Hər biri bir ulduz – səhabələr

Fəthullah Gülən: Hər biri bir ulduz – səhabələr

Sual: Bildiyimiz kimi, uşaqların və gənclərin təlim-tərbiyəsində zəruri ehtiyaclardan biri də "nümunəvi model (rol model)"dir. Səhabələri keçmişdə yaşayıb dünyadan köçmüş adi insanlar kimi deyil, bir nümuneyi-imtisal və üsveyi-həsənə kimi təqdim etmək üçün hansı metoddan yararlanmalıyıq? Dövrün anlayışına uyğun və psixoloji təhlillərə də yer verən bir təfsir kimi əshabi-kiram haqda əsərlərə də ehtiyac varmı?

  • "Üsveyi-həsənə" ən gözəl nümunə deməkdir. "Nümuneyi-imtisal" isə ardınca getməyə, tabe olmağa və addım-addım izləməyə layiq, ən mükəmməl model mənasına gəlir. Kamillərin ən kamili – İnsanlığın İftixarı bu ali övsafın birinci qəhrəmanıdır. Cilinin də dediyi kimi, varlıq aləmində Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) səviyyəsində ikinci bir kamil insanı göstərmək mümkün deyil. Səhabələr o kamil insanın məktəbində yetişən abidə şəxsiyyətlərdir. (01:10)
  • Qurani-Kərim İnsanlığın İftixarını və Həzrəti İbrahimi (ala nəbiyyina və əleyhissalatu vəssalam) "üsveyi-həsənə" kimi təqdim edir. Ayələrdə buyurulur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (“Əhzab” surəsi, 33/21)"İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. (...)" (“Mumtəhinə” surəsi, 60/4) (03:05)
  • Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) İslam dinini bizə əmanət edərkən belə buyurur: "Siz Mənim və doğru yolda olan Raşid Xəlifələrin yolu ilə gedin. Bu yoldan – azı dişlərinizlə möhkəm yapışdığınız kimi – bərk-bərk tutun" (Əbu Davud, Sünnə, 5). Hədisi-şərifdə keçən "Azı dişləri ilə yapışma" ərəb dilində işlənən bir idiomdur. Dolayısilə, ifadənin söz mənasından çox ərəblərin bununla nəyi nəzərdə tutduğunu anlamağa çalışmalıyıq. Yəni "Azı dişlərinizlə yapışın" ifadəsini "Dindən kəlbətinlə bərk-bərk tuturmuş kimi möhkəm yapışın" şəklində anlamaq olar. (04:24)
  • Əsri-səadətdə meydana gələn hadisələr cüzi olsa da, hər birində qiyamətə qədər külli hadisələrə işarə vardır. O dövrdə baş verən hər hadisədə gələcəkdə ortaya çıxacaq problemlərin həlli üçün ip ucları vardır.Yaşadığı dövrün şərtlərini və insanların mədəni səviyyəsini nəzərə alaraq həmin ip ucları sayəsində problemləri həll etmək mümkündür. O cümlədən nəqliyyat və kommunikasiya vasitələri ilə sürətlə qloballaşan bir dünyanın sakinləri olan həməsrlərimiz də üzləşdikləri problemlərin həllində bu ip uclarından yararlanaraq alternativ həll yolları ortaya qoya bilərlər. Buna görə də həm siyəri yaxşı bilmək, həm də müasir dövrü düzgün dərk və təhlil etmək lazımdır. Əlbəttə, on dörd əsrlik İslam tarixinin müxtəlif dövrlərində siyər fəlsəfəsi ətrafında bəzi məsələlər müzakirə edilmiş və Əsri-səadətdə baş verən bəzi hadisələr sosial tarix aspektindən şərh olunmuşdur. Ancaq o dövrün şəraiti ilə bu gün eyni deyil, arada ciddi fərqlər var. Odur ki, əvvəlki dövrlərə aid siyər şərhlərindən faydalansaq da, onlar bu günün problemlərini tam əks etdirmir. Dolayısilə, bu gün siyər fəlsəfəsini ancaq ən böyük müfəssir olan zamanın təfsirini diqqətə alanlar, onun ortaya qoyduğu şərh və təfsirləri nəzərə alanlar, yəni ibnüz-zaman və ya ibnül-vaxt (zamanın övladı) olanlar anlaya bilər. (06:48)
  • Səhabələr nümunə götürülməyə layiq insanlardır. Dolayısilə, bu mövzunu onlardan nümunə verə-verə izah etməyə çalışmalıyıq. Qurani-Kərim Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm) peyğəmbər yolunun reallıqlarını göstərmək və Onu təsəlli etmək üçün tarix boyu Haqq elçilərinin çəkdiyi əziyyətləri “təsrif” üslubu ilə izah edir. Quranın bu izah tərzi bizi də bu üsluba səsləyir. Biz də hər biri bir nümunə olan səhabələrin müxtəlif xüsusiyyətlərini təsrif üslubu ilə izah etməli, həm onların həyatı işığında bu yolun həqiqətlərini göstərməli, həm də onları insanlara sevdirməli, yeni nəsilləri onların gözəl əxlaqını örnək götürməyə təşviq etməliyik. (08:57)
  • Daim Rəsuli-Əkrəmin yanında olan və gözəl əxlaqı ilə seçilən, iki il üç ay on günlük xəlifəliyi dövründə hər biri bir PKK bəlasından böyük on bir hadisənin öhdəsindən gələn, ehtiyacı qədər məvaciblə dolanıb qalan pulu yığaraq "millətin malıdır" deyib sonrakı xəlifəyə əmanət edən Həzrəti Əbu Bəkiri (r.a.) tanıtmaq və sevdirmək lazımdır. (12:00)
  • Yaraşıqlı, dünyanın cazibədar gözəlliklərindən üz döndərib Allah Rəsuluna könül verən Həzrəti Musabı (r.a.) Mədinəyə töhfəsi, cihad meydanında igidliyi və ömrünün son dəqiqələrində dilə gətirdiyi sözləri ilə tanıtmaq və sevdirmək lazımdır. (14:30)
  • İnsan tanıdığını sevər, tanımadığına ya biganə qalar, ya da onu sevməz. Niyə bu günün insanları Allahı dəlicəsinə sevmir, Onun adını ananda içi sızlamır. Çünki Allahı tanımır. Yaman Dədə hər dəfə "Ya Rəsulullah!" deyəndə taqəti kəsilər və küçənin bir küncündə yıxılıb qalarmış. Niyə insanlar Rəsulullaha bu qədər bağlı deyillər. Çünki Rəsulullahı tanımırlar. (16:12)
  • Səhabələri tarixin bir səhifəsində yaşayıb dünyadan köçən insanlar kimi deyil, daim aramızda olan, bizimlə yaşayan nümunəvi şəxsiyyətlər kimi görməliyik. Onlar Allah Rəsuluna aparan körpüdür. (18:24)
  • Atam iki şeyə dəlicəsinə aşiqdi: "Səhabələrin" və "Osmanlı"nın adı çəkiləndə gözləri yaşla dolardı. Onun da təsiri ilə yeddi-səkkiz yaşında olanda Əshabi-kiramın həyatına aid kitablar əlimdən düşmürdü, onlarla nəfəs alırdım, onların həyatı elə bil mənə can verirdi. (19:42)
  • Bir fərdin kamil insan olması Allah sevgisindən, Allahın sevdiklərinə qarşı məhəbbətdən və Allahın sevgisinə aparan əməllərdən asılıdır. Bu üç sevginin ən kəsə yolu Allah Rəsulunun əxlaqı ilə bəzənməkdir. (22:33)
  • Hər bir səhabənin özünəməxsus cəhətləri vardır, hər birini özünəxas xüsusiyyətləri ilə müstəqil şəkildə tanıtmaq olar. Bəzi səhabələr müəyyən sahələri yaxşı bilmişlər. Məsələn, bəzi səhabələr hərb və idarəçilik sahəsində dahi olmuşdur. Belə müəyyən mövzuları işləyəndə sözügedən sahələrdə tanınmış səhabələrdən misal vermək olar. Qəhrəmanlıq, fədakarlıq, haqq və ədalətdən söz düşəndə Xalid ibn Vəlidin həyatından örnəklər verə bilərik. Yeri gələndə də beş on səhabədən misal göstərərək mövzunu cilalayıb gözəl əxlaqın təkcə bir-iki nəfərə məxsus olmadığını, əksinə bütün toplumun belə gözəlliklərə yiyələndiyini vurğulamaq mümkündür. (24:40)
  • Əshabi-kiramdan bəhs edərkən "təsrif" üslubundan istifadə etmək də vacibdir. Qurani-Kərimə xas bir üslub olan "təsrif" ülvi həqiqətləri və ilahi əmrləri fərqli aspektlərdə götürüb aydın izah etmək, mərhum Almalılının sözü ilə desək, eyni anlayışı, eyni məlumatı, eyni müşahidəni bədii üslubda müxtəlif ayələrlə çatdırmaq, bəzən də müxtəlif ayələri bir ayə qəlibində qısa və lakonik ifadə etmək deməkdir... Bu üslubdan siyər və səhabə həyatına aid mövzularda da istifadə etmək lazımdır. Ancaq ilk növbədə, bu işi görən rəhbərlər yetişdirməliyik, onları yetişdirsək, bu işə inandırsaq və xalqın içinə göndərsək, bir nəsil dirçəltmiş olarıq. (29:32)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.