Dayazlıq, Ətalət… və Tövbə

Sual: 1) "İnsan üçün biri, ümumiyyətlə gənclikdə, digəri də, əksəriyyətlə qocalıqda özünü göstərən iki təhlükə var: birincisi, nəzəri biliklə məhdud olmaq (nəzəri bilikdən o tərəfə keçməmək), ikincisi isə, hər şeyə adət-ənənə kimi baxmaq" buyurulmuşdu. “Nəzəriyyədən o tərəfə keçməmək” və “adət-ənənə kimi baxmaq (yaşamaq)” nə dərəcədə təhlükəlidir?

  • Məsələlərin nəzəri cəhətində icmalilik və səthilik düşüncəsi hakimdir, əsl məqsəd isə məsələləri əməli planda təfsil (izah, şərh) etməkdir. Fikir şəklində olub tətbiq sahəsinə çıxmamış bilik inkişaf etdirilmədikcə, praktikada həyata keçirilmədikcə və feili olaraq ortaya qoyulmadıqca əsl təsirini göstərə və səmərə verə bilməz. Nəzəri biliklə kifayətlənmək, bəlkə də, uşaqlar və mübtədilər üçün məqbul sayıla bilər, amma haqq aşiqləri, həqiqət ərənləri mütləq əməli elmə və təhqiqi imana yönəlməlidirlər. (01:30)
  • İnsanın heç bir araşdırmaya ehtiyac hiss etmədən eşidib-gördüyü kimi inanması və nəticə etibarilə də davranışlarını ona uyğun tənzimləməsi bir təqlid və dayazlıqdır (səthilikdir). Bu cür davranışlarda mühakimə, dolayısilə də, "elməl-yəqin (elmdə yəqinlik dərəcəsi)" olmadığından kütlə axınından, kənar təsirlərdən asılı olaraq tez-tez yer və istiqamət dəyişmə mümkündür. Bundan başqa, təqlid müsəlmanları elm və fəlsəfədən qaynaqlanan zəlalət və küfrə müqavimət göstərə bilməzlər. Beləliklə, belə insanların çoxu məscid kölgəsində və sağlam cəmiyyətdə boya-başa çatdıqlarına görə müsəlman olmuşlar, əgər bir kilsənin harəmində nəşət etsəydilər sadəlövh xristian olardılar. Bu baxımdan bəzi üsulü-din alimləri təqlidi imanın məqbul olmadığı barədə hökm vermişlər. (02:20)
  • İnsanlar araşdırma məsələsinə ciddi, qərarlı və qətiyyətli yanaşsalar, əldə etdikləri biliyi ibadətdə dərinləşməyə sərf etsələr, bu gün olmasa da sabah təhqiqi imana çata bilərlər. Kant da “Saf ağılın tənqidi” əsərində “Allahı nəzəri ağılla deyil, əməli ağılla tanımaq olar” deyir. Bəli, gözəl davranış, saleh əməl və ibadətlər müəyyən müddətdən sonra insanın xarakterinə çevrilərək onu mücərrəd biliyin əli çatmayan yerlərə yüksəldər. Mücərrəd bilik və məlumat insanı heç vaxt əməlin, yaşamağın, təcrübənin və ibadətin ucaltdığı səviyyəyə çatdıra bilməz. Təcrübə və tətbiqdən uzaq, əməl və ibadətdən məhrum olan bir insan cild-cild kitablar oxusa da, vicdanən duyulası hisləri əsla duya bilməz, sırf dəlillərə söykənərək ağlına sığdırmaq istədiyi üluhiyyət anlayışı ilə heç vaxt imani problemlərdən qurtula bilməz. (06:15)
  • Əslində, yaşa uyğun uşaqların yeməyini tənzimlədiyimiz kimi, uşaq və gənclərə elm və mərifət istiqamətində məlumat verərkən onu şərtlərə uyğun artırmalı, ölçü, tarazlıq və mütəmadiliyə riayət etməliyik. Lakin təəssüf ki, bu gün əksər ana-atalar ağılın hər səviyyəsinə “qida verəcək” səviyyə və qabiliyyətə malik deyillər. Buna görə də ailələr bu mühüm vəzifəni yerinə yetirməkdə acizdirlər. Ana-ata (maddi-mənəvi) qaneedici və inkişafetdirici “qidalanma” proqramı tətbiq etsə də, əgər küçə-bayır ailəyə dəstək olmursa, həmçinin məktəb və məbəd də uşağın nəzəri biliyini qorumur, yaşa-başa görə artırmır, ağırlaşdırmır, düşündürmür, əşya və hadisələri ələk-vələk etdirmirsə, ailədə verilən bilik əriyib yox olacaq, uşaq (ya da gənc) əsla heç vaxt təhqiqə, əmələ, dərinliyə müyəssər ola bilməyəcək. (07:30)
  • Nur Müəllifi "Xilqətin ən yüksək qayəsi və fitrətin ən uca nəticəsi imanı-billahdır (Allaha imandır). Və insaniyyətin ən ali dərəcəsi və bəşəriyyətin ən böyük məqamı imanı-billah içindəki mərifətullahdır (Allah bilməkdir). İns və cinin ən parlaq səadəti və ən şirin neməti o mərifətullahın içindəki məhəbbətullahdır. Və bəşər ruhu üçün ən xalis səadət və insan qəlbi üçün ən saf sevinc o məhəbbətullah içindəki ruhani ləzzətdir" deməklə bizə hədəf göstərməkdən daha çox təbii bir nəticəni nəzərə çatdırır. Həzrəti Ustad həqiqi səadətin, xalis sürurun, ən şirin nemətin və ən saf ləzzətin mərifətullahla məhəbbətullahda olduğunu bildirmiş və insanın mərifət və məhəbbət üfüqünə çatdığı təqdirdə ruhani ləzzəti də dərindən duyub dadacağına işarə etmişdir. (10:30)
  • Mayası ixlas, səmimiyyət və ciddiyyət olan dini həyatı bəzi quru mərasimlərlə folklora çevirmək və bu işin aktyorları sayılan “qırtlaq ağaları”nın səmimiyyətsiz nəğmələri ilə təsəlli axtarmaq məsələni diyanətdən uzaqlaşdırıb kültür kimi götürmək deməkdir ki, bu da ciddi təhlükədir. Bəli, bu təhlükə müntəha ilə (işin sonu ilə) əlaqəlidir; nəzəriyədən əmələ keçməkdə deyil, tədricən bu əməli folklora çevirməkdədir. Bir insan müəyyən bir səviyyəyə gəlib İsmi-Əzəmin təcəllilərinə məzhər olsa, başını qaldaranda İsrafilin əzəmətli “heykəlini” görsə belə, əgər bir müddət sonra məsələyə təkcə adət-ənənin bir parçası kimi yanaşmağa başlasa, onun “karbonlaşması” və “yerlə-yeksan” olması qaçılmazdır. Səmayla (mövləvilərin zikir edərkən fırlanması), səmahla (ələvi və bəktaşilərin musiqili ayini), mövludla, qəzəllə və bəzi “qırtlaq ağalar”ın ilahiləriylə təsəlli axtarmaq bir folklor mərhələsinə və tənəzzül dövrünə addım atmaq deməkdir. “Karbonlaşmamaq”, “yıxılmamaq”, sönməmək və dinin əməli yönünü folklora qurban verməmək üçün İslamın hər məsələsinə şüurlu şəkildə yanaşmaq lazımdır. (11:53)

Sual: 2) Dini həyata sırf adət-ənənə kimi yanaşma xəstəliyi mütləq mənada amansız mərəzdir? Bu mövzuda müvəqqəti narahatlığa baxmayaraq, mənən “müalicə olunub” qəlb və vicdan üfüqünə təkrar yüksəlmək mümkünsə, buna necə nail olmaq olar? (16:25)

    • Allah Rəsulu bir hədisində " “Lə iləhə illəllah” deməklə imanınızı təzələyin" buyurur. Bu hədis təkcə kəlmeyi-tövhidi dillə söyləmək mənasında anlaşılmamalıdır. Həqiqət əhlinə görə dillə bu mübarək sözləri deyən insan onu vicdanında hiss etmirsə, bir mənada yalan söyləmiş olur. Yəni “"Lə iləhə illəllah” deyin" demək "Bu sözləri vicdanınızda hiss edin, hər gün din və iman naminə yenilik axtarın, özünüzü mütəmadi olaraq yeniləyin, yaradılış qayəsinə çatmaq üçün daim irəliləyin" deməkdir. Bildiyiniz kimi, zaman və məkan anbaan dəyişir; insan bu dəyişən dünyada anbaan özünü işıqlandırmalı, yeniləməli və yeni bir ruhi-mənəvi dirilişə addım atmalıdır ki, həyatının heç bir səhifəsi qaranlıq qalmasın. Bu yenilənmənin təbiətə, fitrətə hopması üçün mömin mütəmadi imanını dərinləşdirməli, onu həyata əks etdirən təmrinlərlə bəzəməlidir. Belə bir ruhən yenilənmə arzusu qövli, yəni "Lə iləhə illəllah" deməklə başlayır, onun mərifətə çevrilməsi ilə davam edir, mərifətin məhəbbət, məhəbbətin eşqü-şövq, eşqü-şövqün də cəzbü-incizab doğurması ilə ən yüksək səviyyəyə çata bilir. (16:47)
    • Bir az əvvəl söylədiyim sözlərdən elə anlaşılmasın ki, mən Mövlud, Rəqaib, Merac, Bəraət və Qədr gecəsi kimi mübarək gün və gecələrin müxtəlif tədbirlərlə qeyd olunmasının əleyhinəyəm. Xeyr.. mən eşqsizliyin, şövqsüzlüyün və həyəcansızlığın əleyhinəyəm. (19:19)
    • “Ayətül-Kübra” risaləsində kainatdan Xaliqini soruşan bir səyyah halı ətalətdən uzaq durmağa və dərinləşməkdə sərhəd tanımamağa ən gözəl nümünədir. O mütəfəkkir səyyah kainatın səhifələrini oxuduqca imanı möhkəmlənib mərifəti daha da artır və könlündə imanı-billah (Allaha iman) həqiqəti daha da inkişaf edir. Səma və yer kimi bir çox kainat səhifələrini dinləsə də, doymur, məsələn, dəniz və çayların zikrinə qulaq verir və dayanmadan "Həl min məzid - Daha yoxdurmu?" deyir. Məhz o səyyah kimi "Həl min məzid" insanı olmaq çox vacibdir. Bəli, Peyğəmbər məclisinə girsə də, Haqq Təalanın camalını müşahidə etsə də, "Daha yoxdurmu?" deyən dərin və ətalətdən uzaq bir mömin olmaq lazımdır. (20:15)
    • Bəzi lətifələr (incə və həssas duyğular) ruh və qəlbin dirəyi və əsasıdır. Bu lətifələr yaralansalar da, saralıb-solsalar da, Haqq Təalanın əngin rəhməti sayəsində ölmürlər. Bəli, insan, büdrəsə də, günahlar işləsə də, bəzi lətifələrini soldursa da, müəyyən tərbiyə və “reabilitasiya” ilə daxili aləminə yönəlməsi ilə qəlb həyatının əsl mənbəyi olan lətifələr yenidən canlanır. Dolayısilə müəyyən günahlardan yara alan, saralan, qurumağa başlayan bu lətifələr səmimi peşmançılıq və ciddi bir tövbəylə təkrar yaşıllaşır, boy atıb meyvə verir. (24:19)
    • Bəzi lətifələr isə müəyyən günahlardan birdəfəlik quruyur, sönür və ölür. Amma zənnimcə, bu lətifələr insanın ruhi və qəlbi həyatının mənbəyini təşkil edən lətifələrdən deyil. Ustad Həzrətləri On dördüncü Nota, Üçüncü Rəmzdə insanın mahiyyətinə yerləşdirilən mənəvi “cihaz” və lətifələrin müxtəlifliyindən, bəzilərinin dünyanı versən, doymamasından, bəzilərinin isə bir zərrəni belə qəbul etməməsindən danışır. Bəzi lətifələrin tük qədər ağırlığa, yəni ən kiçik qəflət və zəlalətə tab gətirə bilmədiyini ifadə edir və "Madam ki belədir, diqqətli ol, (addımını) diqqətlə at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir danə, bir ləma, bir işarə və bir öpməklə batma!" deyir. Bəli, bu lətifələrdən bəziləri sönsə, qurusa və ya ölsə, insan həmin lətifə ilə qət edilən məsafələri artıq gedə bilməz. Məsələn, bir insanın hissi sönməmiş, şüuru ölməmiş, iradəsi iflic olmamış olsa da, əgər lətifeyi-rəbbaniyəsinin qolu-qanadı qırılmışsa, deməli Zati-Üluhiyyətə baxan rəsədxanasını dağıtmışdır və lətifeyi-rəbbaniyə ilə çıxılan mərtəbələri artıq qalxa bilməz. (26:48)

Sual: 3) Hər tövbə şər xüsusiyyətlərin xeyir qabiliyyətlərinə çevrilməsinə vəsilə olurmu? Şərə meyilli qabiliyyətlərin xeyrə çevrilməsinə vəsilə olan tövbə necə olmalıdır nələrdir? (28:09)

      • Həzrəti Ustad, "Dua və təvəkkül meylani-xeyirə (xeyrə meyil hissinə) böyük bir güc qatdığı kimi, istiğfar və tövbə də şərə meyli kəsər, təcavüzünə mane olar" deyir. (28:26)
      • Əgər möminlər günahlara ruhu öldürən virus kimi baxsalar və onlardan uzaq dura bilsələr və günaha bulaşarkən də dərhal – səviyyələrinə görə – tövbə, inabə, övbə bulağına can atıb təmizlənməyə səy göstərsələr,

        فَأُوْلَئِكَ يُبَدِّلُ اللهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ

        "Allah onların pis əməllərini yaxşı əməllərə çevirər" (“Furqan” surəsi, 25/70) və şər qabiliyyətlərini xeyir istedadlarına çevirərək onlara yenidən diriliş fürsəti verər. (29:15)
      • Nəfs qürur, kibir, eqoizm, həsəd, haqsızlıq, düşmənçilik... kimi ruhun qolunu-qanadını qıran şeytani xüsusiyyətlərinə baxmayaraq, mahiyyətcə ruh səviyyəsinə yüksələ bilən mühüm potensiala da malikdir. Həzrəti Ustadın “Furqan” surəsinin 70-ci ayəsini təfsir edərkən dediyi kimi, əgər insan günahlarına tövbə edib onlardan uzaq durar, mahiyyətindəki şər hiss potensialından Rəbbinə sığınarsa, Haqq Təala nəninki qulun tövbəsini qəbul edər, hətta onun pis əməllərə səbəb olan şər qabiliyyətlərini də yaxşılığa vəsilə olan xeyr qabiliyyətlərinə çevirər və ona mütəmadi olaraq xeyirli əməllər işləmə fürsəti verər. (32:14)
      • Möhtərəm Xocamızın hər söhbətin axırında oxuduğu və normal vaxtlarda da çox təkrar etdiyi istiğfar və dua Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Həzrəti Əbu Bəkirə öyrətdiyi bu duadır:

        اَللّٰهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْماً كَثِيراً، وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ، وَارْحَمْنِي، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

        "Allahım, şübhəsiz, mən nəfsimə çox zülm etdim. Səndən qeyri günahları bağışlayan yoxdur. Dərgahından məxsusi bir məğfirətlə məni bağışla, mənə mərhəmət et, şübhəsiz ki, Sən yeganə Ğafur və Rahimsən". (34:44)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.