Qurani Ağıl və Funksiyaları

Sual: İslamiyyət ağılı olana xitab edir və mükəlləfiyyət üçün ağılı şərt qoşur. Digər tərəfdən ağılı hər şey hesab edən anlayış və cərəyanların tarix boyu müxtəlif fikri sapıntılara düşdüyünü, həqiqətdən uzaqlaşdığını görürük. Bu məqamda bir mömin ağıl və ağılın funksiyalarına necə yanaşmalıdır?

Cavab: İslam aləmində hələ ilk dövrlərdən bu günə qədər ağılın funksiyası və hüdudları haqqında müxtəlif mülahizə və şərhlər irəli sürülmüşdür. Məsələn, Mötəzilə cərəyanı ağılı hər şey hesab edərək ona həddindən artıq dəyər və funksiya şamil etmişdir. Müasir dövrdə də İslam həqiqətini ancaq əhli etizalın[1] anladığını, ağılın həqiqi dəyərini yalnız bu cərəyanın dərk etdiyini mənimsəyən Neo-mötəzilə (yeni mötəzilə) anlayışlı şəxslər və axınlar var. Bu insanlar ədilleyi-şəriyyədə[2] ağılı vəhylə yanaşı ikinci bir qaynaq sayırlar ki, bu da ağılın tutumundan ağırdır.

Digər tərəfdən İmam Muhasibi ağıl və məntiqə "quranilik" sözünü əlavə edib "Quran əqliliyi" ifadəsi ilə ağıla müəyyən hüdudlar qoymuşdur ki, ağılda əsas olan da budur. Bəli, ağıla müəyyən kriterilər təqdim edəndən sonra onları dəyərləndirib şərh etməsinə haqq və imkan vermək, ona gücü çatan yükü yükləmək lazımdır. Əks halda həqayiqi (həqiqətlər) kəşf etmə, həqiqətül-həqayiqə[3] varma kimi məsələləri ağla həvalə edənlər, bu ağır yükü ona yükləyənlər ağıla xəyanət etdiyi kimi, həqiqətə də xəyanət edirlər. Çünki ağıl bir mənada əşyanın zahiri tərəfinin təhlilində, bəzi pozitivist mülahizələrin irəli sürülməsində, bəzi məsələlərin naturalist çərçivədə izah edilməsində müəyyən funksiyalar yerinə yetirsə də, mömin üçün böyük əhəmiyyət kəsb edən fiziki aləmin əsl mahiyyəti, arxa planı – həqiqəti-əsma (Allahın isimlərinin həqiqəti), həqiqəti-sifət (Allahın sifətlərinin həqiqəti), həqiqəti-uluhiyyət (Allahın ilahlıq həqiqəti) kimi metafizik aləmə xas mövzularda ağılın tək başına bir iş görməsi mümkün deyil. Eyni şəkildə bu aləmin təbəddül və təğəyyür edərək bambaşqa rəng və şəkildə yenidən insanların qarşısına çıxması, dəyişib insanlara qayıtması kimi mövzularda da ağıl təkbaşına acizdir. Çünki ağıl kainatda hakim olan təkvini, yəni Allahın qoyduğu qanunların nizam-intizamına, İlahi prinsipin yeknəsəqliyinə əsaslanaraq bildiyi məslələrdən bilmədiyi mövzulara keçə bilər. Fiqh sahəsinə xas qiyas (müqayisə) metodu kimi, mövcud qanunları müqayisə etməklə müəyyən nəticələr əldə edə bilər. Lakin izahı dünyəvi meyarlarla mümkün olmayan Zati-Baxt[4], Zati-Bari[5], Zati-Vacibül-Vücuda[6] aparan yollar kimi bəzi həqiqətləri ağılla izah etmək müşküldür. Ağıl buna yalnız mücərrəd mənada çata bilər. Məsələn, Hz. Ömərin əmisi Zeyd b. Amr kimi fətrət dövrünün insanları kainatı yaradan bir Zatın varlığına inanmış, ancaq "O Zat kimdir, təsərrüf dairəsi nədir, Ona necə ibadət etmək olar?" kimi suallara cavab tapa bilməyiblər.

Aktiv Ağıl

Əlbəttə ki, İslam öz səviyyəsində ağıla dəyər və əhəmiyyət vermişdir. Qurani-Kərim bir çox yerdə birbaşa ağıla diqqət çəkir. Məsələn bir yerdə:

أَفَلَا يَعْقِلُونَ

("Yasin" surəsi, 36/68) ifadəsi ilə indiki və gələcək zamana işarə edərək bu məsələni vurğulamışdır. Yəni "Bu gün və sabah fikirləşməzlərmi, ağıllarını işlətməzlərmi?" çərçivəsində ağla bir funksiya şamil edərək onu daim aktiv saxlamağa səsləmişdir ki, bu da ağla verilən əhəmiyyətin ifadəsidir.

İslamın ağla verdiyi dəyəri göstərən bir başqa xüsus da onu mükəlləfiyyətin təməli və əsası saymasıdır. Belə ki, əqli problemi olan, hərəkətlərini bilməyən adam dini ehkamla mükəlləfiyyətdən azaddır. Mükəlləflik bu dünyada bəzi sirlərin açarı olduğu kimi, axirətin də qapılarını açan bir açardır. Məhz bütün bunlar ağıla şamil edilən mühüm funksiya və vəzifələrdir.

Müstəqim Yol

Lakin bu məqamda qüvveyi-şəhəviyyə[7] və qüvveyi-qəzəbiyyə[8] kimi ağlın da ifrat və təfrit cəhətlərini müəyyənləşdirərək qüvveyi-əqliyyəyə də sirati-müstəqim yolu göstərilməlidir. Məsələn, əgər insanda qəzəb, etiraz etmə və qarşı çıxma hissi olmasa, hərəmgahın (namusu, iffəti) tapdalanması, zülm və təcavüzün göz qabağında cövlan etməsi belə onda dini qeyrəti, insani qeyrəti, namus təəssübkeşliyini oyatmaz. Bəli, özündən bixəbər və bu hislərdən məhrum olmuş insan gözünün qabağında törədilən vəhşiliklərə belə göz yumar. Dolayısilə kimi özünü oda atan pərvanələr kimi şəhvət arxasınca düşür, kimisi də bu mənzərə qarşısında sükut edərək dilsiz şeytan səviyyəsinə enir. Bu baxımdan qüvveyi-qəzəbiyyə Allahın qoyduğu qanunlar arasında mühüm yer tutur. İstəsəniz buna "Qurani qəzəb" də deyə bilərsiniz. Necə ki, Haqq Təala Qurani-Kərimdə:

وَغَضِبَ اللّٰهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ وَسَۤاءَتْ مَصِيرًا

"Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir" ("Fəth" surəsi, 48/6) buyuraraq qəzəbləndiyini (yəni qəzəbi nəyi tələb edirsə, onu etdiyini) bəyan etmişdir. Bu baxımdan, zülm, təcavüz və haqsızlığa qarşı iradəni ortaya qoymaq üçün insanda mütləq qəzəb hissi olmalıdır.

Quranın qəbul etdiyi çərçivədə qüvveyi-qəzəbiyyəsi olan insan hər şeyi yerli-yerində edər: lazım gələndə qarşı çıxmağı bacarar, ehtiyac olanda mətanətli, mətin dayanar, yeri düşəndə özünü ifadə edər və dəyərlərə hörmətdə qüsura yol verməz. Bütün bunlar qəzəb məsələsində diqqət edilməli məqamlardır. Laqeyd, bu əsaslara diqqət etməyən insanla ölü arasında bir fərq yoxdur. Buna görə Hz. Pir bir yerdə: "Ey iki həyatın ruhunu – İslamiyyəti tərk edən iki ayaqlı məzarı-mütəhərrik (hərəkət edən, canlı ölülər) bədbəxtlər! Gələn nəslin yolunu kəsməyin. Məzar sizi gözləyir, çəkilin. İslam həqiqətini kainatda layiqincə təcəssüm etdirən yeni nəsil gəlsin!" deyir və belə insanları ölü saydığını dilə gətirir. Bəli, etiraz olunmalı yerdə susan, heç olmasa rəy bildirməklə varlığını göstərməyən insanların varlığı ilə yoxluğu arasında fərq yoxdur. Mərhum Mehmet Akif bu mövzuda təfritə düşən laqeyd insanları belə təsvir edir:

"Ey dipdiri meyyit, "İki el bir baş içindir."
Davransana... Eller de senin, baş da senindir!
His yok, hareket yok, acı yok... Leş mi kesildin?
Hayret veriyorsun bana... Sen böyle değildin.
Kurtulmaya azmin neye bilmem ki süreksiz?
Kendin mi senin, yoksa ümîdin mi yüreksiz?"

Təfrit səviyyəli qüvveyi-qəzəbiyyə mürəkkəb olduğu kimi, ifrat səviyyəlinin də müxtəlif müşkül cəhətləri var. Qəflətən özündən çıxmaq, ağlı, dinin əmr və qadağalarını nəzərə almayaraq hissiyyatla hərəkət etmək də ifrat qəzəbdir. Məsələn, müasir dövrdə canlı bomba olub günahsız insanları qətlə yetirmə ifrat qəzəbin nəticəsidir. Halbuki dinimizdə zülm və haqsızlığa etirazın, onlarla mübarizənin müəyyən qayda-qanunları var. Amma baxırsınız bir adam durub çox rahat, özbaşına müharibə elan edir. Əlbəttə, ondan sonra elə bir vəhşilik törədilir ki, bu mənzərə qarşısında içimiz qan ağlayır, İslamın nursaçan çöhrəsinə qara yaxılır. Ürək ağrısı ilə müşahidə etdiyimiz bu dəhşətli mənzərələr məhz ifrat qüvveyi-qəzəbiyyənin nəticəsidir. Bu dəhşətli mənzərənin şahidlərinin – bizlərin vəzifəsi dinimizin həqiqi mahiyyətini tanıtmaq üçün bütün cəhdi, səyi ortaya qoymaqdır. Bəli, insanlığa yenidən doğrunu, həqiqəti çatdırmaq, "İslam bu deyil!" demək və bu dində insanın canlı bomba olub özünü və məsum insanları öldürmə anlayışının olmadığını hayqırmaq bir mömin olaraq boynumuzda borcudur.

Digər tərəfdən qüvveyi-şəhəviyyə də insanda olan mühüm hislərdən biridir. Allah (cəllə cəlaluhu) Qurani-Kərimdə bu həqiqəti qəbul etdiyi kimi, sünneyi-səhihə də bunu təsdiq etmişdir. Ona görə də bu hissi tamamilə inkar etmək əqamət (qısırlıq) və hasurluq (cinsi qabiliyyət zəifliyi) deməkdir ki, bu da Quran və Sünnəyə ziddir. Çünki Peyğəmbərimiz (əleyhissalatu vəssalam) buyurur ki:

تَنَاكَحُوا تَكْثُرُوا فَإِنِّي أُبَاهِي بِكُمْ اَلْأُمَمَ يَوْمَ الَقِيَامَةِ

"Evlənin, çoxalın, çünki mən qiyamət günündə sizin çoxluğunuzla fəxr edərəm" (Abdürrezzak, Müsannef, 6/173). Dolayısilə Quranın açıq qoyduğu qapını bağlamamaq və bu məsələni Quranın göstərdiyi prinsiplər çərçivəsində dəyərləndirmək lazımdır. İstəsəniz, buna "Qurani şəhəvilik" də deyə bilərsiniz. Hərçənd "Qurani ağıl" təbirini işlədən İmam Muhasibi bu hislər haqqında belə bir ifadədən istifadə etməmişdir. Ancaq "Qurani qəzəb", "Qurani şəhəvilik", hətta "Qurani hərislik", "Qurani rəqabət" kimi anlayışların işlədilməsində, məncə, bir qəbahət yoxdur. Necə ki, Hz. Pir insana xas hər bir duyğunun bir "qayətül-qayəs"i[9] olmasından bəhs edir. Əsas məsələ insanın təbiətinə yerləşdirilən bu hisləri "qayeyi-qusva"[10]sına istiqamətləndirməkdir. Məsələn, insanda əbədi yaşama arzusu və tuli-əməl (bitməz arzu istəklər) hissi var. Bu hislər axirət yönünə istiqamətləndirilməlidir. Çünki bu dünya məhduddur. Gələn gedir, qonan köçür. Buna görə də əbədiyyət arzusunu fani dünyada qane etmək mümkün deyil. Ağıl da bu kateqoriyaya daxil edilməli, onun Qurani tərəfi ifrat və təfritə yol verilmədən ön plana çıxarılmalıdır. Ağıla bundan artıq yük, məsuliyyət yüklənilməməlidir.

Ağılın Funksiyaları və Hikmət

Həmçinin Qurani-Kərimin müxtəlif ayələrində keçən təzəkkür[11], təfəkkür və tədəbbür kimi ağılın digər məhsul və funksiyalarını da düzgün işlətmək lazımdır. Məsələn, tədəbbür bir şeyin əvvəlini, axırını, səbəb və nəticəsini düşünərək bir qənaətə gəlmə, bir nəticəyə varma, bir məhsul əldə etmə prosesidir. Yəni işin başlanğıcına və sonuna baxmaq, sonra başlanğıcı ilə sonu arasında əlaqə qurmaq deməkdir. Bu cəhətdən o, ağlın mühüm bir funksiyasıdır. Ağılın bu cür ikinci dərəcəli yönlərinin, dərinliyinin və fərqli ölçülərinin düzgün dəyərləndirilməsi İslamın təslimiyyət anlayışına zidd deyildir, dinin bir əmridir.

Bəli, Quran ağıla dəyər verir. Onsuz, mükəlləfiyyət daşımaq mümkün deyildir. Ağıl olmadan təzəkkür, təfəkkür və tədəbbürdən də bəhs etmək olmaz. İctihad və istinbata əsaslanan sahələri ancaq ağılla doldurmaq olar. Amma ağıla bundan artıq səviyyə, məqam şamil etsəniz, onu gülünc vəziyyətə salmış olarsınız. Biz namazlarımızda gündə qırx dəfə:

اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

deyə Haqq Təaladan etidal və ədalət yoluna hidayəti niyaz edirik ki, əqlən ifrat və təfritə yol verməmək də buna daxildir.

Çünki haqq və həqiqətə aparan bir vasitə olan ağıl təfəkkür, təzəkkür və tədəbbür kimi müsbət yöndə istifadə edildiyi kimi, demaqoqluq və dialektikada da istifadə oluna bilər. Biri bir söz deyəndə dərhal söz qaytarma, sözü ağzında qoyma, susdurma ağılın ifrat cəhətidir. Əsas məsələ Quranilikdən ayrılmadan insana dəyər verərək bu yoldan uzaqlaşmamaqdır. Gözü məqam və mənsəbdə olan, mənfəət və payə arxasınca düşən və ya əldə etdiklərini itirmək istəməyən insanın qarşı tərəfi yıxıb-sürüməyə hesablanmış dialektikası və demaqoqluğu ifrat ağlın nəticəsidir.

Ağıldan sui-istifadə etmək, mənfi məqsədlərə yönəltmək onu məhsuldarsız hala salmaq deməkdir. Halbuki möminin bir saat təfəkkürü bir illik ibadətə bərabərdir. Məhz buna görə də möminin qarşısına qoyulan iki hədəfdən biri təfəkkürdür. Yəni onun sükutu tədəbbür, təzəkkür və təfəkkür, danışması isə hikmətdir. Hikmət əşya və əşyanın əsl mahiyyətinə xas həqiqətin zahir olması, təzahür etməsi deməkdir. Sükutu tədəbbür, təzəkkür və təfəkkür olmayan, əşya və hadisələri ələk-vələk etməyən, dövrünü düzgün dərk etməyən, qısaca sistemli və prinsipial bir düşüncə fəaliyyəti olmayan insan ortaya hikmət naminə bir şey qoya bilməz. Bu baxımdan müsbət düşüncələr, tədəbbür, təzəkkür və təfəkkür həqiqəti ortaya çıxarmaq, düzgün şərh etmək və bir mənada fikir öndəri olmaq üçün əvəzolunmaz əsaslardır. Elə böyüklərimiz də həyatını məhz bu anlayış əsasında nizam-intizama salmışlar. Çünki onlar on dəfə düşünər, bir dəfə danışardılar. Allah Təala da onları hikmətlə sərəfraz edərdi. Bəli, O buyurur ki: "

وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا

Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir" ("Bəqərə" surəsi, 2/269). Bir insana hikmət verilibsə, yəni təbiətin əsl həqiqətini oxuya bilir, əşya və hadisələri düşüncə süzgəcindən keçirə bilir, yollar keçib həqiqətül-həqayiqə yürüyə bilirsə, məhz belə bir insana böyük xeyir-həsənə verilmişdir.


[1] Haqq olan əhli sünnədən ayrılıb haqqa zidd olan başqa yola girmək. Mötəzilə olmaq.

[2] Şəriətin dəlilləri, əsasları. Bu fiqhin təməl istinadgahıdır. Bunlar Kitab (Quran), Sünnə, İcma və Qiyasdır.

[3] Həqiqətlərin həqiqəti

[4] Allah Təalanın özü, zatı,

[5] Varlıqları mükəmməl yaradan Allahın zatı

[6] Varlığı mütləq olan Allah

[7] Cinsi istək gücü. Yemək, içmək, danışmaq, yuxulamaq kimi qabiliyyətlər.

[8] Qəzəb gücü, qəzəb qabiliyyəti

[9] Qayələrin qayəsi, ən böyük qayə

[10] Nəzərdə tutulan ən düzgün məqsəd

[11] Zikr etmək, anmaq

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.