Qurani-Kərimin sirri

Sual: Quran oxuyarkən çox vaxt elə hiss edirik ki, O, bilavasitə bizə xitab edir. Elə ayələrlə qarşılaşır və gündəlik həyatın - yaxşı və ya pis - hadisələrinə müxtəlif cəhətdən elə təmas etdiyini görürük ki, "Quran bizi izləyir" duyğusuna qapılırıq. Bu vəziyyəti necə dəyərləndirirsiniz? Hər kəs Qurani-Kərimin onu izlədiyini müşahidə edə bilərmi?

Cavab: Qurani-Kərim əzəldən gəlib əbədə getdiyinə görə onun insanlara baxan mənfəzləri təvafüqə daim açıqdır. Lakin o, hər şeydən əvvəl Allahın kəlamıdır. "Cənabi-Haqq bir dövrdə danışıb, artıq danışmır" fikri yanlışdır. O, fövqəl zaman danışdığına görə, onun kəlamı da fövqəl zamandır və Quran kəlami-nəfsinin[1] bizdə kəlami-ləfzi şəklində fəyəzanından, nəbəanından ibarətdir. Biz şərtlərinə riayət etsək, o fəyəzanı (feyzlənmək) və nəbəanı (ortaya çıxmaq) hər zaman təravəti ilə duya bilərik. İnsanların yazdığı yeni kitablar çox keçmədən köhnəlir, bəziləri də yaddaşlardan silinib gedir, necə deyərlər, ölür, filan tarixdə filankəsin təlif etdiyi, qələmə aldığı bir kitaba çevrilir, yəni tarix olur. Qurani-Kərim üçün isə nə keçmiş var, nə də gələcək. O, fövqəl zamandır.

Risalələrdə də izah olunduğu kimi, keçən ilki və məsələn, dünənki Qədr Gecəsi çox yaxın olsa da, ona çata bilmirik. Bir il gözləməklə, ilin günlərini gəzib-dolaşmaqla yenidən Qədr gecəsinə qovuşa bilərik. Lakin fövqəl zaman bir insan dünəni, o biri günü, keçən ilki və ya bir neçə il əvvəlki Qədr gecələrini gələcək bütün Qədr gecələri ilə birlikdə görə bilər. Onları eyni anda qavraya bilər. Çünki o, məsələlərə ruhun üfüqündən baxır. Ruha isə məkanla, zamanla məhdudiyyət qoymaq olmaz.

Bu vəziyyət bir cəhətdən hər kəs üçün müqəddər deyil. Allah (cəllə cəlaluhu) bəzi insanların təbiətini bir hikmətə binaən bu cür məzhəriyyətlərə qapalı saxlamışdır. Bu qapalılıq da onlar üçün məsləhətlidir, onları təhlükələrdən qoruyur. Lakin insan mahiyyəti potensial olaraq bu inkişafa uyğun yaradılmışdır, yəni insan mahiyyət etibarilə fövqəl zaman, fövqəl məkan ola bilər, dünəni sabahla birlikdə görə bilər. Birbaşa hüzuri-risalətpənaha (Peyğəmbərimizin hüzuruna) çıxa və Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) dinləyə bilər. Hz. Cəbraili Quran oxuyarkən eşidə bilər, Zati-Üluhiyyətin onunla kəmiyyət və keyfiyyət fövqü (bikəmü-keyf) danışdığını eşidə bilər.

Buna binaən, (Rəsulullah və səhabələrdən sonra yaşayan, onları görməyən) bəzi əhlullah Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) və səhabədən hədis öyrəndiyini söyləyir. Hətta "Mən tabiunam" deyən insanlar az deyil, çünki sözügedən keyfiyyətdə səhabəni görmüşlər. " Peyğəmbərimizdən birbaşa əmr aldım" deyən insanların sayı da az deyil. Lakin "belə fövqəl zaman yaşamaq hər kəs üçün müqəddər deyildir" deməsək də, bu zirvəyə yüksəlmək çox çətindir.

Bəzi insanların təbiəti, - haşiyə olaraq ərz etdiyim kimi, - qürura və təkəbbürə meyilli olur. Elə isə onlar üçün ilahi ehsanı hiss etməmək məsləhətlidir. Buna görə, Cənabi-Allah nemətini bəzi insanlara hiss etdirmir; onlara fövqəladə şeyləri heç duyurmur və heç yaşatmır. Bu, qulun xeyri və yaxşılığı üçündür. Çünki bu cür məzhəriyyətlərə çatanlar onları gizli saxlamalı, onlara güvənməməli, qürrələnməməli, Allaha yaxın olsalar da, özlərini uzaq bilib daha yaxın olma yollarını axtarmalı və ən yaxın anlarda belə bir qapının arxasından səslənənlər kimi hərəkət etməlidir.

Mənim düşüncə və istəyim də həmişə bu istiqamətdə oldu. Yəni çox yaxın olum, lakin özümü çox uzaq bilim. Matmahı-nəzər (cazibə mərkəzi) olum, ancaq özümü qapıda bir Qitmir də görməyim. Rəhmanu-Rəhim məni elə bir məqamda saxlasın ki, özümə həqiqətən zərrə qədər də dəyər verməyim. Şəxsiyyətim üluhiyyət həqiqətinin içində ərisin, yox olsun. Fənafillaha[2] və bəqabillah[3], məallaha[4] çatım, çünki həqiqi üstünlük də oradadır; nə kəşf, nə kəramət, nə də xariqüladə hallar... Həqiqi dəyər "Yalnız Rəbbim, yalnız Rəbbim.." mülahizəsindədir.

Sələfi-salehinin kəraməti "kişilərin heyz qanı" hesab etdiyini bir neçə dəfə dilə gətirmişəm. Bu mülahizə "fövqəladi hallara məzhəriyyət"dən daha əhəmiyyətli mülahizədir. Bu mülahizənin birinci pilləsi Cənabi-Haqqın ehsanını hiss etdirməməsi, duyurmamasıdır ki, bu da sırf ilahi mərhəmətin təcəllisidir. Qulun bu mövzuda qərarlı olması və yalnız Onun riza və xoşnudluğunu tələb etməsi də ikinci pillədir. Belə bir qulun nəbzi də "Sən… Sən... " şəklində vurar. O, oturub-durub Yunusvari,

Cənnət, cənnət dedikləri
Üç-beş köşklə bir neçə huri
İstəyənə ver Sən onu
Mənə Səni gərək Səni -

deyir və davam edir: "İndi mənə qütbiyəti, qavsiyəti də versən, "Şahi-Geylani oldun" da desən və mən də onun tələblərini və ya onunla bağlı bütün əltafi-sübhaniyəni[5] duysam, hiss etsəm və yaşasam, görüləsi hər şeyi görsəm, Hz. Cəbrailin Sənə qürbiyyəti[6] səviyyəsində əzəmətli heykəlinə şahid olsam... Mən bunların heç birisini istəmirəm. Səndən öz kiçikliyimi qəbul edən bir hiss istəyirəm. Öz kiçikliyimdən Sənin böyüklüyünə baxmaq istəyirəm". Məhz belə duyğu və qətiyyətlilik xariqüladə hallara nail olmaqdan daha böyük məzhəriyyətdir.

Mövzunun girişində bir neçə cümlə ilə bir iki məqamdan bəhs etmişdim ki, bunu da xatırladan Quranın bizi izləməsini özümüzə aid etməmək xüsusudur. Əsas mövzuya qayıdaq: Quran bizi izləyir, çünki o, Allahın kəlamıdır. Ona "bir dəfə nazil odu, qurtardı" nəzəri ilə baxmaq olmaz. Üstəlik ilahi ehsan olaraq təvafüqlər baş verir. Biz bir şey danışırıq, sonra Müqəddəs kitabı açanda həmin mövzu ilə bağlı bir ayə çıxır. Müəyyən bir mövzuda danışırsınız, bir də baxırsınız ki, oxuduğunuz hizbdə[7] həmin mövzu səslənir. Namazda surələri ardıcıllıqla oxuyuruq, həmin gün də bəzi məsələləri müzakirə etmişik, bir də görürsünüz ki, növbə o gün müzakirə etdiyimiz məsələləri ehtiva edən surəyə gəldi. Məlumdur ki, bütün bu hadisələr bizim fövqümüzdə, planlarımız xaricində cərəyan edir. Bəli, bunlar bizim iqtidarımızla olası şeylər deyil. Hər şey bizi, o "Kitab"ı və hadisələri bilən bir Zat tərəfindən planlaşdırılır və biz də o qədər (tale) ssenarisinin oyunçuları kimi rolumuzu oynayırıq. O, bizə bir şey üfləyir, biz də heç fərqinə varmadan onu pıçıldayır, onu tərənnüm edirik.

Gördüyünüz kimi demək olmaz ki, bu məsələdə iradəmiz heç iştirak etmir. Burada da iradəmiz keçərlidir, nəzərə alınır, cəbrə[8] qapılmayaq. Lakin meydan gələn hadisə tamamilə bəşər iradəsi ilə hasil olana da bənzəmir. Bəşər öz iradəsi ilə istədiyi mövzunu Kitabdan onu açar-açmaz necə tapa bilər? Demək ki, Quran bizi izləyir. Heç olmasa məsələyə bu zaviyədən baxa bilərik. Quranın əzəliyyət xüsusiyyəti onun fövqəl zaman və fövqəl məkan olması, başlanğıc və sonunun olmaması deməkdir; yoxsa keçmiş zamanın son nöqtəsi demək deyildir. Əzəliyyəti sabit olanın əbədiyyəti də sabitdir. İkisini bir-birindən ayıra bilməzsiniz. Elə isə əzəli və əbədi bir "Kitab" bizi hər zaman izləyə bilər.

Quran xəzinə qapılarını kimə açır?

Üçüncü məsələ: sizin üçün Qurana etimad etmək, Quranın Allahın kəlamı olduğuna inanmaq və ona güvənmək, yəni sizin davranışlarınızla, hərəkətlərinizlə ortaya qoyduğunuz əsərlərin sizin təşəbbüslərinizlə meydana gəlməsindən daha qəti bir yəqinlə, "O Allahın kəlamıdır və onun içində hər şey var. O, əzəldən gəlmiş, əbədiyyətə gedir" mülahizəsi ilə Qurana təvəccöh etmək çox vacibdir. Belə bir iman və etimad sayəsində ona digər kitablardan fərqli baxar, Onu çox fərqli duyarsınız. Bir məqamda ərz etmişdim; siz bu qarşıdakı şəmailə (surətə) belə baxsanız, baxışınızı ona cəmləsəniz, gözünüzü qıyıb baxsanız, bu zahiri surətin arxasında, yarım metr arxada bir tablo da görə bilərsiniz. Onun üçüncü ölçüsünü görərsiniz. Bir daha imanla nəzər edər, bir qat da görməyə cəhd edərsəniz, bir ölçü də görə bilərsiniz. Özünüzü bir az da məcbur eləsəniz, gözlərinizi qıysanız, başqa bir ölçüyə də nüfuz edə bilərsiniz. Və gördüyünüz ölçü əvvəlki ölçüyə nisbətən daha da genişlənir, böyüyür, açılır, hətta bu ölçüdə oxuduğunuz yazıları o pərdədə daha rahat oxuya bilirsiniz.

Qurani-Kərimə də onda bir şey tapmaq etimadı və inamı ilə baxarkən başqalarının filosofanə və mütəfəkkiranə baxıb görə bilmədiyi şeyləri müşahidə edə bilərsiniz. Ümmi (təhsili olmayan, yazıb-oxumağı bilməyən) də olsanız - elə biz hamımız bir mənada ümmiyik - çox dərin şeylər sezə bilərsiniz. Çox əngin şeylərə şahid ola bilərsiniz. Quran bir bəhri-bipayandır (sonsuz ümman), ucsuz-bucaqsız bir dənizdir. Lakin o, ona etimad etməyənlərə, güvənməyənlərə xəsislik və qısqanclıq edər. Quran-Kərim qıt ağlı və nöqsanlı dərrakəsi üzündən Onu anlamayan, onun ləfzlərinə "ilişən", səhvlər axtaran, ona - haşa - Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sözü kimi baxan və Mütəkəllimi-Əzəlidən qafil olan insanlara xəsislik edir, xəzinələrini qısqanır.

Bəli, Quran bəzilərinə xəsislik edir, çünki onların səxavət və səmahətə[9] haqqı yoxdur. Onlar səmih qəlblə Qurana təvəccöh etmirlər ki, Quranın səmahət yağışına da məzhər olsunlar. "İçində bir xəzinə var" düşüncəsi ilə baxmırlar ki, ləl-cavahiratını tapsınlar. Bir şey tapacağına inanmayan qızıl mədənində yerisə belə, qızıla rast gələ bilməz. Lakin həssas insan kiçik bir əlamət görər-görməz, mədənə bir yol tapıb qızılı çıxarar.

Burada qarşılıqlı əlaqə var. Yəni siz Quranda bir şey tapacağınıza inansanız, onun ayələrini xəzinəni göstərən işarələr kimi bir-bir izləsəniz, o da sizi yaxından izləyər, xəzinə dairəsinin qapısını açıq qoyar. Və nəticədə, onun aydın şüaları altında filosofların hiss edə bilmədiyi şeyləri duyarsınız. Buna görə də bəzən bir ümmi bir təkkə şeyxindən, İbn Sina kimi bir dahidən daha çox hiss etmişdir Quranı. Farabi sizin kəndin çobanı qədər hiss etməmişdir onu. İbn Rüşd adi bir mömin qədər iman həqiqətlərinə vaqif ola bilməmişdir. Ustad Həzrətləri də onlar haqqında "(Onlar) Sıravi mömin dərəcəsini ancaq qazanmışlar" deyir.

Onlar öz elmi və fəlsəfi baxışlarını əsas götürür və Qurana da onların rəhbərliyində baxırlar. Dolayısilə, Qurana xas məani[10] o baxışlara görə şəkillənir. Halbuki, Qurana baxış onun uluhiyyət yönü etibarilə üluhiyyətə aid tayfları (spektri) görmə mülahizəsi ilə olmalıdır. Cənabi-Allah Quranı Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qəlbini, ruhunu və hissiyyatını təcrid edərək ona nazil etmişdir ki, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) keçmiş bilikləri "Kitab"a yeni rənglər qatmasın, onu bulandırmasın. Bu baxımdan bəzi şeyləri bilən və bildiyinə güvənən, öz biliyinə etimad edən insanlar nəzəri planda inansalar da, onların həqiqətdə inanması bir az çətindir. Onların öyrəndiyi bilik qırıntıları Kitabullaha öz rəngini qarışdırar. Qarışdırar və daim həmin meyar və kriteriyalarla baxar, dəyərləndirər və təbii olaraq həmişə səhv nəticələr əldə edərlər.

Sual: Qurani-Kərim və Peyğəmbərimiz haqqında "sonsuz" vəsfini işlətmək olarmı?

Cavab: Qurana və Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) "sonsuz" deməkdə heç bir qəbahət yoxdur. Biz hamımız sonsuza, əbədiyyətə namizədik. Bir gün sonsuz olacağıq. Bir şeyin mahiyyətcə sonsuz olması başqadır, sonsuzluğunu başqa yerdən alması tamam başqadır. Hamımız axirətdə dirilməyəcəyikmi? Bizə lütf edilən nemətlərin hər biri sonsuzluğun bir təcəllisi olmayacaqmı?

Peyğəmbərimizin (əleyhi əkməlüttəhaya) nuru da əzəldən əbədiyyətə qədər bütün aləmləri əhatə etmişdir, lakin o nur öz-özünə və özündən deyil. Zati-Uluhiyyətə "Vacibül-Vücud" deyilir. Bu ifadə "varlığı özündən olan" deməkdir. Cənabi-Haqqın varlığı vacibdir, imkan deyil. Məxluqata gəlincə, onlar "mümkinül-vücud"dur. Yəni onların vücuda gəlməsi, var olması imkandır, onları ancaq vücudu özündən olan bir Zat, bir Xaliqi-Mütləq vücud (varlıq) meydanına çıxara bilər.

Bəli, Qurani-Kərimin və Rəsuli-Əkrəm əleyhissalamın qəyyumiyyəti Hayyu-Qəyyumdan, əbədiyyəti Baqii zül-Cəlaldandır. Onlar əgər Allahın varlığı ilə qaimsə, demək, həm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), həm də Quran sonsuzdur.

Bizim də məqsədimiz o sonsuzluğa çatmaqdır. Bu fani həyatımızı sonsuz, əbədi, tükənməz bir həyata çevirmək üçün səy göstəririk. Bu ifadə doğrudur və bu şəkildə istifadə edilməsində heç bir qəbahət yoxdur. Bəziləri Sonsuz Nur adlı kitabın Ərəbcə tərcüməsinə verilən "ər-Risalətül-Xalidə" adını görəndə narahat olmuşlar. Təəssüf ki, ərz etməyə çalışdığım xüsusu və hamımızın əbədiyyətə talib olduğumuzu - bu həqiqəti qavraya bilməmişlər.


[1] Allah-Təalanın ləfsiz, hərfsiz və səssiz zati, özünəxas kəlamı.

[2] Allahda fani olma, Onun uğrunda hər şeydən üz döndərmək

[3] Bəndənin Allahın hüzurunda baqi, var olması

[4] Allahla bərabər olmaq

[5] Bütün qüsur və nöqsanlardan uzaq və uca olan Allahın lütfləri

[6] Yaxınlığı, qonşuluğu

[7] Hissə, qism (Quranın bir qismi)

[8] İradəni qəbul etməyərək hər işi məcburən gördüyünə inanmaq

[9] Comərdlik, əliaçıqlıq, səxavətlilik

[10] Mənalar

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.