Cəhənnəmə yuvarlanan qaya parçası və inananlar üçün “səkinə”

Fəthullah Gülən: Cəhənnəmə yuvarlanan qaya parçası və inananlar üçün “səkinə”

Çay süfrəsində həqiqət damlaları: “Yetmiş il yuvarlanan qaya parçası”

  • Gündə bir fikir dəyişdirən insanların tarazlığı qoruması çox çətindir. Allah eləməsin, bu fikir tutarsızlığı ömrün son anlarına tuş gələrsə, müvazinətini itirmiş təyyarə kimi o da üzü aşağı yuvarlana bilər. (00:38)
  • Həzrəti Ustadın da Risalələrdə toxunduğu kimi, bir gün Allah Rəsulunun hüzurunda olan səhabələr dərindən gələn bir səs eşitmişdilər. Rəsuli-Əkrəm (aleyhissalatu vəsəlləm) buyurmuşdu: “Bu səs yetmiş il yuvarlanan, ancaq indi Cəhənnəmin dibinə düşən bir daşın gurultusudur”. Peyğəmbərimizin bu sözündən təxminən iyirmi dəqiqə sonra bir nəfər gəlib: “Məşhur münafiq bir az qabaq öldü”, ‒ demişdi. Ömrü dinsizliklə, küfrlə keçən yetmiş yaşlı o münafiq, axır ki, Cəhənnəm daşı kimi əsfəli-safilinə yuvarlanmış, Cənabi-Allah da onun ölümü əsnasında həmin səsi bir əlamət kimi insanlara eşitdirmişdir. (01:18)
  • Münafiq yer və şəraitdən asılı olaraq tez-tez “rəng”ini dəyişir və o “rəngbərəng” davranışları ilə bir ömürdə bir neçə həyat yaşayır. Münafiqin həqiqi “rəng”ini, düşüncəsini, fikrini kəsdirmək çox çətin, hətta qeyri-mümkündür. O, xoşuna gəlməyən hər kəsə düşmənçilik hisləri bəsləyər... gizli və ya açıq şəkildə onların pisliyini düşünər. Ancaq bu hislərini biruzə verməz, lazım olanda əsl hislərini gizlədərək üzdə onların düşüncələrinə hörmət edər, onlarla yumşaq davranar. Ancaq çox vaxt içi qazan kimi qaynayar və “düşmən” kimi qaraladığı insanlara qarşı məkrli planlar qurar... düşmən saydığı kəsim, yaxud insanlar çətin vəziyyətə düşər-düşməz iç üzünü ortaya qoyar. Sonra da başqalarının hüsnü-zənnindən sui-istifadə edib hər cür ağlasığmaz pisliyi edər. Qurani-Kərim münafiqin acı aqibətindən belə bəhs edir: “Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!” (“Nisa” surəsi, 4\145) (07:25)
  • Münafiq hər səsdən, hər sözdən hürkər, hər hərəkəti öz əleyhinə bir hücum bilər, hər tərpənişi basqına təşəbbüs sanar və bar-bar bağıraraq qiyamət qoparar. Belələrinin qəribə görünüşünü və ziqzaq çəkən daxili aləmini Qurani-Kərim belə təsvir edir: “(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Halbuki, onlar içi bomboş quru kötüklər kimidir. Onlar gələn hər səsdən diksinir, hər xəbəri öz əleyhlərinə zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları qəhr etsin, necə də haqdan döndərilirlər!” (“Munafiqun” surəsi, 63\4) (09:13)
  • Nəcib Fazilin sözü ilə desək, “gah orada, gah burada” görünən münafiq yalan danışar, bu gün vəd verib sabah sözündən dönər, etimad və güvəninizə xəyanətlə cavab verər, düşmən fikirlərini dost cildində icra edər. Ona görə də o, dinə, imana, Qurana düşmən kəsilən inkarçıdan daha təhlükəlidir, çünki özünü sizə dost göstərib süfrənizin başınacan gələr, – dost cildinə girdiyi üçün tədbir görməzsiniz – üzünüzə gülər və əlinə fürsət düşən kimi ilan olub, əqrəb olub sancar. (10:20)
  • Cəhənnəmə yuvarlanan qayanın səsini, Allahın izni ilə, eşidən səhabə buna bənzər bir çox hadisəyə də şahid olmuşdur. Məsələn, Həzrəti Ömər Mədinədə xutbə verərkən İrana göndərdiyi ordunun məğlubiyyətlə üzləşdiyini görüb ordu başçısına: “Sariyə, dağa bax, dağa bax!” deyə səslənmiş, o qədər məsafədən səsi eşidən Həzrəti Sariyə düşmənin hiyləsini başa düşüb dağa həmlə etmiş və qalib gəlmişdi. (13:16)
  • İnsan ömrü bu misralar kimi olmalıdır: “Yadındamı doğulduğun günlər \ Sən ağlardın, gülərdi bütün aləm \ Elə bir ömür keçir ki, olsun / Ölümün sənə gülüş, xalqa matəm” (Əbu Səid Əbul-Xeyr) (15:37)

Sual: Döyüş meydanına mələklərin enməsi, Üseyd ibn Xudayrın Quran oxuyarkən buluda bənzər bir şeyin səmada görünməsi və Sevr mağarasındakı itminan kimi müxtəlif şəkillərdə təcəlli edən “səkinə”lər vardır. Rəvayətlərdə Xəndək döyüşündə çətinliklə üzləşən əshabi-kiramın da “səkinə” niyyəti ilə dua etdiyi bildirilir. Bugünkü şəraiti və “adanmış ruhlar”ı diqqətə alaraq “səkinə”ni və “səkinə istəyi”ni necə dəyərləndirərdiniz?

  • Kökü “sükun” olan “səkinə” sözü vüqar, ciddiyyət, məhabət, ünsiyyət, ruhi dalğaların aram tapması və sakitləşməsi mənalarına gəlib yüngüllük, hüzursuzluq, qərarsızlıq və təlaşın əksidir. Səkinə mütəsəvviflərə görə, qəlbin ilahi varidatla oturuşması, gözlərini diqqətlə, təmkinlə məna aləminə zilləyib bir mənada pusquda dayanması və üns yellərini ciyərinə çəkməsidir. (18:54)
  • İsrail oğullarının səkinəsi – Quranda bəyan olunduğu kimi – “Tabut (sandıq)” içində daşınırdı. (Bax.: “Bəqərə” surəsi, 2\248). Ancaq bu tabutun içində səkinəyə vəsilə olanlar dəqiq bilinmir. İçində Həzrəti Yusufdan qalma əşyalar, Həzrəti Musa və Həzrəti Harunun mənəvi mirası, digər peyğəmbərlərin dəyərli əşyaları, peyğəmbərlərin rəsmləri, Tövratdan parçalar olduğunu desələr də, başa düşdüyümüz qədər tabutdakı əşyaların hər biri bir pərdə idi, pərdənin arxasında isə İsrail oğullarına yüksək əhval-ruhiyyə gətirən “səkinə” vardı. (19:33)
  • Quran və Sünnədə əksini tapan səkinə isə haqq dərgahından lütf edilmiş üqba və metafizik mehvərli, mələkuti bir nəsnə və bir təcəlli olub qəlblərə güc-qüvvə verir, iradəni cana gətirir. Bəzən Haqq dostlarının istəyi ilə verilən, bəzən də istənilmədən, xüşu, xaşyət və iman süzülən oturuş-duruşa görə lütf edilən elə sirli bir təvəccöhdür ki, bu halqaya qədəm qoyanlar ilk addımda namütənahiliyi hiss edərlər. Səkinəyə “mələklərin enməsi”, yaxud “ruhani varlıqların gəlməsi” kimi tərif verənlər də var. İstər mələklər, istər digər ruhani varlıqlar olsun, səkinə ehtiyac olan yerlərə enir... və elə bir ab-hava meydana gətirir ki, qəlb mənən doyub hüzura qovuşur. Hətta insanı elə çulğayır ki, cahan yerlə-yeksan olsa, çox güman, səkinəyə qovuşanın tükü belə tərpənməz. (20:17)
  • Səkinə metafiziki bir hadisə olduğuna görə, onu maddi aləmin qanun və prinsipləri ilə izah etmək mümkün deyil. O, Uhudda qılınc çalan möminlərin üstünə də enmişdi. Döyüşün əvvəlində ordu yüngülcə sarsılmış, arxasınca müvəqqəti məğlubiyyətlə üzləşmişdi. Başda Həzrəti Həmzə olmaqla bir çox səhabə şəhid olmuş, yetmişə yaxın insan can vermişdi. Bu hadisələrdən sonra Allah səkinə ilə onların dadına çatmış, qoşun yenidən aslan kimi kükrəmişdi; ertəsi gün yaralılar da daxil, hər kəs səfərbər olmuş, hətta səhabələr yeriyə bilməyən yaralıları belinə alaraq düşməni təqib etmişdilər. (21:05)
  • Səkinə hər qövmdə fərqli şəkildə təcəlli edə bilər. Bu, bir az da təcəlligahın ləyaqət və qabiliyyətindən asılıdır. Məsələn, Bədirdə səkinə mələklərin silahlı əsgərlər cildində döyüş meydanına enməsi şəklində təcəlli etmişdi, çünki o məqam bunu tələb edirdi. (23:48)
  • Üseyd ibn Xudayr (radiyallahu anh) bir gecə Quran oxuyanda atı şaha qalxır. Uşağa bir xətər yetirər deyə oxumağı dayandıranda at da sakitləşir, təzədən başlayanda yenə şaha qalxır. Başını göyə qaldıran Üseyd (radiyallahu anh) başının üstündə buluda bənzəyən bir şey görür. Hadisəni Peyğəmbərimizə danışırlar, O da bunun “səkinə” olduğunu söyləyir. (24:22)
  • Hicrət əsnasında Allah Rəsulu yol üstündə Sevr mağarasına çəkilir. Onları izləyən Məkkə müşrikləri bir ara o qədər yaxınlaşırlar ki, kölgələri mağaraya düşür, təhdidləri qayalarda əks-səda verir. Arada məsafə bir metr ancaq olardı və Həzrəti Əbu Bəkir təlaşdaydı (radiyallahu anh). Çünki Allah Rəsulunun ona əmanət olduğunu düşünür və nigarançılıq çəkirdi. Halbuki Allah Rəsulu hələ də təbəssüm edir, olduqca arxayın görünürdü. Bu vaxt dostuna təsəlli verərək: “Heç narahat olma! Allah bizimlədir, – deyir və sözünə davam edir, ‒ sən iki nəfər haqqında niyə nigaransan ki, onların üçüncüsü Allahdır”. Buraya da səkinə nazil olmuşdu, onsuz Peyğəmbərimizin qəlbi həmişəki kimi səkinəfövqü bir itminanla dolu idi. (25:32)
  • Xəndək müharibəsi çox çətin keçirdi. İnsanlığın İftixarı xəndək qazılanda əshabından ayrılmır, onlarla birlikdə külüng vururdu, hətta əhval-ruhiyyəni yüksəltmək üçün: “Allahım, axirətdən başqa (həqiqi) həyat yoxdur. Sən ənsar və mühaciri bağışla” deyə dua-niyaz edir, səhabə isə bu sözlərdən cuşa gəlib: “Allahım, Sən nəsib etməsəydin, biz hidayətə gəlməzdik, namaz qılmaz, zəkat verməzdik. Sən üstümüzə səkinəni yağdır, əgər düşmənlə qarşılaşsaq, bizə mətanət ver” misraları ilə Ona qoşulurdular. Onlar günlərlə çəkən mühasirənin amansız pəncəsində qıvransalar da, sarsılmadan mətin dayanmış, təcəlli edən səkinə və ilahi inayət sayəsində düşməni geri oturtmuşdular. (29:00)
  • Səkinəni çəkib gətirən ən mühüm vəsilə möhkəm imandır. Həm Bədir, həm də Uhud döyüşündə itminan, ilahi təminat və səkinə enməsi göstərir ki, o, səhabə kimi dinə arxa çıxan, həqiqi mehrabını tapıb həyəcanla ona yönələn və sədaqəti ilahi təvəccöhlə birləşən hər kəs üçün keçərlidir. Müxtəlif dua məcmuələrindən oxunan dualar sayəsində Cənabi-Allahla qurulan irtibat və salətü-salamlarla Peyğəmbərimizlə meydana gələn münasibət “səkinə”nin iki mühüm vəsiləsidir. Odur ki inananların, ölkəmizin və “adanmış ruh”ların başından əskik olmayan bəla və müsibətlərin sovuşması üçün biz də Cənabi-Allaha üz tutub səkinə diləyə, “saləti-təfriciyə” kimi dualar oxuya bilərik. (33:34)
  • Əziz Xocamızın: “Bir qardaşınız”, ‒ deyib adını çəkmədən danışdığı, əslində isə özünün başına gələn tragikomik hadisələri də ehtiva edən səkinə xatirəsi. (33:34)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.