üluhiyyətin ünsiyyət ziyası ilə sürmələnmiş şüura sahib ola bilər. Bu şüurla da o, dəlil və şahidə ehtiyac duymadan əşyanın pərdəarxası sirlərinə və ağılın qavraya bilmədiyi yerlərdə həqiqətlər həqiqətinə qovuşar.

Buna görə də, sıravi insanlar üçün qəflət sayılan yuxu belə İnsanlığın İftixarı Peyğəmbərimiz (s.ə.s.) üçün mənəvi aləmlərə gedən yol olmuşdur. Çünki Onun xəyalı həmişə dumduru, yuxuları da səhihdi. O, gözləri qapalı olanda belə bəsirətlə görünməzləri görür, hadisələri hikməti ilə süzür və hər şeyi qiymətləndirirdi. Hətta Allaha yaxınlığın dərinləşdiyi və tamamilə dünyaya qarşı qapandığı anlar Onun duyma, görmə, dərk etmə və qiymətləndirməsinin ən yüksək olduğu zamanlar sayılırdı. Masivadan (Allahdan qeyri hər şey) tamamilə əlaqəsini kəsdiyi hallarda vəhy gəldiyi çox olardı. Allah Rəsulu (s.ə.s.) belə halda ikən nazil olan ayələrin bir sözünü belə hədər etmir, bəzən bir cüz qədər ayələri bir anda sözbəsöz yaddaşına həkk edərdi. Halbuki, o əsnada özünə toxunulsa, fərqinə vara bilməyəcək qədər xarici aləmə qarşı qapalı olurdu, lakin şüuru fövqəladə dərəcədə oyaq idi.

Beləliklə, Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) gözləri yuxuya getsə də, ürəyi heç yatmazdı; bəlkə zahiri və cismani duyğu orqanlarının müvəqqəti işləmədiyi anlar olardı, lakin daxili idrak hissləri hər zaman fəal idi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.