İmtahan və haqda səbat

Fəthullah Gülən: İmtahan və haqda səbat

  • Bizim işimiz hər bir hal, hər bir hərəkət, hər bir davranışda kamil iman, kamil ehsan, kamil ixlas, kamil rizayi-ilahi, kamil yəqin axtarmaq, bu əsaslar üzərində həyatımızı bir naxıştək hörmək olmalıdır. Çox vaxt buna müvəffəq olmasaq da, bəzən xətalara yol versək də, bu kimi hallar bizi doğru duyğu və doğru düşüncədən uzaqlaşdırmamalıdır. Yıxılsaq, büdrəsək belə, ayağa qalxar-qalxmaz “əl ehsan vəl ixlas” deməliyik.
  • Xəta etmək, bəzən büdrəmək, bəzi hallarda qüsur və noqsana yol vermək bəşər övladının təbiətində var. Allah Rəsulu məhz bu səbəbdən “Küllün-nəs xəttaün” buyurmuş və “xəttaün” sözünü məxsusi işlədərək bildirmişdir ki, insan təbiəti xəta işləməkdən xali deyildir, o, çox böyük xətalar edə bilər. Ardınca isə “Və xayrul-xəttainə ət-təvvabün/Xətaya yol verənlərin ən xeyirlisi xəta işləyəndən dərhal sonra tövbə etməklə onu silməyə çalışandır” buyurmuşdur. Demək, əsas məsələ yıxılıb qalmamaq, yıxılandan sonra qalxmaqdır. Xəta edənlərin ən xeyirlisi xəta etdikdən, yıxıldıqdan, büdrədikdən sonra dərhal ayağa qalxan əmrə müntəzir vəziyyət alıb ehtiram, təzim, təbcil və təqdirlə Allahın hüzuruna çıxandır.
  • Peyğəmbərimiz buyurur: “Adəm unutdu, övladları da unutdu”. İnsana nisyan/unutqanlıq hissi ona görə verilib ki, etdiyi böyük yaxşılıqları unutsun. Çünki bəzən yaxşılıqları unutmamaq insanı fəxarət, təkəbbür, lovğalıq və “Gördüyümüz işləri başqaları heç yuxuda da görməyib!” kimi şeytani mülahizələrə sövq edir. Bu səbəbdən də minlərlə yaxşı əməl etsən belə, yada düşər-düşməz dərhal təhdisi-nemət/nemətə şükür hissi ilə “Allahım, bu işləri mənə gördürən Sənsən. Bu yaxşılıqlar yalnız Sənə aiddir” deməli və mümkünsə, bütün yaxşı əməllərini unutmalısan. Xatırlama hissindən isə xəta – bu xəta zərrə qədər kiçik də olsa − yada düşər-düşməz “Gör mən nə ədəbsiz insanam!” demək üçün istifadə etməlidir.
  • İnsan özünü tanısa, mövqeyini, məqamını qoruyub-saxlamağa nail olar. Allah bizi potensial olaraq bir insan kimi xəlq etmişdir. Ancaq potensialın reallığa çevrilməsi, bir mənada sizin iradənizə, cəhdinizə, təyəqqüzünüzə (ayıq-sayıqlıq, həssaslıq) təmkininizə həvalə edilmişdir.
  • Şeytan daima bizi bizə zərərli olan əməllərə sövq etməyə çalışır, “Nə qədər susmaq olar. Siz də bir söz deyin bu insanlara!” deyir. Hətta bəzən bizi dürtmələyərək surəti-haqdan görünən şeyləri təlqin edir, biz isə heç fərqinə varmadan onun təlqinlərini təkrar edirik. Məsələn, bizə “paralel” dedilər. “Paralel” parannoyanın nəsəbsiz övladıdır. Məgər biz də onlara “Paralel sizsiniz!” deyək? Xeyr, belə cavab vermək olmaz!.. Məsələn, “sülük/zəli” dedilər. Mənası nədir? Qaniçən! Həqiətən də bəziləri millətin qanını içir. Ancaq bir şeyə misli ilə cavab verib “Qaniçən sülük sizsiniz!” deməməliyik!.. İllah da, nəsə söyləmək istəyirsinizsə, belə deməlisiniz: “Kim “paralel”dirsə, Allah onun bəlasını versin. Kim “sülük”dürsə, Allah onun bəlasını versin. “Sülük”lərin evinə od salsın, yuvasını başına yıxsın. Yəni biziksə... Kim “çətə”dirsə, kim “örtgüt”dürsə, kim millətə pislik etmək istəyirsə, kim arpa qədər də olsa millətin haqqını yeyibsə, Allah onun bəlasını versin!” Bunu deyəndə də öz adınıza söyləyin.
  • “Ədəbsiz” deməyi belə tərbiyəmə münasib bilmirəm. Onlar hər cür ədəbsiz söz dedilər. Dediklərini, elədiklərini saydılar, yaxın tarixədək 200 həqarət, lənət məzmunlu söz danışıblar. Hamısını yadda saxlamamışam. Bu məqamda da Cənabi-Allahın mənə verdiyi nisyana/unutma hissinə baş vurmuşam. Demədikləri söz, atmadıqları iftira, söyləmədikləri yalan və eləmədikləri zülüm qalmadı... elə bir əmanət qalmadı ki, xəyanət eləməsinlər. Sonra da bütün bunları – xalq dili isə desək... Bunu demək doğrudurmu-doğru deyildirmi? Nəzakətsizlik olarmı-olmazmı? Xarakterimizə uyarmı-uymazmı, bilmirəm. Allah da, xalq da bizi bağışlasın, − bir “günah keçisi” tapıb onun üstünə atdılar. Əgər bir gün insanlıq cənnət yoluna qədəm qoysa, siratdan da keçsə, orada bir şeyə ilişib yarı yolda qalsa, orada onlara “Dayanın görək, sizə sualımız var!” desələr, bunun günahını da o parannoyanın nəsəbsiz övladı − “paralel”də görəcək və “Bunların ucbatından oldu!” deyəcəklər. Bu məntiq və bu fəlsəfə zədə almış, yaralanmış, bir mənada, ayıblarını örtmə duyğusu ilə çırpınan insanların ruhuna elə hakim olub ki, bu işdən qurtuluşun yeganə yolunu bütün günahları kiminsə üstünə yıxmaqda görürlər. Ancaq bütün bunlara alicənablıqla cavab vermək yenə də sizin öhdənizə düşür.
  • Həm səhhətimdəki problemlər səbəbindən, həm də bunlara cavab verməmək üçün neçə aydır qarşınıza çıxmıram. Əgər qarşınıza çıxıb bəzi insanların elədikləri pisliklərə müqabil hislərimi də qataraq danışaramsa, bu, ilahi rizaya uyğun olmaz, ixlasa uyğun olmaz, ehsan şüuru ilə bir araya sığmaz, yəqin ilə bir araya sığmaz... Belə halda bunun bir qəpik dəyəri qalmaz. Bir qəpiklik adamlar dəyərsiz mallarını hər gün xalq bazarına çıxarsa da, biz xarakterimizdən, yolumuzdan dönməməliyik. Xarakterə zidd hərəkət eləmək, onun düsturuna uyğun danışmamaq, ona müvafiq hərəkət etməmək namusa ləkə yaxmaq qədər çirkin əməldir. Hər kəs öz xarakterini nümayiş etdirir, bu, bizi maraqlandırmır.
  • Heç kim başqasının yükünü, vəbalını çəkə bilməz. Hamı öz vəbalı ilə oraya gedəcəkdir. Qaldı ki, o biri tərəfdə görsəniz ki, sizin vəbalınızı kiminsə belinə yükləmişlər, qəddi bükük bir hambal kimi yükün altında inildəyir, tutduğunuz yol sizin buna razı olmağınıza imkan verməz. Siz də bilirsiniz ki, əlli ildir, əleyhimə yazı yazan insana belə, sizi də şahid tutaraq mənə aid haqları halal etmişəm. Ancaq indi deyilənlər onun söylədiklərini ötüb keçdi. Leninin müsəlmanlara dediklərini çox geridə qoydu. Amnofisin Həzrət Musaya dediklərini, Ramsesin Allah dostuna dediklərini ötüb keçdi. Ancaq el-aləm dediyi sözlərlə, elədiyi əməllərlə həddini aşırsa, məncə, bizim də həddimiz həddən artıq olmalıdır. Allahın izni və inayətilə, Cənabi-Allahın ruh sistemimizə, ruh “mədə”mizə qoyduğu “ferment”lərlə əzməli, parçalamalı, həll etməli, sonra da ətrə çevirib lazimi yerlərə atmalıyıq!
  • “Aşiq dər inci təndən/İncinmə incidəndən/Kamalda nöqsan imiş/İncinən incidəndən”. Eybi yoxdur, qoy başqası incitsin. İncidən siz olmayın. Çünki sizin dünyəvi bir amalınız yoxdur. Müəyyən bir məqama gələn bəzi kimsələr daha yüksək məqamlara çatmaq üçün çırpınırsa və xarakteri də buna meyillidirsə, onlardan hər şey gözləmək olar. Ancaq əgər sizin Allahın rizasından, Onun xoşnudluğundan, ileyi-kəlimətullahdan, Həzrət Məhəmmədin adını günəşin doğub batdığı hər yerə çatdırmaqdan başqa bir məqsədiniz varsa, “Bir gün biz də bir yerdə rəis olaq, deputat olaq, nə bilim filan vəzifəyə gələk!” düşüncəniz varsa, özünüz də hiss eləmədən Allahdan uzaqlaşarsınız.
  • Həzrəti Piri-Muğan bir dövrdə - altmışıncı illərdən əvvəl - demokratiyaya, ümumbəşəri insan hüquqlarına üstünlük verirlər deyə bəzilərinə qarşı azca tərəfdarlıq hissi keçirdiyini, ancaq daha sonra bunun yanlışlığını anladığını və “Əuzibilləhi minəş-şeytani vəs-siyasəti” deyib uzaqlaşdığını söyləyir. Bizim yolumuz budur. Sizin qardaşlarınız bu düşüncədə olmasaydılar, ayağına qədər gələn imkanlara əsla etiraz etməzdilər. Qoy bunun dərdini çəkənlər çəksin, siz belə şeylərdən üz döndərin. “Mənə Allahım gərək!” deyin. “Cənnət, cənnət dedikləri, üç-beş huri, üç-beş qılman... üç-beş villa, üç-beş saray... Sən onları istəyənə ver, mənə Səni gərək Səni!” deyin və yolunuza bu cür davam edin. İnanın mənə, Allah sizi yarı yolda qoymayacaqdır.
  • “Fırtına”lar, “sunami”lər... bu yolun yolçularının dəyişməz alın yazısıdır. Onlar həmişə imtahanlarla üzləşiblər; övladla, mal-mülklə, dövrün tiranları ilə, “güc-qüvvə zəhərlənməsi”ndən məhv olan insanlarla sınağa çəkiliblər. Həzrəti Musa yurd-yuvasını qoyub Misirdən Eykəyə, oradan Mədyənə keçib. Həzrət Yusifin ömür yolu dillərdə dastan olub. Həzrət Yaqubun çəkdikləri dillər əzbəridir. Xəlilirrəhman Həzrət İbrahim vətəni Mesopotamiyadan, yurdundan, yuvasından çıxarılıb. Digər peyğəmbərlərin başına nələr gəldiyini hamınız bilirsiniz. İnsanlığın İftixarı vətənindən – Kəbədən uzaqlaşdırılıb. Bütün peyğəmbərlər əzab-əziyyət çəkiblər. Qəzali divanə kimi qəbirstanlıqları gəzib. Həsən Şazəli həzrətlərinin boynuna zəncir, ayaqlarına kündə vurulub. Qolları zəncirdə, qan itirə-itirə Bağdada gətirilən İmam Şafei həzrətləri işgənclərə tab gətirməyib 55 yaşında dünyasını dəyişib. Nəhəng alim Əbu Hənifə zindanlara atılıb, qamçı ilə döyülüb. Bir milyon hədisi süzgəcdən keçirib “Müsnəd”i ərsəyə gətirən böyük mühəddis Əhməd ibn Hənbəl kimi bir alim “Quran məxluq deyildir” dediyi üçün, Quranın bir həqiqəti naminə ömrünü həbsxanalarda, qamçı zərbələri altında keçirmişdir. “Bu yol uzaqdır, mənzili çoxdur, keçidi yoxdur, dərin sular var”. Əgər bu yola girmisinizsə, buna dözəcəksiniz. Bəzən fironlar zülm edəcək, bəzən nəmrudlar zülm edəcək, bəzən kafirlər və facirlər zülm edəcək, bəzən münafiqlər zülm edəcək... Bəzən də müsəlmanlığı mənimsəməyən, boğazdan yuxarı Quran oxuyan, səcdə etməkdən alnı qabar bağlasa da, münafiqlikdən yaxa qurtara bilməyənlər zülm edəcəklər. Sözün qısası, zülmə məruz qalmaq sizin taleyiniz, zülm etmək isə onların xarakteri olacaq. Bütün bunları bilərək bu yoldasınızsa, canınızı dişinizə tutub səbir edəcəksiniz.
  • Qurani-Kərim: “And olsun, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” buyuraraq bəşər övladının müxtəlif imtahanlarla üzləşəcəyini bəyan etmiş, daha sonra da bəla və möhnətlərə səbir edənləri müjdələmişdir. Bu səbəbdən ibadətlər insanın mənəvi dərəcəsini yüksəltdiyi kimi, “mənfi ibadət” sayılan imtahanlar da – səbir etmək şərti ilə - insanı günahlardan təmizləyir və ən uca, ən yüksək məqamlara yüksəldir.
  • “Səbir qurtuluşun sirli açarıdır”. Başınıza nə gəlirsə-gəlsin; “Gəlsə, Cəlalından cəfa, yaxud Camalından vəfa/İkisi də cana səfa, lütfün də xoş, qəhrin də xoş”. Bu Qitmir qardaşınız (özünü nəzərdə tutur) 27 May çevrilişindən bu yana –əksəriyyətiniz onda yox idi – dəfələrlə ölümlə təhdid edildi. Cavan idim, hələ hərbi xidmətə getməmişdim. O dövrdə çevrilişçilər insanlara zülm edirdilər. 12 Martda məni həbsxanaya atdılar, təhdid etdilər, prokurorluqda məhkəmə işi yekunlaşmamış əfv qərarı çıxdı. Cənabi-Allahın lütfü ilə qurtuldum, halbuki həbsə ata, hətta sürgünə də göndərə bilərdilər. İnandığınız şeylərə inanmayanlar, dəyərlərinizi dəyər kimi qəbul etməyənlər sizi heç vaxt həzm edə bilməyiblər. 12 Sentyabr çevrilişində düz altı il “Səfillər”də qaçan quldur kimi məni qovaladılar. Cənabi-Allah onlara imkan vermədi. Dostlardan bir nəfər – məqamı cənnət olsun – hərbidən çıxarılan Cahid Ərdoğan bir gün dedi ki: “Xocam, yaxşı ki, ələ keçməmisən. Elə işkəncələr verirdilər ki, şəkər xəstəliyin var, ürəyin zəifdir, qətiyyən sağ çıxmazdın. Yaxşı ki, Allah onlara imkan vermədi”. Ancaq igidlər, Muhsin (Muhsin Yazıçıoğlunu nəzərdə tutur-tərc.) kimi qəhrəmanlar – məqamları cənnət olsun – altı il həbsxanada yatdılar.
  • 28 Fevral çevrilişində də eyni şeylər baş verdi. Sonra “İyun fırtınası” qopdu. Ardınca müsibətlər dalbadal gəldi. İndi o İyun fırtınasında bəzi işguzarların 300 səhifəlik ittiham aktına əlavə etdikləri şeyləri “neo-ittiham aktı” şəklində yenə hazırlamağı planlayırlar. O 300 səhifəlik ittiham aktıdır ki, istintaq işini vəkalət hüququ ilə aparan Nyu Cersi ştatının baş prokuroru oxuduqdan sonra qəhqəhə çəkib gülmüşdü, “Gülməlidir!” demişdi. Bu günləri görsə idi, yəqin, gülməkdən ürəyi gedərdi.
  • Xülasə, zülmü həmişə biz çəkmişik... çəkdirən də çəkdirib, bundan sonra da çəkdirəcəkdir. Allaha əhdü-peymanımız var, yolumuzdan dönməyəcəyik. Allah döndərəcəksə, canımızı alsın. Allah bunlara da insaf, bizimlə birlikdə qəlb səlahı ehsan eyləsin. Amin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.