Biliyin Ötürülməsi və Həqiqət Eşqi

Sual: 1) Biliyin ötürülməsi, İslamiləşdirilməsi və "özününküləşdirilməsi" başlıqlı üç mühüm xüsusa diqqət çəkdiniz. Bu üç mərhələ ilə bağlı düşüncələrinizi bölüşə bilərsinizmi? Biliyin ötürülməsi zamanı məlumatın quru təqlid mərhələsindən deyil, səmərəli bir mərhələdən keçməsi üçün nə etmək lazımdır?

  • Biliyin qaynağı Haqq Təalanın əsərləridir; biliyi Onun əsərlərində axtarmaq lazımdır. O əsərlərin qövli-şarehi (mənalarını açıqlayıb təfsir və təsvir edən) Qurani-Kərim və Sünneyi-Səhihədir. (00:55)
  • İlk Müsəlmanlar elm üfüqü, həqiqətə vurğunluq və araşdırma eşqi ilə varlığı və əşyanı ələk-vələk etmiş, əsrlər boyu qaynaq kimi hər kəsin baş vurduğu çox mühüm təsbitlərə imza atmış, getdikləri hər yeri öz əngin zövqlərinə görə yenidən şəkilləndirmiş, Cənnət dəhlizlərinə çevirmişlər. Lakin təəssüf ki, hicri beşinci əsrdən bu günə qədər o eşq və iştiyaq yavaş-yavaş söndü. O beyin fırtınaları tamamilə durğunlaşdı, hər şey əksinə çevrildi.. və bu millətə öldürücü bir yorğunluq çökməyə başladı. Keçmişdə olduqca cahil və bizdən asılı olan çoban toplumlar elmi səviyyələri, araşdırma ciddiyyəti, maddi tərəqqi və texnoloji üstünlükləri ilə bizi vassallığa çağırmağa başladılar. (02:20)
  • İlk dövrlərdə bizim dünyamızda elmin, demək olar ki, hər sahəsində xeyli araşdırmaya aşiq mütəfəkkir, filosof və kaşif yetişmişdi: Məhəmməd b. Zəkəriyyə ər-Razidən Kufəli Cabirə, Farabidən İbn Sinaya, İbn Yunusdan Zöhraviyə, İmam Qəzalidən İbn Rüşdə qədər neçə-neçə dahi... kimya, riyaziyyat, həndəsə, tibb, astronomiya, musiqi, fiqh, üsuli-fiqh, təsəvvüf... kimi elm sahələrini sistemləşdirmişlər. Bu dahilərin bəşəriyyətə ərməğan etdiyi əsərlər fövqəl zaman və Qərb İntibahına rəhbərlik edə biləcək mahiyyətdədir. Çoxlarının dediyi kimi, Qərb İntibahının təməlində Əndəlüsdəki İslam mədəniyyəti dayanır. (04:50)
  • Son əsrlərdə pozitivist və materialist nəzəriyyələr elm və düşüncə dünyasını başdan-başa təzyiq altında saxladığına görə, kainat və hadisələrin şərhi təkcə bir tip əsasında, bir anlayışa görə analiz edilməyə başlandı; həqiqətə aparan yollar daraldıldı, hər şey maddə və təbiətlə əlaqələndirilərək metafizik mülahizələr tamamilə təcrid edildi. Bunun nəticəsində, xüsusilə Qərbi mənasız, izansız, idrak və bəsirətdən məhrum anlayışla kor-koranə təqlid edən Türkiyə kimi bəzi Müsəlman ölkələrdə də "həqiqət eşqi"nin yerini fantastik mülahizələr, araşdırma əxlaqının yerinə də şablonçuluq tutdu və bütün düşüncə həyatı müasir doqmatizmin "işğalına" məruz qaldı. Nəticədə gerçək elm düşüncəsi iflic oldu; insan öz ağlı, fikri, ruhu ilə təzad halına gətirildi və insan ruhu bu dalbadal təzyiqlər qarşısında öz daxili gerçəklərinə yadlaşdırıldı. Belə bir dünyada Şərqdə olduğu qədər Qərbdə də pozitiv elmlər bu qədər müsbət nəticələr əldə etsə də, həmişə dini, diyanəti, metafizikanı əhəmiyyətsiz gördüyü üçün materializmdən o tərəfə gedə bilmədi. (09:00)
  • Zərrədən səyyarələrə hər şeyin istinad etdiyi, istinad edəcəyi bir həqiqət var və bu həqiqəti özünəxas xüsusiyyətləri ilə tanımaq da hər bir insanın borcudur. Belə bir borcu dərin bir iştiyaq və maraqla yerinə yetirməyə "həqiqət eşqi" deyilir. Belə bir eşq bu eşqi bütün varlıq, əşya və hadisələri həllac edərək hər nəsnənin əsasına, mahiyyətinə bələd olma hissi, həyəcanı, cəhdi, səyi və ehtirası da adlandıra bilərik Həqiqətlər Həqiqətinə çatmaq üçün də ən etibarlı yoldur. (12:30)
  • Allaha aparan yollar məxluqatın aldığı nəfəsin sayı qədərdir: İnsan kainat, əşya və hadisələri oxuya bildiyi təqdirdə tədricən ətrafında uzaq-yaxın hər şeyin dili açılır; hər nəsnə ona öz mövqeyi və mənası ilə bağlı növ-növ qəsidələr oxuyur, qəlbini açır, Yaradana işarə edir və ehtiva etdiyi əngin mənalarla onun üfüqünə işıqlar, könlünə də inşirahlar saçır: Elektronlar, atomlar o möhtəşəm fəaliyyətləri, müntəzəm hərəkətləri və ağlasığmaz ahəngləri ilə; molekullar öz kiçik dünyalarında bir məmur kimi nizam-intizamlı fəaliyyətləri ilə; protoplazma nüvəsi və onu əhatə edən membranı ilə bir ev, bir saray kimi mükəmməl mahiyyət və fəaliyyəti ilə; ürək, mədə, ağciyərlər və böyrəklər yerinə yetirdikləri yüzlərlə vəzifələri ilə; beyin ruha bağlı və Yaradanın əmri ilə gördüyü minlərlə fəaliyyəti ilə; vicdan mexanizmi lətifeyi-rəbbaniyə, zehin, iradə və şüur kimi dərinlikləri ilə; insan oğlu iman, mərifət, məhəbbət, eşqu-şövq, qürbət, vüslat ünvanları altında Yaradanla münasibəti ilə; quruda-suda milyardlarla canlı fərqli mahiyyətləri, həyat sərgüzəştləri, ekoloji sistemdəki yeri, qarşılıqlı yardımlaşmaları, müəyyən plan çərçivəsində məhdud mübarizələri, lakin ümumi ahəngə xidmətləri ilə; yer kürəsi günəşlə həssas və dəqiq əlaqəsi, məsafəsi və bir zireh, bir istixana kimi hər tərəfini əhatə edən atmosferi, bu atmosferin ehtiva etdiyi müxtəlif nisbətlərdəki qazları, yaşamağa əlverişli şəraiti, təchizatı və köksündən fışqırdılan varidatı ilə; günəş o tükürpərdən görünüşü, ağlasığmaz enerjisi, hərarəti, ziyası, yer üzündəki canlı-cansız hər şeylə əlaqəsi, mübadiləsi və müxtəlif dalğa uzunluğundakı şüaları ilə; böyük-kiçik bütün kainatlar eyni məna, eyni məzmunda əzəmətli halı, könülləri titrədən dərinlikləri və vicdanlara axan hikmət və məsləhətləri ilə hər kəsə həqiqətdən müxtəlif bəyanlar təqdim edir, həqiqətə çatma yolunda ruhları şahlandırır və təfəkkür edə bilənlərə həzz dolu dəqiqələr yaşadır. Bütün bu mesajları eşidib anlaya bilmək üçün həqiqət eşqi və elm iştiyaqı lazımdır. (13:30)
  • İnsanın ruh dünyasında belə bir həyəcan və arzunun oyadılması və onda hər varlığın arxasındakı mənanı anlama hissinin, marağının və düşüncəsinin hərəkətə gətirilməsi, hərəkətə gətirilib əzm və iradənin şahlandırılması həqiqət eşqi yolunda atılan ilk addımlardır və bu ciddi bir hazırlıq tələb edir. İbtidaidən başlayıb addım-addım dərinləşmək şərti ilə hər bir insanın afaqı və ənfusi ibadət nəşvəsi ilə, ciddiyyətlə oxuyub dəyərləndirməsi, yeni elmi irəliləyişlər və varlıq və hadisələri dəyişən aspektlərdən bir daha gözdən keçirməsi, bu mərhələdə qarşılaşdığı bütün çətinliklərə dözməsi; qərarlılığı, beyin sancısı, müəmmalı məsələlərlə üz-üzə gələndə ümidsizliyə düşməməsi, həyəcan keçirməməsi və nə olur-olsun həqiqətə çatmağı həyatının qayəsi sayması üçün lazımi təhsilin verilməsi zəruridir. (14:38)
  • Könüllərdə həqiqət eşqi və elm iştiyaqı yerləşənə qədər müvəqqəti və təcili həll yolu kimi biliyin ötürülməsi lazımdır, lakin bununla qətiyyən kifayətlənmək olmaz. (16:11)
  • Yaponiya və Almaniya kimi inkişaf etmiş müasir toplumları bir müddət əvvəl hazırda bizim keçdiyimiz mərhələdə idilər, eyni böhranlarla oturub-durur və eyni iztirabı çəkirdilər. Gün gəldi, elmin ötürülməsi təkcə biliyin transferi ilə kifayətlənməyib uzaq üfüqlərə çatma əzmi, araşdırma iştiyaqı, elm eşqi, çalışma şövqü; sonra da dalbadal əldə edilən uğurların insan əzmini coşdurması, arzuları şövqə gətirməsi və hər müvəffəqiyyətin mükafatlandırılması onların üzünə yenilik və inkişaf qapılarını taybatay açdı. (17:35)
  • Elmin İslamlaşdırılması ifadəsi İsmayıl Raci əl-Faruqiyə məxsusdur. Əgər belə bir ifadə işlədiləcəksə, mənə elə gəlir ki, "İslamiləşdirilməsi" demək daha doğru olar. Ancaq belə deməkdənsə, məsələyə təşrii ayələrlə təkvini əmrlərin uyğunlaşdırılması baxımından yanaşmaq daha məqsədəuyğun olar. Başqa bir ifadə ilə elmin məşğul olduğu kainat əslində Haqq Təalanın qüdrət və iradəsi ilə yazdığı, plan, proqram, ölçü və tarazlıq əsasında tənzimlədiyi əşya və hadisələr kitabı, həqiqi elmlər isə Allahın kainatdakı icraatından, kainatdakı İlahi qanunlarla əşya və hadisələrin əlaqəsindən süzülmüş hesabatdan ibarətdir. Bundan başqa, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır ki, Allah (cəllə cəlaluhu) bu Kitabı ilə kainatdan bəhs edir, kainatdakı əşya və hadisələrə işıq salır. Kainatı bir nizam-intizamla, ahənglə quran Yaradan qurduğu bu nizamı Quranla izah edir. İnsan isə bu iki kitabın bir başqa formada yazılmış şəklidir. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlligahı olaraq bir-biri ilə sıx, möhkəm əlaqədə bir-birini şərh və izah edən və nəticədə Allahı tanıdan üç külli mütərcim, üç külli kitabdır. Məhz həqiqi elm bunların birləşdiyi nöqtələri araşdırıb tapmaqdan ibarətdir. (18:05)

Sual: 2) Dəqiq elmlər və texnologiya sahələrində biliyin ötürülməsi ilə humanitar elmlərdə biliyin ötürülməsi bir-birindən fərqlənir? (21:58)

  • İstər dəqiq elmlər və texnologiya sahələrində biliyin nəqlində, istər də humanitar elmlərdə biliyin ötürülməsində öz qaynaqlarımız, dəyərlərimiz və təməl meyarlarımız əsas götürülməlidir. Əks halda ya naturalizmə, ya pozitivizmə, ya da materializmə batmaq qaçılmaz olar. (22:10)
  • Müxtəlif cərəyanların ortaya çıxmasının səbəbi bəzi möminlərdə duyğu, düşüncə, inanc, dünyagörüşü və həyat fəlsəfəsinin oturuşmamasıdır. (22:50)
  • Oxuma-yazma bilməyən və zehni anadangəlmə saf və təmiz qalan insana "ümmi" deyilir. Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) həm Quran, həm də Qurandan anlaşılmalı olan mənalar vəhy edilirdi; Allah Rəsulu da o vəhyləri olduğu kimi ümmətinə təbliğ edirdi. Əgər Peyğəmbərimizin zehnində kənardan gəlmə bəzi yad şeylər yerləşmiş olsaydı, zehindəki elastiklik və çeviklik o vəhyi-qeyri-mətluvu (sırf məna şəklində, kəlməsiz gələn vəhy) sağa-sola çəkə bilərdi və dolayısilə, şərhlərdə fərqlilik ola bilərdi. Lakin Peyğəmbərimiz ümmi idi, başqa fəlsəfə və mədəniyyətlərin təsirinə məruz qalmamışdı və zehni saf, dumduru idi, Allahın inayət və hikməti ilə səlim fitrəti tərtəmiz qorunmuşdu. Səhabələr də ümmi idilər. Lakin onların ümmiliyi yad mədəniyyətlərin təsirinə düşməmə şəklində idi. Onlar o dövrün məşhur Roma və Fars mədəniyyətlərinin təsirindən qorunmuşdular; bu səbəbdən zehinləri təmiz və saf idi. (23:07)
  • Bu gün biz öz təməl qaynaqlarımıza yönələrək onları zamanın idrakına uyğun sistemləşdirməli və hər kəsin istifadəsinə təqdim etməliyik. Bataqlıqda gül axtarmaq əvəzinə öz dəyərlərimizə baş vurmalı, öz gülşənlərimizə abi-həyat bəxş etməli və oralarda növ-növ güllər yetişdirməliyik. Məsələn, hər şeydən əvvəl təhsil sahəsində bizim pedaqoq, psixoloq və müəllimlərimiz Kitab və Sünnəni süzməli və onlardan süzülən mənalar sayəsində tərbiyə sistemimizi müəyyənləşdirib bəzi rəhbər kitablar yazmalıdırlar. Lakin təəssüf ki, bu gün əksər pedaqoqlar fantaziya və lüksə məftun olmuşlar; bu səbəbdən də çoxları Jan-Jak Russo və Emilya pərəstişkarına çevrilib. Halbuki, toplumdan küsən və mənəviyyata inanmayan bir insanın sosial elmlər sahhəsində dediyi hər şey öz dar düşüncə dünyasından kənara çıxmır. (26:10)
  • Sosial məsələlərin uzunömürlü həlli problemlərin insanda həll edilməsindən asılıdır. Seyid Qütb son yazdığı zindan xatirələrində deyir ki, "Biz problemi anlaya bilməmişik, əsas məsələ insanlığın iman məsələsiymiş". Bəli, insanlar imanda itirmişlərsə, o böyük boşluğu başqa bir şeylə doldurmaq mümkün deyil. Beləliklə, təcili və xüsusi məsələlərlə bağlı elmin ötürülməsinə baş vurmaq müvəqqəti olaraq qəbul edilsə də, xüsusilə, sosial elmlərdə problemlərin həll yolu filtrsiz bilik ötürmə deyil, naşı Faustu xəbərdar edib bir daha Mefistonun toruna düşməməsini təmin etməkdir. (31:05)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.