Vəzifəmiz hüsnü-zənndir, amma...

Sual: 1) Hüsnü-zənn insanın zəif cəhətinə çevrilə və başqaları tərəfindən istismar edilə bilərmi? Həm "İnsanın vəzifəsi hüsnü-zənn etməkdir, hər kəsi özündən üstün bilməkdir" prinsipinə sadiq qalıb bu gözəl əxlaqı mənimsəmək, həm də istismara məruz qalmamaq və aldadılmamaq üçün hansı xüsuslara diqqət etməliyik?

  • "Hüsnü-zənn" daim vicdana xoş gələn mülahizələrlə dolu olmağın, insanlar haqqında müsbət düşünməyin istilahi ünvanıdır. Yaxşı niyyət, müsbət düşüncə və gözəl görüş mənalarına gələn hüsnü-zənn mənəvi saflığın və xeyirxahlığın da göstəricisidir. Allah Rəsulu Peyğəmbərimiz: "İnsanın hüsnü-zənnə sahib olması onun qulluğunun gözəlliyindəndir" buyuraraq xalis niyyətin, müsbət düşüncə və gözəl fikrin, İslamı səmimi qəlbdən qəbulun, onun dərinliyinə nüfuzun, ehsana (Allah tərəfindən görülmə düşüncəsi) bağlılığın bir əlaməti saymışdır. (01:01)
  • İdarəçilər, həmçinin çiynində məsuliyyət daşıyanlar, hər kəs haqda hüsnü-zənn etməklə yanaşı, ətrafda baş verən hadisələri də düzgün oxumalı, düzgün mütaliə etməli; bəzi zəif xarakterlərin altında qalıb əzilən insanların həm özlərinə, həm də başqalarına zərər verməməsi üçün tədbir almalıdırlar. Bu ayıq-sayıqlığı daim canlı saxlamalı, elə tədbir görməlidirlər ki, heç kim dairənin xaricində qalmasın, az da olsa uzaqlaşan, bu işdən soyuyan varsa, dərhal əlindən tutub canlandırmaq üçün cəhd göstərməlidirlər. (02:00)
  • Kainatın Fəxri Peyğəmbərimizin (əleyhi əkməlüttəhaya) heç kimi kənara atmadan, kiminsə səhvinə baxmadan hər kəsə qucaq açmağını... həmçinin o Fəzilət Günəşinin yoldaşlarına arxa çıxma, onlara qarşı vəfalı olmağını ən gözəl şəkildə ortaya qoyan rəvayətlərdən biri: Həzrəti Cüleybibin iffət abidəsinə çevrilməsi və Onun şəhidliyi… (04:37)
  • Allah-Təala Həzrəti Adəmin tövbəsini qəbul etmiş və onu bir daha seçkinlik zirvəsinə yüksəltmişdir. Qurani-Kərim, "Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi." ("Ta Ha" surəsi, 20/122) məallı ayə ilə insanların bəzi nöqsanlara görə dərhal atılmaması lazım olduğuna diqqət çəkir. İlahi əxlaq bağışlamağı, yardıma can atmağı, tutub qaldırmağı və mərhəmətlə rəftar etməyi üstün tutur. (06:25)
  • Müəyyən mövqedə olan insanlar məsuliyyət daşıdıqları insanlar içində ənaniyyət, pul, şəhvət, vəzifə, şöhrət və s. kimi zəif cəhətləri olan, istismar edilməyə əlverişli insanların da olma ehtimalını.. əhli-dünyanın torunu qurub qurban gözlədiyini, müxtəlif yerlərə yerləşdirdiyi "böcək"lərlə (!) demək olar hər kəsə qulaq asıb lentə aldığını, sonra da o vəsaiti şantaj kimi istifadə etdiyini.. dolayısilə bu zəflərin əsiri olan bəzi insanların əhli-dünyanın toruna düşmə ehtimalı olduğunu əvvəlcədən nəzərə almalı və hüsnü-zənnlə yanaşı möminə yaraşan təcəssüsü də əldən buraxmamalıdır. Bəli, vurmaq, qırmaq, rəncidə etmək, ayıblamaq dinimizdə caiz deyil, mömin bunlardan uzaq olmalıdır; nə var ki, ayağı sürüşməyə meylli görünən insanların bu kimi təhlükəli hallara düşməsinə meydan verməmək üçün hüsnü-zənnlə birlikdə ətrafı, hadisələri düzgün oxuyub mütaliə etmək lazımlıdır. (09:00)
  • Möminlər çox iffətli yaşamalıdırlar: Günahlara görə Allahdan qorxmalı.. heç olmasa, qullardan utanmalı.. haramların ən həyati lətifələri öldürdüyünü düşünərək, heç olmasa lətifələrinin ölməməsi üçün günahlardan çəkinməli.. bir də, şəxsi-mənəvinin bir fərdi kimi görünən insanların səhvlərinin bütün camaatın hüququna təcavüz, ya da Allah hüququna hörmətsizlik olduğunu ağlından çıxarmamalı və günaha girmə qorxusundan tir-tir əsməlidir. Çünki ümumun hüququ olan böyük bir camaatı utandırıb başıaşağı eləmək elə böyük günahdır ki, o cürmü işləyəni Allah bağışlayarmı, bağışlamazmı bilmirəm!.. (12:20)

Sual: 2) Bəzi dövr və şərtlərdə, ya da fərdi, ictimai haqq-hüququn olduğu yerdə hüsnü-zənn bir addım arxaya çəkilə bilərmi? "Hüsnü-zənn və ədəmi-etimad (etimad etməmək)" əsası şərtlərə görə dəyişə bilərmi? (16:45)

  • Unutmamalıyıq ki, eyni məfkurəyə könül verən insanlar arasında hüsnü-zənn və etimad əsas amil olmalı; əsassız xəbər, boş bəhanə, şübhə və vəsvəsələr onların bir-birinə olan etimadını qırmamalıdır. O cümlədən, hər kəsin bu uca məfkurəmizə baş çəkib bu saleh dairədən istifadə etmə arzusu səbəbindən hər kəsə qapılarımızı açdığımıza və "sərbəst zona siyasəti" apardığımıza görə bəzi bəd niyyətli insanları sezməmiş, onların da aramıza girməsinə zəmin hazırlamış ola bilərik. Bəli, bəzi bəd niyyətli insanlar bizim hüsnü-zənn əxlaqımızdan istifadə edib içimizə girə bilərlər. Məhz belə bir təhlükə ehtimalına binaən yeri gələndə "tədbirli olub mülahizə dairəsini açıq saxlamaq" mənasına gələn "ədəmi-etimad" prinsipini yerinə yetirə bilərik. (17:07)
  • Ümumun hüququnu nəzərə almalı, nifaq əlaməti daşıyan insanlara vəzifə verib-verməmə barəsində daha təmkinli olmalıyıq. Bu məsələdə Ustad həzrətlərinin ortaya qoyduğu "hüsnü-zənn, ədəmi-etimad" prinsipinə görə hərəkət edib Quran xidmətindən onlara da pay düşsün deyə, belə insanlara da dairədə yer verməli, ancaq həssaslıq tələb edən mövqelərdən uzaq saxlamalıyıq. Beləliklə həm ümumi (camaatın) hüququ qorumalı, həm də o insanlar da bu çirkin xüsusiyyətlərdən qurtulub səmimi bir mömin ola biləcəklərinə dair hüsnü-zənnimiz nəyi tələb edirsə onu ortaya qoymalıyıq. (22:12)
  • Biz, şəxsən, Xidmətə xəyanət etməməklə mükəlləf olduğumuz kimi, başqalarının xəyanətinə səbəb ola biləcək qədər qəflətə düşməməklə də mükəlləfik. Xəyanətə göz yummaq da caiz deyil, Allah onu da hesaba çəkər. (25:07)

Sual: 3) "Həmişə hüsnü-zənn etmək əsas olduğu kimi, başqalarını sui-zənnə sövq edən davranışlardan uzaq olmaq da çox mühüm bir prinsipdir" buyurursunuz. Töhmətə səbəb ola biləcək yerlərə yaxınlaşmamaq insanlarda sui-zənnin oyanmaması üçün kifayətdirmi? (25:48)

  • Daim hüsnü-zənn bəsləməklə yanaşı, hər kəs özünü gözdən keçirməli və sui-zənn oyada biləcək davranış və hərəkətlərdən çəkinməlidir. Hazırda "İttəku məvadiat-tühəm - Sizi zənn altında qoya biləcək yerlərdən uzaq olun, töhmətə səbəb ola biləcək məqamlardan çəkinin!.." məallı hədisə görə hərəkət etmək daha əhəmiyyətlidir. Bəli, töhmətə səbəb olan davranış və hərəkətlərin olma ehtimalı olan yerlərdən, bu hərəkətlərə səbəb olan hisləri hərəkətə gətirən davranışlardan və bir loğma, bir kəlmə, bir dinləmə və bir təcəssüslə insanı özündən qoparan sürüşkən zəminlərdən uzaq dayanmağa çalışmalı, həmçinin sui-zənnə səbəb olan bayağı davranışlardan uzaq olaraq pis fikirlərin oyanmasına meydan verməməliyik. (26:13)
  • Qadın və kişi müəyyən qədər İslamın ənvarından birlikdə istifadə edə bilərlər. Bir şərtlə ki, mümkün olduğu qədər günah mahalından uzaq olmağa çalışsın. Bu mövzuda təmkinli olmağa, "şərə, pisə apan yolları bağlamaq" mənasına gələn "səddi-zərai" deyilir. Əslində səddi-zərai Qurani bir yoldur. Məsələn, bir ayədə "zina etməyin" deyil, "zinaya yaxınlaşmayın" deyilmişdir. Həmçinin "yetim haqqı yeməyin" deyil, "yetim malına yaxınlaşmayın" ifadəsi işlədilmişdir. Bu və buna bənzər ayələr bizə səddi-zərainin insan həyatı üçün necə böyük əhəmiyyət daşıdığını göstərməsi baxımından çox diqqət çəkicidir. (27:20)
  • Hədis və siyər kitablarında Səadətdə Əsrində qadınların bayram namazlarına, hüsuf və küsuf namazlarına, hətta yağmur duasına qatılmaları haqda rəvayətlər var. Buna baxmaraq Əshabi-kiram ixtilat (kişi qadınların qarışıq bir yerdə olması) mövzusuna çox diqqət edirdilər. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) buyurur ki: "Kişilərin ən xeyirli səfi (cərgəsi) ən qabaqdakı səfdir; ən şərlisi isə, ən dalda olanıdır. Qadınların ən şərli səfi öndə olanıdır; ən xeyirlisi isə axırıncısıdır". Namaz üçün bir araya gəlmiş insanların belə şeytanın hiyləsindən uzaq olmadığını, duyğu, düşüncə və xəyalları qorumaq üçün tədbirli olmağı məsləhət bilən bu hədis də səddi-zərai üçün gözəl nümunədir. (28:23)
  • Töhmətə yol aça biləcək xüsusları, xüsusilə də indiki vaxtda təsdiq etmək qətiyyən mümkün deyil. Çünki bu gün fərdilikdən çox, şəxsi-mənəvi ön plandadır. Bir Müsəlmanın hərəkət və davranışı şəxsi-mənəviyəni, hətta bütün möminləri əlaqələndirir. Hazırda bir nəfərin xoşagəlməz hərəkəti bütün inananlara qarşı etimadı sarsıdır; tutarsız davranışları olan bir insan bütün Müsəlmanları zənn altında qoymuş olur. (30:45)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.