Fəthullah Gülən Xocaəfəndiyə EWI-dən 2011-Sülh Mükafatı
ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən (think tank) East West Institute (Şərq-Qərb İnstitutu -EWI) 2011-Sülh Mükafatını Fəthullah Gülənə təqdim etdi.
Nyu Yorkda EWI-nin rəhbərliyi ilə təşkil olunan mükafatın təqmat mərasimində iştirak edə bilməyən F. Gülənin əvəzinə mükafatı Jurnalistlər və Yazarlar Vəqfinin (Gazeteciler ve Yazarlar Vakfı) Sədri Mustafa Yaşıl qəbul etdi. Qlobal sülhə verdiyi töhfələrə görə mükafata layiq görülən Gülən tədbirə göndərdiyi ismarıcda mükafatı öz adından deyil, özünü onlardan biri saydığı könüllülər adından qəbul etdiyini bildirdi.
EWI-nin idarə heyətində bir vaxtlar Prezident Barak Obamanın Milli Təhlükəsizlik Müşaviri olan General Ceyms L. Jons (James L. Jones), ABŞ sabiq Xarici İşlər Naziri Kondoliza Rays (Condoleezza Rice) kimi məşhur simalar var. Bu il 30 illiyini qeyd edən EWI beynəlxalq arenada ağır çəkisi olan 2011 Sülh Mükafatını Fəthullah Gülənə təqdim etdi.
Mükafat vermə mərasimində çıxış edən EWI-nin Sədri və Baş İcraçı Con Edvin Mroz (John Edwin Mroz) "Bu mükafatı Hörmətli Fəthullah Gülənə verməkdən böyük qürur duyuruq" – dedi. Mroz, "Biz bu mükafatı hər il yalnız bir dəfə veririk. Buna görə də bizim üçün böyük məna daşıyır" söylədi. Baş Rəis və İcraçı olduğu mərkəzin hörmət, məsuliyyət, nizam-intizam kimi təməl dəyərlərə sadiq olduğunu bildirən Mroz Fəthullah Gülənin də inandığı dəyərləri həyata keçirən insan olduğunu vurğuladı. F. Güləni səmimi müsəlman və inancını yaşayan insan kimi təqdim edən Mroz "İzləyəcəyiniz video kadrlarda sülh mükafatını niyə bu qeyri-adi insana verdiyimizi görəcəksiniz" ifadələrini işlətdi.
Almaniyada qurulan EWI-nin qısa video təqdimatından sonra F. Gülənin 2011 Sülh Mükafatına layiq görülməsi haqda video kadrlar nümayiş etdirildi. Kadrlarda ABŞ-ın Baş Katibi Kofi Annan (Kofi Annan), ABŞ-ın sabiq prezidenti Bill Klinton (Bill Clinton) və ABŞ-ın sabiq Xarici İşlər Naziri Ceyms Beykrla (James Baker) Madlen Olbraytın (Madeleine Albright) Gülən haqqında fikirlərinə yer verildi. Kadrlarda 11 sentyabr hadisəsindən sonra F. Gülənin Vaşinqton Post (Washington Post) qəzetinə verdiyi "Müsəlman terrorist ola bilməz, terrora bulaşan da müsəlman qala bilməz" açıqlaması əksini tapdı.
Fəthullah Gülən tədbirə göndərdiyi mesajda mükafatı öz adından deyil, Könüllülər Hərəkatına mənsub saysız insanlardan biri kimi qəbul etdiyini bildirdi. Gülən ismarıcında belə deyir: "Mənə dəyər verib “East-West” İnstitutu Sülh Mükafatını layiq gördüyünüzə görə həm utandım, həm də qürur duydum. Bu mükafatı mən öz adımdan deyil, yeganə qayəsi insanlığa xidmət etmək olan, yalnız bu məqsədlə bir araya gələn fərqli din, inanc, millət və tarixə mənsub bu könüllülər adından qəbul edə bilərəm".
Heç bir şey din adından terrora müraciət etmək qədər İslama yad deyildir...
Könüllülər Hərəkatında olmaqdan qürur duyduğunu deyən Gülən özünü heç vaxt bu hərəkata könül verənlərin başında görmədiyini bildirdi. Gülən Könüllülər Hərəkatı haqda bunları qeyd edir: "Onları dünyanın bir küncündə bir körpənin aclıqdan öldüyünü, ya da bir qız uşağının şəraitsizlik ucbatından təhsil almaq haqqından məhrum edildiyini eşidərkən, dərhal hərəkətə gətirən məsuliyyət hissidir. Onları vaxtları, pulları ilə heç bir təmənna ummadan bu hərəkata dəstəyə sövq edən fədakarlıq eşqidir. Onlar son 30-40 ildir əzmlə bu dünyanı sevgi və anlayışla bir-birinə qucaq açan, sülh dolu bir məkana çevirmək üçün çalışırlar".
Son 10 ildə bütün dünyada baş verən zorakılıq hadisələrinin toplumların münasibətlərini kəskinləşdirdiyinə işarə edən Gülən bəzi insanların din adından terrora əl atmasına diqqət çəkir. Gülən sözlərinə belə davam edir: "Bəziləri vəhşiliyə əl atdı və din adından günahsız insanları öldürdü. Heç bir şey din adından terrora müraciət etmək qədər İslama yad deyildir. Bu qaranlıq dövrün arxada qaldığını ümid edir və bir daha təkrarlanmaması üçün dua edirəm".
Ölkəm bu çətin yolda qərarlıdır
Fəthullah Gülən Könüllülər Hərəkatının demokratiyanın olub-olmamasını sorğulamadığını qeyd edərək əsas məsələnin mövcud demokratik quruluşun ehtiyaclara cavab verib-verməməsi olduğunu bildirir. Türkiyənin son illərdə demokratiya sahəsində qazandığı uğurlardan çox məmnun olduğunu bildirən Gülən sözlərini belə davam edir: "Bu gün doğma ölkəmin, Türkiyənin dünyanın ən azad və demokratik ölkələrindən biri olma yolunda mühüm addımlar atdığını görmək məni sevindirir. Əslində yaxın keçmişdə o, vətəndaşlarının iradəsinə hörmət edilməyən, seçilmişlərin hökümət qurduğu, amma iqtidar ola bilmədiyi, hüququn güclüləri qoruyub zəifləri qorumadığı, insanların öz mədəni dəyərlərini yaşamaqdan məhrum edildiyi və mətbuata bu qanunsuzluğu ifşa etmək üçün deyil, ona xidmət etmək üçün azadlıq verildiyi bir ölkə idi. Şübhəsiz demokratiya bir nəticə deyil, əksinə bir yoldur. Və mənim ölkəm bu çətin səfəri başa vurmaqda qərarlıdır".
Yüzlərlə qonağın qatıldığı mükafat mərasimində, xüsusilə Amerikanın daxili və xarici siyasətinə istiqamət verən simalar iştirak edirdi.
- tarixində yaradılmışdır.