Əsl Ramazanlaşma zamanı

Dünya yaranandan bəri heç fasilə vermədən öz oxu ətrafında yoluna davam edir.. işığın qaranlıqla növbələşməsi yenə eyni tərzdə davam edir.. nə gecələr mütəmadidir, nə də gündüzlər daimi; bəzən hər yana, heç çəkilməyəcəkmiş kimi müdhiş bir zülmət çökür; bəzən də işıq qaranlığın önünü kəsir.. elə vaxt olur ki, hər tərəf güllü çiçəkli bağçaya dönür; bir də baxırsan ki, hər yana payız hökm edir. Elə məşum vaxtlar olur ki, hər şey alt-üst olur və insani dəyərlər ayaqlar altında qalır; elə günlər də olur ki, "başlarda gəzən ayaqlar suya düşür" və ayaqlar altında sürünən dəyərlər başlara tac edilir. Gün olur ki, qəlblərdən sevgi tamamilə silinib gedir, hörmət kinə, nifrətə qurban verilir; qəlbi və ruhi həyat tamamilə unudulur, insanlar şəxsi münasibətlərdə qorxunc böhranlar keçirir, hər ifadə və rəftar tükürpərdən kökdən qopmanın səsi-sədası olur. Bir də baxırsan ki, bütün bu mənfiliklər bir-bir zail olub puç olur və könüllər yenidən şəfqətlə döyünməyə başlayır. Bəzən də elə sisli-dumanlı anlar olur ki, hər yer həzəyanla coşub-daşan insanların fəryadları ilə inildəyir, sanki həyat cəhənnəm dəhlizlərinin keçidinə dönür və elə nurlu vaxtlar da olur ki, insanlar mələklərlə çiyin-çiyinə pərvaz edir...

Hal-hazırda da daimi dövr edən tarixi təkrarların uğursuz bir səhnəsi ilə qarşı-qarşıyayıq. Belə ki, baş verənlərə nəzər yetirəndə özümüzü zülmətli bir tuneldə yol getməyə çalışan insan kimi görür və ümidlə qorxu arasındakı tarazlığı qoruya bilmirik -ən azı müəyyən səviyyədə bu belədir- və yenidən özümüzə gəlib yola davam etmək naminə hər şeyimizi səfərbər edirik. Bəzən üst-üstə elə zülmət gecələrimiz olur ki, belə hallarda yol azıb, yol itirənlərin sayı-hesabı yoxdur; davam gətirənlər isə məsələni Rəhməti Sonsuza həvalə edərək: "Kim bilir, bəlkə də, bu sis və duman, bu şeytani hadisə və üst-üstə çökən zülmət qaranlıqlar ümumi dirçəliş və aydınlığa vəsilədir" -deyib təsəlli tapırlar.. inşaallah da düşüncələri doğrudur!.. Hər kəsin öz inanc və xarakterinin gərəyini nümayiş etdirməsi təbiidir, odur ki, onların elə, bunların da belə olmasını qeyri-adi görməməliyik…

Baş verən hadisələrin pərdə arxasından bixəbər olanlar müxtəlif kabuslarla inildəsələr də, biz bu üst-üstə zülmət və dağıntılar qarşısında hər gün bir az daha artan əzm və inamımızla: "Ey ümidini itirən talesizlərə "leyli-matəm" (matəm gecəsi)! "Qaral, qarala bildiyin qədər, çünki qaranlığın ən amansızlaşdığı an, şəfəq söküldüyü andır" -deyib, ümidlə hər tərəfin işığa qərq olacağı "Əyyamullah"ı gözləyəcəyik. Əslində biz, dünəndən bu günə, bu iman və ümidin sayəsində heç vaxt mütəmadi bir tənəzzül yaşamadıq, ayağa qalxa bilməyəcək qədər yıxılmadıq və məhv olmama inancı ilə Allaha sığınaraq həmişə yıxılmamağa çalışdıq.. bəli, ən böyük fırtınaların hər şeyi yerlə-yeksan etdiyi dövrlərdə belə, bir gün, mütləq göylərin üstümüzə rəhmət yağdıracağı ümidi ilə nəfəs aldıq.. və “Sur” səsini eşitmiş kimi, hər an bir "basü-badəl-mövt" (ölümdən sonra diriliş) həyəcanı yaşadıq.

Qan və göz yaşlarının sel kimi axdığı, məzlumun ahu-fəğanı və zalımın hay-huyunun "ərş"ə dirəndiyi-bəlkə də bizə görə belədir- bu ağır günlərdə də İlahi rəhmətin fərqli təvəccöhlərinin, həmişə olduğu kimi bu dəfə də bizi tək qoyub həsrətə məhkum etməyəcəyinə inanc və ümidimiz tamdır. Əslində, bunun belə olduğunu xatırladan amillərin varlığı da danılmazdır; bu gün bir çoxlarının uzlaşma axtarışına başlaması, bəzi təbəqələrin bir sevgi dili meydana gətirmə təşəbbüsündə olması, kütlələrin daim dialoq həyəcanı ilə oturub-durması ilə yanaşı, Ramazanın o min bir rəhmət rüzgarı ilə üfüqümüzdə dalğalanması və özünəxas varidat, rəng, naxış və şivəsi ilə bir daha bizə bizliyimizi xatırlatması... bu amillərdən sadəcə bir neçəsdir.

Müxtəlif hadisələrin "cəbri-lütfü" (məcburi lütf) çərçivəsində bizi daha anlayışlı olmağa çağırdığı bu günlərdə, Ramazanın da qəlblərimizi yumşaldacağını və bizə bir daha "əhsəni-təqvim"ə (Allahın hər şeyi özünə layiq ən gözəl şəkildə var etməsi) məzhər olma üfüqündən səslənəcəyini düşünür və ümidlənirik.. həmişə də ümid etdik, bu rəhmət dolu ayda pis duyğu və düşüncələrdən uzaqlaşa bilməyi, təmizlənib özümüzə qayıtmağı və bir daha "birlik" deyə bilməyi.. bəli, bu ayda indiyə qədər bir çox sivri yönlərimiz yonuldu, sərtliyimiz qırıldı və insani yönlərimiz önə çıxdı. Elə isə bir daha niyə olmasın ki! Hər şeydən əvvəl, Ramazan insanların insani dərinliyini ortaya çıxaran, zamanın mənəviyyata qapısı açıq ən bərəkətli, ən füsunkar bir yönüdür. Belə ki, onu tam yaşayan və duyan ruh, özünü göylərlərdə qanad çırpan göyərçin kimi hiss edər və mələklərin hay-huyunu duyar.

Bəli, Ramazanın o sehrli, canlı, par-par parlayan gün və gecələrində insanların çoxu özünün uxrəviliyə qərq olduğunu hiss edər və səadətin yuxusunu görər sanki; hər şeyin bir körpənin nəşə və sevincinə büründüyü o nurlu zaman dilimində daha da munisləşər, daha da dərinləşər və bir-birləri ilə qucaqlaşa biləcək saflığı əldə edər. Belə ki, o günə qədər çox vaxt təsirini icra edən eqoist və şeytani təhriklər və bunlardan qaynaqlanan kinlər, nifrətlər böyük nisbətdə sakitləşər, sonra da onların yerlərini isti bir səmimiyyət və mavi bir ruhanilik tutar.

Xüsusilə, bu ayda, imanın hər kəsi özünə bənzətməsi, ibadətlərin Ramazanda daha aydın sezilən işığı və uxrəvi cazibəsi; orucun insanı ruhaniləşdirən o füsunkar dadı, şivəsi; minarələrdən yüksəlib hər tərəfə əks-səda verən azan, niyaz, təzim və səlatların ruhlara nüfuz edən o lahuti səsi.. və bütün bunlarla mənəvi qidasını alan mömin könüllərin həyəcanlarından süzülüb gələn və hər yanda özünü biruzə verən ruhaniliklə ümumi ab-hava elə yumşalar, elə füsunkar bir hala bürünər ki, inanan insanlar özlərini cənnətin dəhlizində sanarlar. Əslində, həmişə Ramazanın o uxrəvi nəşəsinə, o ruhani həzzinə və o ilahi ənginliyinə açıq olan könüllər, onun ab-havasında elə dərinləşər, onunla elə bütünləşər ki, günün hər anı onlara Rəyyan (Lüğəvi mənası "susuzluğu getmiş, suyla doymuş" olan "Rəyyan" orucu layiqli tutanlar üçün təsis edilən Cənnət qapısının adıdır) olar.

Bəli, hər il o incə və nazlı Ramazan hilalı üfüqdə görünəndə, inanan ruhlarda da bir yenilənmə duyğusu meydana gələr.. ardından da bir dəyişmə mərhələsi başlar; möminlər həqiqi insan olmanın fərqini daha da dərindən duymağa, daha da intizamlı olmağa cəhd göstərər.. və imkan daxilində hər an qəlb və ruh yolunda irəli yeriməyə çalışar. Beləliklə də, onların dünyasında həyat uxrəvi bir rəngə bürünər.. hər tərəf maviliyə boyanar.. hər künc-bucaq o dərkedilməz zərifliyi ilə axirət aləminin o nəfis nəqşinə bürünər.. və sanki mömin könüllərdə əbədi fərəhin çağlayanları duyulmağa başlar. Bunun sayəsində onların hər saat, hər dəqiqə və hər saniyələri şərəfli bir zamana çevrilər.. və zamanın hər parçasında o biri aləmdən necə mükafatlara layiq görülər!..

Ramazan bir yandan azanı, təmcidi, niyazı, iftarı və sahuru ilə hər anı coşqun bir zaman dilimi olmaqla yanaşı, eyni zamanda inanan ruhlarda hasil etdiyi sükut və təmkin, müraqibə (nəzər salma) və mühasibə (hesablaşmaq) hissi ilə də, möminlərin rəftarlarının, davranışlarının və düşüncələrinin nəzarət altına alındığı və insanların özlərini ifadədə "kəlami-lafzi"dən "kəlami-nəfsi"yə keçdikləri çox dərin bir səssizlik mövsümüdür. Belə ki, dərəcəsinə görə hər mömin, bu ayda əldə etdiyi və edəcəyi mərifət varidatı (ağla gələn fikir və mülahizələr) və eşqü iştiyaq mövhibəsi (bəxşiş, ehsan) ilə, müvəqqəti də olsa faniyat və zayilata (fani ve zəval olmağa məhkum hər şey) qarşı tamamilə bağlanar.. qəlbindəki, beynindəki kiri-pası silib atar; üfüqünün dərinliyi nisbətində fərqli bir mahiyyət qazanıb, potensial olaraq "ahsəni-təqvim" kordinatlarına görə olduğu yerlə olmalı olan yeri bir daha nəzərdən keçirər və o möhtəşəm mahiyyətinə yeni inkişaf alternativlərinin axtarışına başlar; daha çox da ruhun ayağı ilə yeriyər.. qəlbin dili ilə dillənər.. yaradılış qayəsi ətrafında daha dəqiq, daha açıq mülahizələrə yiyələnər və görənlərə Haqqı xatırladan füsunkar bir mahiyyətə bürünər.. və bu Ramazanlaşan insanları görən hər kəs "Allah" deyib duyğularını hayqırar və onlarla birlikdə olmağı Haqqın verdiyi bir lütf sayar, şükranla boyun bükər.

Əslində, Ramazanlaşan bu möminlərin hər halı ən qatı qəlbləri belə yumşaldıb riqqətə gətirəcək qədər mənalı, dərin və təsirlidir. Onlar atmosferlərini paylaşanlara hal dili ilə nələr pıçıldar, nələr pıçıldarlar və onların ruhlarına mütləq bir şey aşılayıb həmdəmlərini az-çox özlərinə bənzədərlər.

Bizlər nə vaxt bu tərtəmiz simalara baxsaq, işıqlı keçmişə aid ruh və mənanın əsalət və zərifliyi ilə yanaşı, nurəfşan gələcəyimizin də yanıltmayan əlamətləri ilə qarşılaşar və sanki bihuş olarıq. Çox vaxt bu görünüşlər götürüb aparar bizi adidən, fövqəladə olan gözəlliklərə; axtardığımız hüzur və etimada; səmimi, ürəkdən gələn birlik, bərabərlik və qardaşlığa.. sükut və zəriflikləri sözlərindən daha parlaq və daha təsirli bu hala bürünmüş insanlar istəsək də, istəməsək də, ruhlarımızın dərinliklərinə elə nüfuz edərlər ki, qərəzsiz olanların onlara heyran qalmaması qeyri-mümkündür. Əslində Ramazanlaşan insanlar o qədər nuranidirlər ki, bəzi dənsizlər (yersiz hərəkət edən) onları görməzliyə vursalar, və ya onları qaralamağa çalışsalar da onların çöhrələrindəki nuru qaralda və onların getdiyi yolun işıqlarını əsla söndürə bilməyəcəklər.

Hər şeydən əvvəl, Ramazanlaşan bu möminlər hər an Haqqla irtibat içindədirlər; daim ziya uğrunda və peyğəmbərlərin də arxasındalar; beləliklə də yolları aydın, üfüqləri nurlu və iradələri də İlahi muradın himayəsindədir. Bu baxımdan onlar başqalarının məruz qaldığı boşluqlara məruz qalmaz, ölçüsüzlüyə düşməz və mütəmadi zülmət dərbədərliyi də yaşamazlar. Bəzən səndələsə və ya hisə-pasa bulaşsalar da, dərhal bir imsaq və iftarla, bir namaz və niyazla yenidən özünə gələr və öz dərinliyinə yönələrlər.

İfadələrin, düşüncələrin tamamilə əndazədən çıxdığı, cəmiyyətin hər təbəqəsində gərginliklərin çalxalandığı, hər yanda qərəzlərin, nifrətlərin səs saldığı bu qara dumanlı günlərdə, Ramazanın hamımıza öz şivəsi ilə səslənərək, ümmət olaraq bizi öz ruh əsalətimizin üfüqündə bir yerə toplayıb qaynaşdıracağını ümid edirik. Haqq rəhmətinin ondakı əngin təcəllisini heç yanıltmayan bir istinad və insanımızın xətalarda inadkarlıq etməyəcəyini də bir əsas qəbul edərək, bu nurlu Ramazanın kölgəsində yenə insanımıza səslənirik: Gəlin, heç olmasa bu rəhmət ayında özümüz kimi olaq.. və bizi bizlikdən çıxaran kinlərdən, nifrətlərdən uzaqlaşıb milli xarakterimizin gərəyini dost-düşmən hər kəsə bir daha hayqıraq...

Sızıntı, Sentyabr 2008, 30-cu cild, 356-ci nömrə

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.