Adanmışın manifesti

Fəthullah Gülən: Adanmışın manifesti

  • İnsanlar özlərini, duyğu və düşüncələrini mütəmadi yeniləməli, dövrün tələblərinə uyğun olaraq hər gün ali həqiqətlərə fərqli prizmadan yanaşıb “təcdid” dərdinə düşməlidirlər. (01:16)
  • Allah-taala ənbiyayi-izamı göndərməklə peyğəmbərlik çərçivəsində mütəmadi “təcdid” etmişdir. Nübüvvətin sona çatmasından sonra da “təcdid” böyük övliyalarla davam etmişdir. Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) bir hədisdə buyurur: “Allah-taala hər yüz ildə bir bu dini təcdid edən bir insan göndərir”. (01:45)
  • Əslində cəmiyyət kimi, fərdin də təcdidə ehtiyacı var. Hər bir insan üstəlik hər gün dinini bir daha ürəkdən, dərindən duymalıdır. Bəli, haqq və həqiqət gündən-günə daha dərindən duyulmalı, hiss edilməli və vicdanlarda təravətini həmişə qorumalıdır. (05:30)
  • Həzrəti Əbu Zərr (radiyallahu anh) əsl zühd qəhrəmanıydı. (06:42)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Əbu Zərr həzrətlərinin timsalında bütün ümmətinə buyurur:

    جَدِّدِ السَّفِينَةَ فَإِنَّ الْبَحْرَ عَمِيقٌ
    وَخُذِ الزَّادَ كَامِلاً فَإِنَّ السَّفَرَ بَعِيدٌ
    وَخَفِّفِ الْحِمْلَ فَإِنَّ الْعَقَبَةَ كَئُودٌ
    وَأَخْلِصِ الْعَمَلَ فَإِنَّ النَّاقِدَ بَصِيرٌ

    "Gəminə bir daha əl gəzdir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş olduqca sərtdir. Əməlində ixlaslı ol, çünki görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır."

    (08:20)
  • Bəyazid-Bistami həzrətləri deyir: “Var-gücümlə, can-dildən Cənabi-Allaha düz 30 il ibadət etdim. Sonra qeybdən: “Ey Bəyazid, Cənabi-Allahın xəzinələri ibadətlərlə doludur. Əgər muradın Ona vasil olmaqdırsa, Haqqın qapısında özünü kiçik bil və əməlində ixlaslı ol!” səsini eşitdim, dərsimi aldım ” (12:20)
  • Sözügedən hədis axirət yolunun yolçusu üçün bir manifestdir. Rəsuli-Əkrəm Peyğəmbərimizin bu mübarək kəlamına bir də iman və Qurana xidmət nöqteyi-nəzərindən baxmaq lazımdır. Gəmi, yol, azuqə, yük, sərt yoxuş və ixlas kimi məsələlər adanmışlar (ömrünü Allah yoluna həsr etmiş insanlar) üçün nə mənaya gəlir, bu mövzu dərindən araşdırılmalıdır. (14:15)
  • جَدِّدِ السَّفِينَةَ فَإِنَّ الْبَحْرَ عَمِيقٌ Gəmini bərpa et, sağ-solunu gözdən keçir; təmir olunası yerləri əldən keçir və baxımını tamamla. Çünki ruhlar aləmindən Cənnətə uzanan ucsuz-bucaqsız ümmanda nəhəng dalğalarla üzləşmək qaçılmazdır. Gəmin möhkəm olmalıdır ki, uzun səfərə, amansız dalğalara və qorxunc fırtınalara tab gətirsin. Göl qayığı ilə okeanı aşa, salla açıq dənizdə uzun yol gedə bilməzsən. Gəmini elə yenilə, elə təmir elə ki, transatlantik gəmilər kimi ən çətin maneələri dəf edəsən!.. Bu məsələnin bir də iman xidmətinə aid tərəfi var. Həyatını Allah yoluna həsr edən insanlar öz dövrünü və onun tələblərini çox yaxşı bilməli, bu istiqamətdə özünü yetişdirməli və yüksək mənəvi əhval-ruhiyyəsini daima qorumalıdır. (14:33)
  • وَخُذِ الزَّادَ كَامِلاً فَإِنَّ السَّفَرَ بَعِيدٌ Azuqəni lazımi qədər götür, yolda nəyə ehtiyacın olacaqsa, indidən tədarük elə. Sahildən uzaqlaşandan sonra ərzaq tapmaqda çətinlik çəkərsən, hətta tapa bilməzsən. Elə isə vaxt varkən, gəmi lövbərini qaldırmamış bu uzun səfərdə nə gərək olacaqsa, onu yaxşı-yaxşı düşün, hesabını yaxşı tut və çalış əskiyin qalmasın! Hədisdə keçən “zad” sözü qida, geyim, minik vasitəsi və sairə şeylər deməkdir, dilimizdəki “azuqə” sözünə uyğun gəlir. İnsan üçün iki səfər qaçılmazdır; birincisi, dünyada səfər; ikincisi, dünyadan (axirətə) səfər. Dünya səfərində qida, geyim və yeri gələndə xərcləməyə mal-mülk lazım olduğu kimi, dünyadan səfər üçün də azuqə gərəkdir. Birincidən daha xeyirli olan bu ikinci azuqə təqva və saleh əməldir. Hizmət insanının dövrün tələblərinə uyğun şəkildə yetişməsi də bir mənada azuqədir. (18:50)
  • وَخَفِّفِ الْحِمْلَ فَإِنَّ الْعَقَبَةَ كَئُودٌ Lazımi miqdarda azuqə götür, amma lüzumsuz şeyləri özünə yük eləmə. Cəhənnəmin yanacağı olan bu dünyanın mal-mülkü, günahları insanın çiynində artıq yükdür. Küfr, fisq (günah), üsyan – hamısı yükdür, hər bir günah və xəta yükdür. Burada yükü yüngülləşdirmək ifadəsi ilə lüzumsuz şeylərdən uzaqlaşmaq və günahlardan arınmaq nəzərdə tutulur. Qarşında dayanan çətin maneələri, keçilməz sədləri və sərt yoxuşları düşün: belini bükən ağır yüklə bu uzun məsafəni aşa bilməzsən. Əlli, yüz, yüz əlli kiloqramlıq bir yükü bir-iki addım, bəlkə də, apara bilərsən, amma onunla kilometrlərlə yolu gedə bilməzsən, bu yüklə mənzil başına yetməyə gücün çatmaz. Ona görə də axirətə köçmədən bu dünya yüklərini çiynindən atmalısan, axirətdə heç bir işə yaramayan şeylərə hamballıq etməməlisən və özünü yüngüllədərək səfərini asanlaşdırmalısan. Ələlxüsus bir məfkurən də varsa, iffət, ismət və isteğna qəhrəmanı olmalı, dünya yükündən qurtulmalı, bircə çantacıqla nəsibinə hara düşərsə, oraya hicrət etməyə hazır olmalısan. Bircə dəst libasla bəzən üşüyən, bəzən də puçur-puçur tər tökən Həzrəti Əli kimi ömür sürməyə razı olmalı və əməllərini dünya mənafeyinə alət etməməlisən. (23:39)
  • وَأَخْلِصِ الْعَمَلَ فَإِنَّ النَّاقِدَ بَصِيرٌ Gördüyün hər iş doğru, səmimi, riyasız, saf, təmiz və ürəkdən olsun, sırf Allah üçün əməl işlə. Dilipak ol və doğru düşüncədən möhkəm yapış, Allahla münasibətdə məqsədin dünya olmasın. Vəzifə və məsuliyyəti sırf O əmr etdiyi üçün yerinə yetir. Məqsədin ancaq Onun rizası olsun və Ondan yalnız axirət nemətlərini dilə. Şübhəsiz, hər şeyi görən və bilən, təkcə cismə, surətə deyil, qəlb və niyyətə də nəzər edən, hər əməli zahir və batininə görə külli olaraq diqqətə alan Rəbbi-Rəhim sənin əməllərinə də müttəlidir. Allah-taala etdiyin əməlləri gördüyü kimi, onu hansı niyyətlə işləməyindən də agahdır. Mövlayi-Mütəal əməlin çoxluğundan ziyadə, hər işdə ilahi rizanın axtarılmasına əhəmiyyət verir. Bəli, Onun dərgahında “Bir dirhəm ixlaslı əməl batmanlarla xalis olmayan əməldən üstündür”. (29:25)
  • Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm): جَدِّدُوا إِيمَانَكُمْ بِلَا إِلٰهَ إِلَّا اللّٰهُ “İmanınızı “Lə iləhə illəllah”la yeniləyin”, − buyurur. Allah Rəsulunun bu nəsihətini kəlmeyi-tövhidi təkcə dillə təkrar etmək kimi başa düşməmək lazımdır. Bu mübarək kəlməni dillə deyərkən vicdanla duymaq lazımdır ki, iman yenilənsin. Ona görə də “Lə iləhə illəllah” sözü “Bu kəlmələri vicdanən duyun, dində və imanda daha da dərinləşməyə çalışın, özünüzü mütəmadi yeniləyin və yaradılışın qayəsinə çatmaq üçün dayanmadan irəliyə gedin!..” deməkdir. İmanı yeniləmək məsələsi mütəmadilik tələb edir. Bu yeniləmə işi möminin təbiətinə, fitrətinə hopmalıdır ki, mütəmadi imanını dərinləşdirsin və sonda da təhqiqi imana çatsın. Bəli, imanın təcdidi və beləcə ruhi yenilənmə qövlən “Lə iləhə illəllah Muhammədən Rasulullah” deməklə başlayıb bu sözün əsl mərifətə çerilməsi ilə davam edir. Daha sonra mərifətin məhəbbəti, məhəbbətin eşqü-şövqü və eşqü-şövqün də cəzbü-incizabı hasil etməsi ilə zirvə nöqtəyə çatır. “Məktubat”da vurğulandığı kimi, nəfs, həvaü-həvəs, vəhm və şeytanın az-çox hər insana təsir etməkdə, qəflətdən istifadə edərək bir çox hiylə, şübhə və vəsvəsəsi ilə iman nurunu qaraltmaqdadır. Ona görə də hər gün, hər saat, hətta həmişə imanı cilalamağa ehtiyac vardır. Tez-tez cilalanan, həmişə parlayan və təhqiq zirvəsinə çatan bir iman gəmisi ilə nəinki dünya okeanlarını, hətta Cəhənnəm quyularını belə rahatlıqla keçmək olar. (31:25)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.