Analarımız, axirət və boşanma

Fəthullah Gülən: Analarımız, axirət və boşanma

Çay süfrəsində həqiqət damlaları: “Allahı istəmək və həqiqi hürriyyət”

  • Gözü yuxarılarda olmaqdan çox xoşum gəlir və bunu çox əhəmiyyətli görürəm. Bu, xariqüladə hallar nümayiş etdirmək və fövqəltəbiiliklə özünü ifadə etmək deyil, əksinə Onu tanıma, Onun hüzurunda özünü heç bilmə və bu yolda sərhəd tanımama deməkdir. (00:35)
  • Madam ki, mənəvi kəşf və kəramət kimi xariqüladə halları arzulamamaq səhabə yolunun əsasıdır, o halda əshabi-kiramın yolunu tutan Quran tələbələri də insanları heyran edən fövqəltəbii işlərə maraq göstərməməli, havada uçma, suda yerimə, bir baxışla uzaqdakı cisimləri hərəkət etdirmə kimi şeyləri məziyyət saymamalı, onlara bel bağlamamalı və əsla belə şeylərin dalınca düşməməlidirlər. (01:22)
  • Həzrəti Mövlanə qulluğu ən böyük payə sayır: “Qul oldum, qul oldum, qul oldum! Mən Sənə xidmətdə iki qat oldum. Qullar azad olanda şad olur. Mən Sənə qul olduğumdan şad oldum”. (03:06)
  • Hürriyyət – İslamın qəlbi və ruhi-mənəvi yönü baxımından- “insanın Allahdan başqa heç nəyə və heç kimə qul olmaması, heç nəyə baş əyməməsi”dir. Həyatını cismani ləzzətin dalınca sürünə-sürünə keçirən, nemətlərə şükür etmək əvəzinə cızıqdan çıxan və gəliri artdıqca ehtirasa qapılıb daha da azğınlaşan... digər tərəfdən var-dövlətini itirməkdən qorxub əsim-əsim əsən bir biçarəni dünyanın hökmdarı da olsa, hür saymaq olmaz. Çünki həqiqi hürriyyət dünya nigarançılığından, mal-mülk dərdindən qəlbən uzaqlaşaraq Haqqa yönəlməklə əldə edilir. Dünyanın nəfsani yönü ilə məsafə saxlayan, qəlbini dünyadan, dünyanı da qəlbindən uzaqlaşdıran insan zindanda da olsa, həqiqi hürriyyəti tapmış sayılır. Yaradana üz tutan, həqiqi qibləsini tapan, ancaq Haqqa qulluq etməklə nəfsani arzulara, güc-qüvvətə, şəhvətə, şöhrətə qulluqdan qurtulan insan həqiqətən hürriyyəti dadmışdır. O, heç vaxt razı olmaz ki, kimsə boğazına kəndir keçirsin, ehtiraslar aydın səmasını qaraltsın, həvaü-həvəs, şəhvət biləyini büksün. (04:28)
  • Ola bilsin ki zahirən ömrünü haqq-həqiqətə həsr etmiş insanların arasında da dünyəvi imkanlardan istifadə etmək istəyənlər çıxsın. Ancaq “adanmış ruhlar” həqiqi insanlıq və təmənnasızlıq zirvəsinə yüksələn Amr ibn As (radiyallahu anh) kimi olmalıdırlar. Qənimətdən ona pay ayrılanda: “Ya Rəsulallah, mən qənimət üçün müsəlman olmamışam!” ‒ demişdi. Eyni əhval-ruhiyyədəki bir başqa səhabəyə Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) qənimət təklif edəndə o: “Ya Rəsulallah! Mən bunu qəbul edə bilmərəm. Mən müsəlman olmuşam ki, (boğazını göstərərək) burdan bir ox sancılsın, şəhid olum” demiş və muradına çatmışdı. (06:40)
  • Lüğəvi mənası “doğruluq” olan “istiqamət” sözü istilah kimi etiqad, əməl, müamilə və yemə-içmə kimi gündəlik bütün davranışlarda ifrat və təfritdən qaçınıb təqva dairəsinə daxil olaraq nəbilər, siddiqlər və əməlisalehlərin ardınca getməyə çalışmaq şəklində tərif edilmişdir. İstiqamətin də dərəcələri var. Allah Rəsulu (aleyhissalatu vəsəlləm) bir rəvayətdə ““Hud” surəsi məni qocaltdı!”, digər bir rəvayətdə isə ““Hud” və buna bənzər surələr belimi büküb saçımı ağartdı!” buyurmuş, bununla da “Sənə əmr edildiyi kimi, düz ol!” (“Hud” surəsi, 11\112) ayəsini nəzərdə tutmuşdur. Bəli, Allah Rəsulu “İstiqamətdən ayrılma!” əmrinə öz dərin qulluq anlayışına görə əməl etmiş və həyatını bu istiqamətdə yaşamışdır. (10:57)

Sual: Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) zövcələrin bəzi istəklərindən kədərlənib hücrəsinə çəkilməsi, “ya dünya nemətləri, ya da mən” deyib onları seçim qarşısında qoyması və müəyyən vaxt heç kimlə görüşmək istəməməsi kimi məşhur olan “təxyir” və “ila” hadisələri ilə bağlı nazil olan ayə və söylənən hədisləri necə başa düşməli və hansı çərçivədə götürməliyik ki, insanlar möminlərin anaları haqda sui-zənn etməsinlər? (11:40)

  • “Təxyir” Allah Rəsulunun zövcələrinin Peyğəmbərimizlə birlikdə yaşayıb-yaşamama mövzusunda seçim qarışısında qalması hadisəsidir. Əvvəli nə olur-olsun bu hadisə Cənabi-Allahın bilavasitə Rəsuluna əmridir. Sözügedən hadisə ilə bağlı ayədə eynilə belə buyurulur: “Ya şanı uca Peyğəmbər! Zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) sizi yola salım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır” (“Əhazb” surəsi, 33\28-29).
  • Cahillik dövründə kişilər qadınlara dərs vermək üçün onlara yaxınlaşmamağa and içir və onları pərişan vəziyyətdə qoyurdular ki, bu, “ila” adlanır. Quran “ila”ya bəzi şərtlər gətirdi və ona maksimum dörd aylıq hədd qoydu. Bu müddətdə ailəni bərpasına izin verdi; kişi kəffarə ödəyib zövcəsinin yanına qayıda bilərdi. Amma dönməməyə qərar vermişsə, dörd aydan sonra zövcəsini sərbəst buraxmalıdır. Sözügedən ayənin məalı budur: “Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir” (“Bəqərə” surəsi, 2\226). Allah Rəsulunun zövcələrinə qarşı göstərdiyi bu münasibəti və hücrəsinə çəkilməsini də bir mənada “ila” hadisəsi adlandırmaq olar. (12:35)
  • Nəbilər Sərvərinin zövcələri də insan idi və bəzi hislər onlara da hökm edirdi. Xaneyi-səadətdə vəhylə bəslənsələr də, dünya nemətlərinə təbii meyil onlarda da varlığını müəyyən qədər qoruyub saxlayırdı. Hərçənd bu hüzurlu yuvada bugünkü ailələrdə yüksələn şikayət səslərinə şahid olmaq mümkünsüzdü, ancaq bir neçə kərə gündə bir-iki öyün yemək yemə, hər kəs kimi dünya nemətlərindən faydalanma istəkləri və bu istəkləri üzə çıxaran eyhamları olmuşdu. Allahın möminlərə bol nemət lütf etdiyini görən əzvaci-tahirat dolanışıq xərcini artırması üçün Könüllər Sultanına baş vurmuşdular. Əksinə Allah Rəsulunun (əleyhissalatu vəsəlləm) zövcələrin bu istəyindən xoşu gəlməmiş, hətta çox üzülmüş və bunu dilə gətirmişdi. Hətta Həbibi-Əkrəm (sallallahu vəsəlləm) buna o qədər üzülmüşdü ki, hücrəsinə çəkilib bir müddət heç kimlə görüşümək istəməmişdi. Daha sonra Allah-taala Nəbisinə əmr edir ki, zövcələrinə seçim ixtiyarı versin, ya O, ya da dünya nemətləri. Allah Rəsulu məsələni ilk öncə Həzrəti Aişə (radiyallahu anha) anamıza açmış: “Sənə bir şey deyəcəyəm, amma ana-atandan məsləhət almadan tələsik qərar verməyini istəmirəm!” sonra da “Ya Peyğəmbər! Zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) sizi boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır” (“Əhazb” surəsi, 33\28-29) məallı ilahi bəyanı oxumuşdu. (13:20)
  • Bu hadisə tezliklə hər tərəfə yayıldı. İnsanlar böyük üzüntü içində məscidə gəlib ağlaşmağa başladılar, zira Allah Rəsulunu kədərləndirən ən kiçik hadisə müsəlmanları ağlatmağa kifayətdi. Müsəlmanlar Allah Rəsuluna o qədər bağlı idilər ki, ailədə baş verən kiçik bir hadisə dərhal ətrafa yayılır və müsəlmanlar Onu üzən bu məsələnin həll olunmasını səbirslizliklə gözləyirdilər. O gün də belə olmuşdu. Məscidə gələnlər arasında Həzrəti Əbu Bəkirlə Həzrəti Ömər də vardı. Allah Rəsulunun yanına girməyə icazə istədilər, icazə verilmədi. Onlar da hamı kimi məsciddə intizarla gözləməyə başladılar. Allah Rəsulu bu zaman uzaqdan olub-keçənləri seyr edirdi... Və dilindən bircə söz çıxdı: “Bunlar məndən əlimdə olmayan şeylər istəyirlər”.
  • Köhnə-təzə bəzi müfəssir, yazar və tədqiqatçılar əzvaci-tahiratın firavan həyat, bəzək və zinət əşyaları tələb etdiklərini dilə gətirirlər ki, bu, çox yanlış və böyük bir sui-zəndir. O yuvada İnsanlığın İftixarı Peyğəmbərimizə zövcə olmaq çox məsuliyyətli bir məqam və ağır bir mükəlləfiyyət idi. Odur ki, o müəlla analarımızın hər biri uca bir qadındı. Əgər onlardan biri hansısa bir dövrdə yaşamış olsaydı, həmin zaman kəsimini tamamilə işığa qərq edərdi. Şayəd onların hərəsi bir dövrdə gəlsəydi, o dövrün mücəddidi və müctəhidi olardılar. Çünki bənzərsiz bir Ailə Başçısından dərs almış, Allaha səmimi qəlblə yönələrək əsl istiğna ilə kamala çatmış, ömür boyu ağır şəraitə sinə gərmişdilər. Məsələn, onlar bir öynəlik yeməyi güclə tapırdılar. Həzrəti Aişənin (radiyallahu anha) ifadəsi ilə desək: “Bəzən bir ay keçərdi Məhəmməd ailəsinin hücrələrində qazan asılmazdı”. Bəli, bu ailənin üzvləri xurma və su ilə keçinirdilər. Onlar haqda danışanda bütün bunları nəzərə almaq lazımdır. (20:12)
  • Allah Rəsulu (aleyhissalatu vəsəlləm) ilk öncə Həzrəti Aişəni çağırdı və ona: “Sənə bir şey deyəcəyəm, amma ana-atandan məsləhət almadan tələsik qərar verməyini istəmirəm!” ‒ dedi və söhbətin başında keçən ayəni oxudu. Siddiq atanın siddiqə qızı Həzrəti Aişə özünə yaraşan cavabı verdi: “Ya Rəsulallah, Sənin haqqında ata-anamdan məsləhət alacağam?! Xeyr, sözsüz ki mən Allahı, Peyğəmbərini və axirət yurdunu seçmişəm!”. Hadisənin davamını Aişə anamız nəql edir: “Allah Rəsulu hansı zövcəsinə bu təklifi apardısa, hamısından eyni cavab aldı. Heç biri bundan qeyri bir şey demədi. Mən nə dedimsə, onlar da eynisini dedilər”. (24:43)
  • Həbibi-Əkrəmə zövcəlik kimi şərəfli bir məqama malik olan bu əziz qadınların o yuvada ömür sürməsi əslində böyük bir fədakarlıqdı, Rəsuli-Əkrəmin (sallallahu aleyhi vəsəlləm) istiğnasına, zöhdünə şərik olmaq, çətinliklərə birlikdə sinə gərmək, əl-ələ verib Cənnətə uçmaqdı. Möminlərin anaları Rəhbəri-Əkməlin rəhbərliyi ilə qulluq yolunda zirvələrə çatmış, ömrü Allaha həsr etmiş və masivadan tamam əl-ətək çəkmişdilər. Ola bilsin ki, insani hislər və bəşəri istəklər onların ruhundan tamamən silinməmişdi, amma nəfsanilikdən arınaraq bu hislərin də üzünü axirətə çevirmiş və kamillik dərəcəsinə yüksəlmişdilər. Bəli, onlar axirətdə İnsanlığın İftixarı Peyğəmbərimizlə birlikdə olmaq üçün hər möhnətə dözürdülər. Belə ki, Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Həzrəti Sevda anamızı (radiyallahu anha) boşamaq istəyəndə, yaxud anamız bunu belə başa düşəndə o böyük qadın tez-tələsik yanına gəlib yalvarmış, öz növbəsini tamamən Həzrəti Aişəyə (radiyallahu anha) bağışladığını söyləmiş və yeganə arzusunun Peyğəmbər zövcəsi kimi axirətə köçmək olduğunu dilə gətirmişdi. (28:10)
  • Allah Rəsulu (aleyhissalatu vəsəlləm): “Allah dərgahında ən mənfur və ən nifrətlə qaşılanan halal boşanmadır” buyuraraq boşanmanın Allah dərgahında bəyənilməyən, hətta nifrətlə qarşılanan bir əməl olduğunu açıqlamışdır. Dolayısilə, ailədə belə bir aqibətlə üzləşməmək üçün ailəni ağıl və məntiq üstündə qurmaq lazımdır. Zira ailəni tamamilə hislər üzərində qurmaq olmaz. Hislərlə yanaşı, məntiqdən də maksimum istifadə etmək lazımdır. (29:55)
  • Allahın əmanəti kimi alacaqsınız, müəyyən qədər birlikdə yaşayacaqsınız, bir yastığa baş qoycaqsınız, sonra da yararsız bir əşyatək bir kənara atacaqsınız... o biri tərəfdə də siz yarasız əşya kimi atarlar. (...) İçimdən bəddua etmək keçir. Bir yastığa baş qoyandan sonra onlarla pis davrananlara bəddua etmək keçir içimdən!.. (32:18)
  • Cənabi-Allah əzvacı-tahiratla bağlı buyurur: “Peyğəmbər möminlərə onların öz canlarından daha yaxındır. Zövcələri möminlərin anasıdır” (“Əhzab” surəsi, 33\6). Məsələyə fiqhi cəhətdən yanaşanlar olsa da, inanan insanlar anaya hansı gözlə baxırlarsa, onlara da o cür yanaşmalı, öz anasına toz qondurmayanlar (hətta bundan da artıq) onlara qarşı da həssas olmalıdırlar. (34:06)
  • Əzvaci-tahirat analarımız onlara ehtiram göstərib öz anaları təkin hörmət edənlərə mütləq arxa duracaqlar. Belə ki, bir mənəvi müşahidədə Həzrəti Xədicə anamızın Rəsuli-Əkrəm Peyğəmbərimizlə hizmət ərləri arasında elçilik etdiyini görmüşlər... (36:38)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.