Xəta və nöqsanları təsbit etmə yolları

Xəta və nöqsanları təsbit etmə yollarıSual: İnsanın öz xəta və nöqsanlarını təsbit etməsi kamilliyin ilk addımıdır. Bu nöqteyi-nəzərdən xəta və qüsurlarımızı təsbit etmək üçün nə tövsiyə edirsiniz?

Cavab: İnsanın səhvləri, xətaları və günahları növ-növ, cürbəcürdür. Onlardan bir qismi dinin açıq nəssləri ilə, Qurani-Kərim və Sünnətin müəyyən etdiyi təməl əsaslarla aydın və dəqiq şəkildə bəyan edilmiş, çərçivəsi ortaya qoyulmuş və təyin olunmuşdur. Bu səbəbdən, insan ilahi vəhylə bəyan edilən bu qadağa və günahları, xəta və səhvləri təməl məxəzlərə müraciət etmək surətilə təsbit edib öyrənə bilər. Hərçənd ki ağıla bir xüsus gələ bilər; həyatı dinin təməl prinsipləri əsasında götürmək üçün məsələləri elmi təfsilatı ilə dərk etmək hər kəsə müyəssər olmur. Ancaq inanan insan əlindən gəldiyi qədər bu yolda olmalı və dinin təməl əsaslarını öyrənmə istiqamətində əzm və səy göstərməlidir. Üstəlik, bu məqsədlə qələmə alınan elmihallar və əxlaqa dair bəzi kitablarda xülasə edilmiş məlumatlar icmali, ümumi olaraq bütün bu məsələləri ehtiva edir. Dolayısilə, bu əsərləri oxuyan insana dində haram və halal, münkər və mərufların hökmü aydın olar. Bu səbəblə, bu kateqoriyaya daxil olan xəta və günahlarda mühüm mövzu ilk fürsətdə, ən qısa zamanda onlardan qurtulmaq, təmizlənmək olmalıdır.

Günahlarını unutmayan tövbə qəhrəmanları

Əgər insan bu cür axınlara qapılıb, bu günah çuxurlarından birinə düşübsə, vaxt itirmədən tövbə ilə özünü yeniləməli və işlədiyi günahın xəcalətini ömür boyu vicdanında duyub hiss etməlidir. Çünki həqiqi mömin günahlarını unutmayan insandır. Belə ki, o, işlədiyi günaha tövbə etmiş və Allah (c.c.) da onun tövbəsini qəbul edib bu günahını çoxdan silmiş ola bilər. Hətta tövbəsi elə səviyyədə ola bilər ki, işlənən günahın, bəlkə, əlli qatını da silib təmizləyər. Lakin kamil mömin işlədiyi günahdan əlli-altmış il keçsə də, o günah hər yadına düşəndə, sanki, dünən bu işi görmüş kimi, ürəyinə xəncəl sancılmış kimi iztirab duymalı və "Ya Rəbbim! Sən varkən, Sənə inanarkən, Sənin əmrlərin günəşdən daha parlaq ikən axı necə oldu bu xətaya düşdüm” mülahizəsi ilə daim nəfsini sorğu-suala çəkməlidir.

Bu cür mülahizə, bu cür yanaşma tərzi həmin xətanı silib təmizləyəcəyi kimi, bundan əlavə insana bir savab da qazandıra bilər. Siz buna iztirab savabı, yeni bir təvəccöh savabı, keçmişdəki bir günaha yeni bir tövbə savabı və ya köhnə bir asiliyə bir inabə və ya övbə (tövbənin dərəcələri) savabı kimi baxa bilərsiniz. Beləliklə, deyə bilərik ki, möminin keçmişdə işlədiyi günahdan peşmançılıq və iztirab duyması, onun əməl dəftərindəki kirli səhifələrin savabla təmizlənib paklanması deməkdir.

İkincisi, işlənən günahın unudulmaması, hər xatırlayışda iztirab və kədər duyma növbəti səhvlərə mane olur. Məsələn, bir nəfər "Rəbbimlə münasibət baxımından bu iş doğru deyildi. Bu mənim mövqeyimdə olan bir insan üçün Allaha açıq-aşkar hörmətsizlikdir. Mən bu hörmətsizliyi heç vaxt unuda bilmərəm. Ömür boyu bunu xatırlayacağam" anlayış və mülahizəsinə maliksə, o, buna bənzər bir günah çuxuru ilə üz-üzə gələndə: "Hələ dünən bu həyasızlıqdan nifrət etdiyim halda, hədisin ifadəsilə, onu alova girmə kimi çirkin  gördüyüm halda, hal-hazırda az da olsa günaha olan bu meylim hansı şəri məntiqlə, hansı Qurani əqillə izah oluna bilər" şəklində düşünəcək. Bəli, işlədiyi günahın iztirabını qəlbində dərindən hiss edən bir insanın təkrar eyni günahı etmə ehtimalı olduqca azdır.

Bu anlayışa malik bir insanın savaba baxışı isə bu şəkildədir: Onun dağlar qədər savabı olsa, məsələn, İstanbulun fəthindən on qatı daha böyük fəthə və inkişafa vəsilə olsa, yenə də "Mən etdim deyə, istənilən səviyyə əldə olunmadı. Əgər mənim əvəzimə bir başqası olsa idi, daha böyük işlər görərdi". O, məsələyə bu cür yanaşar və daima “mənim bəzi nöqsanlarım gördüyüm xeyir işlərə qarışa bilər” mülahizəsilə hərəkət edər.

Bütün bu mülahizələr dini əsasların açıq və dəqiq ortaya qoyduğu, aydın şəkildə çərçivəsini müəyyən etdiyi xəta, qüsur və günahlar haqqındadır.

Niyyətin müəyyənediciliyi və qəlbin hakimliyi

Bir də bu cür xəta və günahlarla yanaşı, niyyətin mahiyyətinə görə barəsində hökm verilən əməl və davranışlar var. Məsələn, bir insan pis bir işə niyyət edib. Ancaq yaşadığı mühit, yoldaşları və ya başqa şərtlər ona həmin günahı işləməyə imkan vermir. Halbuki, o, fürsət tapan kimi həmin günahı işləmə niyyət və əzmində olur. Buna bənzər məsələlərin əsl mahiyyətini hər şəxsin yalnız özü bilə bilər. Dolayısilə, bunlar haqqda "haramdır və ya məkruhdur" şəklində qəti hökm vermək çətindir. Bu mövzuda hakim insanın öz vicdanıdır. Yuxarıdakı kimi bir vəziyyətlə qarşılaşan bir insan ancaq öz qəlbindən soruşaraq Allahın onun rastına çıxartdığı bir maneyə görə, yoxsa öz istək və iradəsi ilə o günahdan uzaqlaşdığını kəsdirə bilər.

Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) bu mövzu ilə bağlı bir hədisdə buyurur:

يَقُولُ اللَّهُ إِذَا أَرَادَ عَبْدِي أَنْ يَعْمَلَ سَيِّئَةً فَلَا تَكْتُبُوهَا عَلَيْهِ حَتَّى يَعْمَلَهَا فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا بِمِثْلِهَا وَإِنْ تَرَكَهَا مِنْ أَجْلِي فَاكْتُبُوهَا لَهُ حَسَنَةً

Uca Allah (günah və savab yazan mələklərinə) belə buyurur: Qulum pis iş görmək istəsə, bunu dərhal dəftərə qeyd etməyin, ta bu istəyini həyata keçirənə qədər gözləyin. Əgər o, pis əməli  görsə, o günahın bir mislini yazın. Əgər Məndən çəkinərək günaha işləməz, uzaqlaşarsa, onun dəftərinə bir savab yazın" (Buxari, Tövhid 35). Gördüyümüz kimi, burada qulun öz iradəsi ilə günahdan imtina etməsi nəzərə çatdırılır, vurğulanır. Dolayısilə, bu işdə qulun cəhdi və səyi olduğuna görə, əməl dəftərinə savab yazılır. Bəli, insanın öz iradəsi ilə mənfi yoldan dönməsi, mənfi işdən imtina etməsi ona savab qazandırır. Ancaq görəsən, eyni prinsip işin içində insanın iradəsi olmadığı hallara da aiddirmi? Başqa hədislərdən də aydın olduğu kimi, bir insan niyyətləndiyi pis bir əməldən öz iradəsi ilə çəkinməz, sadəcə qarşısına çıxan bir mane ona əngəl olarsa, bu böyük günah olmasa da, axirətdə buna görə hesaba çəkilə bilər. Buna görə də, insan təmkinli davranmalı, bu cür halları da günah olaraq qəbul etməlidir.

Mövzunu izah etmək üçün başqa misallar da verə bilərik. Məsələn, bir nəsih (nəsihət edən) söhbət əsnasında Bədiüzzaman Həzrətlərinin: "Allah üçün işləyin, Allah üçün görüşün, Allah üçün çalışın. Lilləh, livəchilləh, liəclilləh rizası dairəsində hərəkət edin" ifadələrini dilə gətirir. Əgər bu sözü deyərkən o, həqiqətən, hər işi Allah üçün etmə duyğu və həyəcanını qəlblərdə oyatmaq niyyətini daşıyırsa, inanıram ki, bunun mükafatını alacaq. Lakin insanlarda xeyirxahlıq duyğularını oyatmaq niyyəti yoxdursa, bunları sırf dinləyicilərə elmini, zəkasını nümayiş etdirmək üçün deyirsə, bu bir xətadır, nöqsandır, günahdır. Bu hökmü də ancaq insanın özü və vicdanı verə bilər.

Bu məsələdə zahirən haqq və həqiqəti təbliğ etmə, ona tərcüman olma var. Ancaq daxilən özünü ifadə etmə, özünü nəzərə çatdırma duyğuları daşıyırsa, hökmü də buna əsasən dəyişəcək. Çünki “söhbəti-canan”da əsas olan insanın özünü sıfırlaması, özünü heç bir şeyin sahibi bilməməsidir. Hətta onun vəzifəsi belə düşünməkdir: "Bu sözü mən deməsəydim, güman ki, vicdanlara daha böyük təsiri olardı. Mən dediyimə görə, bəzi vicdanlarda əks-təsirə səbəb oldu”. Bəli, əgər insan Allah, peyğəmbər, din adı çəkiləndə az da olsa özünü ifadə etmə, nəyi bildiyini, necə bildiyini insanlara çatdırmaq niyyətini daşıyırsa, deməli, orada günah iş görülür. 

"Hətta həsənatım belə bu qədər kirlidirsə…"

Buna oxşar təsbit və mülahizələr bütün ibadət mövzularına şamil edilə bilər. Məsələn, dinin dirəyi, imanın əkiz tayı olan namazı götürək. Fiqh kitablarına görə namaza başlayarkən insan ancaq özü eşidib, özü hiss edəcəyi qədər səsli iftitah təkbiri (Allahu Əkbər) gətirməlidir. Əgər kimsə namaza bağlı olan insan təəssüratı oyatmaq fikri ilə imam arxasında bərkdən "Allahu əkbər" deyərək namaza dursa, ona savab əvəzinə günah yazılacaq. Deyək ki, biri namaz qıldırır. Qiraətdə "

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

- Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər" (“Ənfal” surəsi, 8/2) ayəsini oxuyur. Ayəni oxuyarkən Ustad Həzrətlərinin ilk tələbələrinin o qibtə oyadan halı kimi, huşu və xəşyətlə bihuş olmuş, qıvrım-qıvrım qıvrılan bir insan davranışı sərgiləyir və bunu sırf kimisə təqlid etmək düşüncəsi ilə, onlar kimi görünmə arzusu ilə edirsə, deməli, namaz qılarkən gunaha girir. Çünki buna bənzər hərəkətlər qeyri-iradi bəzi təbii instinktlərin nəticəsi olaraq ortaya çıxarkən nöqsan sayılmasa da, bu cür davranışlar qəlb və vicdanın səs-sədası olmadığı halda əməl dəftərinə namaz savabı ilə birlikdə bəzi kirli mülahizələrin axmasına da səbəb olur. Çünki hər kəs olduğu kimi görünmək məcburiyyətindədir.

Həmçinin insan səcdədə

سُبْحَانَ رَبـّـِـيَ اْلأَعْلَى

- Təsbeh edirəm Uca Rəbbimi. O, hər cür qüsurdan uzaqdır" deyərkən fərqinə varmadan haray çəkib özündən gedə bilər. Bu hal günah deyil. Ancaq işin içinə azca iradə qarışsa və diqqət cəlb etmə kimi bir niyyət oyansa, nur axan namazın o həsənat dəftərinə çirkab da axa bilər.   

İndi isə misalları bir kənara qoyub əsas mövzumuza gələk. Qəti hökmü olmayan, ancaq vicdanın səsi, qəlbin hakimliyi ilə bilinən davranışları təsbit etmək üçün mömin həyatı boyu ən böyükdən ən kiçiyinə qədər bütün əməllərini sorğu-suala çəkməlidir. Ən xeyirxah görünən işlərin içində belə bir qisim kirli mülahizələrin ola biləcəyini düşünməli, daim Cənabi-Haqqa yönəlməlidir. Özünü bir mənada bu xətaların hambalı kimi görməli və bunların bağışlanması üçün Allaha yalvarmalıdır. "Hətta həsənatım belə bu qədər kirlidirsə, məndən nə çıxar?" deyə əndişələnməli və Ustada məxsus: "Ey Xaliqi-Kərimim və ey Rəbbi-Rəhimim! Sənin filan addakı məxluqun, məsnuun (sənət əsərin) və qulun həm asi, həm aciz, həm qafil, həm cahil, həm əlil, həm zəlil, həm müsi (yaramaz), həm müsin, həm şaki (günahkar), həm Seyidindən qaçmış bir kölə olduğu halda, nədamət (peşman olub) edib Sənin dərgahına dönmək istəyir. Sənin rəhmətinə sığınır. Hədsiz günah və xətalarını etiraf edir" mülahizələri ilə qüsurlarını etiraf etməyi bilməli və bunların bağışlanması üçün Allahın rəhmət və məğfirətinə sığınmalıdır.

Bəli, insan nəfsini təmizə çıxarmamaq surətilə nəfsini təmizləməlidir. Yəni öz nəfsini təmizə çıxarmamalı, onu asi, pis, üsyankar olaraq bilməlidir ki, nəfsini təmizləyə bilsin.  Bunları düşünərək diqqətli və təmkinli ömür sürən bir insan daim günahını bilər, nöqsan və qüsurlarına bələd olar və Allahın izni və inayəti ilə böyük xətalara düşməz. Belə bir insanın "ləməm"lərinə, kiçik xətalarına gəlincə Uca Bəyanın:

إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلاً كَرِيمًا

"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq," (“Nisa” surəsi, 4/31) ayəsi ilə verdiyi müjdəyə əsaslanaraq elə inanır və ümid edirəm ki, Rəhməti Sonsuz, Mərhəməti Əngin Rəbbi-Kərimimiz o xırda səhvləri də bağışlayar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.