Bitib-tükənməyən Xəzinə – Qənaət

/>Sual: Bəziləri "qənaət"i dünya işlərində kifayət qədər səy göstərməklə yanaşı, arzu-istəkləri gecikdirib (təsvif edib) "Bu gün olmasa da, sabah olar!" demək, axirət işlərində və Haqq rizasını qazanmaqda isə tələsmək, hərislik etmək kimi izah edirlər. Arzu-istəkləri təsvif etmək nə deməkdir, təsvif düşüncəsindən dəstək alan qənaət əxlaqı praktiki həyatda öz əksini necə tapır?

  • Qənaət qənaətcil və tarazlı yaşamaq, ehtiyac olan qədər almaq və istifadə etməklə israfa yol verməmək deməkdir. Başqa sözlə, qənaət "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma" (“Qəsəs” surəsi, 28/77) ayəsində vəciz (qısa, yığcam, lakonik) üslubla ifadə edildiyi kimi, Haqq Təalanın bəxş etdiyi imkanlarla Onun rizasını qazanmaqla yanaşı dünyanı da unutmadan, ondan məşru (qanuni, şəriətə uyğun) çərçivədə istifadə etməkdir. (01:06)
  • Qənaət bərəkətin səbəbidir. Dolayısilə, səbəblər nöqteyi-nəzərindən qənaətkar insan təkəffüfdən (əl açmaq), təsəüldən (dilənçilikdən, əl açmaqdan) və zillətdən qurtulduğu kimi, ilahi bərəkəti də ədlə edir. Həzrəti Pir bu mövzunu izah edərkən öz həyatından da misallar verir. Məsələn, bir oqqa (1200 qr.) balı tələbələrini də qonaq etməklə üç ay yediyini, ancaq qurtara bilmədiyini deyir. O, ruhunun üfüqünə yürüdükdən (vəfat etdikdən) sonra qalan balı yaxın tələbələrindən Hulusi Əfəndi götürmüşdü. 1986-cı ildə ziyarətinə gedəndə "bu, Ustad həzrətlərindən qalan baldır" deyərək həmin baldan gətirib bir qaşıq da fəqirə (özünü qəsd edir) ikram etmişdi. Bəli, qənaət bərəkətə səbəb olduğu üçün siz bir şeydən istifadə etsəniz də, o, olduğu kimi qala bilər. (02:00)
  • Qənaətin o biri qütbündə "Allah bəs, baqi (qalanı) həvəs" deyib Allahla qənaət etmək dayanır. Yəni Allah bizə kifayət etdiyinə görə, Ondan qeyri hər şeydə "olsa nə olar, olmasa nə olar" düşüncəsiylə hərəkət etməkdir. Yanlış anlaşılmasın, səbəbləri yerinə yetirmək başqa, səbəblərin nəticəsinə, faydasına çox əhəmiyyət vermək tamam başqa məsələdir. Haqq Təalanın hikmətidir: bəzən verir, bəzən vermir. İnsanın hər iki vəziyyətdə də razı olması məhz qənaətin göstəricisidir. (03:43)
  • Ərəb sözü olan təsvif "səvfə" köməkçi sözündən törəmişdir. Müzare (Ərəb qramatikasında həm indiki, həm də geniş zaman fel forması) felin önünə artırılan "sin" hərfi yaxın gələcəyi, "səvfə" isə uzaq gələcəyi ifadə edir. Yəni müzare felin əvvəlində işlənən "səvfə" o işin uzaq gələcəkdə gerçəkləşəcəyini göstərir. Dolayısilə, təsvif bir şeyin dərhal olmasına ciddi-cəhdlə, hərisliklə çalışmaq deyil, "bu gün olmasa, sabah olar, sabah olmasa, o biri gün olar, o biri gün olmasa, ondan sonrakı gün olar" düşüncəsiylə hərəkət etməkdir. Başqa sözlə, pərdə olan səbəblərə riayət etməklə yanaşı, görülən işdə əsbaba bütünlüklə bağlanmamaq deməkdir. Çünki bir məsələnin həllini sırf səbəblərin yerinə yetirilməsində görsəniz, səbəblərə dilbəstə olsanız, hərislik etmiş və dolayısilə, ilahi təqdirə qənaətsizlik etmiş olarsınız. Belə ki, gözünüzü səbəblərin nəticəsinə dikib “hökmən olsun” deyə çırpına-çırpına qalarsınız. Sonra da bu təmin olunmama və hərisliklə hal-hazırda tez-tez rast gəlinən müxtəlif möhtəkirlik üsullarına əl atılır, dövlət əmlakını mənimsəmək üçün yollar axtarılır və beləcə haram işlərə girilir. (05:02)
  • Ustad Həzrətlərinin “Həqiqət Çəyirdəkləri”ndə işarə etdiyi kimi, bir nəfər ürəyi bir şey istəyəndə "sanki, yedim" deyib onun pulunu yığır, daha sonra da yığdığı pulla “Sanki yedim” məscidini tikdirir. Siz də ağılınıza bir şey gələndə qüvveyi-zaiqənizi (dilinizi) xatircəm etmək üçün bir neçə loğma və ya damcı ilə kifayətlənə bilərsiniz. Çünki boğazdan keçəndən sonra paxlava və börəyin soğan-sarımsaqdan bir fərqi yoxdur. (06:38)
  • Yaşadığımız cəmiyyət, adət və vərdişlər bizim bəzi arzularımızı hərəkətə gətirir və bizi həmin işin mübtəlasına çevirirsə, o zaman məsələni təsvifə həvalə etməliyik. Yəni əldə olana qənaət edib Haqq Təalanın o biri tərəfdə lütf edəcəyi nemətləri düşünməliyik. Bu qənaətə görə, inşaallah, Allah (cəllə cəlaluhu) bizə axirətdə altından çaylar axan saraylar lütf edəcək. Əksinə dünya nemətlərinə yönəlib hamısını burada istifadə etmək istəsək, o tərəfdə, Allah qorusun, “Siz dünyada bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Allahın verdiyi o gözəl nemətləri israf edib qurtardını. Haqqınızı dünyada istifadə etdiniz, axirətə bir şey qalmadı" (“Əhqaf” surəsi, 46/20) ayəsinin hökmü ilə üzləşərik (08:50)
  • Əbu Zər əl-Qifari Həzrətləri bu gün yeməyi olanda sabahı düşünməzdi. Ömər b. Əbdüləziz xəlifə olsa da, heç vaxt həyat tərzini dəyişməmişdi. Zeytun yağına çörək batırıb iki öyün yemək yeməklə ömür sürmüşdür. Demək olar, Əməvilərin bütün xətalarına bərabər gözəl işlər görən o uca insan müasirlərinin bitib-tükənməyən istəklərini, dünyada əbədi qalma qəflətindən doğan sonsuz arzularını dəyişdirməyə müvəffəq olmuş böyük mücəddid, dəyərli simadır. İki il yarım ərzində iki yüz əlli ilin işini görən o insan iki il yarımlıq xəlifəlik dövrünü tarixə “qızıl dövr” kimi həkk etmişdir. (09:47)
  • Bəzi haqq dostları qənaəti bəla və müsibətlərdə, ibadətü-taətdə səbir göstərmək kimi başa düşmüş və heyvani, cismani, nəfsani arzulara qarşı iradəni ortaya qoyaraq yıxılmadan, əyilmədən həmişə mətin dayanma şəklində izah etmişlər. Bu anlayış qənaəti müxtəlif növlərə bölmüşdür: məşru dairənin zövq və ləzzətləri ilə kifayətlənib həmişə haramlardan uzaq olmağı "iffət", ağır və aşılmaz görünən bəla və müsibətləri dəf etmə cəhdini "şücaət", şiddət, hiddət və hirsi cilovlamaq üçün əzm və qətiyyət göstərməyi "hilm", sıxıntılar içində boğulanda ən iztirablı anlarda belə təlaş keçirmədən dik dayanmağı "iradə gücü və vicdan ənginliyi", yemə, içmə və sair bəşəri ehtiyacların təminində daim mötədil olmağı da "zühd" adlandırmışlar (11:40)
  • Qənaət dünyada gözü-könlü tox olmaqla yanaşı, Allah rizasını qazanmaq üçün də ciddi hərislik etmək deməkdir. Çünki hərisliyin caiz olduğu bir sahə varsa, o da Allah rizasını qazanma və səbəblər planında Onun adını yayma ehtirasıdır. Bəli, yer üzündə hər kəsə uluhiyyət həqiqətini – belə demək mümkünsə – mahiyyəti-nəfsil-əmriyəsinə (mahiyyətinə uyğun, olduğu kimi) uyğun şəkildə tanıtma, bütün insanlara Peyğəmbərimizi sevdirmə, Qurani-Kərim və Müsəlmanlığı həqiqi mahiyyət və gözəlliyiylə çatdırma imkan yaransa belə, yenə də ilayi-kəlimətullah və irşad istiqamətində sonsuz arzu ilə "Görəsən, göylərə çatmaq üçün bir nərdivan varmı?" deməliyik. Bəli, belə vəziyyətdə də: "Görəsən, göylərdə səsimizi eşidən cinlər, qulyabanilər, ifritlət, şeytanlar varmı? Varsa, onlara da səsimizi eşitdirə bilərikmi?" deyə axtarışda olmalıyıq. Bu hədəfə çatmaq üçün göstərilən təşəbbüslər sadəcə bir vəsilə, bir səbəb olsa da, səbəblərə riayət etməkdə belə əzmli, həris olmalıyıq. Əlbəttə, anladılan gözəllikləri qəbul etdirən Haqq Təaladır. Ancaq bizim vəzifəmiz bu işi böyük şövq və hərisliklə görmək olmalıdır. (14:51)
  • Həzrəti-Piri-Muğan bir yerdə “İmam Rəbbani Əhmədi Faruqi bu gün Hindistanda sağdır” deyə ziyarətinə bir dəvət gəlsə, bütün zəhmətə və təhlükəlkərə qatlanaraq görüşə gedəcəyini bildirir. O halda niyə ətrafında minlərlə Faruqi-Sərhəndilər olan Həzrəti Məhəmməd Mustafanı (əleyhissalatu vəssalam) görməyə tələsmirik? Bizdə bu mövzuda ciddi bir iştiyaq olmalıdır. Biz sadəcə Allah "gəl" buyurmadığı üçün burada qalmağa dözürük. Bəli, bizim üçün dünyada yaşamaq dözməkdir. Buna binaən bizim anlayışmız budur: "Mən bu yalan-palan yığınına dözürəm. Məni buraya təlim keçmək üçün əsgər kimi göndərən, hərbi hissəyə sövq edən və tərxis edən də Odur. O, məni öz razılığı ilə tərxis etmədən tərxis arzusuna qapılmaq Onun rizasına zidd hərəkət etmək deməkdir. Bu da Ona qarşı bir hörmətsizlik olar". (17:40)
  • Rəhmətlik Əhməd Feyzi vəfat edəndə Əli Riza və Sacit Bəy üzünü açıb baxdılar və mənə "vallah, xocam, gülürdü" dedilər. Cənazə namazını mən qıldırmışdım. Möhkəm dost idik. Buna rəğmən üzünü açıb o gözəl camalına baxmadığıma görə həmişə üzülürəm. O, ürək dayanmasından vəfat etmişdi. Bildiyiniz kimi, ürək sıxılmağa başlayanda üzdə kirəclənmə və büzüşmələr əmələ gəlir. Buna baxmayaraq, kim bilir ona nə göstərilmişdisə, gülürdü. Çünki o dəyərli insanın həyatı Quran istiqamətində, düşüncədə etidal yolunu tapmaqda keçdi. "Bir yerdə dayanım, gəlib ətrafıma toplaşsınalr" kimi ən kiçik iddiası belə olmamışdı; olmamışdı və ömrü məhz belə təmənnasız keçmişdi. (20:56)
  • Bir tərəfdən çox böyük olmalı, böyüklük sifətlərini (xüsusiyyətlərini) istəməli, digər tərəfdən də sizi özünüzə böyük göstərməməsini Allahdan diləməlisiniz. "Allahım mənə peyğəmbəranə iffət, ismət, hikmət, fətanət, ağıl, məntiq və izan lütf et. Ancaq məni özümə qapıqulu kimi göstər. Gözümün ucuyla da olsa, özümü bir həqiqətə aşina sanmayım, məni bununla imtahan etmə!.." deməlisiniz. Kəramətlər, kəşflər, zövqlər, ehtizaza gəlmə, insanların ürəyini oxuma, simalara baxmaqla bəzi mənalara vaqif olma... bunları qətiyyən istəməməli, ancaq imanda dərinləşməyi diləməlisiniz. Bəli, insanın bir tərəfdən alini, uca olanı arzulaması, digər tərəfdən də əl uzadılmazsa, cəhənnəmə yuvarlanacağını sanması, özünü əsfəli-safilinin kənarında hiss etməsi mömin həyatına xas, eyni zamanda zəruri bir ziddiyyətdir. (25:04)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.