Dünyanın bu ideyalara ehtiyacı var
Ötən il ABŞ-ın müxtəlif şəhərlərində türkiyəli fikir adamı Fəthullah Gülənin ideyaları və mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə bağlı konfranslar keçirilmişdi. İngiltərədə, Almaniya başda olmaqla Avropanın bir çox ölkələrində də ötən müddət ərzində analoji tədbirlər gerçəkləşdirilmişdi.
Bir neçə gün əvvəl isə Rusiya Dumasında Şərqşünaslıq İnstitutunun və Liberal Demokrat Partiyasının təşəbbüsü ilə keçirilən "Çağdaş dünya üçün Qandinin əhəmiyyəti: tarix və sosial perspektiv" adlı konfransda iki böyük fikir adamının - Hindistan dövlətinin qurucusu Mahatma Qandi və Fəthullah Gülənin ideyaları ətrafında geniş müzakirələr aparılıb. Şərqşünaslıq İnstitutunun direktor, professor Rostislav Rıbakov bu iki fikir adamı arasında oxşar cəhətlərlə yanaşı mühüm fərqlərin də mövcud olduğunu ifadə edib. Qandidən fərqli olaraq Gülənin siyasətçi olmadığını və bəşəriyyətin nicatını şüurlarda, həyata baxışda ciddi dəyişikliklər etməkdə və fərqli dinlər, mədəniyyətlər arasında dialoq fəaliyyətini gücləndirməkdə gördüyünü söyləyən Rıbakov türkiyəli mütəfəkkirin hər cür terrora, qeyri-insani addıma qarşı barışmaz mövqe tutduğunu vurğulayıb.
Dialoq Avrasiya Platformasının Rusiya üzrə mütəxəssisi Ali Sami Yıldırım da öz çıxışında Gülənin ABŞ-dakı 11 sentyabr terror hadisəsindən və eləcə də Beslan faciəsindən sonra hər cür zorakılıq əleyhinə birgə mübarizə aparmağa çağırdığını xatırladıb. Gülən ideyalarında İslamın ədalət, gözəllik dini olduğunu və məqsədə çatmaq üçün çirkin üsullardan istifadənin məqbul sayılmadığını, müsəlmanın terrorçu, terrorçunun da müsəlman olmasının mümkünsüzlüyü fikrinin mühüm yer tutduğunu vurğulayan Yıldırım dünyamızın ciddi seçim qarşısında olduğunu xatırladıb və deyib ki, bəşəriyyət "yaradılanı Yaradandan ötrü sevmək" prinsipi ilə hər cür problemlərdən və konfliktlərdən qurtula bilər.
Rusiya Dövlət İqtisadiyyat Universitetinin professoru Leonid Sukyanin isə bu iki böyük fikir adamı haqqında çox maraqlı sözlər söyləyib: "Hər iki lider öz mədəniyyətindən çıxış edərək yaşadıqları zamanın problemlərinin həlli yollarını ortaya qoyurlar. Qandi hinduizmin min illik ənənəsinə əsaslanıb. Gülən isə İslam dininin təməl prinsipləri prizmasından zəmanəmizin problemlərinə baxıb. Gülən sadəcə müddəalar irəli sürməklə kifayətlənmir, bu problemləri və onların həlli yollarını zəmanəmizə uyğun bir şəkildə açıqlayır, çıxış yollarını göstərir. Bu gün dünyamızın Fəthullah Gülən ideyalarına böyük ehtiyacı var və məhz bu cür ideyaları mənimsəyib həyata keçirməklə bəşəriyyət işıqlı sabaha qovuşa bilər".
Məruzəçilər və iştirakçılar Gülən ideyalarının təkcə ölkəsi üçün deyil, dünyamız üçün mühüm mənəvi sərvət olduğunu vurğulayıblar.
- tarixində yaradılmışdır.