Təmənnasızlıq

Fəthullah Gülən: Təmənnasızlıq

Sual: Qəlbləri haqq və həqiqətlə tanış edərkən hansı əsas prinsiplərə əməl edilməlidir?

Cavab: İnanclı bir insan Məbudi-Mütləq olan Allaha übudiyyətini übudəti-mütləq düşüncəsi ilə yerinə yetirməlidir. Yəni ibadətə başqa məqsəd qarışdırmamalıdır. Çünki biz Onun boynu boyunduruqlu bəndəsiyik. Acizik, fəqirik, qüsurlarımız çox, əməllərimiz ziddiyyətlərlə doludur, nə qədər cəhd eləsək də, heç nəyi əldə saxlaya bilmirik. Aydındır ki, biz özümüzün nə sahibi, nə da malikiyik. Üstümüzdə mütləq hakimiyyət var.

Doğrudur, insan bu həqiqətləri həmişə hiss edə bilmir. Bəzən müəyyən “dalğa”ları tutsa da, “tezliyi” tutdura bilmədiyinə görə, kənardan başqa “səs”lər qarışır. Bu, məsələlərə şəxsi düşüncələrin qarışması deməkdir. Ona görə də, insan məsələyə ciddi yanaşıb lazımi “dalğa”nı tutmağa çalışmalıdır. Bəli, insan düşüncələrini, mülahizələrini, sözlərini əvvəla vicdanın qədirbilən tərəzisində çəkməli, sonra ortaya qoymalıdır. Bu qədər həssaslıqdan sonra yenə də məsələyə şəxsi düşüncələr qarışarsa, o zaman Allahdan (cəllə cəlaluhu) əfv diləyərik. Yoxsa bütün vəzifələrimizi mükəmməl yerinə yetirirmiş kimi laqeydlik və biganəlik etmək bəndəlik şüuru ilə üst-üstə düşmür.

Zərbə dalınca zərbə

Məsələn, namazda səcdəyə getdiniz, beş-on dəqiqə Allaha dərdinizi ərz elədiniz. Həmin anda şeytan nəfs vasitəsi ilə sizə: “Nə gözəl ibadət edirsən!” deyə fısıldadı. Əgər bu düşüncələrin mənbəyi kəlami-nəfsdirsə, həmin kəlami-nəfslə də: “Ey yeganə məbud olan Allahım, Sənə layiqincə ibadət edə bilmirik! Ey yerdə və göydə adı daim zikir edilən Allahım, Səni şanına layiq zikir edə bilmirik! Ey hər dildə şükrə layiq olan Rəbbim, Sənə layiqincə şükür edə bilmirik! Ey bütün nöqsanlardan uzaq olan Allahım, Səni layiqincə təsbihü-təqdis edə bilmirik!” deməli, Onun rizasına zidd olan bütün düşüncə və mülahizələrin başını elə əzməlisiniz ki, bir daha özünə gəlməsin.

Ancaq unutmayın ki, onun başını əzsəniz də, şeytanın vəsvəsəsi, nəfsi-əmmarənin də təsvilat və təzyinatı ilə qidalanan bu cür hislər gözlənilməz anlarda canlı bir məxluq kimi xortlayıb qarşınıza çıxa bilər. Belə ki, Kabəni təvaf edəndə də, Ərafatda əl açıb Allaha yalvaranda da, Müzdəlifədə gecə ibadətlərlə Rəbbin hüzuruna üz tutanda da, hətta Minada şeytana daş yağdıranda da nəfs və şeytan sizdən əl çəkməz, elə hey sizi yoldan azdırmağa çalışar.

Məhz bu səbəbdən də Qurani-Kərim “Sənə əmr edildiyi kimi, düz (yolda) ol!” (“Hud” surəsi, 11/112) buyurur. Biz də, eyni şəkildə, hər gün namazlarda “Bizi hansı yol doğru yoldursa, ona yönəlt!” (“Fatihə” surəsi, 1/6) deyirik. Əgər sünnələri ilə birlikdə bütün namazları qılırıqsa, bunu gündə qırx dəfə təkrar etmiş oluruq. Əvvabin, təhəccüd və duha (işraq) kimi nafilə namazları da qılırıqsa, bəlkə də, gündə altmış dəfə Allahdan sirati-müstəqim (doğru yol, orta yol) diləyirik. Çünki O, əlimizdən tutub bizi doğru yola yönəltməsə, nəfsi-əmmarənin dolanbaclarında nəfəsimiz kəsilər. Bəli, O (cəllə cəlaluhu) əlimizdən tutmasa, o qədər “yol qəza”ları törədərik ki, vurduğu zərərləri yığıb-yığışdırmaq olmaz.

Hizmətdə bir təmənna umanlar əsla müvəffəq ola bilməzlər

Digər tərəfdən, əgər Onun zikrindən qalmasaq, gecə-gündüz Onu yad etsək, daim Onu düşünsək, Onunla nəfəs alıb-versək, bəşəri hislərin təsiri altına düşəndə də Onunla irtibatımız kəsilməz. Məsələn, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurur ki, işa namazından sonra təhəccüd namazını qılmaq niyyəti ilə yatağa girən adam gecə dura bilməsə belə, Allah onun savabını verər (Bax: Nəsayi, “Qiyamül-leyl” 63; İbn Macə, “İqamətüs-salət”, 177). Bu, Uca Allahın əngin mərhəmətindən bizə lütf etdiyi bir ərməğandır. Bəli, Sonsuz Mərhəmət sahibi Allahın bizi gücümüz çatmayan vəzifələrə görə mükəlləf saymamış, yalnız qüvvəmiz yetən müəlləfiyyətləri çiynimizə yükləmişdir. “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)” (“Bəqərə” surəsi, 2/286) ayəsində də göstərildiyi kimi, dində insanların gücü çatmayan ağır mükəlləfiyyətlər yoxdur.

O halda, əngin və sonsuz mərhəməti ilə nemətlərini leysan kimi başımızdan tökən Rəbbimizdən Onun rizasından başqa bir şey istəməməliyik. Çünki bundan qiymətli bir şey yoxdur. Allah-taalanın Cənnətdə öz mübarək camalını möminlərə göstərməsindən sonra (röyətullah) onlara ən böyük ərməğanı “Mən sizdən razıyam!” buyurmasıdır. Bu ilahi ərməğanın insan ruhunda hasil etdiyi sonsuz həzzi dünyada dərk etmək müşküldür. Bəlkə də, Şahi-Geylani, Əbul-Həsən əş-Şazəli, Məhəmməd Bahauddin Nəqşibəndi, Mövlana Xalid Bağdadi, İmam Rəbbani, Həzrət Pir kimi Haqq dostları bu həzzi duymuşlar. Ancaq yenə də bu mənəvi həzz axirətdəkinə çata bilməz. Mənim bunu nə izah etməyə, nə də təsvir etməyə gücüm çatar. Çünki Allah-taala qüdsi bir hədisdə Cənnət nemətlərindən bəhs edərkən: “Mən axirətdə saleh bəndələrimə elə şeylər hazırlamışam ki, onu nə göz görüb, nə qulaq eşidib, nə də kimsə xəyal edib” (Buxari, “Tövhid” 35; Müslim, “Cənnət” IV, 5) buyurur. Hədisdən də göründüyü kimi, bu məsələ insan idrakının fövqündə dayanır.

Bu baxımdan həm dünyada, həm də axirətdə Onu diləməkdən, eyni zamanda qəlblərdə Onu diləmə arzusunu oyatmaqdan böyük və dəyərli bir şey yoxdur. Buna görə də, peyğəmbərlər bütün ömürlərini yalnız Allahn adını tanıtmağa, Allahı sevdirməyə və insanlarla Rəbləri arasındakı irtibatı möhkəmləndirməyə həsr etmiş və bu səylərinin əvəzində kimsədən nə bir şey istəmiş, nə də ummuşlar. Çünki bu ixlası zədələyər, əməlləri də hədər edər. Üstəlik, Haqq yolunda gördüyü işlərin müqabilində mükafat gözləyən insanların uğur qazanması mümkün deyildir. Müvvəqqəti uğur qazansalar da, qəfil əsən sərt küləyə tab gətirməyib saman kimi sovrularlar.

Bütün Peyğəbərlər eyni həqiqəti hayqırmışlar

Allah-taala “Şuəra” surəsində Həzrət Nuh, Həzrət Hud, Həzrət Saleh, Həzrət Lut və Həzrət Şüeyb (aleyhimüssalam) kimi peyğəmbərlərin adlarını bu ardıcıllıqla çəkəndən sonra onların bu həqiqəti hayqırdığını buyurur: “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 26/109, 127, 145, 164, 180). Onlar ilahi vəzifəni yalnız Allah üçün yerinə yetirmiş, daima Allaha yönəlmiş və gördükləri işlərin əvəzində kimsədən zərrə qədər təmənna ummamışlar.

Dövr dəyişsə də, mühit başqalaşsa da, hər zəmanə özü ilə fikirlər gətirsə də, sözügedən peyğəmbərlər eyni düsturu nöqtəsinə, vergülünəcən təkrar etmişlər. Həzrət Nuhun nə deyibsə, Həzrət Hud da, Həzrtə Saleh də, Həzrət Lut da, Həzrət Şüeyb (aleyhimüssalam) də onu buyurmuşdur. Halbuki hər qövmün özünəxas problemləri vardı. Demək, problemlər fərqli olsa da, həll yolu birdir: ixlas və təmənnasızlıq.

Məsələn, Həzrət Nuhun (aleyhissalam) qövmü Ved, Yeğus, Yeuq, Nəsr adlı tanınmış insanları bütlərə çevirmiş və sitayiş etməyə başlamışdılar. Onlar ölmüş ata-babalarını pərəstişlə yad etmiş və onları ilahlaşdırmışlar (Bax: “Şuəra” surəsi, 26/105-111; “Nuh” surəsi, 71/23). Bu təhlükəyə, bir mənada, hər dövrdə rast gəlmək olur.

Ad qövmü isə, iri cüssələri ilə öyünür, daşları oyaraq evlər düzəldirdilər. Onlar o qədər məğrur idilər ki, yerin və ya göyün hadisələrindən zərər görəcəklərinə inanmırdılar. Onlar bir mənada elə sanırdılar ki, bütün seysmik zonalar, zəlzələ ocaqları məskənlərinin altına yığılsa və hamısı birdən fəaliyyətə başlasa, evlərinə zərər yetirə bilməz. Bu baxımdan, onların problemi Həzrət Nuhun qövmündən fərqli idi. Həzrət Hud (aleyhissalam) onların təhdidlərinə məhəl qoymadan bütün təhlükələri gözə almış, səhvlərini israrla dilə gətirmiş və eyni zamanda onlardan bu səylərinin əvəzində bir təmənna ummadığını bildirmişdi (Bax: “Şuəra” surəsi, 26/122-140; “Fussilət” surəsi, 41/15-16).

Həzrət Saleh (aleyhissalam) dövrünün insanlarında isə fərqli problemlər görürük. Onlar da bağ-bağçalarda dünyaya dalmışdılar, dəbdəbəli binalarda kef-damaq içində ömür sürürdülər. Ancaq Həzrət Saleh bütün çətinliklərə sinə gərərək heç bir şey ummadan təbliğ vəzifəsini yerinə yetirmiş, onları tövhidə səsləmiş, israfçılıqdan və fəsaddan əl çəkməyə çağırmışdır (Bax: “Şuəra” surəsi, 26/141-159).

Sonralar, yəni Həzrə Lut (aleyhissalam) dövründə də insanlar çirkin davranışlara qurşanmış, sapqın və əxlaqsız bir topluma çevrilmişdilər. Digər peyğəmbərlər kimi, Həzrət Lut da qovulma və təcrid edilmə təhdidlərinə əhəmiyyət vermədən onları tövhidə və doğru yola səsləmiş, bu cəhdlərinin əvəzində isə heç bir təmənna ummamışdır (Bax: “Şuəra” surəsi, 26/160-175).

Həzrət Şüeybə (aleyhissalam) gəlincə, onun dövründə də bazar-dükanlarda ölçü və çəki bir-birinə qarışmışdı. Tərəzinin nə sağ, nə də sol gözü bilinirdi. Ticarətdə möhtəkirlik hakim olmuşdu. Maddi nemətlər yalnız hakim dairələrin anbarlarına axırdı. Həzrət Şüeyb: “Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın! İnsanların haqqını azaltmayın! Yer üzündə fitnə-fəsad törətməyin!” (Bax: “Şuəra” surəsi, 26/176-191) sözləri ilə onlara xəbərdalıq edir və bu səylərinin müqabilində onlardan bir şey ummadığını bildirirdi.

“Şuəra” surəsində bu beş peyğəmbərin adları çəkilən yerdə Peyğəmbərimizin adı anılmır. Ancaq bir başqa surədə verilən Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) aid bir bəyanın digər peyğəmbərlərin sözündən bir fərqi yoxdur: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq sevgisindən başqa bir şey istəmirəm” (“Şura” surəsi, 42/23). Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu sözləri ilə ona düz on üç il Məkkədə əzab-əziyyət verən, Onu yurdunda-yuvasından köçməyə məcbur edən, hicran və həsrətə düçar edən qövmündən heç bir əvəz istəmədiyini dilə gətirmişdir. Bəli, O, insanların həm dünya, həm də axirət səadətinə vəsilə olduğu halda, onlardan heç bir şey istəməmiş; həsir üstündə yatsa da, günlərlə ac qalsa da, bu düsturuna daima sadiq qalmışdır.

İtirilən etibar və dalana dirənən yollar

Əslində, etibar və inamı qazanmağın bir yolu var, o da təmənnasızlıqdır. Çünki gördükləri işlərin müqabilində təmənna uman və mənfəət güdən insanlar özlərini gözdən salmış, etibarlarına xələl gətirmiş olurlar. Ona görə də, əgər siz “Bismillah!” deyib hizmət yoluna qədəm qoymusunuzsa, Peyğəmbər yolundan ayrılmamalısınız. Sizə baxanlar tərəddüd etmədən: “Bu insanların işə başlayanda yüz lirəsi vardı. İşi qurtaranda gördük ki, doxsan lirələri qalıb. Demək, öz pullarını belə, bu yolda sərf ediblər” deməlidir. Göz-könül toxluğu və təmənnasızlıq prinsipi kənd bələdəiyyə sədrlərindən dövlət başçısına qədər bütün idarəçilər üçün vacib bir fəzilət olduğu kimi, həyatını haqq-həqiqətin təbliğinə həsr edən insanlar üçün də əvəzsiz düsturdur. Çünki onlar əsasən təmənnasızlıq və adanmışlıq düşüncəsindən güc alırlar.

Həyatını bəşəriyyətə xidmət yoluna həsr edən insanlar uzunömürlü əsərlər ortaya qoymaq istəyirlərsə, peyğəmbər yoluna sadiq qalmalıdırlar. Əks halda yolun başında Harun olub ortasında Qarunlaşanlar gün gələr, yığdıqları xəzinələrlə birlikdə yerin dibinə batar və lənətlə yad edilərlər. Əgər dilimdə az da olsa, lənət və bədduaya yer olsaydı, xalqa xidmət iddiası ilə ortaya çıxan, lakin öz mənafeyini düşünən, hər məsələdə öz mənfəətini güdən, tenderlərdə özünə pay ayıran, pay ayıranları “mabeyni-hümayun”a daxil edən kəslərə: “Allah sizi ailənizlə, övladlarınızla, təmənnalarınızla, umduqlarınızla birlikdə yerin dibinə batırsın, məhv eləsin!” deyərdim. Ancaq bunu rəva görmədiyim üçün İqbalın dediyi kimi, dualarla yalvardım, təlinə və bədduaya amin demədim.

Ona görə də heç olmasa həyatını iman və Quran xidmətinə həsr edən insanlar gördüyü işlərin əvəzində mənfəət güdməməlidir. Şəxsi münasibətlərdən istifadə edərək haqsız yerə nə bir tender “qazanmalı”, nə də bir başqa mənafeyin dalınca düşməlidirlər. Haqq yolunda olnlara güc-qüvvət adanmışlıq və təmənnasızlıq kimi fəzilətləri bayağı dünyəvi şeylərə dəyişib hədər etməməlidirlər. Onsuz da halal yollarla dünya malı qazanan insanlar var. Allah onlara ticarətdə böyük qazanc lütf etmiş və lütf edir. Onlar da qazanclarını, sərvətlərini Allah yolunda sərf edirlər. Rəhbər məqamındakı adanmışlara gəlincə, onların ən böyük zənginliyi həsbilik və təmənnasızlıqdır. Əgər onlar başqa şeylərin arxasınca düşsələr, çoxu qoyub azın dalınca getmiş olarlar.

İnsanlığın İftixarı Peyğəmbərimiz dünyasını dəyişəndə zirehi bir yəhudidə girov idi. Ailəsinin güzəranını təmin etmək üçün borc almış, əvəzində zirehini vermişdi (Buxari, “Riqaq” XVII; Müslim, “Libas”, XXXVII). Həzrət Əbu Bəkir də Onun izi ilə getmiş, məvacibindən artıq qalanını sonrakı xəlifəyə əmanət etmişdi (Bax: İbn Sad, “ət-Təbəqatül-kübra”, III/186). Həzrət Ömərin də əlində-ovucunda heç bir şeyi yox idi. Günlərlə Məscidi-Nəbəvidə qum üstündə yatmışdı.

Yolsuzluğu yol seçənlərin acınacaqlı aqibəti

Nümunə götürülməyə layiq insanlar bu təmənnasız bəndələrdir. Doğru yol da onların yoludur. Başqa yollar varsa, “yolsuzluq”dan başqa bir şey deyildir. Doğru yoldan çıxan insan özü də bilmədən yüz cür “yolsuzluğa” əl atar. Bu “yolsuzluq”lar əvvəl-əvvəl insanın üzünü güldürsə də, bir gün elə ağladar ki: “Kaş torpaq olaydım!” (“Nəbə” surəsi, 78/40), amma bunları eşitməyəydim!” deyib dad edər.

Bu baxımdan bu ali heyətə mənsub insanlar milçək qanadı qədər qiyməti olmayan bu dünyaya, artıq deyil, heç olmasa qədərincə etibar etməlidirlər (Bax: Tirmizi, “Zöhd” XIII; İbn Macə, “Zöhd” III). Hədis kimi rəvayət edilən bir kəlamda dünya leşə bənzədilir və onu əldə etməkdən başqa bir şey düşünməyən insanlar da leş yeyən itlərə tən tutulur (əl-Acluni, “Kəşfül-xafa”, I/492-493).

Kaş bu hiyləgər dünyanı – bəzi vacib cəhətləri istisna olmaqla – unuda biləydik. Unutmayanlar həm özlərini, həm millətlərini, həm də tarixlərini hədər etdi. Topqapı sarayı səhabələrin yolunu tutan mübarək bir milləti dünyaya hakim elədi. O, ruh dünyamızın əks etdiyi bir məkandı. Orada Fatehin, II Bəyazidin, Yavuzun və Qanuni Sultan Süleymanın məfkurəsi vardı. Onlar uzun yollar aşmış, uzaq diyarlara səfərlər etmiş, dünyada müvazinəti bərqərar etmək üçün əlindən gələni əsirgəməmiş, zalıma diz çökdürmüş, məzluma rahat nəfəs aldırmışlar. Vətənə qayıdanda isə sadə və təvazökar Topqapı sarayında öz işlərinə davam etdirmişlər. Əksinə, Dolmabağça, Yıldız sarayları nə qədər təmtəraqlı və dəbdəbəli olsalar da, bizim ulduzumuzu söndürdülər. Bir mənada dünyanı bizə cənnət kimi göstərib, əsl Cənnəti və Allahı unutdurdular.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.