Qəmgin qəlbin ağlayışı

Fəthullah Gülən: Qəmgin qəlbin ağlayışı

Sual: "Bəzən qəmgin bir qəlbin göz yaşları hörmətinə Allah bütün aləmə mərhəmət edər" deyə buyurulur. Bu gün kifayət qədər iztirab və dərd çəkə bilmirik. Bunun səbəbi nədir?

Cavab: Həzrəti Adəmdən bu günədək bəşəriyyətin üzləşdiyi bütün fərdi, ailəvi, ictimai problemlərin kökündə insan faktoru dayanır. Bu gün cərəyan edən anarxiya, zülm, fitnə-fəsad və böhranların kökündə də insan amili var. Bütün problemlər hərlənib fırlanıb insanda düyünlənir. Bu problemlərin bir həlli var, o da insana vəhy və vicdan əsaslı bir tərbiyə sistemi ilə baxmaqdır. Əks halda heç bir şərarət, zəlalət, səfahət və səfalətin qarşısını almaq mümkün deyil.

Quyunun dibinə düşdüyünü anlamaq

Bəli, bu gün bəşəriyyətin ən böyük problemi insana laqeyd yanaşılmasıdır. Görəsən, neçə nəfər bu problemi dərindən hiss edir və onun iztirabını çəkir? Təəssüf ki, əksəriyyətimiz eyni mühitdə olduğumuza görə, yer üzünü qovuran bu səfahət və səfalətin, bu sapqınlıq və tənəzzülün miqyasını və böyüklüyünü dərk etmirik.

Sizə sadə bir misal verim: Mən bir müddət şəhərdə qaldıqdan sonra kəndə dayımgilə getmişdim. Qapıdan içəri girən kimi yanan təzək qoxusunu hiss edib "nə pis iy verir" dedim. Bunu eşidən dayımın nəvələri arxadan mənə güldülər. Çünki uşaqlığımda bir aya yaxın mən həmin evdə qalmışdım, amma heç vaxt bundan narahat olmamışdım.

Həzrəti Mövlana da “Məsnəvi”sində dabbaq dükanının pis qoxusuna öyrəşən sonra ətriyyatçıya gedən bir insanın orada bayılmasından danışır. Həzrət bu hekayə ilə bizə pozulmuş xarakterin halını göstərməyə çalışır. Biz doğulub boya-başa çatdığımız mühitə elə öyrəşmiş, elə alışmışıq ki, insanı insanlığından utandıran mənzərələr qarşısında belə zərrəcə xəcalət və əzab çəkmirik. Bütün mənfilikləri və səhvləri normal görürük. Bir şairin dediyi kimi;

Tox olan cümlə aləmi tox sanır.
Ac olan aləmdə əkmək yox sanır.

Bunun kimi biz də ağrını hiss edib fərqinə varmadığımıza görə, vicdanən "yetər" demir, silkinib belimizi dikəltməyə çalışmırıq. Çünki insanın yaşadığı mühit və şəraitin özünəxas bir boyası, insibağı vardır. Bu insibağ insanın gözünə, qulağına, burnuna, ağzına, qısaca, bütün duyğu orqanlarına təsir edir və bir mənada beyin qabığını (idarəetmə mərkəzini) əsir alır. Beləcə insan hər şeyə bu prizmadan yanaşır, hər şeyi bu çərçivədə qiymətləndirir və bu qəlibdən heç cür kənara çıxa bilmir. Dolayısilə, Allahın hüzuruna xas bir məqamın olduğunu və bu məqamdan çox geridə qaldığını görə bilmir. Quyunun dibində olduğu halda, özünü səfalı bir aləmdə sanır. Buna görə də quyudan çıxmaq üçün heç bir səy göstərmir.

Bəli, insan təbiəti müəyyən vaxtdan sonra yaşadığı mühitə uyğunlaşır. Məsələn, səs-küylü bir mühitdə yaşayan insanın qulaqları müəyyən vaxtdan sonra özünü mühitə uyğun tənzimliyir. Beləcə qulaq müəyyən tezlikdəki səsləri eşitməməyə başlayır. Bunun kimi, biz də dünyaya gözümüzü açandan həyatdan məmnun və günü kef-damaqda keçən insanlar görmüşük. Bu səbəbdən də bu pərişan halmızı heç cür anlaya bilməmişik.

Halbuki iztirab mühüm bir ilham mənbəyidir. Çətin vəziyyətdən xilas olmaq üçün müxtəlif yol və üsullar öyrədir insana. Məsələn, quyuya düşən bir adam quyunun dibində olduğunu anlayır və bunun iztirabını çəkirsə, quyudan çıxmaq üçün min cür yol axtarar və Allahın izni-inayəti ilə bir yol tapıb oradan çıxar. Yanında kürək, bel olmasa belə, əlləri ilə çıxmağa çalışar. Özünü oda-közə vurar, ayağını qoymaq üçün dırnaqları ilə iki oyuq açar. Daha sonra ayaqlarını o oyuqlara qoyub növbəti iki oyuq açar, beləcə müəyyən müddət sonra oradan çıxar. Lakin quyunun dibində yaşadığını dərk etməyən və həyatından məmnun olan bir insan heç vaxt özünü bu cür əziyyətə salmaz.

İlahi mərhəmətin təcəllisi

İnsan ruhən tənəzzül etdiyini və yoldan azdığını bilib bunun iztirabını çəkir və Allah-taalaya üz tutursa, Həzrəti Ustadın “Ləmalar” adlı əsərində qeyd etdiyi kimi, bütün səbəblərin süqut etdiyi belə bir anda tövhid nurunun içindən əhadiyyət sirrinin zühurunu görə bilər. Bildiyiniz kimi, Yunus ibn Məttanı (əleyhissalam) balıq udmuşdu. Balıq, dənizin əzəmətli dalğaları və gecənin zil qaranlığı əlbir olub onun əlini-qolunu bağlamışdı. Ancaq o böyük peyğəmbər başının üstünü alan bu zülmət içində: “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, özümə zülm etmişəm (əfvini gözləyirəm)” (“Ənbiya” surəsi, 21/87) deyə dua edərək Cənabi-Allahın mərhəmətini səsləmiş, zülmət qaranlıqlardan xilas olmuşdu. İbrahim Haqqı həzrətlərinin bu misraları da yerinə düşür:

Naçar qaldığın yerdə,
Nagah açar ol pərdə,
Dərman olar hər dərdə,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər.

İndi bir baxın bugünkü dərbədər halımıza! Allah xatirinə, bu gün bizim vəziyyətimiz balığın qarnına düşən Yunus ibn Məttadan (ala nəbiyyina və əleyhissalatu vəssalam) daha dəhşətli deyilmi? Həzrəti Pir bu mövzudan bəhs etdiyi yerdə "Nəfsimiz, bizim hutumuzdur (böyük balıq)" deyir. Yəni nəfsimiz bizi udub. Budur bizim vəziyyətimiz. “Varsa da, yoxsa da bu dünya” deyib nəfsin arzularına əsir olmuşuq, ən dəhşətlisi də odur ki, bundan bixəbərik. Dolayısilə dünyanın müxtəlif bölgələrində insanların məruz qaldığı zülm və haqsızlığı görsək də, hissiyyatı korşalmış, qəlbi daşlaşmışlar kimi hərəkət edirik. O halda ilk öncə özümüzə sual verməliyik: "biz nə idik, nə olmuşuq?". Arxasınca da hazırkı dövrlə Əsri-səadəti müqayisə etməliyik. Hətta Əyyubilər, Zəngilər, Səlcuqlular və Osmanlıların dövrünə baş çəkib Səlahəddin Eyyubi, Nurəddin Zəngi, Alparslan, Məlik şah, Qılınc Aslan, Fatih Sultan Mehmet kimi möhkəm iradəli və güclü dövlət xadimlərinin amansız və insafsız düşmənlərin hücumlarını necə dəf etdiyini, baş yoraraq necə çözümlər axtardığını düşünməli və bir mənada “gül dövrü” sayılan çağları çağdaş dünya ilə müqayisə edərək bu dərbədər, pərişan vəziyyətin dəhşətini anlamağa çalışmalıyıq. Zənnimcə, bu cür bir “fikir cəhdi”miz olsa, bu cəhd bizi dərdimizə çarə tapmaq üçün Cənabi-Allahın qapısına aparar və O da bizə bu məşum vəziyyətdən alternativ qurtuluş yolları göstərər. Ancaq bu acınacaqlı vəziyyəti normal görürüksə, nə alternativ yollar, nə də yeni qurtuluş üsulları tapa bilərik.

Qəlblərə saçılan iztirab toxumları

Bəli, iztirab üçün ilk növbədə İslamın qızıl çağlarını öyrənmək, arxasınca da hazırkı müsəlmanların zillət və miskinliyini görmək lazımdır. Həzrəti Pir hazırkı mənzərəyə baxıb: "Çəkdiyim zəhmət və məşəqqəti düşünməyə vaxtım yoxdur. Kaş bundan qat-qat çox məşəqqət çəkəm, amma iman qalasının gələcəyi səlamətdə ola!" kimi ifadələrlə iztirabını dilə gətirmişdir. Hətta o, millətin imanını səlamətdə görsəydi, cəhənnəmin odunda yanmağa da razı idi. Bu sözlər həqiqi insana aid düşüncələrdir. Əgər insanlıq baş alıb cəhənnəmə sarı gedirsə və sən özünü insan hesab edirsənsə, bu mənzərə qarşısında ürpərməlisən. Ancaq buda bir həqiqətdir ki, hər kəsin vicdanı bu qədər geniş deyil, dolayısilə bunu lazımi səviyyədə duyub hiss edə bilmir.

Düzü, hər insanın hər çətinliyi və problemi bilməsi də doğru deyil. Çünki bəzi insanların qrip virusuna belə dözümü yoxdur. İmmunitet sistemi möhkəm olan insanlar isə virus hücumunu adi sarsıntı kimi keçirirlər. İman və Quran xidmətinə könül verənlərin də müqavimət səviyyəsi eyni olmaya bilər. Odur ki, bütün dərd və problemləri bildirmək onların əhval-ruhiyyəsini sarsıda bilər. Bəli, bəzi böyük problemləri çatdırmaqla onları sarsıdıb ümidsizliyə sürükləyə bilərsiniz. Yeri gəlmişkən sizə bir hissimdən danışım: Bu gün anam, atam, babam, nənəm sağ olsaydı və hamısı birdən ölsəydi, and olsun ki, bu ağrı İslamiyyətin gələcəyi üçün çəkdiyim yarım günlük iztiraba tən gəlməzdi. Bəzən gecələri iztirabdan beli bükük otağımdan çıxıram, dəli-divanə kimi dəhlizdə gəzirəm. Buna baxmayaraq məkrli planlar quran, torunu çəkib şikarını gözləyən qulyabanilərdən - hər künc-bucaqda gizlənən pis niyyətli insanlardan danışmamağa çalışıram. Çünki bu insanları ümidsizliyə salıb mənən zəiflədə bilər. Ona görə də qəmimi izhar etməməyə, izhar edib əğyarı ahımdan agah eyləməməyə çalışıram.

Ancaq bilsəm ki, dözərlər, əlimin çatdığı hər yerə, hər kəsin qəlbinə insanlığın dərdini çəksinlər deyə qor saçardım, iztirab toxumları əkərdim. Ta ki yuxuları qaçsın və dəli-divanələr kimi çarə axtarsınlar. Onsuz da bir insana dininə görə “dəli” demirlərsə, demək hələ imanı kamil səviyyəyə çatmayıb. Yəni insanlar sizə baxıb deməlilər ki: "Bu insanlar bağlı-bağatlı, güllü-çiçəkli səfalı dünyanı qoyub, niyə bu işlərlə məşğul olurlar?" Bu, dəliliyin, Yunusun ifadəsi ilə, “varını yoxunu Allah yolunda yağma et”məyin nişanəsidir. Bu cür hərəkət etməyənlər həlak olacaq? Haşa! Çünki Şəriətin Sahibi imanla axirətə gedənin cənnətə girəcəyini xəbər verir. Biz bu məsələdə heç kimin vəkili deyilik, kimsənin də cənnətini əlindən almağa hüquq və ixtiyarımız var. Bu, başqa məsələdir. Ancaq bəşəriyyətin dərdinə dərman tapmaq iztirabı liə iki qat olub insanlığa peyğəmbər kimi qucaq açmaq isə bambaşqa məsələdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.