Sinəyə saplanmış xəncər – siqaret

Sual: Kiçik sayılan bəzi günahlar cəmiyyətdə daha çox yayılır və bunun qarşısını almaq olduqca çətinləşir. Siqaret də hökmü ilə bağlı tərəddüdlər olduğu üçün içki və narkotik kimi zərərli vərdişlərə nisbətən daha geniş yayılmışdır. Sələf alimlərinin siqaretlə bağlı haram fətvası verməməsini necə izah etmək olar? Hal-hazırkı elmi nailiyyətləri də nəzərə alaraq siqaret məsələsinə izah gətirə bilərsinizmi?

Cavab: Hər şeydən əvvəl deməliyəm ki, siqaret kimi heç də kiçik günah olmayan, zərərli, çirkin, (bunu terminalogiyadakı “qübh” əvəzində işlədirəm) insan rəngini saraldan, hətta zamanla qaraldan bir vərdişin heç bir insana, üstəlik prinsip və iradə insanı – möminə əsla yaraşmır, yaraşmayacaq. Çünki mömin həyatı tarazlı və ölçülüdür. Buna görə də o, alışqanlıq və vərdiş əmələ gətirən şeylərdən uzaq durar və azadlığını bu kimi zəncirlərlə məhdudlaşdırmaz. Çünki vərdişlərin toruna düşən insan şərait azca dəyişən kimi (ki bu həmişə mümkündür) çox adi çətinliklərə belə məğlub olar, əli-qolu bağlı, heç nə edə bilməyən ölümə məhkum insana çevrilər. Halbuki inanan insan yersiz vərdişlərdən üz çevirər, geniş dünyasını daraltmaz və öz-özünə quyu qazmaz. Əksinə o həyatını elə tənzimləyər ki, hər zaman və hər şəraitdə insan kimi yaşaya, Allaha qulluq borcunu yerinə yetirə bilsin.    

Zəhərli xəncərin tarixçəsi

Tariximizdə siqaretin Osmanlı ictimaiyyətinə nə vaxt girdiyini dəqiq bilmirəm. Lakin cənnətməkan IV Muradın bu məsələ ilə bağlı bəzi tədbirlər görməsindən və siqaret çəkən insanları cəzalandırmasından aydın olur ki, siqaret hələ on yeddinci əsrdə geniş istifadə olunurdu. Zənnimcə o dövrün Avropa dövlətləri siqaretin zərərlərini anladıqdan sonra onu Şərqdə yaymaq üçün müəyyən fəaliyyətlərə başladılar. Ehtimal ki, cənnətməkan IV Sultan Murad qərb dünyasının bu gizli əməllərini sezdiyinə görə belə tədbirlər görmüşdü. Məsələnin səbəbi nə olur-olsun, dünya tarixində tütün məmulatlarına qadağa qoyan ilk dövlət xadimi Sultan IV Muraddır. Həmçinin onun kimi İslamın prinsiplərinə həssas yanaşan bir Allah dostunun siqareti qadağan edərkən dövrünün fiqh alimlərindən, heç olmasa bir neçəsindən məsələ ilə bağlı fətva aldığına inanıram.

Siqaretin zərərinin naməlum olduğu dövrlər və kərahəti

Belə bir girişdən sonra suala qayıda bilərik.

Qurani-Kərim və hədislərdə siqaretin hökmü barədə açıq bir əmrin olmaması təbiidir. Çünki Allah Rəsulunun (əleyhissalatu vəssalam) dövründə insanlar tütün və tütün məmulatlarından istifadə etmirdilər. Dolayısilə, mövzu ilə bağlı açıq (sərih) hökmü Quran və sünnə xaricindəki dəlillərdə axtarmaq lazımdır, xüsusən də mütəəxxirun adlanan son dövr fiqh alimlərinin ictihatlarına baxmaq lazımdır.

Sözügedən ictihatlara baxanda siqaretin təhrimən məkruh[1] olduğunu deyənlərlə yanaşı, mübah olduğunu deyənlərə də rast gəlirik. Qənaətimcə, siqaretin mübah olduğunu deyən alimlər onun zərərləri haqqında məlumatlı deyildilər. Ehtimal ki, ona çay və ya qəhvə kimi zərərsiz məşru bir şey kimi baxırdılar. Quran və sünnədə mövzu ilə bağlı açıq-aşkar qadağa olmadığına görə: "Əşyada asas olan ibahədir"[2] prinsipinə əsasən hərəkət etmiş və nəticədə o dövrün şərtlərinə görə siqaretin nə qədər zərərli olduğunu bilmədikləri, bilə bilmədikləri üçün bu yöndə fikir yürütmüşlər. Halbuki bu gün siqaretin minlərlə zəhərli maddə daşıması, insan sağlamlığına çox böyük zərər verməsi hər kəsə məlumdur, araşdrmalarla sübut edilmişdir. Dolayısilə, rahatlıqla deyə bilərik ki, əgər keçmişdə siqaretə “mübah” deyən alimlər siqaretin dəhşətli zərərlərini bilsəydilər, bu hökmü verməzdilər.

Bəzi fiqh alimləri də siqaretin haramlığı ilə kifayət qədər dəlilin olmadığını düşünmüş haram olması şübhəlidir deyərək məkruh hökmünü vermişlər. Bu alimlər həmçinin siqaret qoxusunun xoşagəlməz olmasını hədisdə keçən soğan, sarımsaq və kəvərin iyi ilə müqayisə edərək onu da məkruh qəbul etmişlər. Məlum olduğu kimi Allah Rəsulu (s.ə.s.) bir hədisi-şərifdə,

  مَنْ أَكَلَ الْبَصَلَ وَالثُّومَ وَالْكُرَّاثَ فَلَا يَقْرَبَنَّ مَسْجِدَنَا فَإِنَّ الْمَلَائِكَةَ تَتَأَذَّى مِمَّا يَتَأَذَّى مِنْهُ بَنُو آدَمَ

"Hər kim soğan, sarımsaq və kəvər yesə (qoxusu gedənə qədər) məscidimizə yaxınlaşmasın. Çünki mələklər də insanların narahat olduğu şeylərdən narahat olurlar" (Buhari, Etimə, 49; Müslim, Mesacid, 73) buyurmuşdur.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) öz tərtəmiz fitrəti ilə, həmçinin bütün təmiz fitrətlər adından bu xoşagəlməz qoxulu tərəvəzi yeyənlərin (qoxu gedənə qədər) məscidə gəlməməsini əmr etmişdir. Çünki bu qoxular hətta bəzən ürək bulandırır. Siqaretin qoxusu da belədir, bəlkə, bundan da pisdir. Ola bilsin ki, sizin də başınıza gəlib: üz-üzə söhbət elədiyiniz insan belə bir vəziyyətdədirsə, bəzən dözə bilməyib üzünüzü başqa tərəfə çevirmək məcburiyyətində qalırsınız. Halbuki heç kimin başqasını bu şəkildə narahat etməyə, insanlara, mələk kimi möminlərə və mələklərə əziyyət verməyə haqqı yoxdur. Əgər mələklərin məkanınıza şərəf gətirməsini istəyir, onların sizinlə dost, ənis olmasını arzu edirsinizsə, onda olduğunuz yeri təmiz və nəzih saxlamalısınız. Hər an məscidə getməyə hazır insan kimi maddi-mənəvi təmiz və nəzih olmalısınız. Əksinə isə bu, laqeydlik, hörmətsizlik və hətta açıq-aşkar insanların haqqını tapdalamaqdır. Hər haqsızlığın zülm olduğunu və dinimizin də hər zülümü qadağan etdiyini heç vaxt unutmamalıyıq.

Bu barədə fikir yürüdən İslam alimlərinin bəziləri də siqaretin təhrimən məkruh olduğunu demiş, (üsulu fiqhə bələd olanların bildiyi kimi) bu hökmlə də onun haram olduğunu nəzərdə tutmuşlar. Bu üsul bir prinsipə əsaslanır. Belə ki, onlar müqayisəyə görə haram olan, lakin haramlığı Quran və sünnədə açıq şəkildə bildirilməyən məsələlərdə "haram" əvəzinə "təhrimən məkruh" hökmünün daha uyğun olacağını düşünmüşlər. Nəticə etibarilə, demək olar ki, onlar bu ifadələrlə siqaretin haram olması barədə hökm vermişlər. Üstəlik "Məkruh bir feil təkidlə davam etdirilərsə, yəni vərdiş halını alarsa, harama çevrilər" prinsipinə əsaslanan bəzi alimlər siqaretin istifadəsinin qəti əleyhinədirlər. Bu qayda, əvvəllər də dilə gətirilən "Təkidlə davam etdirilən, vərdişə çevrilən kiçik günahlar böyük günah sayılır" prinsipini xatırladır.

Hökmün mənatı və siqaretin haram olması

Əslində Quran və sünnədə olmayan bir məsələ ilə bağlı hökm vermək üçün o məsələnin fiqh üsulundakı mənatını təsbit etmək vacibdir. Qısaca “mənat” hökmün istinadgahıdır, yəni nəyə istinadən verilməsi, nəyə əsaslanmasıdır. Mənat üsul kitablarında keçdiyi kimi, "təxricil-mənat, tənqihul-mənat və təhqiqul-mənat" deyə üç hissəyə bölünür. Bunlardan birincisi hökmün istinad olunduğu illəti ortaya çıxarmaq, ikincisi o hikmətə səbəb olmayan ünsürləri seçmək yolu ilə əsas illəti təsbit etmək, üçüncüsü də hökmün illətinin başqa hökmlərdə də olub-olmadığını ortaya qoymaqdır. Sualda bəhs etdiyiniz sələf alimləri siqaretin mənatını tam təsbit edə bilmədiklərinə görə açıq şəkildə haram deyə bilməmişlər.

Qənaətimcə, bu mövzuda onları üzlrü qəbul etmək lazımdır. Çünki siqaretin zərərləri ancaq bu son illərdə tam və açıq şəkildə öyrənildi. Zənimcə, “Hidayə” müəllifi Mərğinani, “Fəthul-Qadir”in müəllifi İbn Humam, Aliyyul Qari və Əbussuud Əfəndi kimi çox güclü fiqh alimləri siqaretin hazırda təsbit edilən öldürücü zərərlərini bilsəydilər, mütləq onun haram olduğunu deyərdilər.

Ötən əsrlərin fiqh alimlərinin siqaretlə bağlı mülahizələrini ümumi şəkildə nəzər yetirdikdən sonra məsələyə bu günün pəncərəsindən baxaq.

Xüsusən son illərdə tibb sahəsindəki inkişaf siqaretin nikotin, karbon monoksid, arsenik, siyanur, amonyak, qətran kimi minlərlə zəhər daşıdığını açıq şəkildə ortaya qoymuşdur. Bu zəhərli maddələr insanda vərdiş əmələ gətirir, qaraciyər, boğaz, mədə, prostat, ana bətni, böyrək xərçənginə, ürək-damar xəstəliklərinə səbəb olur, şəkər xəstəliyini hərəkətə gətirir, cinsi orqanlarda bərpası mümkün olmayan xəsarət törədir. Bu zəhərli maddələr həmçinin qandakı oksigenin hüceyrələrin istifadəsinə mane olaraq bütün orqanların fəaliyyətinə mənfi təsir göstərir. Statistik məlumatlarda göstərir ki, milyonlarla insan bundan həyatını itirmişdir. Dolayısilə, siqaret həkimlərin dediyi kimi, “tədrici intihar”dır. Onun zəhərini qəbul edən insan həmin anda ölməsə də, gündən-günə ölümə yaxınlaşır və buna özü səbəb olduğu üçün bir mənada da intihar edir. Yadınıza düşər, “Sızıntı” jurnalında siqaret çəkən bir insanın şəklinin altına “Ölümə gedirsən “ölüm” deyə-deyə/Anlamıram, bu ahəstəliyin bəs niyə?” deyə iki misra yazılmışdı. Ürəyə xəncərin ucunu batırıb sonra onu yavaş-yavaş içəri basmaqla siqareti yavaş-yavaş tüstülədərək özünü məhv etmək arasında heç bir fərq yoxdur. İnsanın öz canına qıyması haram olduğu kimi, sağlamlığına bu və ya digər şəkildə zərər verməsi də haramdır. Çünki bədən insan mülkü deyil, bu ona əmanət verilib, qorunmalıdır. Qorumamaq isə əmanətə xəyanətdir. Canı qorumaq dini, nəsli, ağlı və malı qorumaq qədər böyük borc və məsuliyyətdir. Bu nöqteyi-nəzərdən siqaret insan sağlamlığına zərərli olduğuna görə haramdır.

Siqaretin insan sağlamlığına digər bir zərəri də hədisin ifadəsi ilə “mufəttir” olmasıdır. Əbu Davudun “Sünən”, Əhməd bin Hənbəlin “Müsnəd” əsərində və digər mənbələrdə keçən və Ümmü Sələmin (r.anha) rəvayət etdiyi bir hədisdə:

“Allah Rəsulu (s.ə.s.) hər “muskir” və hər “mufəttir”i qadağan etdi” (Sünen, Eşribe, 4; Müsned, 8/296) nəql edilir. Bildiyiniz kimi, “muskir” insanı sərxoş edən, “mufəttir” isə vücudu keyləşdirib müqaviməti azaldan və həzz verməklə bədəni daxilən məhv edən şey deməkdir. Bu nöqteyi-nəzərdən baxanda siqaret əqli sağlamlığı da təhlükəyə atır. Bədənə xumarlıq hissi verən siqaret və s. otlar zaman keçdikcə insanı spirtli içkilərə də alışdırır. Siqaretə haram hökmü verən bəzi fiqh alimləri məhz bu hədisi əsas götürmüşlər. Belə ki, bir şərhçi Əbu Davudun “Sünən” əsərini şərh edən bu mövzunu araşdırmış və nəticədə siqaret kimi “mufəttir” olan maddələrin Allah Rəsulunun (s.ə.s.) qadağan etdiyi maddələr çərçivəsinə daxil olması, dolayısilə də, haram olması qənaətinə gəlmişdir. Bu şərhdən başqa Osmanlı dövründə, (zənnim aldatmırsa) Suriyada Osmanlı dilində qələmə alınmış və siqaretin haram olduğunu müxtəlif dəlillərlə açıqlayan bir əsərə rast gəlmişdim. Kiçik, barmaq qalınlığında kitab idi. Sonra onu latın əlifbasına çevirmək üçün bir yoldaşıma verdim. Ancaq necə oldu, bilmirəm, əsər itdi, tapılmadı. Kitabxanalar araşdırılsa, bəlkə də, tapılıb insanların istifadəsinə verilər.

Qul haqqı və israf

Siqaretin təkcə çəkənə deyil, həmçinin başqalarına, ətraf mühitə də zərəri var. Ana bətnindəki körpədən siqaret çəkilən qapalı məkanlarda “passiv çəkən” insanlara qədər çəkməyən insanların sağlamlığına da bilavasitə və ya bilvasitə təsiri var. Bu nöqteyi-nəzərdən siqaret çəkənlər həm ətraf-mühitə, həm də başqalarına zərər verdiklərinə görə cürm işləyirlər.

Siqaretin haram olmasının əsas səbəbi də israfdır. Əslində buna Quranın ifadəsilə “təbzir” də demək olar ki, bu da israfın son həddidir. Həmçinin Qurani-Kərimin ifadəsi ilə “Həqiqətən, mubəzzirlər (israfçılar) şeytanların qardaşlarıdır” (“İsra” surəsi, 17/27). İslamiyyət çaydan dəstəmaz alanda belə artıq su işlətməyi israf, dolayısilə, haram sayıb qapılarını israfçılığın üzünə bağlayan bir dindir. Bəli, yemə-içmədə, geyimdə, danışıqda – hansı məsələdə olur-olsun mömin israfdan uzaq durmalıdır, kəlmələri sayaraq danışmalı, bir kəlməni də lazımsız yerə işlətməməyə çalışmalı, mədəni ağzına qədər doldurmadan süfrədən durmalı, ancaq ehtiyacı qədər istirahət etməli, ehtiyacı qədər yuxuya vaxt ayırmalıdır. Beləliklə, siqaretə çəkilən xərcin açıq-aşkar israf olduğu ortaya çıxır. Hətta nə qədər insan arvad-uşağının boğazından kəsib ona pul verir, bu həm israf, həm də qul haqqını tapdalamaqdır.

Qısaca desək, siqaret həm onu çəkənin, həm də eyni məkanda olanların əqli və fiziki sağlamlığında dərin izlər buraxır, çirkin qoxusu ilə insanlara, ruhanilərə əziyyət verir, insanların haqqını tapdalayır və ətraf mühitə zərər verir. Bəli, bunların hər biri öz-özlüyündə siqaretin haram olmasına mənat təşkil edir.

İcazənizlə mövzu ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. Siqaretin bizim dünyamızda yayılmlasında avropalıların sistemli fəaliyyətinin təsiri olduğu kimi, bəzi şərq alim və şeyxlərin də təxsiri var. Onlardan bəziləri, xüsusən müəyyən bir dövrdə, nəinki siqaretə mübah, hətta savab da dedilər. Təkkə və zaviyələrdə belə siqaret çəkilməsinə şahid olmuşam. Mədrəsələrdə tələbəyə dərs təkrarladanda belə çəkənlər vardı. Kim bilir, bəlkə, də o dövrün bəzi alimləri insanların siqaretə qarşı bu ümumi rəğbətindən çəkindiklərinə görə qəti hökm verməmişdilər.

Yaxın qohumlarımdan da bu xəstəliyə mübtəla olanlar vardı. Rəhmətlik babam çox gözəl insan idi, hər gecə, bəlkə də, yüz rükət namaz qılardı, lakin siqaret ağzından düşməzdi. İki əmim siqareti çox çəkərdi. Atamla o biri əmim çəkməsələr də, siqaret çəkənlərin yanında oturardılar. Dayım da çox siqaret çəkən insan idi və təəssüf ki, bu dəyərli insanların hamısı xərçəngə tutulub dünyadan köçdü. Bilmirəm, bu barədə üstümə düşən məsuliyyəti tam yerinə yetirə bildimmi? Yoxsa, axirətdə bunun hesabı necə verilir, bilmirəm?

Qadağalar çarədirmi? Çarə deyilsə, bəs bunun çarəsi nədir?

Bu mövzuda əsas məsələ siqaret xəstəliyinə tutulanları siqaretdən xilas etməkdir. Söhbətin başında IV Murad və onun qadağanlarından bəhs etmişdim. Tarix buna nə qədər laqeyd yanaşsa da, Osmanlı sultanları içində IV Muradın böyük yeri var. O, qarışıq bir dövrün müstəsna və uğurlu şəxsiyyətdir. Ancaq bu məsələdə qoyduğu qadağaların güclü nəticə verdiyini düşünmürəm. Hazırkı qadağalar da bəzi müsbət nəticələr versə də, mən bu problemin qadağalarla uzunmüddətdli, köklü həll olunacağına inanmıram. Çünki bir məsələ ilə bağlı qadağalar tətbiq ediləndə insanlar bunu azadlıq və demokratik haqqın tapdalanması kimi qəbul edir deyə qadağanı pozmağa (gizli və ya aşkar) daha çox meyl edirlər. Sonra da qadağaların yanından keçib onu pozmaq üçün alternativ yollar axtarırlar.

Bu sözlərimdən “siqaretlə bağlı heç bir tədbir görülməsin və heç bir qanun qoyulmasın” mənası çıxarılmamalıdır. Əlbəttə, siqaret və bu kimi zərərli maddələrlə bağlı tədbirlər görülməlidir: hər kəsə satılmamalı, reklamı qadağan edilməli, qiyməti artırılmalıdır və s. Lakin hər məsələdə olduğu kimi, bu mövzuda da əsaslı və köklü həll insandan aslıdır.

Zehinlərdə çözüləsi məsələ və iradənin haqqı

Bəli, bu məsələni köklü şəkildə həll etmək istəyiriksə, ilk növbədə insanların zehin və qəlblərindən başlamalıyıq. Bunun üçün əvvəla, ailə və məktəb çiyin çiyinə verməli, uşaqların bu amansız vərdişin toruna düşməməsi üçün bütün tədbirlər görməlidir. Uşaq küçəyə tək buraxılmamalı, pis niyyətli insanların tələsinə düşməsinə imkan verilməməlidir. Belə ki, statistik məlumatlara görə uşaqlar məktəb dövründə siqaretə başlayır və bir daha da buraxmır, və ya buraxa bilmir. Hətta hazırda narkotik və spirtli içkilər də eyni şəkildə yayılır.

Sözüküçən şəxlər insanlara siqaretin çirkin və zərərli vərdiş olduğunu mütləq izah etməlidirlər. Bütün mövcud informasiya vasitələri bu mövzuda səfərbər edilməlidir. Siqaret çəkənlərin harama girdiyini, bunun Allah hüzurunda hesaba çəkiləcəyi mütləq ifadə edilməlidir. İnsanlara və ətraf-mühitə zərər verməyə, mələkləri narahat etməyə heç kəsin haqqı olmadığı israrla vurğulanmalıdır. Həmçinin onkoloq, uroloq və terapevtlər, daha doğrusu, bu məsələ ilə bağlı hər sahənin mütəxəssisləri siqaretin dəhşətli zərərlərini hər kəsə səviyyəyə görə şəkillər, qrafiklər, animasiyalar və slaydlarla izah etməlidirlər. Burada mühüm bir məsələ də müstəqil səy və fəaliyyətlər əvəzinə, ilahiyyatçı, psixoloq, tibb mütəxəssisləri və sosioloqların bir məxrəcə gəlib ortaq işlər görməsidir. Beləliklə, daha geniş sahədə, daha üzunmüddətli və daha faydalı nəticələr əldə ediləcək.

Son olaraq bir məsələyə də təmas etmək istəyirəm. Təəssüf ki, cəmiyyətdə dərdə, qəmə düşəndə çıxarıb bir siqaret yandırmaq, o məlun zəhərlə guya təsəlli tapmaq adət halına gəlmişdir. Hətta bəzi inanclı insanlar onun zərərinə, çirkin və tərgidilməli vərdiş olduğuna inandıqları halda, yenə də ona təsəlli gözü ilə baxır və nəticədə də heç cür onun əsarətindən xilas ola bilmirlər. Halbuki bu, faydasız və boş bir təsəllidir. Möminə hər dərd, bəla, müsibətdə Allaha sığınmalıdır. Bəli, inanan insanın təsəlliyə ehtiyacı varsa, mümkünsə, oruca niyyət etsin, özünü namaza versin, əllərini açıb Cənabi-Haqqa ürəkdən yalvarsın və "Allahım, mənə səbri-cəmil ver![3]" desin. Qəlbin dərinliyindən qopub gələn:

"إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ

- Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm" (“Yusuf” surəsi, 12/86) iniltisi zənnimcə, həm o xəstəlikdən qurtuluşa bir vəsilə, həm də həqiqi təsəlli olacaq. Bəli, təkrar edirəm, insanlar siqaret əvəzinə:

" لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ

- Güc və qüdrət – hər şey, ancaq Allahın izni və iradəsi olar",

" إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

- Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" (“Bəqərə” surəsi 2/156) deyib Qüdrəti və Mərhəməti Sonsuz Allaha sığınsalar, nə olar! Həm günaha girməz, həm özlərinə, həm başqalarına zərər verməz, həm Allah hüzurunda savab alar, həm də itirənlərdən deyil, qazananlardan olarlar.


[1] Harama yaxın məkruh
[2] Bir şey halal və ya haram ola bilər, amma haram oluduğuna dair əldə sübut yoxsa “əşyada əsas olan ibahədir” qaydasında görə ona halal deyilir”
[3] Ən gözəl səbir

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.