Şöhrət düşkünlüyü

Sual: Dünyanın hər tərəfinə yayılan məfkurə mühacirlərindən bəhs ediləndə, ümumiyyətlə onların ad-sandan, şan-şöhrətdən uzaq olduqları və olacaqları ifadə edilir. Hal-hazırda belə bir təhlükə görünmür. Bu gələcək üçün xəbərdarlıqdırmı?

Cavab: Şübhəsiz ki, böyük-kiçik hər şan-şöhrət arzusu, ad-san düşüncəsi qəlbi və ruhi həyatı təhdid edən təhlükəli bir virusdur. Bu arzu və ehtiras Allahla münasibətin kəsliməsinə səbəb olduğu kimi, Allahın yardımına da mane olur. Elə isə bu təhlükəli xəstəliyə tutulmadan, onun əsarətinə düşmədən tədbir görməli və məsələyə ciddi yanaşmalıyıq.

Yoluxucu xəstəlik və qoruyucu həkimlik

Əgər bizdə belə bir meyil varsa, və ya yoldaşımızda görmüşüksə, bu hiss başqalarını da yoluxdurmasın, bu duyğunu hərəkətə gətirməsin deyə təcili "karantin” elan etməli, yayılmasına imkan verməməliyik. Çünki mənəvi xəstəliklər maddi xəstəliklərdən daha təhlükəlidir, daha tez yayılır, daha çətin müalicə olunur. Ad-san, şan-şöhrət virusuna yoluxan insanı geri qaytarmaq çox çətindir. Buna görə də bu hislərə qarşı daim hazır və ayıq-sayıq olmalıyıq. İmkan daxilində mərifət gücümüzü immunitet sistemi kimi işlədərək "antişöhrət” və "antişan” antibiotikləri sintezləyərək onları təsirsiz hala gətirməliyik.

Nəfsinə meydan oxuyan əzəmətli şəxsiyyətlər

İmam Rəbbani və Bədiüzzaman kimi böyük şəxsiyyətlərin həyatına baxanda görürük ki, onlar həyatlarının parlaq, qibtə doğuran, heyran­edici fəaliyyət dövrlərində belə nəfslərini amansızca sorğu-suala çəkmişlər. Məsələn, Türkiyə kimi bir ölkədə ağır şəraitdə din abidəsini yenidən dirçəldən və bu haqda məktublar alan, təqdir dolu sözlər eşidən, şəxsiyyəti, əsərləri böyük maraqla qarşılanan Həzrəti Pir fəaliyyətinin belə parlaq dövründə nəfsinə: "Sən, ey riyakar nəfsim! "Dinə xidmət etdim" deyə qürurlanma,

اِنَّ اللّهَ لَيُؤَيِّدُ هذَا الدِّينَ بِالرَّجُلِ الْفَاجِرِ

"Şübhəsiz ki, Allah bu dini facirlə də möhkəmləndirər" (Buhari, Cihad 182). Sən müzəkka[1] olmadığın üçün özünü o facir[2] bilməlisən," – deyir. Halbuki o dövrdə Həzrəti Ustadın nəşr etdiyi Risaleyi-Nur əsərləri yalnız Türkiyədə deyil, dünyanın hər tərəfinə yayılmış; qısa müddətdə Mədineyi-Münəvvərədə, Misir, Pakistan və s. ölkələrdə rəğbətlə qarşlanmışdı. Uzun zaman Bağdadda yaşayan Əhməd Ramazan bəy Bağdaddan müxtəlif yerlərə minə yaxın məktub göndərilməsinə vəsilə olduğunu demişdi. İnformasiya imkanlarının məhdud olduğu belə bir dövrdə Ustad Həzrətləri beş-on məsləkdaşı ilə ümid bəslədiyi hər yerə əl uzatmağa çalışır, o cüzi imkanlarla, bir mənada, dünya ilə oynayırdı. Onun bu fəallığı, əzmi həqiqi mənada rəğbətlə qarşılanmış, alqışlanmışdır. Lakin o, özünü "məzhər[3]” deyil, gözəlliklərin gəlib keçdiyi "məmər” hesab edirdi. Beləliklə o, bütün bu gözəlliklərin şəxsinə aid olmadığını dilə gətirmiş, bəyənilmə, təqdir edilmə, şan-şöhrət kimi hislərə qarşı səngər qazmış, bu xəstəliklər mənəvi dünyasına addım atmadan tədbir görmüş, içinə sızmasına imkan vermə­miş­dir. Məsələyə zarafatyana baxsaq, Ustad Həzrətlərinin bu mətanəti virusları belə təngə gətirmiş, hətta onları: "Biz bu insanı təhrik etdikcə onun müqaviməti daha da güclənir. Biz ona bəzi şeyləri qəbul etdirmək istədikcə o, özünü facir yerinə qoyur; nəinki özünü "məzhər əksinə "məmər” sayır. Ən yaxşısı, onunla heç məşğul olmayaq!" deməyə məcbur etmişdir.

Əslində bütün böyüklərdə bunu müşahidə etmək olar. Məsələn, "sirri-üluhiyyət” və "sirri-rübubiyyət” kimi dərin məsələlərə vaqif olan, bu ülvi həqiqətlərin yayılması uğrunda peyğəmbəranə əzmkarlıq göstərən İmam Rəbbani mürşidi Məhəmməd Bəqibillah Həzrətlərinə göndərdiyi namədə səbəb olduğu bütün xeyir işlərdə nəfsini qınadığını, hər kəsi özündən üstün özünü isə insanların ən şərlisi gördüyünü və əməl dəftərinin bomboş olduğunu yazır. Deməli, bu böyük insanlar qürura, təkəbbürə, özünü bəyənmişliyə gedən yolları başdan kəsmiş, barrikadalar qurmuş, nəfslərinin nəfəsini kəsmişlər. Əlbəttə, bunun nəticəsində nəinki hörmət, iltifat və alqışdan xoşlanardılar, əksinə ar­zula­madıkları, gözləmədikləri belə bir rəftarla, təqdirlə qarşılaşarkən həyadan başdan ayağa tərləyər, bundan çox na­ra­hat­ olardılar.

Şöhrət düşkünləri - alqış dilənçiləri

Biz də daxilən içimizdə şöhrətpərəstlik titrəyişini duyar-duymaz dərhal təyəqqüza keçməli[4], nəfsimizlə əlbəyaxa olmalı və beləcə qəlbimizin qa­pı­la­rı­nı bu öldürücü virusların üzünə qarşı bağlamalıyıq. Çünki ifadə etdiyim kimi, insan şan-şöhrət, ad-san dəryasına dalınca geriyə dö­nüşü çox çətin olur. Cövdət adlı şair yoldaşımın yadımda qalan bir misrası var. Belə deyirdi: "Üsyan dəryasına yelkən açmışam/Məni qoymur sahilə çıxım". Bəli, əgər bu qəflət dəryasına dalar, şouya bənzər hadisələrin arxasınca düşər, iltifatdan həzz, alqışdan ləzzət almağa başlasanız, hər işdə alqış umar, iltifat həs­rətini çəkər, nəticədə də alqış dilənçisinə dönərsiniz. Şöhrətpərəst insanı hərəkətə gətirmək, ona bir iş gördür­mək üçün hər dəfə mütləq nəsə vermək lazım gələcək. Zaman keçdikcə iltifat, təqdir və alqışlar ona bəs etməyəcək, onu təmin etməyəcək. Narkomanın narkotikə bağlılığı, asılılığı günbəgün artdığı kimi və qəbul etdiyi zəhərin dozasını getdikcə artırdığı kimi, şöhrətpərəst nəfs də daha çox, daha çox tələb edəcək. Məsələn, ona: "Sən dəyərli insansan, əzizimsən, canımsan, cananımsan, sultanımsan" kimi sözlər desəniz də, onun o alqış xəstəliyi, şöhrətpərəstliyi bununla da doymayacaq. Bu vəziyyətə düşən insan artıq qorxunc dərdə mübtəla olmuş sayılır. Onu müalicə etmək də çox çətindir. Çünki şöhrət ehtirası gözlərini qamaşdırmış, ağlını başından almışdır. Buna görə də belə bir insanın qurtuluşu, demək olar ki, Allahın inayətindən asılıdır. Məhz buna görə də bu böyük fəlakətin qarşısı başlanğıcdan alınmalı, düşüncə dünyamızı başdan mühafizəyə etməliyik.

Məsələn, bir çıxışınız, bir yazınız, bir əsəriniz böyük alqışla qarşılana bilər. Məhz bu zaman sizin vəzifəniz dərhal nəfsinizin yaxasından yapışıb bütün bu gözəlliklərin Zati-Əcəlli-Əla olan Allaha məxsus olduğunu deməkdir. Yoxsa, quru kötük kimi alqış və şöhrət selinin axarına düşüb getmə ehtimalı vardır.

- Bir yoldaşımızın hal-hərəkətlərində şöhrətpərəstlik əlamətlərini görsək, ona necə münasibət gös­tər­məliyik?

Əvvəla əsas qaydamızı - "nəfsimizin ittihamçısı, başqasının vəkili olma" prinsipini unutmamlıyıq. Yəni daxilən kiçik bir tanınma istəyinə qarşı dərhal hərəkətə keçməli, tədbirimizi görməliyik, lakin başqalarının hal-hərəkət, davranışları ilə məşğul olmaq bizim vəzifəmiz deyildir - bunu da unutma­ma­lıyıq. Bəli, insanlar haqqında günah dolu qovluqlar yazmaq bizim işimiz deyil. Biz başqaları tərəfindən pislənilən, haqqında sui-zənn edilən, hətta min cür günahına şahid olduğumuz insanlarla belə hər şeyi unudub münasibətimizi davam etdirərik/davam etdirməliyik. Ancaq hər nə qədər üslubumuz başqalarının ayıblarını axtarmamaq olsa da, əgər bir yoldaşımızın bədənində kiçik bir sızanaq çıxmış və ya başqa bir narahatlığı varsa, yəni bunu zahirən görə biliriksə, bunu görməzlikdən gələ bilmərik. Bu zaman əgər sözümüz təsir edəcəksə, qardaşımızın bu vəziyyətdən qurtulmasına səbəb olacaqsa, münasib bir şəkildə ona yardım etməyə çalışmalıyıq. Əgər bizim müdaxiləmizdən narahat olub əks-reaksiya verəcəksə, başqa münasib bir insanı araya salıb nə lazımsa onun vasitəsilə çatdırmalıyıq. Çünki əgər həmin şəxs bizi qəbul etmirsə, çox gözəl sözlər belə əks təsirə səbəb olub inadkarlıq hissini körükləyə bilər. Dolayısilə, insanın belə həsass bir mövzuda yanlış yola sapmasına əngəl olmaq üçün "hökmən mən deməliyəm” deməməliyik. Ustad Həzrətlərinin "İxlas Risaləsi”ndə buyurduğu kimi, başqasına dedirtmək xoşumuza gəlməlidir. Əgər əsas məsələ xəstənin yoluxduğu xəstəlikdən qurtulmasıdırsa, elə isə kimə əks reaksiya verməyəcəksə, o şəxs danışmalıdır.

Bu mövzuda bir mühüm məsələ də var. Səmimi, yaxın olduğumuz bir-iki yoldaşla sözləşməliyik ki, "bir-birimizin səhvini, xətasını görsək, xəbərdarlıq edəcəyik”. Yəni bu insanlarla elə qardaşlıq münasibəti qurmalıyıq ki, Quran və sünnə nöqteyi-nəzərindən nöqsanlarımızı, xətalarımızı rahat bizə deyib xəbərdarlıq etsin. Məsələn, namaz möminin ən mühüm, ən vacib ibadətidir. Qurani-Kərim buyurur:

" قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلاَتِهِمْ خَاشِعُونَ - Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər," ("Muminun” surəsi, 23/1-2). Hər şeydən məfhumu-müxalif[5] çıxarmaq doğru olmasa da (çünki onun özünə görə bəzi qayda və şərtləri var), ayənin məfhumu-müxalifinə baxsaq, belə deyə bilərik: Namazını hudu və huşu[6] ilə, qəlb abi-havasının əsinti və fəvəranı, qəlbin həyəcanı ilə əda etməyənlər qurtula bilməzlər. Bəli, namaz dərin təvəccöhlə, daxilən və zahirən Allaha yönəlməklə, hər rüknünü əda edərkən hətta saniyələri vicdanda duymaqla, onu yaşamaqla iqamə[7] edilən ibadətdir. Yəni namazda qəlb, vicdan və hiss bütövüləşməlidir. Bu baxımdan qəflətin namazda yeri yoxdur. Söz verib, söz aldığım bir dostum namazı bu çərçivədə qılmadığımı görəndə məni xəbərdar etməli və: "Allah xatirinə de görüm, sənin kimi bir insanın namazı belə olmalıdır?! Millət sizin kimi insanların namazına baxıb hərəkət edir. Əgər insanlar sizin namazınıza baxaraq "namaz belə də qılınarmış" deyib namazlarına səhlənkar yanaşsa, vay halınıza!" deməlidir.

Bunu da ifadə edim ki, bir-birimizə söz versək də, xəbərdarlıq və tənbeh edərkən çox diqqət etməli, əks reaksiyaya səbəb olmamalıyıq. Çünki insan təbiətində səhvlərinin deyilməsinə qarşı əks reaksiya, qəbuledilməzlik hissi var. Buna görə tənbeh edərkən yumşaq söz, yumşaq üslub və yumşaq rəftar əsas olmalıdır.

Xülasə, ad, san, şan, şöhrət, məqam, mövqe və s. – bunların hamısı öldürücü, təhlükəli virusdur. QİÇS-dən təhlükəli olan bu xəstəliklər epidemiya kimi hər yana yayılmışdır. QİÇS insanın yalnız cismaniyyətini, bunlar isə qəlb və ruhu təhdid edir. Əgər vəfamız, şəfqətimiz varsa, nəyin bahasına olur-olsun buna bənzər təhlükələrə məruz qalmış insanlara bir mömin kimi əl uzatmalıyıq.


[1] Təmizlənmiş, paklanmış
[2] Günahkar
[3] Bir şeyin göründüyü, izhar olduğu yer.
[4] Oyanmaq
[5] Mənaya əks məfhumla məsələyə sübt gətirmək
[6] Hudu-Boyun əymək, təvazökarlıq. Allah qorxusu. Allaha itaət etmək.
Huşu-Sevgidən doğan qorxu ilə qarışıq ədəb. Nöqsansız namaz haqqında fiqh kitablarında geniş izah edilmişdir. Namazın nöqsansız olması fərz, vacib, sünnə və müstəhəbi yerinə gətirməklə mümkündür. Namazda "huşu”, yəni maddi-mənəvi hər orqanın təvazökarlığı bu dörd şeyin nəticəsində meydana gəlir. Qəlbin "hudu”su da bunları tam yerinə yetriməklə ortaya çıxar.
[7] Ucaldılan

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.