Könüllülər (xidmət) hərəkatı -6

Fəthullah Gülənlə Ərdoğan arasında hakimiyyət mübarizəsi gedirmi?

Gülən insanlarla əlaqəli düşəncəsini belə ifadə edir: “Bir insan haqqında mənfi düşüncəyə sahib olub haqlı çıxmaqdansa, müsbət düşünüb yanılmağı üstün tuturam”. Digər tərəfdən də, Gülən, ümumiyyətlə, əsərlərində də konkret şəxsləri tənqid etmir. Məsələn, yalançını deyil yalanı, oğrunu deyil oğurluğu pisləyir. Bu düşüncəsini də belə izah edir ki, əgər siz yalançını hədəf alıb tənqid etsəniz, onu incidib, uzaqlaşdırarsınız. Halbuki hədəf yalançını yalan danışmamağa təşviq etməkdir. Bu bir tərbiyə metodudur. Şəxsləri deyil, göstərilən müsbət fəaliyyətləri dəstəkləmək. Gülənin siyasətə və ya siyasətçilərə baxışını belə xülasə etmək olar. O, bütün həyatı boyu bu prinsiplərə sadiq qalıb.

AKP-nin Türkiyədə hakimiyyətə gəlməsi, insanları, xüsusilə də, uzun illər rejimdən əziyyət çəkən dindar qrupları sevindirmişdi. 2002-2005-ci illərdə, həqiqətən də, demokratikləşmə və Avropa İttifaqı ilə inteqrasiya yolunda çox önəmli addımlar atıldı. 2006-cı ildən sonra durğunluq dövrü başladı. Əlbəttə bunun da daxili və xarici səbəbləri vardı. 2011-ci ildə Ərdoğan üçüncü dəfə seçildikdən sonra öz ifadəsi ilə “ustalıq” dövrü başladı. Amma əslində geriləmə dövrü başladı. Hakimiyyətinin ilk dövründə demokratikləşmə yolunda böyük addımlar atan Ərdoğan, dövləti “ələ keçirdikdən” sonra artıq hədəfinə çatmışdı, hər şey nəzarətində idi. Ona görə də, ustalıq dövründə əsasən, şəxsi, ailəvi, dar bir qrupun mənfəətləri üçün addımlar atıldı.

Fəthullah Gülən AKP-nin pozitiv fəaliyyətlərini dəstəkləmişdir. Məsələn, 2010-cu ildə referendum ərəfəsində Gülən insanları səsvermədə müsbət rəy bildirməyə təşviq etmişdi. Eyni çıxışında Gülən bu dəstəyin AKP-yə deyil, görülən işə verildiyini bəyan etmişdi. Gülən çıxışında, dəyişikliyi AKP deyil, CXP, MHP, hətta BDP gətirsəydi, yenə dəstəkləyərdik demişdi. Yəni dəstəyin partiyaya və ya liderə deyil, görülən müsbət fəaliyyətə verildiyini bəyan etmişdi.

Sıravi vətəndaşların çoxu bu dəstəyi partiyaya, liderə verilmiş dəstək kimi görürdülər. Azərbaycanda da bir çox önəmli simalar Ərdoğanı Gülənin tələbəsi hesab edirdilər. Halbuki belə bir şey yoxdur. Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, hərəkatın siyasi hədəfi yoxdur. Əgər olsaydı, dünyanın 160 ölkəsində investisiya qoyulmadan əvvəl, Türkiyədə bir siyasi partiya qurula bilərdi. Türkiyənin hər şəhərində güclü təşkilatlanaraq hakimiyyətə gəlmək olardı. Fəthullah Gülənin 2 gün əvvəl “Financial Times”a yazdığı məqaləsində bu mövzu ilə əlaqəli olaraq: “Dini siyasi bir ideologiya kimi görmək İslamın ruhuna ziddir. Din ilə siyasət qarışdırıldıqda, hər ikisi zərər görər. Amma ən çox da din zərər görər. Hər hansı bir partiyaya dəstək verilməsi, ya da verilməməsi kimi bir istəyim və ya düşüncəm olmayıb, bundan sonra da olmayacaq. Mən millətimizin bəsirət və fərasətinə inanıram. Onların hər hansı bir partiyanı deyil, millətin mənfəətlərini önə çıxaracaqlarına ümid edirəm”, dedi.

Ərdoğan Könüllülər hərəkatı ilə arasındakı narazıçılığın hazırlıq kursları səbəbi ilə çıxdığını iddia etdi. Hazırlıq kursları Türkiyənin hər vilayətində geniş yayılıbdır. Hazırlıq kursları, xüsusilə, Türkiyənin cənub-şərq bölgəsində önəmli bir missiyanı gerçəkləşdirir. Hazırlıq kurslarından ən böyük narazıçılığı PKK terrorçuları dilə gətirirlər. Səbəbi də, gənclərin təhsilə cəlb olunması, PKK-nın terrorçu hazırlamaq üçün insan qaynağının qurudulması. Bu faktdır. O bölgədəki tərəfli-tərəfsiz vicdanlı bütün insanlar bunu dilə gətirirlər. İddiaya görə, Türkiyə hökuməti Osloda PKK ilə görüşməsində qarşı tərəfin bölgədəki hazırlıq kurslarının bağlanılması tələbinə müsbət yanaşıb. Yəqin ki, yaxın gələcəkdə bu iddianın da gerçək olub olmaması ortaya çıxar.

20 noyabr 2013-cü ildə Ərdoğan ATV kanalının canlı yayımında ölkədəki bütün hazırlıq kurslarının ən qısa zamanda bağlanılacağını sərt şəkildə bildirdi. Sözün düzü, o açıqlama mənə biraz qəribə gəldi. Birincisi, hazırlıq kursları, adı üstündə bir kursdur, təhsil müəssisəsi deyil. Özəl təşəbbüsdür. Dövlət gücü ilə bağlanılması qanuna ziddir. Digər tərəfdən, tutaq ki, həqiqətən, Ərdoğan hazırlıq kurslarının zərərli olduğunu müəyyən edib. (Halbuki, sonrakı dövrdə niyə bağladıqlarına məntiqli bir izah verə bilmədilər.) Burada mənə qəribə gələn, seçkilərə 3 ay qalmış Ərdoğan kimi xalqın nəbzini çox yaxşı tutan bir siyasətçinin bu məsələdə belə kəskin davranmasıdır. Çünki hazırlıq kursları bağlanıldıqda 100 minə yaxın müəllim işsiz qalacaq. Ailələri ilə 1 milyona yaxın insanın narazıçılığı deməkdir. Bu addım əgər labüddürsə, ən azından seçkilərdən sonra atıla bilərdi. Niyə seçkilərə qısa vaxt qalmış Ərdoğan belə bir risk aldı?

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.