Dünya sevgiyə möhtacdır
Dincliyi ərşə çəkilmiş qoca dünyanın hər sabahı qan-qadayla açılır. Hər gün dünyanın hansısa bucağında axıdılan insan qanının, öldürülən günahsız insanların qara xəbərlərini eşitdikcə insanın sabaha ümidi azalır. İndi anamız Yer kürəsi min illərlə yedirib bəslədiyi insan oğlunun amansız girovuna çevrilib. Düşünəndə ki, hər cür nemətinə sahib çıxıb sərvətlərini yağı kimi taladığımız planetə elədiklərimiz azmış kimi onun taleyi də hansısa ağıldankəm bir sərsərinin basacağı düymədən asılıdır, adamın insanlığın sabahına yazığı gəlir. Şair Tofiq Hüseyn hələ illər öncəsi bu qorxunc durumu nə qədər real boyalarla qələmə alıb:
Raketlər mürgülü pələnglər kimi
Səksənib yuxudan oyana bilər.
Gözlərini açıb yumunca dünya
Ölümlə üz-üzə dayana bilər.
Bu gün qarışıq yuxular görən planetdə nə yaxşı ki, hələ də yaşadığımız dünyanın, insanlığın dəyərini anlayan və qiymətləndirən toplumlar da az deyil. Bu baxımdan qardaş Türkiyə dövətinin illərdən bəri həyata keçirdiyi bir layihə bu istiqamətdə xüsusilə böyük önəm daşıyır. İnsanın öləziyən ümidlərinin üzərinə su çiləyir, yaşamağa həvəsini artırır. Artıq 10-cu yubileyi qeyd edilən Beynəlxalq Türk Dili Olimpiadasını dünyada bir barış, bir qardaşlıq bayramı hesab edənlər qətiyyən yanılmırlar. İlk olimpiadaya 17 ölkəylə qatılıb 10 il sonra onların sayını 135-ə çatdırmaq ilk baxışdan ağılasığmaz bir uğur sayılsa da bu türk qardaşlarımızın illərlə çəkdikləri zəhmətin göstəricisi, həm də danılmaz bir fakdır.
Qoca tarix dəfələrlə sübut edib ki, dünyanı ordular, silahlar gücünə fəth etmək mümkün olsa da, bu qələbəni axıradək əldə saxlamaq hələ ki heç bir cahangirə, müstəbidə müyəssər olmayıb. İnsanlığın gəldiyi son qənaətsə belədir ki, dünyanı ancaq sevgiylə, məhəbbətlə fəth etmək olar.
Qeyd edək ki, qardaş Türkiyənin bu möhtəşəm qələbəsinin özülü hələ illər öncəsi dünyanın müxtəlif dillərə və dinlərə mənsub olan ölkələrində təməli qoyulan türk liseyləri ilə qoyulub. Min bir əzab bahasına ərsəyə gələn bu liseyləri məncə dostluq, qardaşlıq qaranquşları da adlandırmaq olar. Çünki bu liseylərin hansı çətinliklər və zəhmət hesabına başa gəldiyini göz önünə gətirdikdə (bu başqa bir yazının mövzusudur) fikrimizdə yanılmadığımıza inanırıq.
Türkiyəyə qardaş və ən yaxın müttəfiq olaraq ilk gündən bu olimpiadalara ürəkdən qatılan və yaxından iştirak edən, elə ən böyük uğurlara da imza atan təbii ki Azərbaycan olub.
Şahidi oluruq ki, ildən ilə Beynəlxalq Türk Dili Olimpiadasına olan maraq və diqqət böyük bir sürətlə artır. 15 gün davam edən bu bilik və istedad yarışması həm də qardaş Türkiyədə möhtəşəm bir insanlıq bayramına çevrilir. Bu il 135 ölkədən 1500 şagirdin qatıldığı 10-cu Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may – 14 iyun tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqramın təşkili ilə tarixləşdi. Tədbirlərin hansı möhtəşəmliklə keçirildiyini göz önünə gətirmək üçün qeyd etək ki, təkcə İzmir Atatürk stadionundakı tədbirə 200 min nəfər, olimpiadanın rəsmi bağlanış mərasiminə isə İstanbul Türk Telekom stadionuna 100 min nəfər tamaşaçı qatılmışdı. Tədbiri Türkiyənin 45 telekanalı və yüzlərlə digər mətbuat orqanları işıqlandırırdı. Xarici mətbuatı da buraya əlavə etsək, bu mərasimin artıq dünyada ən böyük elm və mədəniyyət tədbirlərindən biri, elə birincisi olduğu aydın olar. Bir faktı da qeyd edək ki, ənənəvi olaraq bu olimpiadanın açılış və bağlanış mərasimlərində Türkiyənin dövlət və hökumət başçıları ən yüksək səviyyədə iştirak edirlər. Elə 10-cu olimpiyada da həmin ənənənin şahidi olduq.
Qeyd etdiyimiz kimi Azərbaycan ilk gündən Beynəlxalq Türk Dili Olimpiadasında ən fəal şəkildə iştirak edir. Ölkəmizin bu mötəbər yarışda qazandığı uğurlar da qürurvericidir. Olimpiadanın keçirildiyi 10 il ərzində Azərbaycanın olimpiadada qazandığı medalların ümumi sayı 14 kateqoriya üzrə belədir: 35 qızıl, 48 gümüş, 20 bürünc medal. Artıq bir neçə ildir ki, ölkəmiz bu yarışlara liderlik edir. Təkcə bu il şagirdlərimiz 13 qızıl, 10 gümüş, 2 bürünc medala sahib çıxıblar.
Azərbaycanın dünyaya tanıdılmasında da Beynəlxalq Türk Dili Olimpiadasının rolu əvəzsizdir. Elə bu il İstanbul Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük stend Azərbaycana ayrılıb. Eyni zamanda proqram çərçivəsində bir çox dövlət adamının və rəsmisinin də iştirak etdiyi xüsusi Azərbaycan şənliyi keçirilib. Azərbaycan şagirdlərinin ifa etdikləri mahnılar, rəqslər və bədii qiraət nümunələri qonaqlarda böyük məmnunluq yaradıb. Xatırladaq ki, bu ilki türk dili olimpiadası yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edib.
Bakı Özəl Türk Liseyində 10-cu Beynəlxalq Türkcə Olimpiadasında iştirak etmiş Azərbaycan komandasının qazandığı nailiyyətlərin ictimaiyyətə və mediaya təqdimat mərasimindəki çıxışlarda da bu tədbirin daşıdığı böyük önəm bir daha vurğulandı.
Milli Məclisin üzvü Tahir Rzayev:
- Bu tədbir türkdilli xalqların nəyə qadir olduğunu, ilk növbədə Türkiyənin, Türkiyə xalqının möhtəşəmliyini bütün dünyaya bir daha sübut edir. Biz də bu yaxınlarda olimpidanın yekunları ilə bağlı Ankarada keçirilən yekun toplantısında olduq və açığı bundan böyük qürur duyduq. Qürur duyduq ki, 135 ölkəni Türkiyə birləşdirir. Bu ölkələr Türkiyənin dilinə gəlirlər, Türkiyənin mədəniyyətinə gəlirlər, Türkiyənin sayğısına gəlirlər, Türkiyənin sevgisinə gəlirlər. Digər tərəfdən Türkiyə torpağına gəlirlər. Bu çox böyük bir amaldır, çox böyük bir idealdır. Çünki Türkiyə bu gün ayrı-ayrı dilləri, dinləri olan insanları özünə cəlb edir, özünə çəkir və türkdilli xalqların nəyə qadir olduğunu bütün bəşəriyyətə sübut edir.
Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən:
- Bu uğurları qazanmaq üçün şagirdlərimizmbir il boyunca çalışılıb. Sentyabrdan başlayaraq yenə olimpiadalara hazırlığa başlayacacağıq. Bu göstəriciləri Ginnesin rekordları kitabına salmaq mümkün deyil. Çünki bu göstəriciləri hansısa kateqoriyaya şamil etmək çətindir.
Burada yazılıb insanlıq əl ələ. Bayram o bayram ola. O böyük insanlıq bayramı Naxçıvan qapısından başlamadımı?! Əlbəttə, əl ələ öncə qardaşdan başlayır, ondan sonra dostdan, arkadaşdan, sonra da əl ələ insanlığını dərk etmiş insanlarla davam edir. Insanlıq 17 ölkə ilə başlayıb bu günləri 135 ölkə ilə davam edir. Elə bir tədbir olmayıb ki ora 100 min nəfər stadiona daxil ola, bir o qədər də stadiondan kənarda qala və bu tədbiri yorulmadan, usanmadan sona qədər ayaq üstə izləyə.
... Əgər sizin amalınız, əqidəniz düzdürsə, insanlar nəbzinizi tutaraq yürüyürsə və bütün dünyada belədirsə, insanların dilindən, dinindən, irqindən asılı olmayaraq insanlarla xoş məramla görülən işin nəticəsi budur. Tariximizi ayırmıram, biz 4 min ilə yaxın müxtəlif dövrlərdə fərqli dövlətlər olaraq yaşanmış tariximizdə əcdadımız (Osmanlı dövləti nəzərdə tutulur-İ.M) 240 milyon insanı idarə etmişdir. Bunların içərisində yüzlərlə qeyri müsəlman xalqları vardır ki, dövlət başında duranlar bunların hər birinə gələnək və görənəklərinə uyğun qanunlar qəbul edərək ölkəni gül kimi idarə etmişdir.
O tədbirdə proqram bitəndən sonra 300-500 iştirakçı şagirdin toplaşdığı bir yerdə gördüm ki, bir ağdərili bir zəncinin boynuna sarılıb ağlayır. Bunu qarşıdan seyr edən bir sarı saçlı bu mənzərəni görərək ağlayır. Yol boyu 15-20 yerdə belə mənzərənin şahidi oldum. Sonda bunların hər biri öz milli geyimlərində ortaq bir dildə danışır və bir-birlərinə gülər üz göstərirdilər. Ortaq dillə, sevgi dili türkcə danışmasaydılar bu qədər gənc bir araya gəlib belə danışıb şadlana bilməzdilər. Şahidi olduğumuz bu gənclər gələcəkdə ölkələrarası dialoqun körpüsünü quracaqlar. Çünki onlar Türkiyədə sevgi gördülər, insanların onları bağrına basdıqlarını gördülər. Dövlət başçısı, digər vəzifəlilər onlarla görüş keçirdilər. Bu fəaliyyətin səmərəsindən İnşallah Azərbaycanımız istifadə etməkdədir. Düzü olimpiada qaliblərinin çıxışlarını dinlədikcə onların istedadına və bacarıqlarına heyran qalmamaq olmur. Həm də düşünəndə ki onları hazırlaşdıranlar peşəkar musiqiçilər, rejissorlar, bədii qiraət ustaları deyil, elə türk liseylərində çalışan sadə müəllimlərdir, bu işıqlı insanlara bir daha eşq olsun deməkdən başqa sözümüz qalmır. Yeri gəlmişkən, bu möhtəşəm tədbirin bu cür urvatlı alınmasında Çağ Öyrətim İşlətmələri Şirkətinin xidmətini xüsusi minnətdarlıqla qeyd etmək lazımdır. Çünki Şirkət hər il bu tədbirin təşkil olunub reallaşmasında çox böyük zəhmət və vəsait sərf edir.
Dil bir millətin varlığının ən böyük mənəvi pasportudur. Bu gün türk dili özünün yenidən doğuluşunun ehtişamını yaşayır. Hansısa beynəlxalq qurumlarda türk dilinə beynəlxalq danışıq dili statusunun verilib verilməməsindən asılı olmayaraq bu dil artıq çoxdan bu hüququ qazanıb. (İlham Məmmədli))
- tarixində yaradılmışdır.