Demək, doğru yoldasınız!..

Fəthullah Gülən: Demək, doğru yoldasınız!..

  • “Daşı dələn suyun gücü deyil, damlaların mütəmadi düşməsidir”. Buna görə də doğru olduğuna inandığınız, ələlxüsus da Quranın və Sünnənin əsas prinsiplərinə uyğun hesab etdiyiniz yoldan dönməməlisiniz.

Hər şey Ondan!..

  • Tövhid bizim mehrabımız olmalıdır. İnanmalıyıq ki, ancaq bu mehrabla Allaha qovuşacağıq. Qalan bütün güc və qüvvələri “Lə havlə və lə quvvətə illə billəh” dəryasında əritməliyik.
  • Görüləsi işlərin məşvərətini edib qərar aldıqdan sonra iradəmizi ortaya qoyub var-gücümüzlə çalışmalı, hər bir hadisənin təkcə insan iradəsindən asılı olmadığını da unutmamalayıq. Allahın inayəti olmadan heç bir işin öhdəsindən gələ bilməyəcəyimizə özümüzü inandırmalıyıq. Biliyi-savadı, ortaya qoyulan metodları və görülən işləri Ondan bilmək mənəvi şükür sayılır. Cənabi-Allah: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (“İbrahim” surəsi, 14/7) fərmanı ilə şükür edənləri mükafatlandıracağını, nankorluq edənləri isə cəzalandıracağını buyurur.
  • Guman etmirəm ki, mənsubluq (Hizmət hərəkatına mənsubluq) düşüncəsi sizi təkəbbürə sövq etsin. Siz ötən 15-20 il içində bəşəriyyət və Türk milləti naminə dövlətlərdən əlli dəfə çox iş görmüsünüz, bunu Allah sizə elətdirib! Elə isə bu məsələdə əsl güc və qüvvə Allahdandır. Allah kimə istəsə, ona lütf edir. Quran deyir: “Bu, Allahın bir ehsanıdır, istədiyinə lütf edər”.
  • Allahın xalqın içindən çıxan, maddi imkanları orta səviyyədə olan sadə insanların və bığ yeri yenicə tərləmiş gənclərin əli ilə uca şanına yaraşan işlər görür. Bu “libas”ı (uğurları) bizə “geyindirməyə”, bizə aid etməyə çalışsanız, inanın, and içirəm ki, nə çiyni çiynimizə uyğun gələr, nə də ölçüsü. Ancaq Onun əzəmət və üluhiyyətinə o qədər yaraşır ki... Odur bütün bu işləri görən! Bunu Ondan bilmək tövhiddir!.. Həqiqi tövhid!

Təkəbbür və mənsubluq düşüncəsi də təhlükəlidir!

  • Əksinə bəzi insanlar kimi “Mən etdim... Mən elədim... Gördüyüm işləri başqaları heç yuxuda da görməyib... Gördüyüm işləri ayaqda alqışlamasanız, sizi qara siyahıya salaram!..” kimi düşüncələrə qapılsanız, Allah eləməsin, Allaha qarşı nankorluq etmiş olarsınız. Görülən işləri Allahdan bilmirsinizsə, bu, nankorluqdur və Quran buyurur ki, “...əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”(“İbrahim” surəsi, 14/7). Ona görə də görülən işləri nə özümüzdən bilməliyik, nə də Cameəyə mənsubluqdan ...
  • Doğrudur, bəzi insanlar dəstək oldular... Yerləri cənnət olsun. Mərhum Turqut Özal vəfatından əvvəl Orta Asiyaya səfər etdi, hətta dostlarımız getməmişdi, mənə xəbər göndərdi ki: “Mən sizdən ötrü gedirəm. Bu dostlar niyə gəlmir?” Asyadakı Türk dövlətlərini gəzdi, çıxışlarında dedi ki: “Mən bunlara cavabdehəm”. Allah (cəllə cəlaluhu) ona gözəl bir iş gördürdü. Səfərdən dönən kimi də dünyasını dəyişdi. Allah bu işi ona nəsib etdi. Minlərlə insan da onu göz yaşı ilə yola saldı. Allah onun qəlbimizdəki yerinə görə axirətdə mükafatlandırsın. Süleyman bəy iyirmiyə yaxın dövlət rəhbərinə məktub yolladı. Bunu necə unutmaq olar?! Bundan əvvəlki Cümhur başqanı da müxtəlif yerlərə zəng etdi, getdiyi yerlərdə də müsbət düşüncələrini dilə gətirdi. Allah onun da mükafatını versin. Amma bu iş səbəblər planında fədakar, səmimi insanlarla bu günlərə gəlib çıxdı.
  • Cənabi-Allahın bu lütfləri bizi nə təkəbbür hissinə, nə də bu hissi körükləyən Cameəyə mənsubluq düşüncəsinə sövq etməməlidir. Hər bir müvəffəqiyyəti Allahdan bilməliyik. Bizə belə bir yol lütf etdiyi üçün Cənabi-Allaha minlərlə həmd-səna olsun. Bunu da unutmamalıyıq ki, nisbətən daha kiçik fəaliyyətlər həyata keçirən camaatlar sizin çəkdiklərinizin əlli qatını çəkmişlər.

Əzab-əziyyət Haqq yolunun alın yazısıdır

  • Həzrəti Adəmdən İnsanlığın İftixarı Peyğəmbərimizədək bütün peyğəmbərlər (sallallahu ala seyyidinə və aleyhim əcməin), həmçinin İmam Qəzali, Əbdülqadir Geylani, Həsən Şazəli, İmam Rəbbani və Əhli-Beyt imamları (radiyallahu anhum əcmain) kimi böyüklər də bəla və müsibətlərə məruz qalmışlar. Sizin yaxından tanıdığınız Həzrəti Pir də nə qədər məşəqqətlər qatlanıb: “Bütün ömrüm hərb meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında keçdi. Çəkmədiyim cəfa, görmədiyim əza qalmadı. Divanı-hərblərdə (hərbi məhkəmə − tərc.) mənlə bir cani kimi rəftar etdilər, sərsəri kimi məmləkət-məmləkət sürgünə göndərdilər. Vətənimin zindanlarında aylarla dünyadan təcrid etdilər. Dəfələrlə zəhərlədilər. Həqarət etdilər”.
  • Həmişə düşünürdüm ki, bu insanlar iyirmi ildə dünyanın 160 ölkəsində 1300-1400 məktəb açdılar. Görəsən, Cənabi-Allah gördüyümüz işlərdən məmnun deyil? Niyə bizə bir çırtma da vuran olmur, niyə bir iynə belə batırmırlar? Bu yol peyğəmbər yolu, bu yol övliyalar yoludur... Həyatı zövqü-səfada keçənlər “İnşiqaq” surəsində deyildiyi kimi, axirət nemətlərini dünyada hədər edənlərdir. Bu hadisələr başlayanda “Əlhamdulilləh!” dedim, demək qardaşlarımız doğru yolda imişlər. Məqsədləri Allahın rizası imiş, ileyi-kəlimətullah imiş... qayələri insanları ümumbəşəri dəyərlər ətrafında bir olmağa səsləmək imiş... Sanki Allah (cəllə cəlaluhu) “Sizi də silkələyəcəyəm!” deyir. Bəziləriniz dostlarınızın qatlandığı əzab-əziyyətlərə baxıb iztirab çəkəcəksiniz...göz yaşı axıdanlara baxıb iztirab çəkəcəksiniz. Bəziləriniz də mədrəseyi-Yusufiyəyə (həbsxanaları nəzərdə tutur) atılacaqsınız, məhbəsə atılacaqsınız, istintaqa cəlb ediləcəksiniz, məhkum ediləcəksiniz.
  • Bəli, bu qədər hizmətə müqabil bu cür hadisələrin baş verməməsi “Demək ki, Allah bu işlərdən razı deyil!” mənasına gələcəkdi. İnşallah görülən işlərdən Allah-taala məmnundur ki, o mübarək, o müqəddəs böyüklərin yolunu tutanları onların başına gələn bəla və müsibətlərin bir qisminə məruz qoyur. “Hizmət edirəm” deyib orada-burada kef çəkənlərin başına bu kimi hadisələr gəlmirsə, öz hallarına baxıb ağlasınlar. Hədisi-şərif deyir: “Ən çətin, ən ağır bəla və müsibətlər peyğəmbərlərin, ondan sonra mənəvi məqamları səviyyəsində digər möminlərin başına gəlir!”
  • Başımıza gələn bu hadisələr sayəsində, əslində biz təmizlənirik. Cənabi-Allaha minlərlə həmd-səna olsun ki, dilədiyi insanları bəla və müsibət dəryasında yuyub təmizləmədən dərgahına aparmır.

Əməl dəftəri sağdan verilənlər

Sual: Qurani-Kərimdə

فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا وَيَنْقَلِبُ إِلَى أَهْلِهِ مَسْرُورًا

məzmunlu bir sıra ayələrdə işlənən “kitabı sağdan almaq” ifadəsinin mənası nədir? “Hesabi-yəsir” necə baş verir və buna nail olmaq üçün nə etmək lazımdır? Axirətdə “ailənin yanına şad qayıtmaq” hansı əməllərdən asılıdır?

  • Qurani-Kərimdə bu kimi ifadələr bir neçə yerdə işlənir. Buna Quran istilahı ilə “təsrif (eyni mənanın fərqli formalarla ifadəsi)” deyilir.
  • Kitabı sağdan verilən, bir mənada bərəkətli ömür yaşayan insan deməkdir. Bunun həqiqəti odur ki, mələklər tərəfindən yazılan və İlahi elmə məlum olan əməl dəftərinin bir insana axirətdə sağ tərəfdən verilməsi bərəkətli bir ömür və qaibətə işarədir. Bunlar sırf axirət üçün yaşayan insanlardır. Daha əvvəl də dediyimiz kimi, tövhid yolundan ayrılmayan, daim Haqq deyən, Haqdan qeyri bir şey düşünməyən insanlardır. Bu səbəbdən önların xeyirli və bərəkətli ömrünə mükafat olaraq kitabları da sağdan verilir.
  • Bir insanın kıtabı bu şəkildə sağdan verilirsə, demək hesabı asan keçəcəkdir. Hökmən onun hesabı asan olacaqdır. Tez vaxtda qurtulacaqdır, Allahın izni ilə. Yaşıl pasportlu, qırmızı pasportlu adamlar kimi... Güman ki, əməl dəftərində kiçik günahlar da var, dəftərin sahibi müvəqqəti büdrəmiş, ayağı sürüşmüş, nə vaxtsa şeytanın vəsvəsəsinə aldanmışdır. Ora gedəndə baxacaqlar, əgər böyük günahlar yoxdursa, “Sən keç” deyəcəklər. Buna məlaikeyi-kiramın (böyük mələklərin) – Cənabi-Allahın izni ilə – iltiması (güzəştə getməsi) da adlandırmaq olar.

Hesabı tez və asan verənlər

  • Hesabı asan, tez verən insan sevinc içində və şadlıqla yaxınlarının yanına qayıdacaq. Tamam-kamal dəyişərək yaxınlarının yanına qayıdacaq. O vaxta qədər üzündə kədər olan, “Başıma nə gələcək, görəsən?!” nigarançılığı ilə tir-tir əsən və tər tökən insan “hesabi-yesirdən (asan hesab)” sonra birdən dəyişəcək, hər tərəfə sevinc saçacaq və bu əhval-ruhiyyə onun fitrətinə, halına nəqş olunacaq, xarakterinin bir parçasına çevriləcək.
  • Hesabi-yəsirə nail olmaq üçün sirat körpüsündən dünyada keçmək lazımdır, yəni sirati-müstəqimdən (doğru yoldan) ayrılmamaq lazımdır. Burada (dünyada) insan həyatını iradəsini ortaya qoyaraq doğru yolda yaşayarsa, onu Allahın muradi-sübhanisinə uyğun tənzimləyərsə, ömrünü gözəl bir naxış surətində hörərsə, – Cənabi-Allahın lütfü ilə – orada (axirətdə) siratdan keçər, mizandan üzüağ çıxar və eyni zamanda hesabi-yəsirə nail olar.

Axirət səadətinin yolları

  • Dünyada bəzi müsibətlərə məruz qalanlar, burada iztirab çəkənlər, qorxunc hadisələri burada yaşayanlar o tərəfdə əmin-arxayın və xoşbəxt olacaqlar. Qüdsi hədisdə Allah-taala buyurur: “İki rahatlığı və iki qorxunu bir yerdə vermərəm”.
  • Dünyda arxayın yaşayanlar, kef-damaqda ömür sürənlər və nəfsin həvaü-həvəsinə uyan insanlar – Bir mənada axirətdə arxayın, rahat, kef içində yaşama haqlarını burada istifadə etdiklərinə görə – orada zövqü-səfadan məhrum olacaqlar. Dünyada daim iztirab çəkən, iztirab duyan, iztirab yaşayan, iztirabla inləyən, tənələrə məruz qalan, bəzi hüquqlarından məhrum edilən və haqsız yerə qaralanan insanlar isə iztirabı burada çəkdiklərinə görə, bütün borclarını burada ödədiklərinə görə, o biri tərəfdə azad, sərbəst, şad-xürrəm ailələrinin yanına qayıdacaqlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.