Referendumdan sonrakı mərhələ və təhlükəsizlik qurumlarında kadrlaşma

Sual: 1) Referendumda "bəli" nəticəsinin çıxmasına böyük əhəmiyyət verirdiniz və arzuladığınız nəticə hasil oldu. Referendumdan sonra ölkəmizdə demokratikləşmə və uzlaşma istiqamətində nə təmənna edirsiniz?

  • Uşaqlıqdan, demək olar, özümü heç düşünməmişəm, indiyə qədər şəxsimlə bağlı müsbət bir hadisədən ötrü çox da sevinməmişəm. Lakin millətimizin gələcəyi, dövlətlər müvazinətində layiqli yerini tutması, ən böyük ölkələr arasında sözünün kəsərli olması və beynəlxalq səviyyəli qərarlar verilərkən "Görək bunlar nə deyir?" dedirtməsi mənim ən böyük xəyalımdı. Bu, kiməsə utopiya, fantastika, bir roman mövzusu kimi gəlsə də, mən yalnız bu xəyalımla bağlı baş verən müsbət işlərə görə sevindim, məmnun oldum. Referendumdan çıxan nəticəyə də millətimizin istiqbalı üçün çox sevindim. (00:52)
  • İndiki məntiqimlə 1946-cı ildə keçirilən seçkilərdə İsmət paşa ilk demokratik addımlar atarkən fikrimi bildirmə imkanım olsaydı, millətimizin dirçəlişinə səbəb olacağını düşündüyüm o hadisəni də (çoxpartiyalı sistemə keçmə qərarını da) alqışlar və təqdir edərdim. Çünki insan azad olduğu müddətdə vardır, onun azadlığına qandal vurulubsa, artıq canlı bir ölüdür. Başqasının kölgəsi altında olduğu müddətdə insan həqiqi mənada insan deyil, o, insanlığından çox şey itirmişdir. Azadlıq çox mühümdür. Bu baxımdan da, mən o dövrdə olsaydım, o hərəkatı - kim dəstəkləyir-dəstəkləsin - alqışlayardım. (02:32)
  • Xalqımız professional düşünməsə də, çox vaxt elit təbəqədən daha məqsədəuyğun, düzgün qərar vermişdir. Buna görə də, demokratiyanı ilk dəfə alqışlayan, çiyninə alıb daha da irəli aparan o olmuşdur. Çünki o heç bir ideologiyaya bənd olmamış, məsələləri ideologiyaların dar çərçivəsinə salmamışdır. Kasta düşüncəsi ilə xalqımıza dəyər verməyənlər qoy verməsin, öz səsini beş-on səsə bərabər sayıb başqalarını cahil və avam görənlər qoy elə görsünlər, xalqımız bu referendumda bir daha ən doğru qərarını vermişdir. Bu nəticə, heç kimin təlqinindən deyil, millətimizin fərasət və bəsirətindən bilinməlidir. (03:40)
  • Referendum haqqında mülahizələrimi dilə gətirməyi özümə vəzifə bildim. Çünki faydasına inandığım bir işi etməsəm, axirətdə Allaha hesab vermək məcburiyyətində qalaram, Peyğəmbərimizin qarşısında xəcalət təri tökərəm, boynum bükülər. Ölkəmə, millətimə və məfkurəmə faydalı bildiyim bir məsələdə sükut etmək dilsiz şeytanlıq olardı. Çünki aparılan islahatlar çox əhəmiyyətli idi. Əvvəla, burada xalqımızın başqalarının əmrindən xilas olması vardı. Boyunduruqların atılması isə xalqımızın özü kimi düşünməsi və özü kimi qalmasına (öz dəyərlərinə bağlı olmasına) da yol açılması demək idi. Digər tərəfdən də, xalq referendumla böyük dəyişikliklərə imza ata biləcəyini gördü. Bəziləri xaricdən gəlib səs vermək üçün əziyyət və xərc çəkmək məcburiyyətində qalsalar da, xalqımız müəyyən mənada ucuz və əziyyətsiz mücadilə ilə bundan sonra da böyük inqilablara vəsilə ola biləcəyinə inanmağa başladı. Xalqda gördüyü işin dəyərli olması psixologiyasının oyanması, məncə, bu islahatların səmərəsindən daha böyük oldu. (05:33)
  • Əvvəl də bildirmişəm, referendumla bağlı fikirlərimin siyasətlə əlaqələndirilməsi doğru deyil. Bundan sonra bir referendum da olsa, mən yenə məqul (ağlabatan, doğru) saydığım istiqamətdə fikirlərimi bildirərəm. Bunu filan partiya, hətta azlıqda olan, ya da bir qrup da qura bilməyən bir partiya da etsə, millətimizin iqbal və gələcəyi üçün faydalı islahat paketi ilə xalqın qarşısına kim çıxır-çıxsın, mən yenə "bəli" deyər və "bəli"nin carçısı olaram. (10:35)
  • Referendumda "bəli" deyənlərin sayı çox olsa da, "xeyr" qərarını verənlər, qərarsızlar və səs verməyənlər də vardı; bundan sonra da belə fərqli düşünənlər olacaq. Hər kəsin hissiyyatına, fikrinə hörmət etmək bizim ümumi əxlaqımızın, ruhi-mənəvi ənginliyimizin və vicdan genişliyimizin bir ifadəsidir. Heç kimə bir şey demirik, amma biz belə hərəkət edirik; belə hərəkət etdiyimizə görə də heç kimin bizə bir şey deməyə haqqı yoxdur. (13:00)
  • Hər kəs üslubunu bir daha gözdən keçirməlidir. Qışqırıb-bağırmaqdansa, hay-haray salmaqdansa və "qırtlaq ağalığı" etməkdənsə, insanların hislərini daha çox nəzərə almaqla xalqa xitab etməyə çalışmalıyıq. Daha yumşaq, sevgi xəlitəli üslub və danışıq tərzi ortaya qoyulmalıdır. Unudulmamalıdır ki, qışqırıb-bağırma insanda sevgi ruhunu deyil, nifrət hissini hərəkətə gətirir. (13:50)
  • Vifaq və ittifaq İlahi yardıma vəsilə, ixtilaf və iftiraq isə müvəffəqiyyətsizliyin və məqsədə çata bilməməyin səbəbidir. Birlik və birliyi zədələyən hər bir düşüncə, söz və davranış xeyirli fəaliyyətlərin bərəkətini də götürüb aparır. O halda Allahın sizi müvəffəq etməsini istəyirsinizsə, həm özünüz ixtilafa, incikliyə, mübahisə və ayrılığa səbəb olan pis düşüncə, çirkin söz və kobud rəftardan uzaq olmalı və bununla feili dua etməli, həm də Qəlblərin Sahibinə üz tutmalı və Onun qəlbləri yumşaltmasını diləməlisiniz. Çünki Qurani-Kərim məalən belə buyurur: "Allah Təala möminlərin qəlblərini bir-birinə isindirib birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hakimdir.." ("Ənfal" surəsi, 8/63) (16:40)
  • deologiyalar nəyi əmr edir-etsin, kaş kinin, nifrətin, ixtilafın və hər şeyə söz çatdırmağın yerinə insanlara sevgi və mürüvvətlə "Döyənə əlsiz, söyənə dilsiz, dərviş könülsüz gərək" deyən Yunus kimi qucaq açmağa çalışaq. Hal-hazırda ən çox bu ruha ehtiyacımız var. (19:00)

Sual: 2) Əvvəllər də zaman-zaman ortaya atılan "Fəthullahçı təşkilatlanma" xəbərləri son günlərdə çoxaldı. Əslində dialoqun, hər kəsə sayğı və sevginin təmsilçisi olan və dünyanın yüz iyirmi ölkəsində misilsiz fədakarlıq göstərən insanlar - bu qədər gözəl işlər arxa plana atılaraq - qaranlıq işlər görən, hər daşın altından çıxan adamlar kimi təqdim edilir. Bu mövzu haqda fikrinizi öyrənə bilərikmi? (20:55)

  • "Fəthullahçı" istinadından çox narahat oluram. Əgər millətimizin bu Fəaliyyətə sahib çıxmasına mütləq tərif verməli olacağıqsa, buna "Məhəmmədi ruhun toplumun köksündə yenidən canlanması" demək mümkündür. Ya da gerçəkləşdirilən xidmətləri Əhməd Yəsəvi, Həzrəti Mövlana, Yunus Əmrə və ya Həsən Şazəli, Abdulqadir Geylani, Şahı-Nəqşibəndi və Əhməd Rüfayi həzrətləri kimi böyük simalarla təmsil edilən sevgi və şəfqət ruhunun bu əsrə uyğun yenidən səsləndirilməsi və ümumbəşəri insani ruhun dövrə uyğun təzahürü kimi dəyərləndirmək mümkündür. (21:27)
  • Hər kəs bilir ki, ən həyəcanlı olduğum dövrlərdə belə mən "çı"-ya, "çu"-ya müharibə elan etmişəm. İmkanım olsa, o "çı", "çu"nu lüğətdən çıxarıb basdırar, üstünə qayalar tökər və bir daha ortaya çıxmasın deyə əlimdən gələn hər şeyi edərəm. Hətta bir az böyük danışmış ola bilərəm: amma bu "çı" və "çu" başımın tacı, başımı səki daşı kimi ayağının altına qoymağa amadə olduğum Abdülqadir Geylani və ya Məhəmməd Bahauddin Nəqşibəndi həzrətləri kimi böyüklərin icadı da olsa, mən yenə onu gömərəm. Müəyyən bir dövrdə, bəlkə də, ictimai-siyasi şəraitə görə bəziləri bu ifadəni işlətmişdir, mən bunu onların o dövrün tələbi hesab etdiyinə inanıram. Dolayısilə, "Fəthullahçı" kimi ifadələri və bu cür mülahizələrə girilməsini lənətləyirəm. Əgər belə bir məsələyə sahib çıxırıqsa, Allah bizi yerin dibinə batırsın, yoxsa - mənim şəfqətim, mülayimliyim və mərhəmətim bizə belə istinad verənlər haqqında "Allah onları yerin dibinə batırsın" deməyimə mane olur - onları Allaha həvalə edirəm. (23:42)
  • Bu Fəaliyyətə könül verən insanlar filançı, fəsməkançı olduqlarına görə deyil, Qurani məntiqə və görülən işlərin ağlabatan olmasına inandıqları üçün hər cür fədakarlığa qatlanıb vətənə, millətə və bəşəriyyətə xidmət edirlər. Bu Fəaliyyətin sirrini - camaatın namaz üçün məscidə toplanması kimi - məntiqi və ağlabatan olmasında axtarmaq lazımdır. Qəlbi eyni hiss və həyəcanla döyünən və bəşəriyyətin imdadına çatmağa hazır olan insanların cəhalət, yoxsulluq və ixtilaf kimi mərəzlərlə mübarizəyə çağırışa qatılmasında axtarılmalıdır. (26:00)
  • Bu gün 120-yə yaxın ölkə Türk Dili Olimpiadalarında iştirak edir, bir və ya bir neçə kültür dərnəyi və dil kursu açılan ölkələri də saysaq, bəlkə də, 180 dövlətdə "adanmış ruhlar" ölkəmizi təmsil edirlər. Mərhum Bülənt Ecevit, "Dövləti-Aliyyə (Osmanlı dövləti) çox güclü olduğu dövrdə belə bu miqyasda dünyaya yayılmağa nail ola bilmədi" demişdi. Üstəlik dünyanın dörd bir tərəfində açılan müəssisələr və ortaya qoyulan fəaliyyətlər Anadolu insanının çox məhdud imkanı ilə həyata keçirildi. Əgər insanlar bu işin məqul, faydalı olmasına inanmasa və bunun ətrafında toplanmasa idilər, böyük dövlətlərin belə öhdəsindən gələ bilməyəcəyi bu işləri başladardılarmı? Bu baxımdan, ağlabatanlığına görə mənimsənilmiş bir iş filana-fəsmənə aid edilə bilməz. (29:29)
  • Son günlərdə təhlükəsizlik qurumlarından birinin "filan yerdə kadrlaşma aparılır" kimi heç də xoşagəlməz bir iddiası oldu. Allah təqsirlərini bağışlasın, Allah insanları cəhənnəmə aparan yola qoymasın, sükut etdirməsin. Heç kimin belə bir aqibətə düçar olmasını diləmərəm. Əlli il əleyhimə yazı yazan biri haqqında Cəhənnəmlə cəzalanması fikri ağılımdan keçəndə belə otağıma girib ağlamış və "Xeyr, ya Rəbbi, ona da hidayət ver, Cənnətə getsin" demişəm. Heç kim haqqında mənfi danışmaram. Nala mıxa vuran insan, əslində öz dəyərinə mıx çalır, öz qiymətinə nal vurur. O şam çox yanmaz, demirəm "yalançı"dır, tərbiyəm rəva görməz, lakin o şam çox yanmaz, yansa, belə yatsıya qədər yanar və sönər. (33:07)
  • "Hürriyyət" qəzetini oxuyan insanlar qəzetin köşə yazarlarına hörmət edə bilərlər; "Milliyyət"i oxuyanlar da həmin qəzetin köşə yazarlarına sayqı duya bilərlər. Qəzetin rəhbərinə də hörmət edə bilərlər. Onların "Bəli deyin", ya da "Xeyr deyin" kimi istiqamətləndirməsinə qulaq asa bilərlər. Onda biz də o qəzet rəhbərlərinin, ya da yazarlarının duyğu və düşüncələrini qəbul edən, onların ortaya qoyduğu nəzəriyyələri, fəlsəfi və dünyəvi fikirləri mənimsəyən insanlara "açı", "bçi", "cçi" deyək?! Mən yalnız müəyyən insanlara və gizli deyil, hər kəsə və hər kəsin eşidəcəyi şəkildə "Əlinizdəki imkanlardan son damlasına qədər istifadə edin və dünyanın dörd tərəfinə yayılın, məktəblər açın; dörd məktəb olan yerdə dördünü də açın, həndəsi şəkildə genişlənin. Ruhunuzun ilhamlarını möhtac olan könüllərə boşaldın" deyirəm. Bu çağırışı məqul sayanlar əllərindəki imkanlarla insanlığa faydalı olmağa çalışırlar. Sözlərimə dəyər verənlər, təhlükəsizlik qurumlarında da, mülki müəssisələrdə də ola bilər. Mən onları bilə bilmərəm ki. Mən burada (Pensilvaniyada) yaşayıram və hər kəsin eşidə bildiyi şəkildə danışıram. Qəzetə elan verməliyəm? "Mənə simpatiyası olanlar, zinhar simpatiyası olmasın, yoxsa Allahın hüzurunda iki əlim onların yaxasında olsun" deməliyəm?!. Bu baxımdan, məsələnin -çı, -çu ilə heç bir əlaqəsi yoxdur. Bəzi insanların sizə simpatiyası ola bilər; bu təhlükəsizlik qurumlarında da ola bilər, mülki müəssisələrdə də ola bilər, ədliyyədə də ola bilər, dünyanın başqa yerlərində də ola bilər. İnsanlar bu işə ağlabatan olduğuna görə könül verirsə, bu, başqa cür yozulmamalı, "çı", "çu" ilə əlaqələndirilməməlidir. (34:05)
  • Mən təmiz Anadolu övladıyam. Bir insanın öz millətini öz ölkəsinin bəzi qurumlarına işə girməyə təşviq etməsinə "sızma" demək olmaz. Təşviq edilən insanlar da, həmin müəssisələr də bu ölkəyə aiddir. Nəzərdə tutulan "sızma"nı müəyyən dövrdə bu millətdən olmayanlar həyata keçirdilər. Bəli, bir millətin fərdi öz milləti üçün işləyən müəssisələrə sızmaz; onun haqqıdır, girər oraya; mülki işlərə də girər, ədliyyəyə də, kəşfiyyata da girər xarici işlərə də. Unudulmamalıdır ki, kadrlaşma, sızma, çoxalma kimi iddiaları ortaya atanlar və bununla işinə sadiq insanları sindirməyə çalışanlar demək olar, hər dövrdə bu böhtanların arxasında gizlənərək öz məqsədlərini həyata keçirmək üçün müəyyən yerlərə sızmış, kadrlaşıb çoxalmış insanlardır. (39:25)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.