Ürfan üfqü

Fəthullah Gülən: Ürfan üfqü

Sual: Niyazi-Misri “Oruc, namaz, həcc ilə, / Sanma bitər, zahid, işin. / İnsanı-kamil olmağa, / Lazım olan ürfan imiş” misraları ilə “ürfan”ın əhəmiyyətini diqqətə çatdırır. Ürfana yiyələnmək üçün mükəlləfiyyətləri yerinə yetirməklə yanaşı, başqa nələrə diqqət yetirmək lazımdır?

Cavab: Namaz, oruc, zəkat və həcc ibadətlərin əsası olsa da, iman və ibadətin qapısını açan sirli açar kəlmeyi-şəhadətdir. O, başlanğıcla sonu özündə birləşdirən mübarək bir cümlədir. Başqa sözlə, kəlmeyi-şəhadət həm bir başlanğıc, həm də son nöqtədir. Onsuz nə mələklərə, nə kitablara, nə peyğəmbərlərə, nə axirətə, nə də qəzavü-qədərə imanın bir anlamı var. Bunun kimi ibadətlərin dəyərli olması da o (kəlmeyi-şəhadət) qapıdan girməkdən asılıdır. “Cəbrail hədisi”ndə də deyildiyi kimi, iman başda gəlir. Ondan sonra İslam və sonra da ihsan... Başqa sözlə desək, dinin təməli və başlanğıcı iman, sonu və nəticəsi də ihsandır.

Ürfan və ihsan

Ürfana gəlincə, o, ihsan çərçivəsində götürülən bir məfhumdur. Odur ki, ürfan üfqünə çatmaq istəyən ilk öncə ürəkdən iman etməli, saleh əməllər işləməli, daha sonra da bunu “vicdan kültürü”nə çevirməlidir. Bəli, üfanın əsas yolu diqqətlə və şüurlu şəkildə ibadət etməkdir. İbadətlərin şüurunda olmadan ürfana çatmaq mümkünsüzdür. Ürfanı olmayan bir insan da Allah və peyğəmbər sevgisinə müvəffəq ola bilməz. Unutmayaq ki, bunlar bir-biri ilə sıx bağlıdır, birindən keçmədən o birinə çatmaq mümkün deyildir. Məsələyə bu aspektdən baxanda görürük ki, Niyazi-Misri həzrətləri “Oruc, namaz, həcc ilə/Sanma bitər, zahid, işin/İnsanı-kamil olmağa,/Lazım olan ürfan imiş” misraları ilə hər şeyi yerli-yerinə qoymuşdur. Çünki ihsan şüuru və irfan nurundan məhrum bir insanın etdiyi ibadətlər formallıqdan və adət-ənənədən o tərəfə keçmir. Çünki camaat oruc tutur deyə o da oruc tutar, valideynlərindən gördüyü üçün namaz qılır, insanlar həccə gedir deyə həccə gedir... Dolayısilə, belə insanlar ibadətin zahirindən batininə keçə bilmədiklərinə görə, onun ruh və mənasını dərk edə bilmirlər. Rəsuli-Əkrəm buyurmurmu ki: “Elə oruc tutanlar var ki, onlara aclıq və susuzluqdan başqa bir şey qalmaz. Elə namaz qılanlar da var ki, qazancları yalnız yorğunluq və zəhmət olar.” (İbn Macə, “Siyam”, 21; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, 2/373) Demək ki, ibadətin dəyəri ürfan səviyyəsindən asılıdır.

Məsələn, insan ürfan üfqündə ihsan şüuru ilə qıldığı namazda bəzən özünü Uca Dərgahın hüzurunda görür. Hətta tərpənən əl və ayaqlarının ərşin örtüyünə toxunduğunu hiss edir. Əl və ayağı tərpətmək kimi ilahi hüzurun ədəbinə yaraşmayan hərəkət və davranışların Onun dərgahında hörmətsizlik sayılacağını düşünərək əsim-əsim əsir. Cənabi-Allah Rəsuli-Əkrəmin namazını Quranda bu ayələrlə təsvir edir: “O Allah ki, səni (gecə namaza) duranda da görür. Səcdə edənlər arasında qıvrım-qıvrım qıvrananda da.” (“Şuəra” surəsi, 26/218-219)

Bu səviyyəyə çata bilməyən insan, heç olmasa iradi olaraq Cənabi-Allahın daim onu gördüyünü düşünməli və namazın hər hərəkətini bu şüurla yerinə yetirməyə çalışmalıdır. Bir insanın namazda əl və ayaqlarını düzgün tutması, namazda baxılası yerə baxması, başını yerə qoyanda səcdənin haqqını düşünməsi kimi məsələlər “Cənabi-Allah bəndəsini hər an görür” (ihsan) şüurunun onun hərəkət və davranışlarına sirayət etdiyini göstərir.

Bəli, ürfana varmaq istəyən mütləq ibadətlərini şüurlu şəkildə yerinə yetirməlidir. Məsələn, insan namazın başından axırınadək neylədiyini bilməli, namazı şüuru ilə qılmalıdır. Niyyət təkcə namaza başlayanda deyilən “Niyyət etdim namaz qılmağa” sözündən ibarət deyil. Niyyət qəlbin məqsədidir. Yəni ruhu, duyğuları masivadan (Allahdan qeyri hər şeyi) təmizləmək, Allahın hüzurunda müntəzir dayandığını dərindən hiss etmək, hətta öz varlığını da unudaraq heçlik libasını geyməkdir. Üstəlik “heç”liyə döndüyünü də hiss etməmək, bu hissi namazın sonunadək qoruyub saxlamağa çalışmaqdır. İnsan bəzən mənfi təsirlərə məruz qalır. Ancaq iradəni ortaya qoyub bunun öhdəsindən gəlmək lazımdır. O cümlədən namazda oxunan ayə və duaların mənasını bilməli, onların qəlbə çatdırmaq istədiyi həqiqətləri qavramalı və namazın sonunadək bu ardıcıllığı şüurlu şəkildə izləməlidir. İbadətləri mahiyyətinə vararaq, şüurunda olaraq yerinə yetirmək üçün ortaya qoyulan bu cəhd və səylər ürfana uzanan yolun məhək daşıdır.

İstiqamət və mütəmadiliyin kəraməti

Cənabi-Allahla irtibatın ciddi, qətiyyətli və şüurlu olması ilə yanaşı, mütəmadiliyi də ürfan üçün çox əhəmiyyətlidir. Allahın sizinlə müamiləsi sizin Allahla irtibatınızın keyfiyyət və mütəmadiliyindən asılıdır. İrfan üfqünün zirvəsində olan Zatın (s.ə.s.) bəyanı ilə desək, Allahın ən sevdiyi əməl az da olsa, mütəmadi ediləndir. (Buxari, “Riqaq” 18; Müslim, “Səlatül-Müsafirin” 218)

Unutmayaq ki, mərməri deşən suyun damcıları deyil, damlaların mütəmadi düşməsidir. Bəli, su çox zərif bir maddə olmasına baxmayaraq, mütəmadiliyi ilə mərməri belə aşındırır. Odur ki, insanın ibadətlərini səbir, səbat, əzm və qətiyyətlə davam etdirməsi mərifətə yiyələnməkdə əhəmiyyətlidir.

Əbu Hənifənin (rəhmətullahi əleyh) Qədr gecəsini ilin hər bir gecəsində axtarması çox xoşuma gəlir. Allah (cəllə cəlaluhu) müəyyən şeyləri bəzi şeylərin içində gizlətdiyi kimi, Qədr gecəsini də ilin içində gizlətmiş ola bilər. Şübhəsiz, Ramazan ayının iyirmi yeddinci gecəsini əhya edənləri də təqdir edib alqışlamalıyıq. Bu başqa məsələ. Ancaq əsas olan Həzrəti İmam Hümam kimi, hər gecəni Qədr bilməkdir. İnsan bu niyyət və düşüncə ilə hər gecə qalxmalı və heç olmasa təhəccüd namazı qılaraq bərzəxini işıqlandırmaq üçün Cənabi-Allahın hüzurunda müntəzir dayanıb sədaqətini ortaya qoymalıdır. Allaha qonaq olmaq dura-dura yorğan-döşəyə qonaq olmağın bir dəyəri varmı?! İbrahim Haqqı Həzrətləri bu fikri necə gözəl dilə gətirir:

Ey didə, nədir uyqu gəl, oyan gecələrdə,
Kövkəblərin et seyrini seyran gecələrdə.
Bax heyəti-aləmdə bu hikmətləri seyr et,
Axtar Sanini, ol ona mehman gecələrdə.

Bütün xeyirlərin sirli açarı - təvazökarlıq

Ürfana çatmaq üçün seyri-süluqui-ruhani yolunun pillələrindən də yararlanmaq olar. O cümlədən Hz. Pirin ortaya qoyduğu əczlə (acizlik) şövq və şükür də ürfan üfqünə çatmaqda mühüm prinsiplərdir. Yəni insan Allahın inayəti olmadan əlindən heç bir şeyin gəlmədiyini, özünə aid heç bir mülkü olmaya-omaya padşah kimi yaşadığını, odur ki, bütün bu nemətlərin Qəniyyi-Mütləqin xəzinəsinə aid olduğunu düşünərək şövqlə mənən coşa bilər.

Təəmmüllə (ətraflı müzakirə ilə) Quran oxumaq da mərifət yolunda mühüm vasitələrindən biridir. Əllamə Həmdi Yazır, Bəyzavi, Əbu Səud və ya Əlusinin gözü ilə Quranın sirli aləminə girmək, onu yenidən nazil olurmuş kimi duymaq insanı mənən pərvazlandırıb ürfan üfqünə yüksəldər və ona daima mənəvi coşğunluq gətirər.

Mərifətin vicdanda inkişaf etməsində təvazö, məhviyyət və xəcalət də mühüm rol oynayır. Mənəviyyat böyüklərindən Yusif ibn Hüseyn Razinin dediyi kimi, bütün xeyirlərin sirli açarı təvazökarlıq, bütün şərlərin açarı da qürur və ənaniyyətdir (eqoizm). Məğrur və eqoist insanlar ömür boyu başlarını səcdədən qaldırmasalar belə yenə də mənzilə çata bilməzlər. Bir qüdsi hədisdə Cənabi-Allah buyurur: “Kibriya (böyüklük, cəlal) Mənim ridam (çiynə salınan və lazım olanda səccadə və s. kim istifadə edilən yun parça), əzəmət isə Mənim izarımdır (belə bağlanıb bədənin aşağı hissəsini tutan fitə və s.) Kim bu məsələdə Mənlə yarışmağa cəhd etsə və bunlara şərik olmaq istəsə, onu tutub Cəhənnəmə ataram.” (Müslim, “Birr” 136; Əbu Davud, “Libas” 26)

Xülasə, gördüyümüz kimi, ürfan üfqünə aparan bir çox vasitə və yollar var. Çünki Allaha gedən yollar məxluqatın nəfəsi qədərdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.