Yadi-cəmil hicrət nəsli

Sual: Xidmət amalı ilə dünyaya yayılan mühacirlər yadınıza düşəndə hansı hisləri keçirirsiniz? Hislərinizi bizimlə bölüşə bilərsinizmi?

Cavab: Əvvəlcə bunu deməliyəm ki, mən meyar deyiləm. Bu mövzuda hislərimin çox da əhəmiyyətli olduğunu düşünmürəm. Ancaq soruşduğunuz üçün mən də duyub hiss edə bildiyim, hissiyyatımı ifadə edə bildiyim qədər düşüncələrimi ifadə etməyə çalışım.

Əslində bu çox vacib məsələ mütləq dilə gətirilməli, anlatılmalıdır. Çünki bu bir vəfa borcudur. Bu səbəblə kaş daha dərin hissiyyata malik insanların mülahizələrini alma imkanımız olaydı. Bəli, kaş zahirən dayaz görünən, əslində könlü geniş, dərin düşüncəli və "əsrari-dərun"u kəşf edən insanların hislərinə agah ola biləydik. O zaman hicrət eşqini daha da şahlandırar, şövqümüzü daha da artırardıq. Bir mənqibədə deyildiyi kimi: məsciddə namaz qılan bir adam öz-özünə: "Görəsən, bu məsciddə haqq dostu var?" deyir. Salam verib namazı bitirdikdən sonra yanındakı adam ona dönüb: "Təkcə bu sırada on nəfər var" deyir.  Bu mənqibədə olduğu kimi, zahirən dayaz görünən, lakin dərindən dərin o dəruni insanların hissiyyatını öyrənə bilsəydik, hər halda hicrət həyəcanımızı körükləmiş, şövq və iştiyaqımızı daha da artırmış olardıq. Ancaq kim bilir, bəlkə, bizim sözlərimiz də bu qəlb və qələm ərbabını hərəkətə gətirər, onlar da "Bismillah" deyib bu mövzuda əngin hislərini hər kəsin istifadəsinə verərlər.

Allahım, onları inayət və siyanət et!

Mən əvvəla həsrət hissini boğub, köksündəki vətən sevgisini xidmət eşqi ilə cilovlayan, yalnız Allah rizası üçün dünyanın hər yerinə yürüyən o “qarasevdalı”ları heç vaxt yaddan çıxarmadığımı ifadə etməliyəm. Əllərimi Ulu Dərgaha hər qaldıranda dualarımda onları yad etməyə çalışır, ümumi şəkildə: "Mütəvəllin – mütəvəlliyat, müəllimin – müəllimat, raidin - raidat, talibin - talibat" deyərək Cənabi-Haqdan onlar üçün xüsusi inayət və siyanət diləyirəm. Hər münacatımda o sözlər nə ifadə edirsə, həmin məna və məzmuna qəlbin təsdiq möhrünü vurduqdan sonar ifadə etməyə çalışıram. Çünki belə bir mühüm və ciddi bir məsələyə sahib çıxan və bu yolda böyük fədakarlıqlar göstərən yoldaşlarımın halını Cənabi-Allaha ərz edərkən mütləq nə dediyimi bilməli və qəflətdən uzaq olmalıyam. Məsələn, "mütəvəlli" deyəndə xidməti təvəlli edən, himmətlə möhkəmləndirib bu iş üçün var-gücünü ortaya qoyan, hər imkanı dəyərləndirməyə çalışan və daha çox insana əl uzatmaq üçün fikir sancısı çəkən fədakarlar gözümün önünə gəlir. Eyni şəkildə döyməyə könül qapıları axtaran fədakar müəllim yoldaşlarımı ananda "müəllimin", onlar kimi qürbət diyarlarında ömür sürən bacılarımızı xatırlayanda da "müəllimat" deyirəm. Sonra da tələbələrə rəhbərlik edənlər, tələbə olanlar… Xülasə bu könüllülər hərəkatına töhfə verən hər kəsi dualarımda yad etməyə çalışıram.

Onların savabını ancaq Allahın tərəzisi çəkə bilər

Məsələn, yoldaşlarınız Afrikaya qədər getmişlər. Çox qısa vaxtda şüuraltı bilikdən doğan bəzi qərəzli yanaşmaların öhdəsindən gəlmiş və oradakı tələbələri öz qardaşları kimi bağrına basmışlar. Zənnimcə, bu, həm Allahın, həm də insanların nəzdində böyük əhəmiyyətə malikdir. Çoxunu şəxsən tanımadığım, köhnə tanışlardan bir neçəsini varsa da, ancaq zahiri cizgilərlə xatırladığım o yoldaşları nur axan o bulaq başlarında görüncə gözüm və könlüm alqış hisləri ilə dolur və onları bir “yadi-cəmil” (Gözəl xatirələr,izlər, əməllərlə yad edilən) kimi dualarımda daim yad etməyə çalışıram. Belə ki, Cənabi-Haqqın bu hicrət qəhrəmanlarına nəsib etdiyi bəhrələri eşidib görəndə çirkab kanallardan duyduğum kədər yox olur və mən yenidən inşiraha qovuşuram. Bəli, ölkəmizdə cərəyan edən mənfi hadisələrin içimdə yaratdığı mənfi abi-hava onların o müsbət və gözəl fəaliyyətləri ilə yox olur. "O mənfiliklər var, ancaq əlhəmdülillah, bunlar da var," deyirəm.

Bütün bunları düşünəndə inanıram ki, dünyada onların fəaliyyətlərinin savabını çəkə biləcək tərəzi yoxdur, onu ancaq axirətdə Allahın tərəzisi çəkə bilər. Yalnız Afrikaya gedənlərə deyil, dünyaya yayılan hər yoldaşımıza bu gözlə baxa bilərsiniz. Cənabi-Haqq bizi və yoldaşlarımızı ixlas və səmimiyyətdən ayırmasın. Bizi bizə olan hüsnü-zənlərə layiq etsin.

Bu yoldaşlarımızdan gələn gözəl xəbərlər məndə, həmçinin başqa insanlarda böyük həyəcana səbəb olur, ürəyimizə su səpir, sərinlədir. Buna görə də ümumi ehtiyacı də nəzərə alaraq bu gözəllikləri geniş kütlələrə çatdırmaq çox faydalı olacaq düşünürəm. Toplumumuz belə bir həyəcana ac və möhtacdır. Daim şər düşünən, şər işlər planlayan, şərlə oturub-duran insanların səbəb olduğu zülmətdən, ruhi-mənəvi sıxıntılardan xilas olmaq üçün bizi həyəcanlandıran, ümidlərimizi canlandıran xəbərlər eşitməyə, görməyə hamımızın ehtiyacı var. Əks halda bir tərəfdən kirli plan və kirli işlərin meydana gətirdiyi mənfi abi-havaya baxıb ümidsizliyə düşmə, digər tərəfdən rahatçılığa qapılma, həyəcanı itirmə təhlükəsi hamımızı gözləyir. Allah qorusun, əgər dünyanın fani və cazibədar gözəllikləri, rahat və rifah arzusu bizi çəkib (ərzurumluların dediyi kimi) "qırqap" etsə, çoxumuz nəfsimizi düşünməyə başlayar, rifah dərdinə düşər və qəbirdə, axirətdə faydasız olan həvəslərə qapılıb gedərik. Xeyr! Müvəqqəti həyat belə bihudə tükənməməlidir, onunla əbədi həyatın planı cızılmalı, bünövrəsi atılmalıdır. Allah ömür və imkan verdikcə də o bünövrə ucaldılmalıdır. 

Qayğı, vəfa və dua hər kəsin haqqıdır

Həmçinin insana insan olduğu üçün yaxınlıq göstərmək, əldən gəldiyi qədər sevinc və kədərini bölüşmək və bəlkə də ən əsası onun aqibətini, axirətini düşünmək bir insanlıq borcudur. Çünki insan Haqqın üstün cəhətli ali məqamlara namizəd bir varlığıdır. Zaman-zaman büdrəyib düşsə də, münbit torpağa düşən toxum kimi, əlverişli şəraitdə təkrar niyə yaradıldığını və nəyə namizəd olduğunu xatırlayacaq və o istiqamətdə yürüməyə çalışacaqdır. Dolayısilə, yaxınlıq göstərmək, onunla maraqlanmaq onun təbii haqqı sayılmalıdır. Kim deyə bilər ki, belə bir yaxınlığa möhtac deyil?! 

İnananlara gəlincə, Quranın ifadəsi ilə onlar bir-birinin “vəli”si, yəni dostudur. Dolayısilə, onlar biri o biri olmadan, bir-birinə söykənmədən uzun müddət fəaliyyət göstərə bilməz. Qurani-Kərim bizə dualarımızda digər möminləri xatırlama ədəbini də öyrədir. Məhz buna görə biz dualarımıza "cəmi'" əlavəsini edərək inananları hətta yerinə görə digər insanları da dualarımıza daxil etməyə çalışırıq. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) nurlu kəlamlarında da möminlər yekvücud kimi təvsif edilmişdir. Onlar qurğuşundan hazırlanmış möhkəm bir binaya bənzəyirlər. Bədənin bir üzvünün ağrısını digər orqanların hiss etməsi kimi, inananlardan birini üzən bir məsələ digərlərini də dilgir eləməlidir. Allah Rəsulu da (əleyhi əkməlüttəhaya): "Müsəlmanların dərdi ilə maraqlanmayan onlardan deyildir" (Hakim, el-Müstedrek, 4/352) buyuraraq bu məqamı vurğulayır. Bəli, möminlərin dərdini çəkmək, insana həqiqi insanlıq bəxş edən ali xüsusiyyətdir.

Bu səbəblə istər xaricdə, istər ölkə daxilində ölkəmizin və dinimizin gələcəyi üçün hər cür fədakarlıq göstərib xidmətə əl tutan insanları xeyirlə yad etmək, onların fəzilət və üstün cəhətlərindən bəhs etmək və dualarımızda tez-tez onları yad etmək bizim üçün əsas və mühüm vəfa borcudur. Bu borca qarşı laqeydlik vəfasızlıq, hiss, həyəcan və sözlərimizlə, hər dəfə əllərimizi açıb dua edəndə onlar üçün Cənabi-Haqdan ixlas, səmimiyyət, sağlamlıq və müvəffəqiyyət diləmək də vəfakarlıqdır.

Ustad Bədiüzzaman həzrətlərinin həyatına baxanda da onun hərəsi bir diyarda olan Nur tələbələrinə çoxlu dua etdiyinə şahid oluruq. “Lahikalar”daki ifadələrində də gördüyümüz kimi yalnız onlara deyil, ailələrinə, qohumlarına və məmələkətlərinə də dua edərək onlara bu yolda dəstək olmuşdur. Həmçinin duaların bərəkətinə inandığını bildirərək həm özü üçün, həm də digər Nur tələbələri üçün dua edilməsini istəyirdi. "Sizin dualarınızın bərəkəti ilə inayəti-ilahiyyə hər günümü bir ay qədər məsudanə ömrə çevirdi" deyirdi.

“Yadi-cəmil” oldular

Dünyanın hər yanına hicrət amacı ilə yayılan yoldaşlarımız millətimizin inkişafına tarixdə nadir olan töhfələr bəxş etmişlər. Çünki onlar yer üzündə demək olar ki, ayaq basmadıqları diyar, getmədikləri yer qoymadılar. Onlar bu fəaliyyətləri ilə təbiət, xarakter və istedad baxımından böyüməyə meyilli, ancaq müəyyən bir dövrdə mühasirədə qalıb darlığa məhkum olmuş millətimizin qarşısında yeni üfüqlər açdılar. Bəli, bu coğrafiyanın insanı illərlə, hətta əsrlərlə içinə qapandıqdan sonra bir daha oyanmış və çalışdığı təqdirdə Allahın izni ilə dünyanın hər yerində uğur qazanacağına inanmağa başlamışdır. Əlbəttə ki, bu fəaliyyətləri müvəffəq edən Cənabi-Haqdır. Allah (c.c.) kiçik insanlara böyük işlər gördürərək Öz böyüklüyünü ortaya qoyur. Əgər bu mövqedə olan yoldaşlarımız niyyət və qəlbini həmişə belə saf və duru saxlasalar, daim Allahın (c.c.) böyüklüyü önündə öz kiçikliyini dərk eləsələr, inanıram ki, Cənabi-Haqq da böyüklüyünü göstərməyə davam edəcək, insanımıza bir daha yer üzündə müvazinət amili olma lütfünü bəxş edəcəkdir. 

Bəli, bir daha xatırlatmaq istəyərəm ki, mən o mühacir yoldaşlarımızın fədakarlığını və yerinə yetirməyə çalışdığı xidmətin böyüklüyünü dərindən hiss edə bildiyimi deyə bilmərəm. Buna görə də bu məsələni dərindən hiss edənlər mütləq müxtəlif sahələrdə hislərini, düşüncələrini səsləndirməlidirlər. Bu fəaliyyətləri o mühacirlərin fəzilət və üstün cəhətləri ilə fəxr edərək qibtə doğuran üslubla dilə gətirməlidirlər. Hər kəs nə qədər bacarırsa, mütləq ən səmimi hislərlə o mühacir yoldaşlarımızı yad etməli və onlara dualarla dəstək olmağa çalışmalıdır. Bu, bizim borcumuz, onların da haqqıdır, çünki çağın hadisəsini gerçəkləşdirən və bu yolda fədakarlıq göstərən o qəhrəmanlar indidən bir “yadi-cəmil” oldular. İcazənizlə mövzunu işığa dilbəstə olmuş bu igidlərə həsr etdiyim misralarla bitirək:

Davamızın karasevdalıları,
Varınca bu dünyanın ötesine; Bir "yadı cemil" olacak adları,
Girecekler milli ruh bestesine...
Her biri bin gönülde yaşayacak,
Simalarında ebediyyet rengi;
Hatıraları asla solmayacak,
Öte tarafdaki güllerin dengi..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.